Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1416/2025 10.10.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı X1 Cavabdeh qarşı “cavabdehdən "xxxx" MMC-dən icarəyə götürdüyü iddiaçının mülkiyyətində olan VAZ 21074 minik markalı, 2007-ci il buraxılışlı, 10UM387 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın dəyəri olan 5000 manat və 70 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi” barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı X2 Cavabdeh qarşı “cavabdehdən "xxxx" MMC-dən icarəyə götürdüyü iddiaçının mülkiyyətində olan VAZ 21074 minik markalı, 2007-ci il buraxılışlı, 10UM387 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın dəyəri olan 5000 manat və 70 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən hazırkı iş üzrə həm iddiaçı tərəfin, həm də cavabdeh tərəfin VÖEN hesabı mövcud olsa da, bu hal cavabdehin qeyd edilən minik avtomobilini özünün sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı aldığını güman etməyə imkan vermir. Belə ki, minik avtomobili sahibkarlıq fəaliyyətindən əvvəl, şəxsi istehlak məqsədi ilə daha çox istifadə edilir və həmin avtomobilin təyinatı da bu istiqamətdə yönəlmişdir. Eyni zamanda məhkəməyə sübut qismində təqdim edilmiş materiallardan göründüyü kimi qeyd edilən avtomobilin 15 ay müddətinə hər ay 350 manat ödənilməklə cavabdehə verilməsi və ödəniş bitdikdən sonra avtomobilin onun adına sənədləşdirilməsi barədə razılaşmışlar. Göründüyü kimi təqdim edilmiş materiallardan cavabdehin qeyd edilən avtomobili sahibkarlıq fəaliyyətində istifadəsi ilə bağlı hər hansı bir razılaşma müəyyən edilmir. Bu halda isə qeyd edilən avtonəqliyyat vasitəsinin təyinatının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğunu birmənalı bildirmək mümkün deyil. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, təqdim edilmiş materiallardan göründüyü kimi hazırkı ərizəyə məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmalı olmadığından ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda iddiaçının diqqətinə çatdırılır ki, qeyd edilən avtonəqliyyat vasitəsi Cavabdeh sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə verilmişdirsə, bunu təsdiqləyən sənədləri iddia ərizəsinə əlavə edərək məhkəməyə yenidən müraciət edə bilər. Belə ki, Mülki Prosessual Məcəllənin : 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Sahibkarlıq fəaliyyəti isə şəxsin müstəqil surətdə, həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir (Vergi Məcəlləsi maddə - 13.2.37). “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 11-ci bəndində qeyd edilir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin qərarın 12-ci bəndinə qeyd edilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin qərarın 13-cü bəndinə əsasən Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Hazırkı işdə hər iki tərəfin VÖEN hesabı mövcud olsa da, təqdim edilmiş sübutlardan tərəflər arasında yaranan mübahisənin sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmadığı müəyyənləşdirilir. Bu səbəbdən də bu xarakterli işlərə kommersiya məhkəmələri tərəfindən deyil, ümumi məhkəmələrə tərəfindən baxılması qanunvericilikdə nəzərdə tutulmuşdur. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə olaraq məhkəmə iddiaçının diqqətinə çatdırır ki, tərəflər arasında yaranan mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlı olarsa və bu halı təsdiqləyən sənədləri təqdim edərək məhkəməyə yenidən müraciət etdiyi halda iddia ərizəsinin onu imzalamağa hüququ olan şəxs tərəfindən imzalanmasını, mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə MPM-in 150.2-ci maddəsinin tələbi baxımından çatdırılmalısını və bunu təsdiqləyən sübutların məhkəməyə təqdim edilməsini təmin edəsiniz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı işə baxılması ilə əlaqədar xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə X3 və ya Asanpay vasitəsilə məhkəmənin hesabına ödənilmiş 70 manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X1 Cavabdeh qarşı “cavabdehdən "xxxx" MMC-dən icarəyə götürdüyü iddiaçının mülkiyyətində olan VAZ 21074 minik markalı, 2007-ci il buraxılışlı, 10UM387 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın dəyəri olan 5000 manat və 70 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə X3 və ya Asanpay vasitəsilə ödənilmiş 70 manat dövlət rüsumu Nümayəndə Xəlil qızına (ödəyən şəxsə) dövlət büdcəsindən qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1416/2025
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1416/2025
10.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver