Məhkəmə qərarları › İş №e-2-2(117)-28/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-28/2023

12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-28/2023 12.01.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdehnə qarşı “xx.xx.2022-ci il tarixdə bağlanmış AD-xx/xx-2022 saylı podrat müqaviləsi üzrə verilmiş 157000 manat vəsaitin 126031 manat məbləğin, mediasiya xərci ilə birlikdə ödənilmiş 417 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair iddiasına və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı xx.xx.2022-ci il tarixdə bağlanmış AD-xx/xx-2022 saylı podrat müqaviləsi üzrə 42000 manat dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasına məhkəmənin binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2022-ci il tarixdə bağlanmış AD-xx/xx-2022 saylı podrat müqaviləsi üzrə verilmiş 157 000 manat məsaitin 126 031 manat məbləğin və mediasiya xəri ilə birlikdə ödənilmiş 417 manat dövlət rüsumunun cavabdehdən tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tütün ştilinin yetişdirilməsinə dair xx.xx.2022-ci il il tarixli tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən, podratçı smeta xərcləri özünə aid olmaqla, üçüncü şəxslərin bütün tələblərindən azad və müstəqil şəkildə öz istixana təsərrüfatı daxilində sifarişçinin müəyyən etdiyi aqrotexniki şərtlərə müvafiq şəkildə “Virciniya” botanik tütün növünün NC 291 və CC 143 sortlarını yetişdirməyi və dəyəri ödənilməklə sifarişçinin mülkiyyətinə verməyi, sifarişçi isə tütünçülük təsərrüfatının inkişafı məqsədilə podratçını toxumla təmin etməyi və “Virciniya” botanik tütün növünün NC 291 və CC 143 sortlarının bu müqavilə ilə müəyyən edilmiş miqdarı üzrə aqrotexniki tələblərə uyğun istixanalarda yetişdirilməsi müqabilində muzd ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.1-ci bəndinə əsasən podratçı tərəfindən işlərin yerinə yetirilməsi 2022-ci ilin aprel ayının sonunadək yekunlaşmalıdır. Müqavilənin 3.1.5-ci bəndinə əsasən podratçı “Təhvil-təslim” aktlarının əsasında təqdim edilmiş tütün ştillərinin partiyalarına müvafiq olaraq “Sifarişçi” yə rəsmi şəkildə elektron qaimə təqdim edir. Müqavilənin 3.1.6-cı bəndinə əsasən podratçının sifarişçinin mülkiyyətinə verəcəyi tütün ştillərinin boyu 18 sm-dən aşağı olmamaqla, kök hissəsindən 3 sm hündürlüyünün en kəsiyi 4 mm olmalıdır. Müqavilənin 3.1.7-ci bəndinə əsasən bu müqavilə əsasında podrat sifarişləri ümumilikdə 660 hektar üzrə 198 000 AZN dəyərində müəyyən edilmişdir. Müqavilənin 3.1.8-ci bəndinə əsasən podratçı tərəfindən istehsal olunmuş və qarşı tərəfə təqdim edilən tütün ştilinin qiymətinə bir hektar üzrə əkin əkin sxeminə müvafiq 22000 ədəd müəyyən olunmuş və sifarişçi hər hektar hesabı ilə podratçıya 300 manat muzd ödəməlidir. Müqavilənin 4.3-cü bəndinə əsasən işlərin görülməsi zamanı istixana təsərrüfatını korlanmasına və zədələnməsinə görə bu müqavilə və qanunvericiliklə nəzərdə tutulmuş qaydada “Podratçı” birbaşa məsuliyyət daşıyır. Müqavilənin 7.3-cü bəndinə əsasən bu müqavilə bağlandığı andan qüvvəyə minir və xx.xx.2022-ci il tarixədək qüvvədədir. İddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmiş və nəticədə onun 126 031 manat məbləğində ödənilməmiş borcu yaranmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmişdir. Eyni zamanda, Cavabdeh MMC xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-yə qarşı xx.xx.2022-ci il tarixdə bağlanmış AD-xx/xx-2022 saylı podrat müqaviləsi üzrə 42000 manat dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cavabdehlər aralarında olan podrat müqaviləsinin ümumi dəyəri 198 000 manat olmuşdur. Qarşı tərəfə 157 000 manat ödənilmiş, lakin qarşı tərəf öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə ki, Kənd təsərrüfatı Nazirliyinin laboratoriyalarında yoxlanılmış keyfiyyətli toxum verilmiş, lakin müqavilə üzrə məhsulun təhvil verilməsinin son tarixi aprel ayının sonu olsa da, 660 ha torpaq sahəsinin cəmi 103,23 ha torpaq sahəsinin məhsulu təhvil verilmişdir. 11 iyun 2022-ci il tarixdə keçirilmiş iclasda bununla bağlı məsələ müzakirə olunmuş, gec təhvil verilmiş ştillər quruduğundan fermerlər tərəfindən almaqdan imtina edilmişdir. Tərəflər arasında olan yazışmalar isə iş prosesi ilə bağlı olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçı tərəfindən müqavilə üzrə 198000 manat ödənilməli olduğu halda 157 000 manat pul ödənilmişdir. Onlar tərəfindən tütün vaxtında yetişdirilmiş və təhvil verilmək üçün hazırlanmışdır. Lakin iddiaçı onları qəbul etməkdən imtina etdiyinə görə məhsul zay olmuşdur. Odur ki, ilkin iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, xx.xx.2022-ci il tarixdə 9000 manat, xx.xx.2022-ci il tarixdə 40000 manat, xx.xx.2022-ci il tarixdə 18000 manat, xx.xx.2022-ci il tarixdə 90000 manat olmaqla, ümumilikdə 157 000 manat yaşıl tütün ştillərinin əkilməsi üçün müqavilə əsasında avanş ödənişləri edilmişdir. İş materiallarında olan “Malların təhvil-təslim akt”larından görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə 2 271 100 ədəd müxtəlif növ ştil İddiaçı MMC tərəfindən cavabdehə təhvil verilmişdir. Müqavilə ilə hər hektara 22000 ədəd ştil hesablandığından 103,24 hetar, hər hetar üçün isə 300 manat məbləğində vəsait nəzərdə tutulduğundan 30969 manat məbləğində öhdəlik cavabdeh tərəfindən icra edildiyi məlum olur. İş materiallarında olan X6, X4 və X3 tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı MMC ilə podrat müqaviləsi üzrə tütün ştilinin yetişdirilməsi üzrə öhdəlik götürmüş podratçı X1 cəmiyyətin tütün ştili ilə təmin etmə öhdəliklərini yerinə yetirmədiyinə görə ona məxsus sahədəki şitilxanalara baxış keçirilmiş və şitilxanalara tətbiq edilən xüsusi maddələrin-torfun keyfiyyətsiz olması nəticəsində, eləcə də şitilxanalara düzgün qulluq olunmadığından gübrələnmə, suvarma işlərinin düzgün aparılmaması səbəbi ilə şitillərin müqavilə standartlarına uyğun olmadığı müəyyə olunmuşdur. Şitilxanaların ümumi vəziyyətinə görə xx.xx.2022-ci il tarixindən sonra podratçı Altay Məmmədov şitilxanalarında təxmini 50 hektar torpaq sahəsini tütün şitili ilə təmin edəcək şitilin olması ehtimal olunur. İş materiallarında olan İddiaçı MMC və Cavabdeh MMC-nin direktoru X1 iştirakı ilə keçiriləcək xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həmin tarixə rəsmi qaimələr üzərindən 103,23 ha tütün sahəsi üçün tütün ştili verə bilmişdir. Şitilxanalara baxış zamanı müəyyən olundu ki, ərazidə olan 1270 ədəd şitilxanadan, 924 şitilxana polietilen örtük altında, 346 ədəd şitilxana isə açıq şəraitdə becərilmişdir. Faktiki vəziyyət üçün hazırda 70 ədəd şitilxanada şitil var, qalan şitilxanalarda ya tamamilə şitil yoxdur, ya da pərakəndə şəkildə şitilxanaların müxtəlif hissələrində təxmini 10 ədəddən 100 ədədədək “təkə seyrək” şitillər mövcuddur. Mövcud vəziyyət göstərir li, podratçı öz öhdəliklərini lazımınca yerinə yetirə bilməmişdir. Həmin akt podratçı şirkətin direktoru tərəfindən imzalanmaqdan imtina edilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin arayışından görünür ki, cavabdeh tərəfindən təqdim edilən elektron yazışmalar araşdırılmış və belə hesab edilmişdir ki, cavabdeh tərəf icra edilməmiş öhdəlikləri əsassız dəlillər vasitəsi ilə icra edilmiş öhdəlik kimi təqdim etməyə çalışır. Qeyd edilən kommersiya işi üzrə podratçı ilə aralarında qəbul edilmiş tütün şitillərinin rəsmiləşdirilməsi rəsmi təhvil-təslim aktlarından başqa podrat müqaviləsi əsasında e-kabinet vasitəsi ilə məhkəməyə təqdim etmişlər. Həmin aktlardan başqa podrat müqaviləsi əsasında cavabdeh tərəf cəmiyyət qarşısında heç bir öhdəliyi icra etməmişdir. İş materiallarında olan xx.xx.2022-xx.xx.2022-ci il tarixli email yazışmalarından görünür ki, Cavabdeh MMC iddiaçıya müraciət edərək tütün şitillərinin alınması və yeni ştillərin əkilməsinə şəraitin yaradılması ilə bağlı müraciətlər edilmiş, eyni zamanda TET Şirkəti Namiq Əlsgərov (iddiaçının əvvəlki adı) cavab e-mailə göndərilən yazışmalarda ştillərin yığılmasının surətləndirilməsini, qulluq və suvarmanın təşkil edilməsi xahiş edilir. Əvvəlki 2022-ci ilin aprel ayında elektron yazışmalarda vəsaitin ödənilməsi ilə bağlı cavabdehin iddiaçıya olan müraciətləri mövcuddur. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara podrat müqaviləsi, ödəniş qəbzləri, malların təhvil-təslim aktları, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş materiallarında olan və məhkəmə baxışında xx.xx.2022-ci il tarixli müqaviləsi, ödəniş tapşırıqları, electron qaimələr tədqiq edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ilk iddia tələbi əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış “Tütün ştilinin yetişdirilməsinə dair” xx.xx.2022-ci il il tarixli podrat müqaviləsinə əsasən, podratçı smeta xərcləri özünə aid olmaqla, üçüncü şəxslərin bütün tələblərindən azad və müstəqil şəkildə öz istixana təsərrüfatı daxilində sifarişçinin müəyyən etdiyi aqrotexniki şərtlərə müvafiq şəkildə “Virciniya” botanik tütün növünün NC 291 və CC 143 sortlarını yetişdirməyi və dəyəri ödənilməklə sifarişçinin mülkiyyətinə verməyi, sifarişçi isə tütünçülük təsərrüfatının inkişafı məqsədilə podratçını toxumla təmin etməyi və “Virciniya” botanik tütün növünün NC 291 və CC 143 sortlarının bu müqavilə ilə müəyyən edilmiş miqdarı üzrə aqrotexniki tələblərə uyğun istixanalarda yetişdirilməsi müqabilində muzd ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənn bəndlərinə əsasən, podratçı tərəfindən işlərin yerinə yetirilməsi 2022-ci ilin aprel ayının sonunadək yekunlaşmalı və podratçının sifarişçinin mülkiyyətinə verəcəyi tütün ştillərinin boyu 18 smdən aşağı olmamaqla, kök hissəsindən 3 sm hündürlüyünün en kəsiyi 4 mm olmalıdır. Müqavilə üzrə podrat sifarişləri ümumilikdə 660 hektar üzrə 198 000 manat dəyərində müəyyən edilmiş və podratçı tərəfindən istehsal olunmuş və qarşı tərəfə təqdim edilən tütün ştilinin qiymətinə bir hektar üzrə əkin əkin sxeminə müvafiq 22000 ədəd müəyyən olunmuş və sifarişçi hər hektar hesabı ilə podratçıya 300 manat muzd ödəməlidir. İşlərin görülməsi zamanı istixana təsərrüfatını korlanmasına və zədələnməsinə görə bu müqavilə və qanunvericiliklə nəzərdə tutulmuş qaydada “Podratçı” birbaşa məsuliyyət daşıyır. Məhkəmə ilkin olaraq tərəflər arasındakı müqavilə münasibətlərinə hüquqi qiymət verərək bildirir ki, yuxarıda qeyd edilən müqavilənin məzmunundan göründüyü kimi, tərəflər arasında podrat müqaviləsi bağlanmışdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1). Mülki Məcəllənin : 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəf cavabdehə müqavilə üzrə ödənişin bir hissəsini, yəni, 157 000 manat məbləğində pul vəsaiti vermiş, cavabdeh isə həmin pul vəsaitini qəbul etsə də, tərəflərin müəyyənləşdirdikləri vaxtda öhdəliyini icra edə bilməmişdir. Belə ki, iş materiallarında olan “malların təhvil-təslim akt” larından da aydın olur ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə 2 271 100 ədəd müxtəlif növ ştil iddiaçıya təhvil verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən görünür ki, podratçı tərəfindən işlərin yerinə yetirilməsi 2022-ci ilin aprel ayının sonunadək yekunlaşmalıdır. Lakin iş materiallarından görünür ki, 2022-ci ilin iyun ayında da iddiaçı tərəfindən məhsul təhvil alınmışdır. Deməli, iyunun sonuna cavabdeh tərəfindən öhdəliklər tam şəkildə yerinə yetirilməmişdir. Cavabdeh isə bunu təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından Cavabdeh MMC-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 3.1.8-ci bəndinə əsasən podratçı tərəfindən istehsal olunmuş və qarşı tərəfə təqdim edilən tütün ştilinin qiymətinə bir hektar üzrə əkin əkin sxeminə müvafiq 22 000 ədəd müəyyən olunmuş və sifarişçi hər hektar hesabı ilə podratçıya 300 manat muzd ödəməlidir. 227 100 ədəd ştil / 22000 ədəd=103,24 ha. Hər hektarın hesabına görə 300 manat muzd ödənilməli olduğundan 103,24 x 300 manat = 30969 manat ödənilmişdir. 157 000-30 969 = 126 031 manat ödənilməlidir. İddiaçı tələbində haqlı olduğundan və iş materialları ilə tam sübut edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, ilkin iddia üzrə cavabdehə hər hansı zərər dəydiyi sübuta yetirilmədiyindən onun qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materialları ilə təsdiq olunur ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində iddiaçının nümayəndələri tərəfindən şitilxanalara baxış keçirilmiş, caavbdehin nümayəndəsi iştirak etsə də aktı imzalamaqdan imtina etmiş və aktlar tərtib olunmuşdur. X6, X4 və X3 tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə podrat müqaviləsi üzrə tütün ştilinin yetişdirilməsi üzrə öhdəlik götürmüş podratçı X1 cəmiyyətin tütün ştili ilə təmin etmə öhdəliklərini yerinə yetirmədiyinə görə ona məxsus sahədəki şitilxanalara baxış keçirilmiş və şitilxanalara tətbiq edilən xüsusi maddələrin-torfun keyfiyyətsiz olması nəticəsində, eləcə də şitilxanalara düzgün qulluq olunmadığından gübrələnmə, suvarma işlərinin düzgün aparılmaması səbəbi ilə şitillərin müqavilə standartlarına uyğun olmadığı müəyyə olunmuşdur. Şitilxanaların ümumi vəziyyətinə görə xx.xx.2022-ci il tarixindən sonra podratçı Altay Məmmədov şitilxanalarında təxmini 50 hektar torpaq sahəsini tütün şitili ilə təmin edəcək şitilin olması ehtimal olunur. İddiaçı MMC-nin nümayəndələrinin iştirakı ilə xx.xx.2022-ci il tarixdə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, həmin tarixə rəsmi qaimələr üzərindən 103,23 ha tütün sahəsi üçün tütün ştili verə bilmişdir. Şitilxanalara baxış zamanı müəyyən olundu ki, ərazidə olan 1270 ədəd şitilxanadan, 924 şitilxana polietilen örtük altında, 346 ədəd şitilxana isə açıq şəraitdə becərilmişdir. Faktiki vəziyyət üçün hazırda 70 ədəd şitilxanada şitil var, qalan şitilxanalarda ya tamamilə şitil yoxdur, ya da pərakəndə şəkildə şitilxanaların müxtəlif hissələrində təxmini 10 ədəddən 100 ədədədək “təkə seyrək” şitillər mövcuddur. Mövcud vəziyyət göstərir li, podratçı öz öhdəliklərini lazımınca yerinə yetirə bilməmişdir. Həmin akt podratçı şirkətin direktoru tərəfindən imzalanmaqdan imtina edilmişdir. Həmin aktların məzmunundan da göründüyü kimi, cavabdeh tərəfindən öhdəliklər lazımınca icra edilməmişdir. Cavabdeh tərəf iddiaçı ilə emal yazışmalarına istinad edərək qarşılıqlı iddia ərizəsini onunla əsaslandırır ki, dəfələrlə şitilin yığılması ilə bağlı iddiaçıya müraciətlər olunmuş, lakin şitillər vaxtında təhvil alınmadığından tələf olunmuşdur. İş materiallarında olan xx.xx.2022-xx.xx.2022-ci il tarixli email yazışmalarından görünür ki, Cavabdeh MMC iddiaçıya müraciət edərək tütün şitillərinin alınması, əvvəlki tarixlərdə alınmış ştillərin dəyərinin ödənilməsi, qarşı tərəf isə ştillərin yığılmasının surətləndirilməsini, yığılacaq ştillərə aqrotexniki qulluq edilməsi xahiş edilir. Ştillərin alınmasından imtina olunmasına dair hər hansı bir elektron poçt yazışması müəyyən olunmur. İddiaçı tərəf cavabdehdən e-mail yazışmaları aparıldığı dövrdə yəni xx.xx.2022-ci il tarixdə 6000 ədəd, xx.xx.2022-ci il tarixdə 7000 ədəd bir, 44000 ədəd bir, 12000 ədəd isə bir dəfə, xx.xx.2022-ci il tarixdə 44000 ədəd, xx.xx.2022-ci il tarixdə 24000 ədəd bir, 18000 ədəd bir dəfə və xx.xx.2022-ci il tarixdə 2000 ədəd tütün ştillərini qəbul etmişdir (təhviltəslim aktların iş materiallarına əlavə edilib). Bütün bunlar cavabdehin irəli sürdüyü arqument olan onun yetişdirdiyi tütün şitillərinin ilk iddiaçı tərəfindən təhvil alınmaması faktını inkar edir. Cavabdeh bununla bağlı bitərəf şəxslərin iştirakı ilə tərtib edilmiş aktlar və ya digər sübutlar təqdim etməmişdir. Yalnız mütəxəssis rəyinə və elekton poçt yazışmalarına əsaslanmışdır. Həmçinin, cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında qarşılıqlı iddia ərizəsindəki təsdiqə və sübuta yetirilməsi tələb olunan halları təsdiq etmək üçün sübutlar təqdim edə bilməmiş, dəymiş ziyanın konkret olaraq nədən ibarət olmasını, hansı tarixdə nə qədər məhsulun İddiaçı MMC tərəfindən əsasız olaraq qəbulundan imtina edilməsini sübut edə bilməmiş və bununla bağlı bir dəlil və ya arqument bildirməmişdir. Cavabdeh yalnız e-mail yazışmalarına əsaslanmış, həmin yazışmalar isə işgüzar formada aparılan yazışma kimi qəbul edilməli, iddiaçı tərəfindən yetişdirilmiş tütün ştillərinin təhvil alınmasından imtina ilə bağlı hər hansı bir yazışma mövcud olmamış, əksinə ştillərinin yığımının surətləndirilməsi və arqoteniki qulluğun təşkil edilməsini iddiaçının nümayəndləri cavabdehdən xahiş etmişdir. Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23-cü maddəsinə uyğun olaraq, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: -törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; -törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; -ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Qanunvericilik maddi və mənəvi ziyanın mövcudluğunu sübut etmək vəzifəsi müəyyənləşdirir ki, hazırkı iş üzrə qarşılıqlı iddiaçı olan "xxxx" MMC tərəfindən qarşılıqlı iddia tələbi irəli sürülsə də 42000 manat məbləğində maddi ziyanın vurulması ilə bağlı hər hansı bir dəlil və ya mötəbər arqument təqdim edilməmişdir. Əksinə müəyyən edilir ki, qarşılıqlı iddiaçı tələb etdiyi məbləğlərin əsası yoxdur, qarşılqılı iddiaçının özü müqavilə öhdəliklərini vaxtında icra etməmişdir. Belə ki, tərəflər arasında bağlanmış Müqavilənin 3.1.5-ci bəndinə əsasən podratçı “Təhvil-təslim” aktlarının əsasında təqdim edilmiş tütün şitillərinin partiyalarına müvafiq olaraq “Sifarişçi” yə rəsmi şəkildə elektron qaimə təqdim edir. İş materiallarından müəyyən edilir ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixdə 180000 manat, xx.xx.2022-ci il tarixdə 18000 manat məbləğ barədə xx.xx.2022-ci il tarixli müqavilənin icrası üçün elektron qaimə təqdim etmişdir. Halbu ki, bu elektron qaimə təhvil-təslim aktına əsasən təhvil alınmış konkret tütün şitillərinin sayına görə ödənilməli idi. İddiaçı isə təqdim edilən tütün ştillərindən dəfələrlə artıq 126031 manat məbləğində vəsaiti cavabdehin bank hesabına köçürmüşdür. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 417 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən və 17 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən ödənilməmiş 400 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə, ödənilmiş 17 manat dövlət rüsumu isə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, iddiaçının tələbi üzrə 400 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia təmin edilsin. İlkin iddia üzrə Cavabdeh MMC-dən 126031 manat pul, 400 manat mediasiya xərci və ödənilmiş 17 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. 400 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qarşılıqlı iddia üzrə-iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı xx.xx.2022-ci il tarixdə bağlanmış AD-xx/xx-2022 saylı podrat müqaviləsi üzrə 42000 manat dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar