Məhkəmə qərarları › İş №e-2-2(117)-247/2020

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-247/2020

05.06.2020 · Əmr icraatı - Fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-247/2020 05.06.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, kreditor 13 saylı X1 Borclu qarşı “528,24 manat məbləğində borcun tutulması” tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: Kreditor 13 saylı X3 Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək “528,24 manat məbləğində borcun tutulması” barədə məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. İş materiallarından müəyyən edilir ki, vergi orqanı vergi ödəyicisinin dövlət büdcəsinə yaranmış və müvafiq qaydada qeydiyyatı aparılmış vergi borclarının ödənilməsinin məhkəmə əmrinin verilməsi yolu ilə təmin edilməsi ilə bağlıdır. Vergi orqanlarının vergi ödəyicilərinin dövlət büdcəsinə olan borcunun tutulması ilə bağlı tələbləri üzrə aşağıdakıların qeyd edilməsi zəruridir. Vergi dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Vergi dövlətin ən önəmli gəlir qaynağı olmaqla dövlət suverenliyinin əsas təzahür formalarından biridir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2-ci maddəsinin, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinə və 73cü maddəsinin İİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarında da qeyd edilmişdir ki, “vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirləri həyata keçirməlidir”. Göründüyü kimi, vergilər müasir dövlətin əsas gəlir mənbəyi və bazar iqtisadiyyatının tənzimlənməsinin səmərəli alətidir. Bu səbəbdəndir ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Bütün qeyd olunanlar vergilərin dövlət büdcəsinə vaxtında ödənilməsinin təmin edilməsini labüd edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.1-ci maddəsi vergilərin tam və vaxtında ödənilməsinə nəzarət etməyi vergi orqanlarının vəzifələrinə aid etmişdir. Vergiləri vaxtında ödəmək vergi ödəyicisinin, onların tam və vaxtında ödənilməsinə nəzarət etmək isə vergi orqanlarının vəzifəsidir. Vergi orqanlarının qeyd olunan vəzifələrinin həyata keçirilməsi üçün vergi qanunvericiliyində vergilərin tam və vaxtında ödənilməsinin təmin edilməsi üçün bir sıra tədbirlər nəzərdə tutulmuşdur. Belə ki, Vergi Məcəlləsinin: 65.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. 65.2-ci maddəsinə əsasən, bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. 65.2.1-ci maddəsinə əsasən, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir. 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli qərarında da qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz. Qanunvericiliyin tələbindən göründüyü kimi, vergi borclarının, hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının məhkəmə qaydasında alınması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsində xüsusi qayda-əmlakın siyahıya alınması, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanının vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilməsi müəyyən edilmişdir. Hazırki mübahisənin predmetini “vergi öhdəliyini yerinə yetirməyən vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbi deyil, “pul tələbinin ödənilməsi” təşkil edir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun: 82.1-ci maddəsinə əsasən, pul tələbinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. 82.2-ci maddəsinə əsasən, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyi, o cümlədən onun X2 inzibati orqan hesab edilmişdir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Göründüyü kimi, pul tələbinin ödənilməsi ilə bağlı inzibati orqan özü inzibati akt qəbul edərək tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməlidir ki, bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 279.1-ci maddəsinə əsasən, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir. 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəmə əmrinin verilməsi barədə ərizənin qəbulundan imtina edilməlidir. Məhkəmə ərizəçiyə izah edir ki, o, pul tələbinin ödənilməsi ilə bağlı inzibati aktı qəbul etdikdən sonra “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.2-ci maddəsinin tələbinə uyğun olaraq pul tələbinin icraya yönəldilməsi haqqında qərar qəbul etməli, həmin qərarı məcburi qaydada icra edilməsi üçün aidiyyəti üzrə müvafiq ərazi üzrə icra və probasiya şöbələsinə göndərməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci, 279.1-ci 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Kreditor 13 saylı X1 Borclu qarşı “528,24 manat məbləğində borcun tutulması” tələbinə dair ərizəsinin qəbulundan imtina edilsin. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar