Məhkəmə qərarları › İş №e-2-2(117)-262/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-262/2022

13.04.2022 · Vergi mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-262/2022 13.04.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “09.02.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1008,30 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1178,1 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 628,43 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 810 manat və İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 55,53 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 72 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi ödəyicisi olan cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən onun 09.02.2022ci il tarixə dövlət büdcəsinə 1008,30 manat, DSMF-na 628,43 manat, İcbari Tibbi Sığorta Fonduna 55,53 manat məbləğində borcu vardır. 15.02.2022-ci il tarixli xəbərdarlıq məktubları ilə cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının 09.02.2022-ci il tarixli **********2 nömrəli qərarı əsasında 10.02.2022-ci il tarixli **********2 nömrəli protokoluna 1 nömrəli Əlavəyə əsasən vahidinin dəyəri 270 manat olan 3 ədəd membran mətbəx mebeli (MDF, yerli istehsal), 09.02.2022-ci il tarixli **********6 nömrəli qərarı əsasında 09.02.2022-ci il tarixli **********6 nömrəli protokoluna 1 nömrəli Əlavəyə əsasən dəyəri 72 manat olan 1 ədəd kitab rəfi (Göy rəng, 6 gözlü, yerli istehsal), 09.02.2022-ci il tarixli **********9 nömrəli qərarı əsasında 09.02.2022-ci il tarixli **********9 nömrəli protokoluna 1 nömrəli Əlavəyə əsasən 1 metrinin qiyməti 306 manat olan 3,85 metr mətbəx mebeli membran üzləmə üstü mərmər (yerli istehsal) siyahıya alınmışdır. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, vergi ödəyicisi vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun vergi və sığorta borcları yaranmışdır. Lakin görülən tədbirlərə baxmayaraq, qeyd olunan borc məbləği bu günədək ödənilməmişdir. Vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərarlar çıxarmış, həmin qərarlar əsasında cavabdehin dövlət büdcəsinə yaranan borcuna görə əmlakları siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokollar tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu 20.03.2022-ci il tarixdə bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada materiallar məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: cavabdehin şəxsi hesab vərəqəsinin surəti, əmlakın siyahıya alınmasına dair vergi orqanının 09.02.2022-ci il tarixli **********2, **********6, **********9 nömrəli qərarları, 10.02.2022-ci il tarixli **********2 nömrəli, 09.02.2022-ci il tarixli **********6 nömrəli, 09.02.2022-ci il tarixli **********9 nömrəli protokollarına 1 nömrəli Əlavələr, xəbərdarlıq və bildiriş daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi cavabdehin 09.02.2022-ci il tarixə dövlət büdcəsinə 1008,30 manat, DSMF-na 628,43 manat, İcbari Tibbi Sığorta Fonduna 55,53 manat məbləğində borcu yaranmış və həmin borcların ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri və sığorta haqlarını ödəmək vəzifəsi qoyulduğundan və o, vergi və sığorta haqlarının ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməli və cavabdehə məxsus vahidinin dəyəri 270 manat olan 3 ədəd membran mətbəx mebeli (MDF, yerli istehsal), dəyəri 72 manat olan 1 ədəd kitab rəfi (Göy rəng, 6 gözlü, yerli istehsal), 1 metrinin qiyməti 306 manat olan 3,85 metr mətbəx mebeli membran üzləmə üstü mərmər (yerli istehsal) ticarət şəbəkələrində satılmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə də cavabdehdən 36,73 manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Nəticəvi hissə: İddia təmin edilsin. Cavabdeh 09.02.2022-ci il tarixə dövlət büdcəsinə olan 1008,30 manat, DSMF-na olan 628,43 manat, İcbari Tibbi Sığorta Fonduna olan 55,53 manat, ümumilikdə 1692,26 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə vahidinin dəyəri 270 manat olan 3 ədəd membran mətbəx mebeli (MDF, yerli istehsal), dəyəri 72 manat olan 1 ədəd kitab rəfi (Göy rəng, 6 gözlü, yerli istehsal), 1 metrinin qiyməti 306 manat olan 3,85 metr mətbəx mebeli membran üzləmə üstü mərmər (yerli istehsal) ticarət şəbəkələrində satılsın. Cavabdeh 36,73 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar