Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-18/2024 30.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “Cavabdeh 34970 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 14 nömrəli istehsalat bazasında sexin tikinitisi haqqında podrat müqaviləsinə əsasən sifarişçi tapşırmağı, icraçı isə hazırki müqavilədə göstərilmiş şərtlərlə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən İstehsalat Bazasında sexin tikintisi işlərini öz üzərinə götürmüşdür. Görüləcək işlərin məbləği 170381 manat olaraq razılaşdırılmışdır. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilmiş işlərin dəyəri faktiki görüləcək işlərə uyğun təşkil edəcəkdir. Sexin tikintisində istifadə olunacaq materialların və işçiliyin dəyərinə dair smetadan görünür ki, istifadə olunacaq material və görüləcək işçiliyin dəyəri 170381 manat təşkil edir. xx.xx.2023-cü il tarixli aktla görülmüş işlərin dəyəri 55030 manat təşkil etməsi, cavabdehə ödənilmiş 90000 manatdan yerinə yetirilmiş işin həcmi çıxıldıqdan sonra 34970 manat ödənilməmiş qalması müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 10/1627 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən İstehsalat Bazasında inşa edilmiş tikili üzrə aparılmış işlərə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 57060 manat məbləğində olmuşdur. Eyni zamanda rəy verilməsi zəruri olan digər hal üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin mütəxəssisləri baxışda iştirak etmədiyindən, eləcə də, mütəxəssislər tərəfindən hər hansı rəy və ya arayış təqdim edilmədiyindən təqdiqat aparılmamışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, iddiaçı bununla bağlı sonuncuya müraciət etmiş və ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, X4 "xxxx" MMC-nin təsisçilərindən biridir və Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 1,0 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmçinin həmin torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə verilməsi ilə bağlı iddiaçı müəssisənin direktoru X5 ilə mülkiyyətçi arasında 01 saylı xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin torpaq sahəsi iddiaçı tərəfindən gələcəkdə baza və qaraj kimi istifadə etmək üçün icarəyə götürülmüşdür. Həmçinin bildirmişdir ki, "xxxx" MMC-nin İstehsalat bazasında metal konstruksiyadan ibarət anbar və kiçik metal konstruksiyaların istehsalı üçün müvafiq tikililərin inşa edilməsinə zərurət yarandığından sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş icraçısı Cavabdeh ilə sexin tikintisi haqqında 14 saylı 30 sentyabr 2022-ci il tarixli müqavilə bağlanmış və görülən işlərin Smetası müqaviləyə əlavə olunmuşdur. Müqaviləyə əsasən İstehsalat bazasında sexin tikintisi və quraşdırma işlərinin yerinə yetirilməsi işlərinin dəyəri 170381 manat məbləğində razılaşdırılmışdır. Müqavilə bağlandıqdan sonra 24 noyabr 2022-ci ilə qədər Cavabdeh 90000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bu isə görüləcək işlərin 52%-nin haqqını təşkil edir. Lakin qeyd olunan tarixdən xeyli müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən heç bir iş görülməmişdir. Yerində aparılan baxış zamanı aşkar olunmuşdur ki, az həcmdə iş olduqca keyfiyyətsiz görülmüş və köhnə yarasız materiallardan istifadə olunmuşdur. Bununla bağlı xx.xx.2022-ci tarixdə cari ilin dekabr ayının sonuna kimi işlərin tam keyfiyyətlə başa çatdırıb təhvil verilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Daha sonra 15 mart 2023-cü il tarixində görülən işlərin qəbulu üçün komissiya yaradılmış və yerində yoxlama aparılmışdır. Yoxlama zamanı xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. X1, anbardar X6 və icraçı Cavabdeh özünün iştirakı ilə yoxlama zamanı müəyyən olunmuşdur ki, quraşdırılan dirəklər 40 il əvvəl yerin altında istifadə olunan metal boru, metal künclükdən və köhnə materiallardan ibarətdir. Aparılan qaynaq işləri heç bir norma və standartlara uyğun deyildir. İcraçı Cavabdeh heç bir sertifikatı və yüksəklikdə işlərin görülməsinə icazəsi yoxdur. Cavabdehə aparılan yoxlamalarda iştirak etməsi ilə bağlı müraciət olunsa da, o yoxlamada iştirakdan yayınmışdır. Komissiya tərəfindən yerinə yetirilən işlər yoxlanılmış, tikinti üzrə faktiki yerinə yetirilmiş iş həcmlərinin materiallarla birlikdə dəyəri bazar qiymətinə uyğun çıxarılmışdır. Faktiki olaraq görülən işlər onun verdiyi smeta əsasında və bazar qiymətləri ilə birlikdə bütün malların dəyəri 55030 manat təşkil etmişdir. Lakin cavabdehin hesabına 90000 manat məbləğində vəsait ödənilmişdir. Ona görə də komissiya tərəfindən belə qərara gəlinmişdir ki, görülən işlərin müqabilində Cavabdeh artıq ödənilən 34970 manat qiymət fərqini iddiaçı "xxxx" MMC-yə ödəməlidir. Lakin cavabdehə dəfələrlə xəbərdarlıqlar edilsə də, borcu ödəməkdən imtina edir və bugünədək 34970 manat məbləğində borc cavabdeh tərəfindən hələ də ödənilməmişdir. İddiaçı görülməli işlərin dəyəri olaraq 90000 manat pulu cavabdehə vermiş, cavabdeh bu halı xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasında verdiyi izahatında etiraf etmiş və iddiaçı tərəfindən onun hesabına əvvəlcə 30000 manat sonra isə 2 dəfəyə olmaqla 60000 manat pul köçürüldüyünü qəbul etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, cavabdehin vəkili ərizə ilə müraciət edərək şəxsi işlərilə bağlı Naxçıvan Muxtar Respublikasında olacağından iclasda iştirak edə bilməyəcəyini və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, iddiaçının nümayəndəsi səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında nümayəndəsinin iştirakını təminetməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara : Tərəflər arasında bağlanmış müqavilə, Smeta, Akt, Ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra mətndə MM ) maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 752.1). Məhkəmə ilk növbədə onu qeyd edir ki, hazırkı mübahisə üzrə tərəflər arasında bağlanmış podrat müqaviləsi etibarsız olmamış, tərəflərin imzaları ilə təsdiq olunmaqla onların həqiqi hüquqi maraqlarını əks etdirmiş, avans ödənilmiş və cavabdeh tərəfindən müqavilənin icrası ilə bağlı işlər qismən icra edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 14 nömrəli istehsalat bazasında sexin tikintisi haqqında podrat müqaviləsinə əsasən sifarişçi işlərin yerinə yetirilməsini icraçıya tapşırmış, sonuncu isə hazırki müqavilədə göstərilmiş şərtlərlə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən İstehsalat Bazasında sexin tikintisi işlərini öz üzərinə götürsə də, bu öhdəliyini qismən icra etmiş və nəticədə iddiaçı qarşısında ödənilməmiş öhdəliyi qalmışdır. Sexin tikintisində istifadə olunacaq materialların və işçiliyin dəyərinə dair smetadan görünür ki, istifadə olunacaq material və görüləcək işçiliyin dəyəri 170381 manat təşkil edir. İddiaçı görülməli işlərin dəyəri olaraq 90000 manat pulu cavabdehə vermiş, cavabdeh bu halı xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasında verdiyi izahatında etiraf etmiş, iddiaçı tərəfindən onun hesabına əvvəlcə 30000 manat sonra isə 2 dəfəyə olmaqla 60000 manat pul köçürüldüyünü qəbul etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 10/1627 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən İstehsalat Bazasında inşa edilmiş tikili üzrə aparılmış işlərə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 57060 manat məbləğində olmuşdur. Göründüyü kimi ekspert rəyinə əsasən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən İstehsalat Bazasında inşa edilmiş tikili üzrə aparılmış işlərə sərf olunmuş vəsaitin dəyəri 57060 manat olmuşdur ki, məhkəmə həmin məbləği əsas götürüb hesab edir ki, ümumilikdə iddiaçı tərəfindən ödənilmiş 90000 manat qarşılığında iddiaçı tərəfindən 57060 manat dəyərində işlər görülmüşdür. Bu səbəbdən ödənilmiş 90000 manatdan ekspert rəyi ilə müəyyən olunmuş görülmüş işlərin dəyəri çıxıldıqda (90000 – 57060 = 32940) qalan 32940 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 755-ci maddəsinə əsasən, podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, cavabdeh tərəfindən sifariş verilmiş iş tam yerinə yetirilməmişdir ki, görülmüş işlərin dəyəri çıxıldıqdan sonra avans məbləğindən qalan 32940 manat iddiaçıya qatarılmalıdır. Qeyd olunanlar əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək 32940 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı 200 manat mediasiya xərci ödəməklə dövlət rüsumu ödəmədən məhkəməyə müraciət etmək imkanı əldə etmişdir. İddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 194,91 manat təşkil edir. İddia tələbi qismən təmin edildiyindən ödənilməli 194,91 manat dövlət rüsumunun 11.31 manatı iddiaçıdan, 183.60 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı ödədiyi 200 manat mediasiya xərcini tələb etmədiyindən həmin vəsait cavabdehdən tutulmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 32940 manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 194,91 manat dövlət rüsumunun 11.31 manatı iddiaçı "xxxx" MMC-dən, 183.60 manatı Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-18/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-18/2024
30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver