Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-302/2025 23.05.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçı Nümayəndə iştirakı ilə İddiaçı Nümayəndə Cavabdeh qarşı “pul” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30500 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 may 2024-cü il tarixdə fərdi sahibkar (VÖEN: **********) Cavabdeh şəxsində (sifarişçi), fərdi sahibkar (VÖEN: **********) Nümayəndə şəxsində aşağıda qeyd edilən müqaviləni rəsmiləşdirmişlər. Müqaviləyə əsasən icraçı sifarişçinin sifariş verdiyi müqavilə və müqaviləyə əlavələrdə qeyd edilən satış və yaxud xidmətləri həyata keçirəcək. Müqavilənin 4.4-cü bəndinə uyğun olaraq iş tamamlandıqdan sonra sifarişçi Cavabdeh, Nümayəndə 31500 manat məbləği ödəməlidir. Xidməti, “Sifarişçi”nin verdiyi sifarişlərin yerinə yetirilməsindən ibarət olmuşdur. Yəni, “Sifarişçi”nin zəruri olan təlimat və göstərişlərini vermiş, o da müvafiq zəruri tapşırıqları yerinə yetirirmişdir. Öhdəliklərin icrasını vicdanla yerinə yetirirdi. Müqavilə öhdəlikləri, tərəfindən heç bir zaman pozulmamış, keyfiyyətsiz yerinə yetirilməmiş və müddət pozuntusu halları olmamışdır. Qarşılıqlı olaraq hər şey öz qaydasında olmuşdur. Lakin müqavilə öhdəlikləri tərəfindən tam olaraq icra edilməyinə baxmayaraq Cavabdeh müqavilə öhdəlikərini icra etməmiş və 31500 manat məbləğini ödəməmişdir. Bundan sonra məslənin həlli ilə bağlı və ona qarşı dələduzluq cinayəti işlədilməsinə dair Binəqədi rayon Polis İdarəsinə şikayəti əsasında Cavabdeh Polis idarəsinə dəvət edildi və ona olan borcunu etiraf edərək 30000 manat borcunun olmasını etiraf etmişdir. Odur ki, ona vurmuş olduğu 30500 manat ziyanın qaytarılması tələb etsə də borcu qaytarmaqdan bu günə kimi boyun qaçırır. Artıq məhkəməyə müraciət etməli olmuşdur ki, pozulmuş hüquqları məhkəmə tərəfindən bərpa olunsun. Cavabdehin ona olan borcunu qaytarmaması, razılaşma öhdəliklərinin yerinə yetirilməməsi ilə bərabər həm də onun mülkiyyət hüquqlarının pozulmasına dəlalət edir. Qeyd olunanlara əsasən hesab edir ki, 30500 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır.
3. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə Elektron Məhkəmə İnformasiyaları Sistemi vasitəsi ilə iddia ərizəsinə etirazla müraciət edərək bildirmişdir ki, iddiaçı Nümayəndə mənə qarşı iddia irəli sürərək 30500 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini ümumiyyətlə qəbul etmir. Belə ki, aralarında bağlanmış müqavilə formal xarakter daşıyır. Çünki o, Nümayəndəla ortaq olmuş, onların gördüyü işlərin hamısında birlikdə iştirak etmişlər. Bundan başqa bildirir ki, iddiaçının iddia etdiyi məbləğlə ümumiyyətlə razı deyil. Çünki tələb etdiyi məbləğ artıq ona ödənilib. O, ümimiyyətlə latın əlifbası ilə oxuyub yaza bilmir. O, Binəqədi RPİ-də olarkən müstəntiqə bildirmiş ki, latın əlifbası ilə oxuyub yaza bilmir. Bunun üçün o, vəkillə təmin edilsin, müstəntiq isə onu vəkillə təmin etməmişdir. Cinayət işinin rədd olunması barədə qərarda borcu olduğunu bildirməmişdir. Əksinə onun qarşı tərəfə cəmi 3000 manat borcunun olduğunu bildirmiş və həmin məbləğdən başqa ümumiyyətlə heç bir borcunun olmadığını qeyd etmişdir. O, iddiaçıya 3000 manatı polis şöbəsində olarkən, görülən işlərin nəticəsi olaraq 1500, 1400, 1600 manatlıq tikinti materialı, xx.xx.2024-cü il tarixdə 700 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, dəfələrlə əl-bə-əl ***-**** manat olmaqla qaytarmışdır. Bundan başqa 2024-cü ilin yanvar ayında təmir olunan evin qapı və pəncərələri təmir olunmuşdur və buna görə ev sahibi 15000 manat məbləğində onlara pul vermişdir. O da həmin pulu tam şəkildə iddiaçı Nümayəndə vermişdir. Eyni zamanda cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardanda görünür ki, 15000 manat məbləğində pul onun tərəfindən Nümayəndə verilmişdir. Göründüyü kimi iddiaçının tələbi tam əsassızdır və ona qarşı irəli sürdüyü iddia tələbi qanunsuzdur. Əgər onun Nümayəndə borcu olsa idi, o borcu ona qaytarardı və işin məhkəmə mərhələsinə çatmasına imkan verməzdi. Onun tələb etdiyi məbləğdən dəfələrlə çox pulu ona ödəmişdir. Onun iddiaçıya heç bir borcu qalmamışdır. Ödəniş qəbzlərinin surətlərini növbəti məhkəmə iclasınadək elektron kabinet vasitəsilə işə əlavə edəcəkdir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası qanunlarının müvafiq maddələrinin tələblərini rəhbər tutaraq, iddiaçı Nümayəndə ona qarşı irəli sürdüyü 30500 manat məbləğində pulun tutularaq ona ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi və iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. İddiaçı Nümayəndə məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Cavabdeh etiraz ərizəsində bildirmişdir ki, oxuyub yaza bilmir, özünü savadsız kimi bildirmişdir. Lakin sosial şəbəkələrdə gördüyü işlə bağlı hesabat aparır, reklam edir. Hətta İqtisad Universitetini bitirdiyini də özü qeyd edir. Savadsız olan biri bu çıxışları edə bilməz. Borcundan ona heç bir ödəniş etməyib. Cavabdeh onun adına mağazadan 9800 manatlıq tikinti materialları götürüb. Pulunu da o ödəyib. Tanış sürücünü də işlədib, onunda pulunu da verməyib.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, “sifarişçi” Cavabdeh ilə, “icraçı” iddiaçı Nümayəndə arasında xx.xx.2024-cü il tarixli 20/05/24 nömrəli podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən “icraçı” Nümayəndə, “sifarişçi” Cavabdeh sifariş etməklə ona tapşırdığı işi yerinə yetirməyi, həmin işlər yerinə yetirildikdən sonra isə “sifarişçi” Cavabdeh qeyd olunan işlərin dəyərini “icraçı” Nümayəndə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən “icraçı” Nümayəndə “sifarişçi” Cavabdeh müqavilə əsasında götürdüyü işlərə 31500 manat nəğd olaraq öz hesabından ödədi. Bu işlərə 4590 manat plastik qapı-pəncərə, 1500 manat nəğd, 1500 manat icarə haqqı, 15760 manat yeni Günəşlidə yerləşən Liman Şirkətinin pəncərələrin şüşəsinə, 3250 manat liman şirkətində çalışan fəhlələrə, 4900 manat liman şirkətində alınan mallar daxildir. 4.4-cü bəndinə əsasən iş tamamlanandan sonra “sifarişçi” Cavabdeh “icraçı” Nümayəndə 31500 manat məbləği ödəməlidir. Qeyd olunan müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.
8. İş materiallarında olan Binəqədi RPİ-nin İstintaq Şöbəsi tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərardan görünür ki, iddiaçı Nümayəndə şikayət ərizəsi ilə polis idarəsinə müraciət edərək onadan Cavabdeh tərəfindən 33500 manat pulun dələduzluq yolu ilə ələ keçirilməsini bildirmişdir. Həmin ərizəyə istintaq orqanı tərəfindən baxılmış və Cavabdeh barəsində “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərar qəbul edilmişdir.
9. Binəqədi RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarda göstərilən iddiaçı Nümayəndə tərəfindən verilən izahatda qeyd olunmuşdur ki, o özünə məxsus Binəqədi rayonu Biləcəri Qəsəbəsində qapı-pəncər sexi olduğunu, 2023-cü işləri olmadığı üçün Bəhruz adlı şəxs ona təklif edərək Qurban adlı sahibkar olduğunu, onun əlində xeyli miqdarda işlər olduğunu, lakin makinası xarab olduğu üçün sifariş götürdüyü işləri vaxtında çatdıra bilmədiyi üçün onunla maddi cəhətdən bütün danışıqlara gedəcəyini bildirmişdir. O, Bəhruzla razılaşıb 2023-cü ilin dekabr ayının əvvəllərində Qurban adlı şəxslə görüşməyə gedib. Qurban əlində çoxlu sifarişlər olduğunu, lakin büdcəsi olmadığı üçün işlərinin yarımçıq qaldığını bildirmişdir. Ondan işə başlamaq üçün ilkin olaraq 10000 manat pul istəmiş, o dərhal gedib bankdan 13000 manat kredit pul götürüb 10000 manat pulu Qurbana vermişdir. Həmin pulla sexin icarəsi və Qurbanın ustalara olan borcuna verdiyini, daha sonra onadan əlavə olaraq material almaq üçün pul istədiyini, bundan sonra hissəhissə olmaqla Cavabdeh və nisyə mal götürdüyü mağazalara 31500 manat pul ödədiyini, işlər yekunlaşdıqdan sonra Qurbandan pulunu tələb etdiyini lakin pulu iş sahiblərinədən ala bilmədiyini ona dediyini, buna görə də o, Qurbandan xəbərsiz iş sahibləri ilə görüşdüyünü, iş sahibləri həmin pulları tam Qurbana verdiklərini dediyini, yenidən gəlib pulu Qurbandan pulu tələb etdikdə Qurban verginin onun hesabına sərəncam qoyduğunu dediyini, 2000 manat pul olsa vergiyə ödəyib sərəncamı götürdüb ona 15000 manat pul ödəyəcəyini dediyini, çarəsiz qaldığı üçün qurbana 2000 manat verdiyini, lakin Qurban öz dələduz əməllərindən əl kəçməyərək onu aldadaraq onun 33500 manat pulunu qaytarmadığını bildirmişdir.
10. Qeyd olunan xx.xx.2024-cü il tarixli qərarda göstərilən Cavabdeh izahatında bildirmişdir ki, o, 2020-ci ilin sentyabr ayından etibarən "xxxx" MMC-nin direktoru vəzifəsində çalışan şəxs, həmin şirkətin bina fasadlarının təmiri və bərpası ilə məşğul olduğunu bildirir. 2023-cü ilin oktyabr-noyabr aylarında Bəhruz Rüstəmovla tanışlığı iş münasibətləri zəmnində olmuşdur. Bəhruz adlı şəxs 2023-cü ilin sonlarında mobil nömrəsi vasitəsi ilə onunla əlaqə saxlayaraq geniş sexdən iş üçün istifadə etmə imkanının soruşmuşdur. Görüş 2023-cü ilin dekabr ayında, Bakı şəhər Binəqədi rayonu Biləcəri Qəsəbəsində yerləşən plastik qapı-pəncərə sexində baş tutmuşdur. Görüş zamanı Nümayəndə ortaq iş təklif etmiş və razılıq əldə olunmuşur. Daha sonra tərəflər birlikdə Bakı şəhəri Xəzər rayonunda Mərdəkan qəsəbəsində yerləşən təmir edilən evə baxış keçirmiş və görüləcək işlər barədə razılaşmışlar. İşlərin dəyəri ilkin olaraq 45000 manat alınmış, ümumi dəyərinin isə 89000 manat olduğu bildirilmişdir. Tərəflər arasında iş ortaqlığı razılaşdırılmış və materialların alınması üçün Binəqədi rayonundakı tikinti materialları mağazasına gedilmişdir. 2024-cü ilin yanvar ayında, təmir olunan evin qapı və pəncərələrinin şüşə işləri tamamlanmış və yanvar ayının ortalarında evin sahibi tərəfindən 15000 manat məbləğində ödəniş edilmişdir. Həmin məbləğ Nümayəndə təqdim edilmişdir. Daha sonra, təmir olunan evin sahibi, qapı-pəncərə şüşələrinin rəngini bəyənməyərək dəyişdirilməsini tələb etmişdir. Tikintiyə nəzarət edən Tural adlı şəxs, bu məsələdə evin sahibinin köməklik edəcəyini bildirmişdir. Bu barədə Nümayəndə xəbər verildikdə o, işdən uzaqlaşmaq və ortaqlığı bitirmək qərarına gəlmişdir. Şüşələrin dəyişdirilməsi üçün X1 məxsus şüşə satışı sexində 16000 manatlıq şüşə nisyə olaraq götürülmüş, ilkin ödəniş olaraq 4200 manat nəğd ödənilmiş, qalan 30000 manat isə Nümayəndə borc olaraq qalmışdır. Hazırda həmin borcu ödəmədiyini bildirmişdir. Həmçinin o bildirmişdir ki, Nümayəndə 30000 manat pul borcu var.
11. İş materiallarında əlyazma formasında olan Cavabdeh tərəfindən imzalanan və ona məxsus möhürlə təsdiq edilən razılaşdırılma protokolunda qeyd olunmuşdur ki, “mən Cavabdeh xx.xx.2024-cü il tarixdə Nümayəndə ilə bağladığım müqaviləyə əsasən, əlavə 2000 manat pul vəsaiti götürürəm, bu vəsait ilə vergi borclarımı bağladıqdan sonra müqavilə əsasında Nümayəndə götürdüyüm vəsaitin 15000 manat qaytarmağı 10 gün ərzində öz öhdəliyimə götürürəm, yerdə qalan vəsait müqavilə üzrə qaytarılacaq. Bu razılaşdırılma protokolunu öz imzamla və peçatımla təsdiq edirəm.”
12. İddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin MV 1732 nömrəli, xx.xx.2024-cü il tarixli vəsiqəsinin surətindən görünür ki, Nümayəndə müharibə veteranıdır.
V. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 769-cu maddəsinə əsasən Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
VI. Məhkəmənin mövqeyi:
14. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
15. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış podrat müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya podrat müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı podrat müqaviləsindən irəli gələn öhdəliyini icra etmiş, yəni müqavilədə qeyd olunan 31500 manat dəyərində iş və xidmətləri yerinə yetirərək cavabdehə təhvil vermişdir. Bu hal iş materiallarında olan Binəqədi RPİ-nin İstintaq Şöbəsi tərəfindən qəbul edilən xx.xx.2024cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarda göstərilən cavabdeh tərəfindən verilən izahatda və digər sənədlərlə öz təsdiqini tapmışdır. Cavabdeh isə öz üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və iddiaçıya ödənilməmiş borcu qalmışdır.
16. Bundan başqa məhkəmə cavabdeh tərəfindən təqdim edilən etiraza münasibətdə qeyd edir ki, həmin etirazda cavabdeh tərəfindən iddiaçıya borcunun olmaması, bütün ödənişləri iddiaçıya etdiyi və bununla bağlı məhkəməyə qəbz təqdim edəcəyini bildirsə də, cavabdeh etirazın dəlillərini sübut edəcək sənədləri məhkəməyə təqdim etməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən verilən etirazın halları sübuta yetirilmədiyindən əsassızdır.
17. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
18. Qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsaslıdır və xx.xx.2024-cü il tarixli 20/05/24 nömrəli podrat müqaviləsi üzrə 30500 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
19. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı dövlət rüsumunun ödənilməsindən qanunla müəyyən edilmiş qaydada azad olduğundan, iş üzrə iddianın qiymətinə uyğun olaraq ödənilməmiş 181,5 manat dövlət rüsumuna görə pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
20. Beləliklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməldir.
Vİ. Nəticə:
21. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 20/05/24 nömrəli müqavilə üzrə 30500 manat məbləğində pul tutularaq iddiaçı Nümayəndə ödənilsin. Ödənilməmiş 181,5 manat dövlət rüsumuna görə pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova