Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1383/2024 17.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “2700 manat borcun və 47 manat dövlət rüsumunun tutulması” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı “2700 manat borcun və 47 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh qeyd edilən vaxtda və razılaşdırılmış keyfiyyətdə xidmət göstərməmişdir. Buna baxmayaraq cavabdeh görülmüş işlər üçün avans məbləği tələb etmişdir. Cəmiyyət həmin məbləği cavabdehin təqdim etdiyi və öz adına olan bank kartına köçürmüşdür. Yekun olaraq müqavilənin tərkib hissəsi olan 3 saylı Əlavə ilə həmin müqaviləyə xitam edilmişdir. Nəticədə iddiaçı müəyyən olunmuş xidmətdən yararlana bilmir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər arasında xx.xx.2024-cü il tarixdə Y/M-003 nömrəli “elektron xidmətlərin göstərilməsi ilə bağlı müqavilə” bağlanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən tərəflər bu müqavilə ilə təsdiq edirlər ki, bu müqaviləyə əlavələrlə qeyd olunan xidmətlərin göstərilməsi və avadanlıqların təmin edilməsi sifarişçi tərəfindən sifariş olunur və dəyəri müvafiq olaraq ödənilir. İcraçı isə sifariş olunmuş xidmətləri göstərir və avadanlıqlarla təmin edir. Müqavilənin 1.3-cü bəndinə əsasən müqavilə 1 il müddətinə bağlanılır və imzalandığı gündən qüvvəyə minir. Müqavilənin 2.1.5.-ci maddəsinə əsasən “Sifarişçi”-nin “İcraçı”, bu müqavilə və əlavələrində müəyyən olunmuş şərtlərlə müqayisədə xidmətləri natamam təqdim etdikdə və (və ya) avadanlıqları az miqdarda təmin etdikdə geri qalan hissənin təqdim olunmasını “İcraçı”dan tələb etmək, çatışmayan hissənin dəyərini ödəməkdən imtina etmək, dəyəri öncədən ödənilmiş isə, ödənişin geri qaytarılmasını “İcraçı”dan tələb etmək hüququ var. Həmin müqavilənin 2.1.6.-cı maddəsinə əsasən “Sifarişçi”-nin “İcraçı”, xidmətlərin və avadanlıqların qüsurları barəsində məlumatı, “İcraçı”nın təqsiri olub-olmamasından asılı olmayaraq dərhal “Sifarişçi”yə bildirməlidir. Bu halda “Sifarişçi”nin, avadanlıqların alış qiymətinin mütənasib azaldılması, qüsurların 30 (otuz) təqvim günü müddətdində əvəzsiz aradan qaldırılması və ya qüsurların aradan qaldırılması üçün Sifarişçi”nin çəkdiyi xərclərin əvəzinin ödənilməsini “İcraçı”dan tələb etmək hüququ var. Əlavə olaraq xx.xx.2024-cü il tarixli qiymət razılaşdırma protokolunun 1-ci bəndindən görünür ki, icraçı sifarişçinin tələbinə əsasən Apple və Android əməliyyat sistemlərində istifadə oluna bilən, həm driver həm də sifariş üçün ayrıca application və həmçinin WEB sayt üçün interfeys dizaynlar hazırlamağı öhdəsinə götürür. Həmin razılaşmanın 4-cü bəndinə əsasən hər xidmətin təhvil verilməsi fərdi şəkildə təhvil-təslim aktına əsasən yerinə yetirilir. Bundan başqa iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli müqaviləyə 3 saylı əlavənin 1-ci bəndinə əsasən əsas müqavilə və qiymətlərin razılaşdırılma protokolunda göstərilən xidmətlərin müəyyən olunmuş müddət ərzində keyfiyyətli şəkildə sifarişçiyə təhvil verilməməsi səbəbi ilə bu müqavilə xx.xx.2024-cü il tarixindən xitam olunur. Eyni zamanda iş materialları kimi təqdim edilmiş 2 ədəd qəbzdən görünür ki, cavabdehin bank hesabına xx.xx.2024-cü il tarixində 1350 manat, xx.xx.2024-cü il tarixində 1350 manat olmaqla avans köçürmələri etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri xx.xx.2024-cü il tarixdə cavabdehin elektron kabinetində yerləşdirilmiş, cavabdeh xx.xx.2024-cü il tarixdə elektron poçt vasitəsilə məhkəməyə etirazını daxil etmişdir. Cavabdeh etirazında bildirmişdir ki, 2024-cü ilin iyul ayında Məhəmmədəli adlı şəxs İddiaçı taksi xidməti göstərən layihə haqqında ona məlumat vermiş və onun təklifi ilə həmin layihəyə mobil tətbiq proqramçısı kimi qoşulmağı qəbul etmiş, daha sonra tərəflər qiymət razılaşma protokoluna əsasən layihənin 5 ay müddətinə, ümumilikdə 27225 manat dəyərində tərtib olunması ilə bağlı razılaşmış, 30 iyul 2024-cü il tarixdə müqavilə bağlamışdırlar. Qiymət razılaşma protokolunda qeyd edildiyi kimi birinci həftənin işləri üçün 2700 manat ödəniş nəzərdə tutulmuş, həmin işlər yüksək keyfiyyətlə icra edilib sifarişçiyə təqdim edilmiş, sifarişçi tərəfindən yoxlanılaraq qəbul edilmiş, həmin iş üçün nəzərdə tutulmuş 2700 manat məbləğ hər dəfə 1350 manat olmaqla, ayrı-ayrılıqda sifarişçi tərəfindən ona ödənilmiş, lakin hazırda həmin təhvil-təslim aktlarının sadəcə birini məhkəməyə təqdim edə bilmişdir. Həmçinin, İddiaçı MMC ilə bağlamış olduqları müqaviləyə əsasən, 40 günlük, yəni 150 saatlıq iş görmüş, qiymət razılaşma protokoluna əsasən həmin işin dəyəri ümumilikdə 16425 manat etmiş, həmin məbləği iddiaçıdan tələb etmiş, lakin iddiaçı tərəf heç bir ödəniş etməmişdir. Cavabdeh iddiaçının tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli 1 nömrəli təhvil-təslim aktından görünür ki, tərəflər arasında bağlanmış 30 iyul 2024-cü il tarixli Y/M saylı elektron xidmətlərin göstərilməsi haqqında müqaviləyə uyğun olaraq təhvil-təslim aktında göstərilən xidmətlər göstərilmiş, birici həftənin ödənişi 2700 manat müəyyən edilmiş, onun yarısı olan 1350 manat dəyərində iş görülmüş və sifarişçiyə təhvil verilmişdir. Həmin təhvil-təslim aktı Cavabdeh imzası, İddiaçı MMC-nin möhürü və nümayəndəsi Anar Teymurovun imzası ilə təsdiqlənmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xidmət müqaviləsi, əlavələr, qəbzlər, təhvil-təslim aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.
769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, tərəflər arasında xx.xx.2024cü il tarixdə Y/M-003 nömrəli “elektron xidmətlərin göstərilməsi ilə bağlı müqavilə” bağlanmışdır. Bundan başqa iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli müqaviləyə 3 saylı əlavənin 1-ci bəndinə əsasən əsas müqavilə və qiymətlərin razılaşdırılma protokolunda göstərilən xidmətlərin müəyyən olunmuş müddət ərzində keyfiyyətli şəkildə sifarişçiyə təhvil verilməməsi səbəbi ilə bu müqavilə xx.xx.2024-cü il tarixindən xitam olunmuşdur. Xitamla bağlı əlavəyə cavabdeh tərəfindən imza çəkilərək təsdiq olunmuşdur. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş 2 ədəd qəbzdən görünür ki, iddiaçı cavabdehin bank hesabına xx.xx.2024-cü il tarixində 1350 manat, xx.xx.2024-cü il tarixində 1350 manat olmaqla köçürmə etmişdir. Həmçinin, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli 1 nömrəli təhvil-təslim aktından görünür ki, tərəflər arasında bağlanmış 30 iyul 2024-cü il tarixli Y/M saylı elektron xidmətlərin göstərilməsi haqqında müqaviləyə uyğun olaraq icraçı tərəfindən 1350 manat məbləğində xidmət göstərilmiş və sifarişçiyə təhvil verilmişdir. Həmin təhvil-təslim aktı Cavabdeh imzası, İddiaçı MMC-nin möhürü və nümayəndəsi Anar Teymurovun imzası ilə təsdiqlənmişdir. Cavabdeh tərəf iddiaçının tələbi ilə bağlı etirazını məhkəməyə təqdim edərək qeyd edilən məbləğin onun tərəfindən göstərilmiş xidmətin əvəzi olaraq verildiyini bildirsə də, məhkəməyə sadəcə 1350 manat dəyərində xidmət göstərdiyini və sifarişçiyə təhvil verdiyini sübut edən xx.xx.2024-cü il tarixli 1 nömrəli təhvil-təslim aktını təqdim etmişdir. Cavabdeh iddia tələbinin digər hissəsinə münasibətdə də qiymət razılaşma protokolunda nəzərdə tutulmuş işləri görmüş olduğunu qeyd etsə də, məhkəməyə bu halı təsdiq edən heç bir sübut təqdim etməmişdir. Məhkəmə iddiaçının tələbini işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd olunanlara, əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və 1350 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 47 manat dövlət rüsumu tələb edilsə də, iddia qismən təmin edildiyindən, məhkəmə hesab edir ki, 23.50 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli və 23.50 manat dövlət rüsumu isə iddiaçıya aid edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1350 manat borc və 23.50 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Mübariz Hüseynov