Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-86/2024 11.01.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «Gəncə Naftalan Sağlamlıq Mərkəzi” MMC Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsasız hesablanmış 1620 manat borcun silinməsi və ödənilən 65 manat mediyasiya xərcinin cavabdehdən tutularaq iddiçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, əvvəlki iddia tələbini müdafiə etməklə həmin borca silinən vəsaitin də cavabdeh təşkilatdan alınıb onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin fəaliyyəti 2020-ci ilin mart ayından dayandırılmışdır. 25 iyul 2022-ci il tarixdə müəssisənin fəaliyəti və qaz sərfiyyatının olmaması səbəbindən X4 İdarəsinin G 6 tipli Z № 00359223 saylı qaz sayğacı açılmışdır. Həmin vaxt onlar tərəfdən heç bir nümayəndə iştirak etməmişdir. 17 may 2023-cü ildə obyekt yenidən təhvil alınmış, köhnə zamandan qalan borclarını ödəyib öz vəsaitləri hesabına yeni elektron tipli sayğac alınaraq qaz xəttinə quraşdırılmışdır. Həmin vaxtdan mütəmadi olaraq işlətdikləri qazın sərfiyyatına uyğun ödəniş edərək qazdan istifadə etmişlər. Lakin oktyabr ayından terminal vasitəsilə karta pul yükləndiyi zaman məlum olmuşdur ki, qeyri qanuni olaraq fəaliyyətlərinin olmayan dövründə yəni 1 il bundan əvvəl çıxarılmış qaz sayğacına görə 1620 manat cərimə yazılmışdır. Terminal vasitəsi ilə yüklənən vəsaitin yarısı heç bir əsası olmadan cərimə olaraq silinməkdədir. Akt tərtib olunan zaman müəssisənin heç bir fəaliyyəti olmamışdır. Lakin aidiyyatı idarə tərəfindən bu məsələnin həlli ilə bağlı heç bir iş görülməmiş və onların müraciəti cavablandırılmamışdır. Belə olan halda müəssisənin fəaliyyətinin tam şəkildə pozulmasına gətirib çıxararaq, maddi ziyan vurulmuşdur. Buda onu göstərir ki, Qaz İstismar İdarəsi haqsız olaraq heç bir hüquqverici sənəd təqdim etməyərək, sayğaca vurduqları pulun yarısını əsassız olaraq tutmağa başlamışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə məlumatların cavabdeh təşkilatın “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə daxil edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Həmçinin iddia tələbinə yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Belə ki, cavabdeh təşkilat “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş olduğundan hazırkı mübahisə üzrə xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclası barədə bildiriş xx.xx.2023-cü il tarixdə, xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclası barədə bildiriş isə xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilatın “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamə”-dən görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə G-6 markalı qaz sayğacın nominal qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müdddəti 90 gün qəbul ediləməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 6480 m3 qaz sərfiyyatı hesablanmışdır (6x12x90 =6480 m3). xx.xx.2022-ci il tarixli 76 nömrəli kəsim aktından görünür ki, "xxxx" MMC-də qaz təminatı uzun müddət fəaliyyət olmaması səbəbindən G 6 tipli Z № 00359223 saylı qaz sayğacı qaynaq vasitəsi ilə dayandırılmışdır. xx.xx.2022-ci il tarixli “Qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında” MS- 29/1640-02018-24 nömrəli aktdan görünür ki, xx.xx.2022-ci il tarixində G6 markalı mexanika tipli qaz sayğacına Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və baxış zamanı qeyd edilmişdir ki, zavod plombu alt hissəsindən kəsilib. Plastmas qapağın daxili qulaqcıqlarında əzik cızıq izləri var. Aktın qeyd hissəsində sayğacın yararsız olması qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli abonent saldosundan görünür ki, 2023-cü il oktyabr ayına 6480 m3 qaz sərfiyyatı üzrə 1620 manat borc hesablanmışdır. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, 65 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. “Qazdan istifadə Qaydaları”nın 5.2-ci maddəsinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.4-cü maddəsinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmə qeyd edir ki, qeyd olunan qaydaların tələbindən göründüyü kimi istehlakçı istifadə etdiyi təbii qazın dəyərini adi halda sayğac göstəricilərinə əsasən ödəməlidir. Sayğac olmadığı vaxtlarda isə, istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmalıdır. Digər qaydada istehlakçıya o halda pul hesablana bilər ki, istehlakçı tərəfindən mövcud qaydalarda nəzərdə tutulmuş pozuntuya yol verilmiş olsun və onun təqsiri sübuta yetirilsin. Bu kimi hallar baş verdikdə qaydalar çərçivəsində tədbirlər görülməli və müvafiq sənədlər tərtib edilməlidir. Abonentin saldosundan göründüyü kimi onun 2023-cü ilin mayiyun ayları ərzində sərfiyyatı olmamışdır. 2023-cü il may ayının əvvəlinə 399.10 manat borc olmuşdur ki, həmin borc da ödənilmişdir. 2023-cü ilin may ayının 26-da tərtib edilmiş akt əsasında 1620 manat borc hesablanmışdır. Bir halda ki, borc akta əsasən hesablanmışdır, belə olan vəziyyətdə qaz təchizatı müəssisəsinin nümayəndələrinin akt tərtib etməklə bağlı fəaliyyəti mövcud qaydalar çərçivəsində aparılmış olmalı, bununla bərabər istehlakçının təqsiri sübuta yetirilmiş olmalıdır. Məhkəmə qeyd edir ki, sayğacda yaranmış qüsurların və ya pozuntuların səbəblərini araşdırmaq və müəyyən etmək cavabdeh təşkilatın səlahiyyətlərindən irəli gələn məsələdir. Həmçinin, pozuntunun baş verməsində cavabdehin təqsirinin ehtimal olunması məsuliyyətin yaranması üçün yetərli deyildir və güman olunanlar da sübuta yetirilməlidir. Əgər pozuntu cavabdehin nəyi isə etməsi və ya etməməsi səbəbindən baş vermişdirsə bunlar aşkar şəkildə görünməli, hərəkətsizlik etmiş şəxsin hərəkət etməyə sövq edən xüsusi əsaslar dəqiq olmalıdır. Güman və yaxud ehtimal edilən hadisə və hərəkətlərə əsaslanmaqla irəli görülən tədbir əsaslı sayılmır. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliklə öz üzərinə düşən vəzifədən irəli gələrək cavabdeh iddia tələbini qəbul etmədiyi halda, bunu əsaslandıran bütün faktiki hallar barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. Həmçinin cavabdeh mübahisəli borcu müəyyən edən aktın yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla tərtib olunmasını və cavabdehin təqsirinin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, 1620 manat borc istehlakçının hesabından silinməlidir. Məhkəmə iddia tələbinin borca silinən vəsaitin də cavabdeh təşkilatdan alınması ilə bağlı onu qeyd edir ki, tələbin bu hissəsi iddia tələbinin həcminin artırılması qaydasında verilmişdir. Həmçinin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşdıqdan sonra verilmişdir. İddiaçı bunun üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlmiş olmasını və ya bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. Odur ki, iddiaçının belə bir mərhələdə bu kimi tələb irəli sürmək hüququ olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçıya izah olunur ki, mübahisəli borc silindikdən sonra istehlakçı tərəfindən sayğac üzrə hesablanan ödənişlər tam şəkildə ödənildiyi halda, istehlakçının akt üzrə yazılmış borcdan çıxılan məbləğlərə uyğun olaraq qaz paylayıcısının hesabında avans şəkilində artıq vəsaiti yarana bilər ki, bu vəsait sayğac üzrə sonrakı sərfiyyatlarla əvəzləşdirilə bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 1620 manat borc iddiaçı “Gəncə Naftalan Sağlamlıq Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin abonent hesabından silinsin. Cavabdehndən 65 manat mediasiya xərci tutularaq iddiaçıya, 36.2 manat dövlət rüsumu isə tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-86/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-86/2024
11.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver