Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-11/2023 07.03.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı “65046,93 manat, 6504 manat faiz borcu, 400 manat mediasiya xərci olmaqla ümumilikdə 71950,93 manat pulun cavabdehdən tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: X2 adına "xxxx" QSC ilə icraçı İddiaçı MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 241019 nömrəli podrat müqaviləsinə əsasən icraçı sifarişçinin göstərdiyi yerdə (ünvan 1 ünvanında) sifarişçinin Türkiyənin “X1 ve Ticaret Limited Şirketi”-dən aldığı nar və digər meyvələrin saxlanılması üçün nəzərdə tutulan soyuducu aqreqatların quraşdırılması işlərini həyata keçirməyi, bunun üçün soyuducu anbarının inşasını, anbarın layihələndirilməsini və s. bu müqavilənin 1 saylı əlavəsində göstərilən işləri görməyi, başa çatdırmağı və sifarişçiyə tam hazır şəkildə təhvil verməyi, sifarişçi isə icraçının gördüyü işlərin müqabilində bu müqavilə ilə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda icraçı həmin soyuducu anbarın layihələndirilməsi işlərini həyata keçirməyi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq layihələndirmə qurumundan müvafiq razılıq məktubunu almağı öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən podrat işləri icraçı tərəfindən təmin olunacaq və sifarişçiyə işlərin başlanılmasından əvvəl təqdim edilməli və sifarişçi tərəfindən təsdiq edilməli olan iş proqramına uyğun şəkildə yerinə yetiriləcək və tamamlanacaqdır. İşlərin həcmi artarsa və ya azalarsa tərəflərin qarşılıqlı razılığına əsasən müqavilənin dəyəri dəyişdirilə bilər. 3-cü bəndinə əsasən müqavilənin ümumi məbləği ƏDV xaric 350018,01 manat təşkil edir. Müqavilə imzalandıqdan sonra müqavilənin dəyərinin 30 % hissəsini avans qismində ödəyir, icraçı işləri başlayandan 20 gün sonra 30 % ödəniş edir, icraçı işləri başlayandan 40 gün sonra 30 % ödəniş edir, qalan hissə işləri bitib təhvil-təslim aktı əsasında təhvil verildikdə ödənilir. Müqaviləyə 1 nömrəli əlavə olan xx.xx.2019-cu il tarixli soyuducu anbarın layihələndirilməsi, inşası, avadanlıqların quraşdırılması işlərinin smetasına əsasən ümumi məbləğ ƏDV xaric 350018,01 manat, ƏDV 63003,24 manat olmaqla yekun 413021,25 manat müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixdə qarşılıqlı olaraq tərəflərin imzası ilə görülən işlərin həcmi müəyyən edilmiş və bu barədə arayış tərtib edilməklə tərəflərin imza, möhürləri ilə təsdiq edilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli müqaviləyə 3 nömrəli əlavə ilə müəyyən olunur ki, bu əlavənin imzalanma anına sifarişçi icraçıya ƏDV xaric 210010,80 manat pul ödəmişdir. İşlərin həcmi artdığından müqaviləyə 1 nömrəli əlavədə yer alan smetanın dəyişdirilməsi barədə tərəflərlə razılaşmışlar. Müqavilənin 5.7-ci bəndi dəyişdirilmiş və müəyyən edilmişdir ki, bütün işləri icraçı xx.xx.2020-ci il tarixinədək başa çatdırmalı və sifarişçiyə təhvil-təslim aktı əsasında təhvil verilməlidir. Soyuducu təhviltəslimdən sonra 1 ay ərzində icraçı tərəfindən test rejimində işlətməli və test uğurla nəticələndikdə tərəflər arasında yekun təhvil-təslim aktı imzalanır. İcraçı İddiaçı MMC müqavilə ilə razılaşdırılmış işlərin görülməsinə görə qismən ödənişlər edilsə də, faktiki görülən işlərə görə razılaşdırılmış məbləğin tam ödənilməməsini əsas gətirərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Теуmur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə “ТАР Development" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış xx.xx.2019-cu il tarixli podrat müqaviləsinə və həmin müqaviləyə əlavələrə əsasən onlar tərəfindən nar və digər meyvələrin saxlanması üçün nəzərdə tutulan soyuducu aqreqatların quraşdırılması işləri həyata keçirməyi razılaşdırılmış, bunun üçün soyuducu anbarın inşası, anbarların layihələndirilməsi və s. işlər görülmüşdür. Müqavilədə razlaşdırılmış işlərin görülməsinə görə ödənişlər qismən edilsə də, faktiki görülən işlərə görə razılaşdırılmış məbləğ bu günədək tam ödənilməmişdir. Müqavilə əsasında qalıq borcun ödənilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixli pretenziya ərizəsi göndərilmiş, mediasiyada iştirak barədə təklif edilmiş, lakin nəticə olmamşdır. Теуmur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə “ТАР Development" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış xx.xx.2019-cu il tarixli podrat müqaviləsinin 16.1-ci maddəsinə əsasən bu müqaviləyə edilən bütün əlavə və dəyişikliklər bu müqavilənin ayrılmaz tərkib hissəsidir. Müqavilə və həmin müqaviləyə əlavələrə əsasən görülən işlərin həcmi və məbləği hər iki tərəfin imzası ilə təsdiq edilmiş, görülən işlərin ümumi məbləği 413021,25 manat təşkil etmişdir. İddiaçı tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər icra edilmiş, bunun qarşılığında cavabdeh tərəfindən xx.xx.2019, xx.xx.2020, xx.xx.2020 və sonuncu dəfə xx.xx.2020-ci il tarixdə hissə-hissə ödənişlər edilmişdir. Tərəflər arasında görülən işlərin həcmi araşdırıldıqdan sonra buna dair xx.xx.2020-ci il tarixdə qarşılıqlı olaraq tərəflərin imzası ilə görülən işlərin həcmi müəyyən edilmiş və buna dair arayış tərtib edilərək təsdiq edilmişdir. Eyni zamanda iddiaçı tərəfdən görülən işlərin pulla ifadəsinə dair qiymət cədvəli tərtib edilmişdir. Həmin cədvələ əsasən cavabdehin ƏDV daxil xx.xx.2020-ci il tarixədək görülən iş həcminə görə ümumilikdə 364890,56 manat borcu olmuşdur. Tərəflər arasında işlərin həcmi təsdiq edilənədək və edildikdən sonra görülən işlərin həcminə görə pul ödənişləri davam etmişdir. Hətta görülən işlərin həcminin artması ilə əlaqədar əlavə sifarişlər verilmiş, sonradan tərəflər arasında xx.xx.2020-ci il tarixli razılaşma imzalanmışdır. Həmin razılaşmanın 2-ci bəndinə əsasən hər iki tərəf razılaşmışlar ki, xx.xx.2020-ci il tarixə görülmüş işlərə görə ƏDV xaric 210010,80 manat pul ödənilib. Eyni zamanda tərəflər razılaşmışılar ki, görülən işlərin həcminin artması səbəbindən yeni smeta təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixli razılşmadan sonra da əvvəlki razılaşma əsasında görülən işlərə görə ödənişlər davam edərək xx.xx.2020-ci il tarixdə 44093,97 manat görülmüş işlərə görə ümumi borcdan qismən ödəniş edilmişdir. Beləliklə xx.xx.2020-ci il tarixədək yerinə yetirilən işlərə görə xx.xx.2020-ci il tarixədək cəmi ƏDV xaric 254104,77 manat ödəniş edilmişdir. Həmin məbləğin ƏDV-si 45738,86 manat edir. Ümumlikdə ƏDV daxil xx.xx.2020-ci il tarixədək 299843,63 manat vəsait ödənilmişdir. xx.xx.2020-ci il tarixdə tərtib edilmiş və tərəflər arasında imzalanmış arayışa əsasən görülən işlərin həcminə görə ödənilməli olan qalıq məbləğ ƏDV daxil 65046,93 manat (364890, 56-299843,63 = 65046,93) təşkil edir. Podrat Müqaviləsinin 2.2-ci maddəsinə əsasən işlərin həcmi artarsa və ya azalarsa, tərəflərin qarşılıqlı razlığına əsasən müqavilənin dəyəri dəyişdirilə bilər. Həmin müqavilənin 6.2-ci maddəsinə əsasən bu müqavilənin müddətinin başa çatması, tərəfləri məsuliyyətdən azad etmir. İddiaçı hesab edir ki, cavabdeh podrat müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada və vaxtında icra etmədiyindən, o, müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, iddiaçı dəymiş zərərin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçının tələbi həcmində gecikdirilmiş vaxt üçün 2 illik beş faizlə hesablanmış 6504 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Cavabdeh "xxxx" QSC vəsatətlə məhkəməyə müraciət edərək vəsatətini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən müqvilənin ümumi məbləği ƏDV xaric 350018,01 manat təşkil edir. Müqaviləyə 1 nömrəli əlavəyə əsasən soyuducu anbarın layihələndirilməsi, inşası, avadanlıqların quraşdırılması işlərinin smetası müəyyən edilmişdir. Həmin smetada görüləcək işlərin həcmi və dəyəri göstərilmişdir. Daha sonra tərəflər arasında xx.xx.2020-ci il tarixdə yerinə yetirilmiş işlər barədə arayış təsdiq edilmişdir. Qeyd olunan arayışda ancaq xx.xx.2020-ci il tarixədək olan görülmüş işlərin həcmi göstərilmişdir. Görüləcək işlərin həcminin artması nəticəsində tərəflər arasında 3 nömrəli əlavə imzalanmışdır. Həmin əlavədə sonradan görüləcək işlərin həcmi və dəyəri qeyd edilmişdir. İddiaçı tərəf görülmüş işlərin dəyərini 3 nömrəli əlavədə göstərilən qiymətlərlə hesablamış və həmin məbləği 364890,56 manat müəyyən etmişdir. Ümumiyyətlə 3 nömrəli əlavədə göstərilən işlərin dəyəri xx.xx.2020-ci il tarixli arayışda qeyd olunan görülmüş işlərin dəyəri ilə qiymətləndirilə bilməz. Belə ki, həmin işlər xx.xx.2020-ci il tarixdə bağlanmış 3 nömrəli əlavədən əvvəl görülmüş və həmin işlərin dəyəri və həcmi müqavilənin 1 nömrəli əlavəsində göstərilmişdir. İddiaçı yalnış olaraq xx.xx.2020-ci il tarixli arayışda göstərilmiş işlərin dəyərini xx.xx.2020-ci il tarixli 3 nömrəli əlavədə olan qiymətlərlə hesablamışdır. xx.xx.2020-ci il tarixli arayışda olan işlərin həcmi xx.xx.2020-ci il tarixli 3 nömrəli əlavədə olan qiymətlərlə hesablansa belə görülmüş işlərin dəyəri 3648902,56 manat təşkil etmir. Arayışda görülmüş işlərin həcmi konkret olaraq göstərilmişdir, lakin iddiaçı bəzi işlərin həcmini yalnış olaraq şişirtmiş və əsassız olaraq 3 nömrəli əlavə olan həcmlə hesablamışdır. Bu səbəbdən iş üzrə ekspertiza təyin edilməlidir. İşin məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/6679 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli 241019 nömrəli podrat müqaviləsinin 1 nömrəli əlavəsində qeyd olunan qiymətlərə əsasən icraçı və sifarişçi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixə yerinə yetirilən işlər haqqında arayışda qeyd edilən bəzi görülən işləri dəyəri 100668 manat müəyyən olunur. İcraçı və sifarişçi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixə yerinə yetirilən işlər haqqında xx.xx.2020-ci il tarixli arayışda qeyd edilən görülən bəzi işlərin dəyəri podrat müqaviləsinin 1 nömrəli əlavəsində qeyd olunmamışdır. Bu səbəbdən arayışda qeyd edilən görülən bəzi işlərin dəyəri üzrə tədqiqat aparılmamışdır. Podrat müqaviləsinin 3 nömrəli əlavəsində qeyd olunan qiymətlərə əsasən icraçı və sifarişçi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixə yerinə yetirilən işlər haqında arayışda qeyd edilən görülən işlərin dəyəri 303716 manat məbləğində müəyyən olunur. Cavabdeh tərəf elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ekspert rəyinə əsasən müqaviləyə 1 nömrəli əlavədə qeyd olunan qiymətlərə əsasən görülən işlərin dəyəri 100668 manat, 3 nömrəli əlavədə qeyd olunan qiymətlərə əsasən görülən işlərin dəyəri 303716 manat müəyyən edilmişdir. Onlar tərəfindən iddiaçıya 299843,63 manat vəsait ödənilmişdir və bu fakt iddia ərizəsində qeyd edilməklə mübahisələndirilmir. Ekspert rəyi sübut qismində qəbul edilməlidir. Görülən işləri dəyəri 1 nömrəli əlavədə qeyd olunan qiymətlərə əsasən hesablandıqda cavabdehin hər hansı borcu qalmır, 3 nömrəli əlavəyə əsasən hesablandıqda 3872,37 manat borcu qalmış olur. Göründüyü kimi, iddia əsassızdır və rədd edilməlidir. İş materiallarına əlavə edilmiş əlavə dəyər vergi ödəyicisinin qeydiyyat bildirişindən görünür ki, iddiaçı olan “ТАР Development" Məhdud Məsuliyyətli Cəmiyyəti ƏDV ödəyicisidir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbini müdafiə edir. Tərəflər arasında podrat müqaviləsi bağlanmışdır. Bu müqaviləyə bəzi əlavələr olunmuşdur. İlk dəfə tərəflər arasında münasibət 2019-cu ildə yaranmışdır. Tərəflər müəyyən məbləğə razılaşmışlar. Müqavilənin əlavəsi smeta pulu barəsində olmuşdur. Həmin smetada ümumi işin məbləği, işə görə məbləğ, həmin məbləğin əlavə dəyər vergisi və yekun məbləğ müəyyən olunmuşdur. Bundan sonra tərəflər öhdəliklərin icrasına başlamışlar. İşlərin icrası zamanı müəyyən əlavə xərclər artmalar və azalmalar olmuşdur. Bundan sonra sonuncu əlavədə razılaşma əldə olunmuş və işlərin həcmi müəyyən edilmişdir. Onlar əvvəlki görülən işlərin məbləği ilə həmin işlərin məbləğini müəyyən edib məhkəməyə müraciət etmişlər. Mübahisəli məsələ ondan ibrətdir ki, görülən işlərin siyahısı və həcmi göstərilmiş lakin onların dəyəri müəyyən edilməmişdir. Özləri arayış şəklində siyahı tərtib edərək işlərin məbləğini bildirmişlər. Qalıq məbləğ olaraq ümumilikdə 65000 manat hesablamışlar. Lakin məhkəmə ekspertiza təyin etmiş və ekspert onlardan fərqli olaraq aşağı məbləğ təqdim etmişdir. Ekspert əlavə dəyər vergisi daxil olmadan razılaşdırılmış işə görə məbləği müəyyən etmişdir. Onların təyin etdikləri rəqəmlə ekspertin təyin etdiyi rəqəm arasında təxminən 6000 manat fərq vardır. Hesab edir ki, əlavə dəyər vergisi nəzərə alınmalı idi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Podrat müqaviləsi, Müqaviləyə 1 nömrəli və 3 nömrəli əlavələr, Görülən işlərin həcmi ilə bağlı arayış, Vergi ödəyicisinin qeydiyyat bildirişi, pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Hazırki iş üzrə X2 adına "xxxx" QSC ilə icraçı İddiaçı MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 241019 nömrəli podrat müqaviləsinə əsasən icraçı sifarişçinin göstərdiyi yerdə (ünvan 1 ünvanında) sifarişçinin Türkiyənin “X1 ve Ticaret Limited Şirketi”dən aldığı nar və digər meyvələrin saxlanılması üçün nəzərdə tutulan soyuducu aqreqatların quraşdırılması işlərini həyata keçirməyi, bunun üçün soyuducu anbarının inşasını, anbarın layihələndirilməsini və s. bu müqavilənin 1 saylı əlavəsində göstərilən işləri görməyi, başa çatdırmağı və sifarişçiyə tam hazır şəkildə təhvil verməyi, sifarişçi isə icraçının gördüyü işlərin müqabilində bu müqavilə ilə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda icraçı həmin soyuducu anbarın layihələndirilməsi işlərini həyata keçirməyi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq layihələndirmə qurumundan müvafiq razılıq məktubunu almağı öhdəsinə götürmüşdür. Müqaviləyə 1 nömrəli əlavə olan xx.xx.2019-cu il tarixli soyuducu anbarın layihələndirilməsi, inşası, avadanlıqların quraşdırılması işlərinin smetasına əsasən ümumi məbləğ ƏDV xaric 350018,01 manat ƏDV 63003,24 manat olmaqla yekun 413021,25 manat müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixdə qarşılıqlı olaraq tərəflərin imzası ilə görülən işlərin həcmi müəyyən edilmiş və bu barədə arayış tərtib edilməklə tərəflərin imza, möhürləri ilə təsdiq edilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli müqaviləyə 3 nömrəli əlavə ilə müəyyən olunmuşdur ki, bu əlavənin imzalanma anına sifarişçi icraçıya ƏDV xaric 210010,80 manat pul ödəmişdir. İşlərin həcmi artdığından müqaviləyə 1 nömrəli əlavədə yer alan smetanın dəyişdirilməsi barədə tərəflər razılaşmışlar. Müqavilənin 5.7-ci bəndi dəyişdirilmiş və müəyyən edilmişdir ki, bütün işləri icraçı xx.xx.2020-ci il tarixinədək başa çatdırmalı və sifarişçiyə təhvil-təslim aktı əsasında təhvil verilməlidir. Soyuducu təhviltəslimdən sonra 1 ay ərzində icraçı tərəfindən test rejimində işlətməli və test uğurla nəticələndikdə tərəflər arasında yekun təhvil-təslim aktı imzalanır. İlk öncə məhkəmə onu qeyd edir ki, görülən işlərin dəyəri olaraq 254104,77 manat əsas və 45738,86 manat ƏDV olmaqla ümumilikdə 299843,63 manat pul vəsaitinin ödənilməsi həm iddiaçı, həm də cavabdeh tərəfindən qəbul edilməklə işin mübahisələndirilməyən halıdır. İşin məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/6679 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, podrat müqaviləsinin 3 nömrəli əlavəsində qeyd olunan qiymətlərə əsasən icraçı və sifarişçi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixə yerinə yetirilən işlər haqqında arayışda qeyd edilən görülən işlərin dəyəri 303716 manat məbləğində müəyyən olunur. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyini sübut qismində qəbul edən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinin 3 nömrəli əlavəsində qeyd olunan qiymətlərə əsasən icraçı və sifarişçi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixə yerinə yetirilən işlər haqqında arayışda qeyd edilən görülən işlərin dəyəri 303716 manat təşkil etdiyindən və cavabdeh tərəfindən iddiaçıya 254104,77 manat əsas və 45738,86 manat ƏDV olmaqla ümumilikdə 299843,63 manat pul ödənildiyindən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, yerinə yetirilmiş işlərin dəyəri olan 49611,23 manat (303716-254104,77) məbləğində borc və onun əlavə dəyər vergisi olan 8930,02 manat məbləğində əlavə dəyər vergisi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı ƏDV ödəyicisi olduğundan cavabdehdən tutulmalı olan 58541,25 manat məbləğin 49611,23 manat hissəsini yerinə yetirilən ilərin dəyəri, 8930,02 manat hissəsini ƏDV məbləğini təşkil edir. Eyni zamanda məhkəmə cavabdehin görülən işlərin dəyərinin müqaviləyə 1 nömrəli əlavəyə əsasən hesablanmalı olması ilə bağlı etiraz dəlilinə münasibətdə onu da qeyd edir ki, işin məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/6679 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixli 241019 nömrəli podrat müqaviləsinin 1 nömrəli əlavəsində qeyd olunan qiymətlərə əsasən icraçı və sifarişçi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixə yerinə yetirilən işlər haqqında arayışda qeyd edilən bəzi görülən işləri dəyəri 100668 manat müəyyən olunur. İcraçı və sifarişçi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixə yerinə yetirilən işlər haqqında xx.xx.2020-ci il tarixli arayışda qeyd edilən görülən bəzi işlərin dəyəri podrat müqaviləsinin 1 nömrəli əlavəsində qeyd olunmamışdır. Bu səbəbdən də arayışda qeyd edilən görülən bəzi işlərin dəyəri üzrə tədqiqat aparılmamışdır ki, cavabdeh də ərizəsində ekspert rəyi ilə razılaşdığını və rəyin sübut qismində qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda məhkəmə cavabdeh tərəfin borcun 1 nömrəli əlavə əsasında hesablanmalı olmasına dair dəlilləri ilə razılaşmayan məhkəmə qeyd edir ki, tərəflər 1 nömrəli əlavə də görüləcək işlərin həcmi və dəyəri ilə bağlı razılaşmışlar. Bundan sonra tərəflər xx.xx.2020-ci il tarixdə görülmüş işlərin həcminə dair arayış tərtib etmişlər. xx.xx.2020-ci il tarixdə tərəflər görülmüş və gələcəkdə görülməli olan işləri həcmi və qiymətləri ilə bağlı razılığa gələrək 3 nömrəli əlavəni təsdiq etmişlər. 1 və 3 nömrəli əlavələr, habelə xx.xx.2020-ci il tarixli arayışla müəyyən olunur ki, müqaviləyə 1 nömrəli əlavədə tərəflər 10 adda işlərin görülməli olmasını razılaşdırmış və xx.xx.2020-ci il tarixli arayışda 20 adda işlərin görülməsini təsdiq etmişlər ki, görülmüş işlərin həcmi 1 nömrəli əlavədə müəyyən olunmuş işlərin həcmindən artıq olmuşdur. Bundan sonra xx.xx.2020-ci il tarixdə tərəflər yeniən görülmüş və gələcəkdə görülməli olan işləri həcmi və qiymətləri ilə bağlı razılığa gələrək 3 nömrəli əlavəni təsdiq etmişlər ki, 3 nömrəli əlavəyə görülmüş, lakin 1 nömrəli əlavəyə düşməmiş işlərin həcmi və dəyəri salınmış və 3 nömrəli əlavədə artıq icra olunmuş işlərin dəyəri artırılmışdır. Misal olaraq tərəflər 1 nömrəli əlavədə “köhnə binanın sökülməsi” ilə bağlı işlərin yerinə yetirilməsini 42000 manat razılaşsalar da 3 nömrəli əlavədə “köhnə binanın sökülməsi” ilə bağlı yerinə yetirilmiş işin dəyəri 45000 manat təşkil edir. Göründüyü kimi, mübahisənin həlli üçün görülmüş işlərin dəyəri və həcmi tərəflərin sonuncu iradə ifadəsi olan 3 nömrəli əlavəyə uyğun hesablanmalıdır ki, sonuncu olan 3 nömrəli əlavə tərəflərin yekun iradə ifadəsini əks etdirir. Bundan başqa məhkəmə 6504 manat faiz borcunun ödənilməsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına istinad edərək qeyd olunan faiz məbləğini tələb edir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 241019 nömrəli podrat müqaviləsinin 5.7-ci bəndi ilə müəyyən olunmuşdur ki, tərəflər icracının işləri xx.xx.2020-ci il tarixə başa çatdırılmalı olmasını və şifarişçiyə təhvil-təslim aktı əsasında verilməli olması ilə bağlı razılaşmışlar. Bundan sonra tərəflər xx.xx.2020-ci il tarixli müqaviləyə 3 nömrəli əlavə ilə 5.7-ci bəndinə dəyişiklik etmiş və tərəflər icracının işləri xx.xx.2020-ci il tarixə başa çatdırılmalı olmasını və şifarişçiyə təhvil-təslim aktı əsasında verilməli olması və soyuducunun təhviltəslimindən sonra 1 ay ərzində icrası tərəfindən rejimində işlətməsi olması, testin uğurla nəticələnəcəyi təqdirdə tərəflər arasında yekun təhvil-təslim aktının imzalanması ilə bağlı razılaşmışdır. Göründüyü kimi, tərəflər görülmüş işlərin təhvil verilməsi və bununla bağlı aktın imzalanması ilə bağlı razılığa gəlmişlər ki, məhkəmə araşdırması zamanı işlərin təhvil verilməsi və bununla bağlı aktın tərtib olunmasna dair məhkəməyə sübut təqdim edilməmişdir Əksinə məhkəmə araşdırması zamanı müqaviləyə 3 nömrəli əlavə ilə müəyən edilmişdir ki, görülmüşvə görülməli olan işlərin həcmi ƏDV daxil 807108,84 manat müəyyən edilsə də görülmüş işlərin dəyəri ƏDV xaric 303716 manat təşkil. Bu isə bunu deməyə əsas verir ki, tərəflər arasında münasibətlər kəsilmiş və işlər təhvil verilməmişdir. Görülmüş işlər tərəflərin razılaşmasına uyğun təhvil verilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı istinad etdiyi hüquqi məblərə istinadən faiz tələb edə bilməz. Belə ki, işlərin yerinə yetirilərək təhvil verilməsinə dair sübutlar mövcud olmadığından hansı tarixdən etibarək iddiaçıdan gecikməyə görə faizin hesablanmalı olmasını müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcuna münasibətdə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (71550,93 manat) ödənilməli dövlət rüsumu 305,85 manat olmalıdır. İddia tələbi qismən təmin edildiyindən 305,85 dövlət rüsumunun 57 manat hissəsi iddiaçıdan, 248,85 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən ödənilmiş 400 manat mediasiya xərci ödənildiyindən 400 manat mediasiya xərci cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, 400 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya, 248,85 manat dövlət büdcəsinə və iddiaçıdan 57 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 400 manat əvəzinə iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 57 manat dövlət rüsumu çıxılmaqla 343 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 57 manat hissəsi isə cavabdeh tərəfindən ödənilməli olan 248,85 manat dövlət rüsumuna əlavə edilməklə cəmi 305,85 manat dövlət rüsumu bütöv şəkildə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" QSC-dən 49611,23 manat əsas və 8930,02 manat ƏDV-si olmaqla ümumilikdə 58541,25 manat pul, 343 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 305,85 manat dövlət rüsumu cavabdeh "xxxx" QSC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-11/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-11/2023
07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver