Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-261/2022 12.04.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin cavabdeh “X1” MMC-yə qarşı “3000 manat pul vəsaitinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: "xxxx" MMC (hazırki xxxx” MMC) ilə “X1” MMC arasında bağlanmış 06.03.2018-cu il tarixli müqaviləyə əsasən bir il müddətində icraçı Bakı şəhəri Babək prospektində yerləşən 0,345 ha ərazidə yerləşəcək “Radius 2” adlanacaq anbar, servis və ofis kompleksinin layihələndirilməsi işlərinin görülməsini, sifarişçi isə bu işləri təhvil-təslim aktı əsasında qəbul edib bu müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında görülən işlərin haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə edilmiş qiymətlərin razılaşdırılma protokoluna əsasən görüləcək işin dəyəri 3090 manat məbləğində, ödəmə forması işə başlananda 50 %, 19.03.2018-ci il tarixdə 50 % olması, habelə son icra tarixinin 06.03.2018-ci il tarix olması müəyyən edilmiş, iddiaçı 19.03.2018-ci il tarixdə cavabdehə işin müqabilində 3000 manat ödəniş edilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə iddiaçıdan aldığı 3000 manat pulu qaytarmamışdır. Cavabdehə 3000 manat pulun ödənilməsi 19.03.2018-cu il tarixli ödəniş tapşırığı ilə öz təsdiqini tapır. İddiaçı pulu qaytarılması ilə bağlı cavabdehə müraciət etmiş və pulun qaytarılmayacağı təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirməmiş və ödənilən pul geri qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncuya ünvanı üzrə 29.03.2022-ci il tarixdə məhkəmə bildirişinin təqdim olunmasına baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış müqavilə, ödəniş tapşırığı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1ci və 2-ci bəndləri, 449.1). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, "xxxx" MMC (hazırki xxxx” MMC) ilə “X1” MMC arasında bağlanmış 06.03.2018-cu il tarixli müqaviləyə əsasən bir il müddətində icraçı Bakı şəhəri Babək prospektində yerləşən 0,345 ha ərazidə yerləşəcək “Radius 2” adlanacaq anbar, servis və ofis kompleksinin layihələndirilməsi işlərinin görülməsini, sifarişçi isə bu işləri təhvil-təslim aktı əsasında qəbul edib bu müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında görülən işlərin haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə edilmiş qiymətlərin razılaşdırılma protokoluna əsasən görüləcək işin dəyəri 3090 manat məbləğində, ödəmə forması işə başlananda 50 %, 19.03.2018-ci il tarixdə 50 % olması, habelə son icra tarixinin 06.03.2018-ci il tarix olması müəyyən edilmiş, iddiaçı 19.03.20218-ci il tarixdə cavabdehə işin müqabilində 3000 manat ödəniş edilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə iddiaçıdan yerinə yetirməli olduğu lakin yerinə yetirmədiyi işə görə aldığı 3000 manat punu iddiaçıya qaytarmamışdır ki, bunda da haqlı deyildir. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh muzd müqabilində xidmət göstərilməsini öhdəsinə götürmüşdür. Cavabdeh müəyyən olunmuş muzdu alsa da xidməti yetinə yetirməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən iddiaçının tələb etdiyi 3000 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 01.10.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 50 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən həmin dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, iddiaçı 60 manat məbləğində mediasiya xərci ödədiyindən o, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən dövlət rüsumu ödəmədən məhkəməyə müraciət etmək hüququnu əldə etmişdir. İddiaçı tərəfindən 60 manat mediasiya xərcinin ödənməsi hazırki işə baxılması üçün nəzərdə tutulmuş 50 manat dövlət rüsumunun ödənilməsi kimi qiymətləndirilmir. Bu səbəbdən 50 manat ödənilməmiş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “X1” MMC-dən 3000 manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh “X1” MMC-dən ödənilməmiş 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-261/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-261/2022
12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver