Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-22/2024 14.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə : Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “cavabdehdən 1000 manat pul vəsaitinin, 20 manat dövlət rüsumunun, həmçinin mediasiya xərci üçün ödənilmiş 20 manat məbləğin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi Təsviri hissə: İddiaçı "xxxx" ASC tərəfindən cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Mingəçevir şəhəri, A.Şaiq küçəsində yerləşən qeyri-yaşayış sahəsindəki daşınar əmlaklar, əmlakın yanğından və X4 sığortası üzrə sığorta edilmişdir. Sığorta predmeti olan daşınar əmlaka (ticarət mallarına) xx.xx.2023-cü il tarixdə baş vermiş təbii fəlakət hadisəsi nəticəsində zərər dəymiş və bununla bağlı iddiaçıya müraciət edilmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanalanan “sığorta ödənişinin verilməsinə dair bildiriş”də göstərilmişdir ki, cavabdehin əmlakı əmlakın yanğından və X4 sığortası şəhadətnaməsi ilə 1 il müddətinə sığortalanmışdır. Cavabdehin müraciəti əsasında iddiaçı tərəf cavabdehin daşınar əmlakına dəymiş zərərin müəyyən edilməsi məqsədilə sığorta üzrə müstəqil ekspert cəlb olunmuş, ekspertin rəyinə əsasən dəymiş zərərin 4000 manat həcmindən olması müəyyən olunmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixli AZ/080569 seriya nömrəli sığorta şəhadətnaməsinin şərtlərinə əsasən şərtsiz azadolma məbləği 1500 manat təşkil etmiş, həmin məbləğ ümumi hesablanmış 4000 manat məbləğdən çıxılmaqla 2500 manat sığorta ödənişi hesablanmışdır. İddiaçının nümayəndəsi X3 Azərbaycan Respublikası Mərkəzi Bankına müraciətlər edilmiş və həmin müraciətlərdə sığorta ödənişinin az hesablanması, bunun "xxxx" ASC-nin bildirdiyinə görə Cavabdeh tərəfindən verilmiş ərizəyə əsasən hesablanması, belə bir müraciətin olmaması və Cavabdeh belə bir ərizədən məlumatının olmamasını, ərizənin saxtalaşdırılması və bunun artıq cinayət əməlinin olmasını bildirmişdir. X1 müraciətləri "xxxx" ASC-yə göndərilmiş və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli məktubla X2 cavab verilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini belə əsaslandırmışdır ki, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Mingəçevir şəhəri, A.Şaiq küçəsində yerləşən qeyri-yaşayış obyektindəki daşınar əmlak (ticarət malları) "xxxx" ASC-də “Əmlakın Yanğından və X4 Sığortası” növü üzrə sığorta təminatı almışdır. xx.xx.2023-cü il tarixdə Cəmiyyətiə müraciət olunaraq xx.xx.2023-cü il tarixində baş vermiş təbii fəlakət hadisəsi (leysandan qaynaqlanan subasma) nəticəsində sığorta predmetinə zərər dəydiyi bildirilmişdir. Sözügedən daşınar əmlaka dəymiş zərərin müəyyən edilməsi üçün sığorta sahəsində yardımçı fəaliyyət göstərən ekspert cəlb olunmuşdur. Ekspertin xx.xx.2023-cü il tarixli rəyinə əsasən daşınar əmlaka dəymiş zərər 4000 manat məbləğində müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixində Cəmiyyət tərəfindən sığortalıya “Sığorta ödənişinin verilməsinə dair bildiriş” məktubu ünvanlanmışdır. Cavabdeh səlahiyyətli nümayəndəsi X1 Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edərək, zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədiyindən yenidən 19 sentyabr 2023-cü il tarixində Cəmiyyət tərəfindən zərərçəkənə “Müstəqil ekspertin təyin edilməsinə dair bildiriş” məktubu ünvanlanmışdır. Həmçinin həmin məktubda Cavabdeh səlahiyyətli nümayəndəsi X3 onun adından qeyd etmişdir ki, "xxxx" ASC saxta bir sənədə, yəni Cavabdeh heç bir məlumatı olmadığı, lakin onun adından yazılaraq imzalanan ərizəyə əsasən pul verməkdən imtina edir. Bu isə artıq cinayət əməlidir.” Qeyd olunanlara əsasən hazırki tələbə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh ərizə və etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, baş vermiş sığorta hadisəsi ilə bağlı "xxxx" şirkətinə məlumat verilmiş və şirkət tərəfindən hadisə baş verən yerə baxış keçirilmiş hadisə sığorta hadisəsi olaraq qeydə alınmışdır. Buna baxmayaraq "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 1576/3 saylı cavab məktubunda qeyd olunmuşdur ki, sözü gedən daşınmaz əmlaka dəymiş zərər 4000 ( dörd min) manat məbləğində müəyyən edilmiş, eyni zamanada müqavilə qaydasına əsasən 1500 manat azadolma məbləği çıxılmaqla 2500 manat sığorta ödənişinin hesablandığı bildirilmişdir. Göründüyü kimi sığorta şirkəti sığortalı olaraq ona faktiki dəymiş ziyandan təxminən 20 dəfə az sığorta ödənişi hesablamışdır. Bu isə onun haqlı narazılığına səbəb olmuş və o, bundan sonra məsələ ilə bağlı hüquqlarının qorunması üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Tahir Şirinov ilə müqavilə bağlamışdır. Bundan sonra Tahir Şirinov onun nümayəndəsi olaraq məsələ ilə bağlı "xxxx" şirkətində zərərlərin tənzimlənməsi ilə məşğul olan əməkdaşı və eyni zamanda həmin xidmətin rəhbəri Bilal müəllim ilə görüşmüş, bu zaman Tahir Şirinova bildirilmişdir ki, zərər məbləğinin az qeyd olunmasının başlıca səbəbi şirkət tərəfindən müqaviləyə qismən sığorta müqaviləsi kimi qiymət verilməsi olmuşdur. Tahir Şirinov sığorta şirkətinin ona ünvanlandığı məktubda və ümumiyyətlə işə dair hər hansı bir sənəddə qismən sığorta halını təsdiqləyəcək hər hansı bir halın olmadığını bildirdikdə, şirkət nümayəndələri bu halın guya ki, ondan əlyazma formasında qəbul etdikləri ərizə ilə təsdiqini tapdığını, həmin ərizədə mənim hadisə baş verərkən anbarda 350000 manatdan artıq məbləğdə əmlak olduğunu qeyd etməyini, nəticədə şirkətin həmin ərizə əsasında anbarda olan faktiki əmlakın dəyərini nəzərə alaraq sığorta ödənişini qismən sığorta olaraq hesabladığını bildirmişlər. Qeyd olunanlarla bağlı Tahir Şirinov ona bildirdikdə o, sığorta şirkətinə anbarda olan əmlakın dəyəri ilə bağlı hər hansı bir ərizə vermədiyini demişdir. Çünki həqiqətən də o, belə bir ərizə verməmişdir. Bundan sonra Tahir Şirinovdan eşitdiklərinə əsasən o sığorta işindəki sənədlərin, əsasən də onun tərəfindən verildiyi deyilən ərizənin surətini əldə etmək istəsə də, Azsığorta şirkəti qanunsuz olaraq bundan imtina etmişdir. Azsığorta şirkəti ilə bağlı Mərkəzi banka edilən elektron müraciəti Tahir Şirinov şəxsən öz adından etmişdir. Onun bu hissədə məsələ ilə bağlı ümumiyyətlə əlaqəsi olamdığını, sığorta işi ilə bağlı bütün müraciətlərin Tahir Şirinovun şəxsən öz adından olunduğunu bildirmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmiş, cavabdeh məhkəmə iclasında özünün və ya nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sığorta ödənişinin verilməsinə dair bildiriş, Müraciət, Pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi iddiaya cavab verməli olan cavabdehə qarşı yönəlmədiyindən və bununla bağlı iddiaçıya məhkəmə tərəfindən edilmiş müraciət nəticəsiz qaldığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci madddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edildiyi kimi iddiaçı "xxxx" ASC tərəfindən cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Mingəçevir şəhəri, A.Şaiq küçəsində yerləşən qeyri-yaşayış sahəsindəki daşınar əmlak əmlakın yanğından və X4 sığortası üzrə sığorta edilmişdir. Sığorta predmeti olan daşınar əmlaka (ticarət mallarına) xx.xx.2023-cü il tarixdə baş vermiş təbii fəlakət hadisəsi nəticəsində zərər dəymiş və bununla bağlı iddiaçıya müraciət edilmişdir. İddiaçının təqdim etdiyi “sığorta ödənişinin verilməsinə dair bildiriş”dən müəyyən olunduğu kimi cavabdehin əmlakı əmlakın yanğından və X4 sığortası şəhadətnaməsi ilə 1 il müddətinə sığortalanmışdır. Cavabdehin müraciəti əsasında iddiaçı tərəf cavabdehin daşınar əmlakına dəymiş zərərin müəyyən edilməsi məqsədilə sığorta üzrə müstəqil ekspert cəlb olunmuş, ekspertin rəyinə əsasən dəymiş zərərin 4000 manat həcmindən olması müəyyən olunmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixli AZ/080569 seriya nömrəli sığorta şəhadətnaməsinin şərtlərinə əsasən şərtsiz azadolma məbləği 1500 manat təşkil etmiş, həmin məbləğ ümumi hesablanmış 4000 manat məbləğdən çıxılmaqla 2500 manat sığorta ödənişi hesablanmışdır. Bundan sonra cavabdehin nümayəndəsi iddiaçının hərəkətlərinə etiraz edərək Azərbaycan Respublikası Mərkəzi Bankına müraciətlər etmişdir ki, iddiaçı nümayəndənin müraciətlərində onun işgüzar nüfuzunu ləkələyən ifadələrin edildiyini əsas gətirərək etibarnamə əsasında hərəkət edərək müraciət edən şəxsə qaşı deyil etibarnamə əsasında təmsil olunan cavabdehə qarşı iddia tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Göründüyü kimi, etibarnamə bir şəxsin üçüncü şəxsin qarşısında təmsil edilməsi üçün verilir və bu təmsilçilik qanunun tələblərinə uyğun olmalıdır. Hazırki mübahisənin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdeh üçüncü şəxslər o, cümlədən iddiaçı qarşısında onu təmsil etmək və hüquqi yardım almaq üçün X2 etibarnamə vermiş və iddiaçının barəsində Mərkəzi Banka müraciət məhz sonuncu tərəfindən edilmişdir ki, bu hal həm etibarnamə, həm müraciətlərin məzmunu, həm də tərəflər tərəfindən mübahisələndirilmiş və işin mübahisəsiz halıdır. İddiaçı iddia tələbinə cavab verməli olmayan şəxsə qarşı iddia irəli sürmüşdür ki, bunda da haqlı olmamışdır. Bununla bağlı məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinə məhkəmə tərəfindən müraciət olunmuş, sonuncunun baş ofislə əlaqə saxlanılması və bu barədə məhkəmə məlumatın verilməsi ilə bağlı vəsatətinə əsasən məhkəmə iclası təxirə salınmışdır. İddiaçı tərəf məhkəmənin müraciətinə münasibət bildirməmiş, xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək iddianı müdafiə etdiklərini bildirmiş və işə iştirakları olmadan baxılması xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi buna cavab verməli olmayan şəxsə qarşı yönəldiyindən və iddiaçıya bununla bağlı məhkəmənin müraciəti nəticəsiz qaldığından, iddiaçı iddianı müdafiə etdiyi bildirməklə hazırki cavabdehə qarşı iddia tələbinə baxılmasında israrlı olduğundan iddia tələbi rədd edilməlidir. Məhkəmə 23.6-cı maddəsinin sonuncu cümləsinin tətbiqi dairəsinə də aydınlıq gətirilməsi zəruri hesab edir. Qeyd olunan maddədə “Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər” ifadəsinin işlədilməsi hazırki hala deyil, qanunda nəzərdə tutulan hallara aiddir ki, bu Mülki Məcəllənin 1104-cü (On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət), 1105-ci (Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət) maddələrində və sair buna bənzər maddələrdə nəzərdə tutulmuş hallara şamil edilir. Sonda məhkəmə onuda qeyd edir ki, iddia tələbi buna cavab verməli olan cavabdehə qarşı yönəlmədiyindən iddianın əsaslılığına qiymət verilməmişdir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (1000 manat) ödənilməli dövlət rüsumu 30 manat olmalıdır ki, iddia tələbi rədd edildiyindən həmin rüsum iddiaçıdan tutulmalıdır. Lakin iddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödəndiyindən ödənilməmiş qalan 10 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən 20 manat mediasiya xərci ödənilmiş və iddiaçı həmin məbləği cavabdehdən tələb etmişdir. Lakin iddia tələbi rədd edildiyindən həmin məbləğ cavabdehdən tutulmamalıdır. Nəticəvi hissə: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “cavabdehdən 1000 manat pul vəsaitinin, 20 manat dövlət rüsumunun, həmçinin mediasiya xərci üçün ödənilmiş 20 manat məbləğin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilməmiş 10 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-22/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-22/2024
14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver