Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1574/2022 07.12.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “xx.xx.2022-ci il tarixdə bağlanmış AD-xx/xx-2022 saylı podrat müqaviləsi əsasında verilmiş 81000 manat məbləğində icra edilməmiş 50373 manat məbləğinin və 400 manat mediasiya xərcinin tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2022-ci il tarixdə bağlanmış AD-xx/xx-2022 nömrəli podrat müqaviləsi əsasında verilmiş 81000 manat məbləğində vəsaitin icra edilməmiş 50373 manat məbləğinin və 400 manat dövlət rüsumunun tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tütün ştilinin yetişdirilməsinə dair xx.xx.2021-ci il il tarixli tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən, podratçı smeta xərcləri özünə aid olmaqla, üçüncü şəxslərin bütün tələblərindən azad və müstəqil şəkildə öz istixana təsərrüfatı daxilində sifarişçinin müəyyən etdiyi aqrotexniki şərtlərə müvafiq şəkildə “Virciniya” botanik tütün növünün NC 291 və CC 143 sortlarını yetişdirməyi və dəyəri ödənilməklə sifarişçinin mülkiyyətinə verməyi, sifarişçi isə tütünçülük təsərrüfatının inkişafı məqsədilə podratçını toxumla təmin etməyi və “Virciniya” botanik tütün növünün NC 291 və CC 143 sortlarının bu müqavilə ilə müəyyən edilmiş miqdarı üzrə aqrotexniki tələblərə uyğun istixanalarda yetişdirilməsi müqabilində muzd ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.7-ci bəndinə əsasən bu müqavilə əsasında podrat sifarişləri ümumilikdə 340 hektar üzrə 102 000 manat dəyərində müəyyən edilmişdir. Müqavilənin 3.1.8-ci bəndinə əsasən podratçı tərəfindən istehsal olunmuş və qarşı tərəfə təqdim edilən tütün ştilinin qiymətinə bir hektar üzrə əkin əkin sxeminə müvafiq 22000 ədəd müəyyən olunmuş və sifarişçi hər hektar hesabı ilə podratçıya 300 manat muzd ödəməlidir. Müqavilənin 7.3-cü bəndinə əsasən bu müqavilə bağlandığı andan qüvvəyə minir və xx.xx.2022-ci il tarixədək qüvvədədir. İddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmiş və nəticədə onun 50373 manat məbləğində icra edilməmiş öhdəlik üzrə borcu yaranmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh podrat öhdəliyini yerinə yetirmədiyindən onun borcu yaranmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki,cavabdehlə bağlanan müqavilənin məbləği 102000 manatdır. Lakin cavabdehə 81000 ödənilmişdir. Cavabdeh həmin məbləğdən 30627 manat məbləğində işləri icra etmişdir. Lakin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçı ilə bağladığı müqavilə zamanı bir parnikin dəyərini 150 manat hesablamış, 540 parnikin dəyəri isə 81000 manat olmuşdur. Tütün toxumunu əkmiş, lakin hava şəraiti ilə əlaqədar məhsul az olmuşdur. Müqavilədə də fors-major halların nəzərə alınacağı yazılmışdı, lakin şirkət bunu nəzərə almadı. O, müqavilə üzrə öhdəliklərini icra etmişdir, məhsul ondan asılı olmayan səbəblərdən, yəni hava şəraiti ilə əlaqədar batmışdır. Məhkəmədən köməklik göstərilməsini xahiş etdi. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, xx.xx.2021-ci il tarixdə 7650 manat, xx.xx.2021-ci il tarixdə 5100 manat, xx.xx.2021-ci il tarixdə 5100 manat, xx.xx.2021-ci il tarixdə 7650 manat olmaqla, ümumilikdə 25500 manat yaşıl tütünün əkilməsi üçün müqavilə əsasında avanş ödənişləri edilmişdir. İş materiallarında olan “Malların təhvil-təslim akt”larından görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə ******* ədəd müxtəlif növ ştil İddiaçı MMC tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara podrat müqaviləsi, ödəniş qəzləri, malların təhvil-təslim aktları,xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş materiallarında olan və məhkəmə baxışında xx.xx.2021-ci il tarixli borc müqaviləsi, ödəniş tapşırıqları, malların təhvil-təslim aktları tədqiq edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 752.1, 753.1). “Tütün ştilinin yetişdirilməsinə dair” xx.xx.2021-ci il il tarixli tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən, podratçı smeta xərcləri özünə aid olmaqla, üçüncü şəxslərin bütün tələblərindən azad və müstəqil şəkildə öz istixana təsərrüfatı daxilində sifarişçinin müəyyən etdiyi aqrotexniki şərtlərə müvafiq şəkildə “Virciniya” botanik tütün növünün NC 291 və CC 143 sortlarını yetişdirməyi və dəyəri ödənilməklə sifarişçinin mülkiyyətinə verməyi, sifarişçi isə tütünçülük təsərrüfatının inkişafı məqsədilə podratçını toxumla təmin etməyi və “Virciniya” botanik tütün növünün NC 291 və CC 143 sortlarının bu müqavilə ilə müəyyən edilmiş miqdarı üzrə aqrotexniki tələblərə uyğun istixanalarda yetişdirilməsi müqabilində muzd ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.7-ci bəndinə əsasən bu müqavilə əsasında podrat sifarişləri ümumilikdə 340 hektar üzrə 102 000 AZN dəyərində müəyyən edilmişdir. Müqavilənin 3.1.8-ci bəndinə əsasən podratçı tərəfindən istehsal olunmuş və qarşı tərəfə təqdim edilən tütün ştilinin qiymətinə bir hektar üzrə əkin əkin sxeminə müvafiq 22000 ədəd müəyyən olunmuş və sifarişçi hər hektar hesabı ilə podratçıya 300 manat muzd ödəməlidir. Müqavilənin 7.3-cü bəndinə əsasən bu müqavilə bağlandığı andan qüvvəyə minir və xx.xx.2022-ci il tarixədək qüvvədədir. Məhkəmə hesab edir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı tərəf cavabdehə 81000 manat məbləğində pul vəsaiti vermiş, cavabdeh isə həmin pul vəsaitini qəbul etsə də, tərəflərin müəyyənləşdirdikləri vaxtda öhdəliyini icra edə bilməmişdir. Ona görə də mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə tələbin “81000 manat məbləğində vəsaitin icra edilməmiş 50373 manat məbləğinin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tələbində haqlıdır. Belə ki, iş materiallarında olan “malların təhvil-təslim akt” larından da aydın olur ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə ******* ədəd müxtəlif növ ştil cavabdehə təhvil verilmiş, lakin cavabdeh öhdəliklərini tam şəkildə icra edə bilməmiş və nəticədə 50373 manat ödənilməmiş borcu qalmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 3.1.8-ci bəndinə əsasən podratçı tərəfindən istehsal olunmuş və qarşı tərəfə təqdim edilən tütün ştilinin qiymətinə bir hektar üzrə əkin əkin sxeminə müvafiq 22000 ədəd müəyyən olunmuş və sifarişçi hər hektar hesabı ilə podratçıya 300 manat muzd ödəməlidir. ******* ədəd ştil / 22000 ədəd=98 ha. Hər hektarın hesabına görə 300 manat muzd ödənilməli olduğundan 98 x 300 manat = 29 494 manat ödənilmişdir. 81000-29494 = 51506 manat ödənilməlidir. İddiaçının tələbi 50373 manat olduğundan və məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən, məhkəmə hesab edir ki, cavabdehdən 50373 manat məbləğ iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 241,12 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən ödənilməmiş 241,12 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, iddiaçının tələbi üzrə 400 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 50373 manat əsas borc və 400 manat mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. Ödənilməmiş 241,12 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1574/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1574/2022
07.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver