Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-215/2022 08.04.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “19.03.2020-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 202,57 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 2500 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi ödəyicisi olan cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən onun 19.03.2020ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 202,57 manat məbləğində borcu vardır. 31.01.2022-ci il tarixli xəbərdarlıq məktubu ilə cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının 19.03.2020-ci il tarixli **********4 nömrəli qərarı əsasında 26.01.2022-ci il tarixli **********4 nömrəli protokolla cavabdehə məxsus dəyəri 750 manat olan 1 ədəd kondisioner (LU-EVVOLİ, Çin istehsalı), vahidinin dəyəri 500 manat olan 2 ədəd kondisioner (ELİT, Azərbaycan istehsalı) və dəyəri 750 manat olan 1 ədəd kondisioner (REGULAR, Çin istehsalı) siyahıya alınmışdır. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, vergi ödəyicisi vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun vergi borcu yaranmışdır. Lakin görülən tədbirlərə baxmayaraq, qeyd olunan borc məbləği bu günədək ödənilməmişdir. Vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmış, həmin qərar əsasında cavabdehin dövlət büdcəsinə yaranan borcuna görə əmlakı siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu 16.03.2022-ci il tarixdə bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: cavabdehin şəxsi hesab vərəqəsinin surəti, əmlakın siyahıya alınmasına dair vergi orqanının 19.03.2020-ci il tarixli **********4 nömrəli qərarı, 26.01.2022-ci il tarixli **********4 nömrəli protokolun surəti, xəbərdarlıq və bildiriş daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə hazırkı tələb üzrə cavabdehin siyahıya alınmış əmlakının həcminin onun vergi borcunun məbləğində mütənasibliyini nəzərə almalı və buna Azərbaycan Respublikası Konstitusiyasının və dövlətin tərəfdar çıxdığı beynəlxalq sənədlərin məzmunu baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Mülkiyyət hüququnu məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin 19.03.2020-ci il tarixə 202,57 manat vergi borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, məhkəmənin iddia tələbindən kənara çıxmaq üçün qanuni əsas olmadığından, cavabdehin hazırkı tarixdə siyahıya alınmış ümumi əmlak məbləğində borcu olsa belə, iddiaçı 202,57 manat borcun ödənilməsini üçün tədbirin görülməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək vəzifəsi qoyulduğundan və o, verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi siyahıya alınmış əmlakın yaranmış borca mütənasib olanı dəyəri hissəsində, yəni, dəyəri 500 manat olan bir ədəd kondisionerin (ELİT, Azərbaycan istehsalı) ticarət şəbəkələrində satılması hissəsində təmin edilməli, qalan hissədə isə rədd edilməlidir. Əks yanaşma cavabdehin mülkiyyət hüququnun qeyri-mütənasib məhdudlaşdırılmasına şərait yaratmış olar. Cavabdehin əlavə borcu yaranmışdırsa, satılması barədə qərara qəbul edilməyən əmlakları ilə bağlı yenidən məhkəməyə müraciət edə bilər. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi qismən təmin edilsə də, tələb olunan borca münasibətdə tam təmin edildiyindən cavabdehdən 30 manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdeh 19.03.2020-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna olan 202,57 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə cavabdehə məxsus dəyəri 500 manat olan 1 ədəd kondisioner (ELİT, Azərbaycan istehsalı) ticarət şəbəkələrində satılsın. Cavabdeh 30 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-215/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-215/2022
08.04.2022 · Vergi mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver