Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-199/2022 28.03.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin cavabdeh X1 qarşı “cavabdehdən 2819 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilə X1 arasında bağlanmış 01.01.2018-ci il tarixli mühafizə xidmətlərinin göstərilməsi barədə müqaviləyə əsasən sifarişçi mülkiyyətçi olduğu Ucar Rayon Mədəniyyət Mərkəzi ünvanında yerləşən obyekti təhvil verməyi, icraçı isə obyektin mühafizəsini öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə göstərilən xidmətin aylıq haqqı 459,66 manat məbləğində müəyyən edilmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən mühafizəyə götürülən obyektə görə ödəniş icraçının hesablaşma hesabına hər ayın 10-dan gec olmayaraq köçürülür, eyni qaydada icraçının kassasına nəğd pul hesabı ilə həyata keçirilə bilər. Ödənişin gecikdirilməsi baş verdiyi halda sifarişçi müqavilənin hər gecikdirmə gününə görə 5 % məbləğində cərimə olunur. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə 3 ay üçün ödənilməli olan, lakin ödənilməmiş 1378,98 manat əsas borcu qalmışdır. Müqaviləyə əsasən gecikdirilən hər gün üçün iddiaçı tərəfindən 5 faizlə 1440 manat cərimə hesablanmışdır. Borcun olması iş materiallarına əlavə edilmiş elektron qaimələr ilə öz təsdiqini tapır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən onun ödənilməmiş 1379 manat əsas və 1440 manat cərimə borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncuya ünvanı üzrə 01.03.2022-ci il tarixdə məhkəmə bildirişinin təqdim olunmasına baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış müqavilə, elektron qaimələr və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1ci və 2-ci bəndləri, 449.1). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı ilə X1 arasında bağlanmış 01.01.2018-ci il tarixli mühafizə xidmətlərinin göstərilməsi barədə müqaviləyə əsasən sifarişçi mülkiyyətçi olduğu Ucar Rayon Mədəniyyət Mərkəzi ünvanında yerləşən obyekti təhvil verməyi müqavilə üzrə göstərilən xidmətin aylıq haqqı 459,66 manat məbləğində pulu ödəməyi, icracı isə obyektin mühafizəsini öz öhdəsinə götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də cavabdeh öhdəliyini lazımınca yerinə yetirməmiş və onun iddiaçıya 3 ay üçün 1379 manat deyil, 1378,98 manat əsas borcu qalmışdır. Cavabdehin 1378,98 manat məbləğdə borcunun olması iş materiallarına əlavə edilən elektron qaimələr ilə təsdiq edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən iddiaçının tələb etdiyi 1379 manat deyil, 3 aylıq xidmət üçün 1378,98 manat əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə müqaviləyə əsasən hesablanmış 1440 manat məbləğində cəriməyə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə xidmətin haqqını ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm əsas borcun həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə tənasübsüz yüksəkdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilələnin 3.4-cü bəndinə əsasən, ödənişin gecikdirilməsi baş verdiyi halda sifarişçi müqavilənin hər gecikdirmə gününə görə 5 % məbləğində cərimə olunur. Bu səbəbdən də, dəbbə pulunun artmasında iddiaçının təqsirini, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 01.01.2018-ci il tarixli müqavilə üzrə 100 manat cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 01.10.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 01.10.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (1379 manat + 1440 manat) ödənilməli dövlət rüsumu 48,19 manat olmalıdır ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilən hissəsinə mütənasib olaraq 25,28 manat cavabdehdən, 22,91 manat iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən 78,20 manat dövlət rüsumu ödənilmişdir. İdiaçı ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən qalan 55,29 manat iddiaçı tərəfindən artıq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 1378,98 əsas borc, 100 manat məbləğində cərimə borcu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh X1 ödənilməmiş 25,28 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-199/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-199/2022
28.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver