Məhkəmə qərarları › İş №e-2-2(117)-1780/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1780/2022

27.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1780/2022 27.12.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı “X1” MMC-nin Cavabdeh MMC-yə qarşı “xx.xx.2022-ci il tarixli mühasibatlıq xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən 3400 manat əsas borcun, 2401 manat cərimə borcunun və 100 manat mediasiya xərcinin iddiaçının xeyrinə cavabdehdən tutulması” tələbinə dair qarşılıqlı iddia üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı “X1” MMC Cavabdeh MMC-yə qarşı “xx.xx.2022-ci il tarixli mühasibatlıq xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən 3400 manat əsas borcun, 2401 manat cərimə borcunun və 100 manat mediasiya xərcinin iddiaçının xeyrinə cavabdehdən tutulması” tələbinə dair iddia tələbi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X1” MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli EV/GBC/2022 nömrəli “mühasibatlıq xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən bu müqavilə ilə icraçının müəyyən etdiyi yerdə (müqavilə ilə nəzərdə tutulduğu hallarda və şərtlərlə sifarişçinin ofisində) öz işçiləri (əməkdaşları) vasitəsilə sifarişçinin fəaliyyəti ilə bağlı ona (sifarişçiyə) mühasibatlıq xidmətləri (bundan sonra xidmətlər) göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya müqavilə üzrə razılaşdırılmış məbləğdə və qaydada xidmət haqqının ödənilməsini təmin edir. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə üzrə icraçı tərəfindən sifarişçiyə göstərilən xidmətlərin siyahısı müqaviləyə 1 nömrəli əlavə razılaşmada müəyyən olunur. 4.4-cü bəndinə əsasən bu müqavilənin 4.1 və 4.3-cü bəndlərində nəzərdə tutulmuş ödənişlər xidmət ayının ilk 10 (on) təqvim günündən gec olmayaraq sifarişçi tərəfindən icraçıya nağd qaydada və ya bank köçürməsi yolu ilə əvvəlcədən ödənilir. Gecikdirilmə 15 (on beş) iş gününü keçdikdə, bu hal bu müqavilə üzrə xidmətin dayandırılması üçün əsasdır. 5.3-cü bəndinə əsasən xidmət haqqının ödənilməsinin 15 (on beş) təqvim günündən artıq gecikdirilməsinə görə sifarişçi gecikdirilən hər gün üçün icraçıya ödənilməli məbləğin 0,5% miqdarında cərimə ödəməyi öhdəsinə götürmüşdür. 6.3.2-ci bəndinə əsasən hər hansı tərəfin üzrsüz səbəblərdən öz öhdəliklərini davamlı olaraq icra etməməsi və ya lazımınca icra etməməsi halı baş verdikdə, bu barədə bir tərəf digər tərəfə 15 (on beş) iş günü əvvəlcədən yazılı xəbərdarlıq etdikdə və çatışmazlıq 15 (on beş) ərzində aradan qaldırılmadıqda müqavilə birtərəfli qaydada ləğv edilə bilər. Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavə razılaşma üzrə sifarişçi icraçıya hər ay üçün 1200 AZN məbləğində, əsas müqavilədə göstərilən qaydada aylıq xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş üzləşmə aktından görünür ki, sifarişçi xidmət haqqına görə ödənilməmiş 3700 manat məbləğində borcu xx.xx.2022-ci il tarixədək tam həcmdə icraçıya ödəməyi öhdəsinə götürmüş və bu hər iki tərəfin imzası ilə öz təsdiqini tapmışdır. İddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, cavabdehin sifarişi əsasında müvafiq xidmətlər göstərmiş, lakin cavabdeh öhdəliyini tam şəkildə yerinə yetirməmiş, xx.xx.2022-ci il tarixdə 300 manat ödəniş etmiş və nəticədə 3400 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə cavabdehin elektron kabinetində məhkəmə bildirişi rəsmi qaydada yerləşdirilmişdir, lakin o iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış müqavilə, üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Tərəflər arasında hər üç müqavilə üzrə münasibətlər hüquqi mahiyyətinə görə podrat müqavilələridir. Mülki Məcəlləsinin: 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, iddiaçı “X1” MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli EV/GBC/2022 nömrəli “mühasibatlıq xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən bu müqavilə ilə icraçının müəyyən etdiyi yerdə (müqavilə ilə nəzərdə tutulduğu hallarda və şərtlərlə sifarişçinin ofisində) öz işçiləri (əməkdaşları) vasitəsilə sifarişçinin fəaliyyəti ilə bağlı ona (sifarişçiyə) mühasibatlıq xidmətləri (bundan sonra xidmətlər) göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya müqavilə üzrə razılaşdırılmış məbləğdə və qaydada xidmət haqqının ödənilməsini təmin edir. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə üzrə icraçı tərəfindən sifarişçiyə göstərilən xidmətlərin siyahısı müqaviləyə 1 nömrəli əlavə razılaşmada müəyyən olunur. Müqavilənin 4.4-cü bəndinə əsasən bu müqavilənin 4.1 və 4.3-cü bəndlərində nəzərdə tutulmuş ödənişlər xidmət ayının ilk 10 (on) təqvim günündən gec olmayaraq sifarişçi tərəfindən icraçıya nağd qaydada və ya bank köçürməsi yolu ilə əvvəlcədən ödənilir. Gecikdirilmə 15 (on beş) iş gününü keçdikdə, bu hal bu müqavilə üzrə xidmətin dayandırılması üçün əsasdır. Müqavilənin 5.3-cü bəndinə əsasən xidmət haqqının ödənilməsinin 15 (on beş) təqvim günündən artıq gecikdirilməsinə görə sifarişçi gecikdirilən hər gün üçün icraçıya ödənilməli məbləğin 0,5% miqdarında cərimə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 6.3.2-ci bəndinə əsasən hər hansı tərəfin üzrsüz səbəblərdən öz öhdəliklərini davamlı olaraq icra etməməsi və ya lazımınca icra etməməsi halı baş verdikdə, bu barədə bir tərəf digər tərəfə 15 (on beş) iş günü əvvəlcədən yazılı xəbərdarlıq etdikdə və çatışmazlıq 15 (on beş) ərzində aradan qaldırılmadıqda müqavilə birtərəfli qaydada ləğv edilə bilər. Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavə razılaşma üzrə sifarişçi icraçıya hər ay üçün 1200 manat məbləğində, əsas müqavilədə göstərilən qaydada aylıq xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş üzləşmə aktından görünür ki, sifarişçi xidmət haqqına görə ödənilməmiş 3700 manat məbləğində borcu xx.xx.2022-ci il tarixədək tam həcmdə icraçıya ödəməyi öhdəsinə götürmüş və bu hər iki tərəfin imzası ilə öz təsdiqini tapmışdır. İddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, cavabdehin sifarişi əsasında müvafiq xidmətlər göstərmiş, lakin cavabdeh öhdəliyini tam şəkildə yerinə yetirməmiş, xx.xx.2022-ci il tarixdə 300 manat ödəniş etmiş və nəticədə 3400 manat ödənilməmiş borcu qalmışdır. Odur ki, iddiaçı 3400 manat məbləği cavabdehdən tələb etməkdə haqlıdır. İddia tələbinin 2401 manat cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilənin 5.3-cü bəndinə əsasən xidmət haqqının ödənilməsinin 15 (on beş) təqvim günündən artıq gecikdirilməsinə görə sifarişçi gecikdirilən hər gün üçün icraçıya ödənilməli məbləğin 0,5% miqdarında cərimə ödəməlidir. İddiaçı məhkəməyə vaxtında müraciət etməyərək dəbbə pulunun artmasına şərait yaratmışdır. Eyni zamanda, məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alıb iddia tələbinin cərimə hissəsində 100 manat məbləğin cavabdehdən tutulması nəticəsinə gəlir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 78,01 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumunun 30,94 manatı iddiaçıdan, 47,07 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, ödənilməli olan 100 manat mediasiya xərcinin 39,67 manatı iddiaçıdan, 60,33 manatı cavabdehdən tutulmalıdır. Lakin məhkəmə, qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 100 manatın iddiaçıya ödənilməli olan hissəsi 60,33 manat olduğundan və iddiaçı tərəfindən 30,94 manat dövlət rüsumu ödənilməli olduğundan cavabdeh tərəfindən mediasiya üçün ödəniləcək 60,33 manatın iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 30,94 manat dövlət rüsumu çıxılmaqla 29,39 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 30,94 manat hissəsi isə cavabdeh tərəfindən ödənilməli olan 47,07 manat dövlət rüsumuna əlavə edilməklə 78,01 manat dövlət rüsumu bütöv şəkildə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli mühasibatlıq xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən 3400 manat əsas borc, 100 manat cərimə borcu və 29,39 manat mediasiya xərci iddiaçı “X1” MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Cavabdeh MMC-dən 78,01 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar