Məhkəmə qərarları › İş №e-2-2(117)-306/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-306/2023

23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-306/2023 23.06.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Dadaşov Bəşir Muistafa oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı “xx.xx.2016-cı il tarixli, TXM-00006/16C nömrəli texniki xidmətlərin göstərilməsi barədə müqaviləyə əsasən 7448,99 manat borcun və 100 manat mediasiya xərcinin, cəmi 7548,99 manat məbləğin cavabdehdən tutularaq iddiçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış TXM- 00006/16C nömrəli texniki xidmət müqaviləsinə əsasən icraçı "xxxx" MMC sifarişçi Cavabdeh tərəfindən təyin edilmiş məsul şəxsin tapşırığına əsasən sifarişçiyə məxsus olan müqaviləyə 1 nömrəli əlavədə göstərilən yeni və yaxud işlənmiş texnikalar üzrə servis xidməti göstərilməsini və anbarda olan ehtiyat hissələri ilə təchiz edilməsini, sifarişçi isə işlərin müqabilində tələb olunan haqqı icarəçiyə vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin ümumi həcmi ƏDV daxil olmaqla 20000 manat təşkil edir. 3.3-cü bəndinə əsasən icraçı tərəfindən görülmüş xidmətdən sonra sifarişçi tərəfindən 5 bank günü müddətinə 100 faiz ödəniş təmin edilməlidir. Ödəniş köçürmə və ya nağd şəkildə aparıla bilər. 6.3-cü bəndinə əsasən müqavilə tərəflərin hər ikisi tərəfindən imzalandıqdan sonra qüvvəyə minir və 1 il müddətinə etibarlıdır. Əgər tərəflər arasında müqaviləyə yazılı surətdə xitam verilməzsə müqavilənin müddəti növbəti dövr üçün uzadılır. Tərəflər arasında tərtib və təsdiq edilmiş xx.xx.2017-ci il tarixli üzləşmə aktına əsasən "xxxx" MMC tərəfindən təqdim edilmiş servis xidməti üzrə Cavabdeh borcu 6312,70 manat debet və 1136,29 manat ƏDV olmaqla ümumilikdə 7448,99 manat təşkil edir. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, "xxxx" MMC-nin hazırki adı İddiaçı MMC-dir. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən tərəflər arasında mübahisə yaranmış və İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən müqavilə şərtlərinə uyğun olaraq Cavabdehnə ümumi dəyəri 7448,99 manat olan xidmətlər göstərilmişdir. Müqavilə üzrə xidmətlər göstərildikdən sonra sifarişçi tərəfindən 5 bank günü müddətində 100 % ödəniş təmin edilməli idi. Lakin cavabdeh tərəfindən bugünədək hər hansı məbləğ ödənilməmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə borc məbləğinin ödənilməsi tələbi ilə pretenziya məktubu ünvanlanmasına baxmayaraq qeyd olunan borc məbləği ödənilməmişdir. Cavabdeh elektron poçt vasitəsilə xx.xx.2023-cü il tarixli 171 nömrəli məktubla məhkəməyə müraciət edərək bildirmişdir ki, borc məbləğinin olduğu məlum olduqda mühasibatlıqdan hansı səbəbə görülmüş işlərin dəyərinin ödənilmədiyi barədə məlumat istənilmiş və məlum olmuşdur ki, qarşı tərəf həmin ərəfədə xidmət işlərini yerinə yetirsə də, işlərin təhvil-qəbul aktı və ödəniş üçün elektron vergi hesab faktura təqdim etməmişdir. Bununla əlaqədar olaraq qarşı tərəflə bir neçə dəfə həm telefon əlaqəsi saxlanılıb, həm də qarşılıqlı şəkildə görüş keçirilərək borcla bağlı müzakirələr aparılmışdır. Lakin xidmət göstərilməsindən 7 ilə yaxın vaxt keçməsinə baxmayaraq qarşı tərəf hələ istər vergihesab-faktura, istərsə də elektron qaimə fakturanı təqdim etməmişdir. Cavabdeh elektron kabinet vasitəsilə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, qarşı tərəflə aparılan əməliyyatlar 2016-ci ilə təsadüf etmişdir. Həmin dövrün Vergi Məcəlləsinin 176.3 maddəsinə əsasən vergi ödəyicisi malın alıcısına (işlərin və xidmətlərin sifarişçisinə) mal göndəriləndən, iş görüləndən, xidmət göstəriləndən) 5 gündən gec olmayaraq elektron-vergi hesab fakturası verməyə borcludur. İddiaçının ƏDV ödəyicisi olduğunu nəzərə alaraq elektron vergi hesab faktura verməyə məcburdur. Cavabdehin büdcə təşkilatı olduğunu nəzərə alaraq ödəmələrin məhz elektron vergi hesab faktura ilə həyata keçirə bildiklərini nəzərə alaraq elektron vergi hesab fakturanın verilməsi vacibdir. Lakin bu günə qədər qarşı tərəf görülmüş xidmətlə bağlı heç bir elektron vergi hesab fakturası təqdim etməmişdir. Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2 bəndinə əsasən iddia müddətinin tətbiqi ilə bağlı hüquqdan istifadə edərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İddiaçı elektron kabinet vasitəsilə xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, borclu müəssisə ilə aralarında olan 09 mart 2016-cı il tarixli TXM-00006/16C nömrəli texniki xidmət müqaviləsinin 6.3-cü maddəsinin məzmunundan da göründüyü kimi, müqavilə tərəflərin hər ikisi tərəfindən imzalandıqdan sonra qüvvəyə minir və 1 il müddətinə etibarlıdır. Əgər tərəflər arasında müqaviləyə yazılı surətdə xitam verilməzsə, müqavilənin müddəti növbəti dövr üçün uzadılır. Tərəflər arsında sözügedən müqavilə üzrə heç bir xitam aktı tərtib edilməmiş və ya bu barədə sövdələşmə olmamışdır. Belə ki, iş üzrə Cavabdeh iddia müddətinin tətbiqinə dair məhkəməyə təqdim etdiyi ərizə tamamilə əsassızdır. Göstərilənləri nəzərə alaraq qüvvədə olan müqavilə üzrə yaranmış öhdəliklərdən irəli gələn haqlı iddia tələbi üzrə borclu tərəfin əsassız olaraq verdiyi iddia müddətinin tətbiqinə dair ərizənin rədd edilməsi və işə mahiyyəti üzrə baxılıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh elektron kabinet vasitəsilə xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, qarşı tərəf xx.xx.2023-cü il tarixli müraciətində müqavilənin müddətinin 1 il müddətində etibarlı sayıldığını və tərəflər arasında müqaviləyə yazılı surətdə xitam verilməzsə, müqavilənin müddəti növbəti dövr üçün uzadıldığını bildirmişdir. Halbuki tərəflər arasında 06 yanvar 2015-ci il tarixində texniki xidmət müqaviləsi imzalanmışdır. 1 ilin tamamında heç bir tərəfdən müqavilə xitam verilməsi barədə yazılı müraciət olmamasına baxmayaraq iddiaçı tərəf təkrar 09 mart 2016-ci il tarixdə yenidən texniki xidmət müqaviləsi bağlamışdır. Bundan əlavə büdcə təşkilatında bağlanmış müqavilələr 31 dekabr tarixində (maliyyə ilinin sonunda) avtomatik olaraq qüvvədən düşür. Əgər akkreditiv hal olarsa o zaman müqavilənin müddəti uzadıla bilər. Göstərilənləri nəzərə alaraq iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh elektron kabinet vasitəsilə xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddianı müdafiə edir. Cavabdeh ilə İddiaçı MMC arasında 09 mart 2016-cı il tarixli texniki xidmətlərin göstərilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə məxsus olan texnikalara texniki xidmət göstərməyi cavabdeh isə bu işin müqabilində tələb olunan haqqı iddiaçıya vaxtında ödəməyi öhdəsinə götürürmüşdür. Sözügedən müqaviləyə əsasən Cavabdehnə cəmiyyət tərəfindən ümumi dəyəri 7448,99 manat dəyərində olan xidmətlər göstərilmişdir. Müqaviləyə əsasən ödəniş tam şəkildə ödənməli idi. Lakin cavabdeh qeyd olunan məbləğin heç bir hissəsini bu günə qədər ödəməmişdir. Onlardan elektron qaimə tələb edilməmiş, həm də Vergi Məcəlləsinə uyğun olaraq elektron qaiməni təqdim etmək məcburiyyətində deyillər. 2016-cı ildə müqavilə bağlanılmış, borc tələb olunmuş, lakin cavabdeh tərəflə borcu ödəməklə bağlı bir razılığa gələ bilməmişlər. Hazırki müqavilə üzrə yaranan borcdan sonra heç bir xidmət göstərilməyib. İddia müddətinin axını müqavilə müddəti bitəndə hesablanır. Bu müqavilə müddəti cavabdeh borcu ödəmədiyinə görə bitməmiş sayılır. Bu səbəbdən iddia müddətinin tətbiqinə dair ərizə əsassızdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak etməsi planlaşdırılan əməkdaşların xx.xx.2023-cü il tarixdə Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən keçiriləcək seminarda iştirak etmək üçün Bakı şəhərinə ezam olunacaqlarını bildirmiş və bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasının təxirə salınma səbəbini üzürsüz hesab edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, texniki xidmət müqaviləsi, üzləşmə aktı, xəbərdarlıq məktubu, ərizələr və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi tələbetmə müddətinin keçməsi ilə əlaqədar rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış TXM-00006/16C nömrəli texniki xidmət, yəni podrat müqaviləsinə əsasən icraçı "xxxx" MMC sifarişçi Cavabdeh tərəfindən təyin edilmiş məsul şəxsin tapşırığına əsasən sifarişçiyə məxsus olan müqaviləyə 1 nömrəli əlavədə göstərilən yeni və yaxud işlənmiş texnikalar üzrə servis xidməti göstərilməsini və anbarda olan ehtiyat hissələri ilə təchiz edilməsini, sifarişçi isə işlərin müqabilində tələb olunan haqqı icarəçiyə vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında tərtib və təsdiq edilmiş xx.xx.2017-ci il tarixli üzləşmə aktına əsasən "xxxx" MMC tərəfindən təqdim edilmiş servis xidməti üzrə Cavabdeh borcu 6312,70 manat debet və 1136,29 manat ƏDV olmaqla ümumilikdə 7448,99 manat təşkil edir. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən ödənilməmiş 7448,99 manat borcu qalmışdır ki, cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında tərtib edilmiş və cavabdeh tərəfindən də təsdiq edilmiş üzləşmə aktı ilə öz təsdiqini tapır. Eyni zamanda cavabdeh xidmətin göstərilməsini və borcunun olmasını inkar etmir və məhkəməyə ünvanladığı müraciətlərində borcun ödənilməsi üçün üzləşmə aktının və elektron qaimənin təqdim edilmədiyini, bu səbəbdən də borcun ödənilmədiyini bildirərək borcunu etiraf edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə elektron kabinet vasitəsilə ərizələrlə məhkəməyə müraciət edərək iş üzrə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xidmətlərin göstərilməsi ilə bağlı müqavilə xx.xx.2016-cı il tarixdə bağlanmış və cavabdehin həmin müqavilə üzrə xx.xx.2017-ci il tarixli üzləşmə aktına əsasən 6312,70 manat debet və 1136,29 manat ƏDV olmaqla ümumilikdə 7448,99 manat borcu yaranmışdır. İddiaçı hazırki tələbi də 7448,99 manat həcmindədir ki, belə olan halda cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdən sonrakı dövrdə ümumiyyətlə ödəniş edilməmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi də məhkəmə iclasında bildirmişdir ki, müqavilə üzrə yaranan borcdan sonra iddiaçı cəmiyyət tərəfindən cavabdehə heç bir xidmət göstərilməmişdir. Qanunvericiliyin tələbi baxımından hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcı borcun yarandığı, yəni tərəflər arasında tərtib və təsdiq edilmiş üzləşmə aktının tarixi ilə müəyyən edilir ki, üzləşmə aktı xx.xx.2017-ci il tarixdə təsdiq edilmişdir. Cavabdeh tərəfindən həmin tarixdən sonrakı dövrdə (hal-hazırki vaxta qədər) ümumiyyətlə ödəniş olmadığından iddia müddətinin kəsilməsinə səbəb olan hal mövcud olmamışdır. İddia müddəti xx.xx.2017-ci il tarixdə başlanmış və xx.xx.2020-ci il tarixdə bitmişdir ki, iddiaçı iddia müddəti ərzində məhkəməyə müraciət etməmiş və sonuncunun hazırki iddia tələbi ilə məhkəməyə müraciəti elektron kabinet vasitəsi ilə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı məhkəməyə müraciət edərkən onun müraciəti iddia müddətinin bitməsindən sonra baş verdiyindən bitmiş iddia müddətinin axımına təsir etməmiş və iddia müddətinin kəsilməsinə səbəb olan halların baş verməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Sonda məhkəmə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin qüvvədə olması və bu səbəbdən iddia müddəti tətbiq edilməsinin əsassız olması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla tərəflər arasında bağlanmış müqavilənin müddətini müəyyən etmək mümkün deyildir. Belə ki, müqavilənin 6.3-cü bəndində müqavilənin tərəflərin hər ikisi tərəfindən imzalandıqdan sonra qüvvəyə minməsi, 1 il müddətinə etibarlı olması, əgər tərəflər arasında müqaviləyə yazılı surətdə xitam verilməzsə müqavilənin müddətinin növbəti dövr üçün uzadılması göstərilsə də, növbəti dövr üçün uzadılmanın hansı anlama gəlməsi, növbəti 1 il müddətinə və yaxud iddiaçının qeyd etdiyi kimi öhdəliklərin icra müddətinə uzadılması məlum deyildir. Cavabdeh isə etirazında göstərmişdir ki, tərəflər arasında 06 yanvar 2015-ci il tarixində texniki xidmət müqaviləsi imzalanmışdır. 1 ilin tamamında heç bir tərəfdən müqavilə xitam verilməsi barədə yazılı müraciət olmamasına baxmayaraq iddiaçı tərəf təkrar 09 mart 2016-ci il tarixdə yenidən texniki xidmət müqaviləsi bağlamışdır. Bundan əlavə büdcə təşkilatında bağlanmış müqavilələr 31 dekabr tarixində (maliyyə ilinin sonunda) avtomatik olaraq qüvvədən düşür. Əgər akkreditiv hal olarsa o zaman müqavilənin müddəti uzadıla bilər Göründüyü kimi, mübahisə predmeti olan müqavilənin müddəti ilə bağlı müddəalar anlaşılan olmamaqla qeyri-dəqiqdir. Bundan başqa əgər müqavilə qüvvədə olmuş olsa belə, işin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, artıq xx.xx.2017-ci il tarixdə iddiaçı tərəfindən xidmət göstərilməklə təhvil verilmiş və cavabdeh həmin xidmətin qarşılığında ödəyəcəyi məbləği qəbul etmişdir ki, həmin tarixdən sonra onlar arasında hər hansı xidmətlərin göstərilməsi və ya ödəniş edilməsi halı olmamış və müqavilə qüvvədə olmuş olsa belə göstərilmiş xidmət xx.xx.2017-ci il tarixdə təhvil verildiyindən həmin göstərilmiş xidmət üzrə iddia müddətinin başlanğıcı məhz xx.xx.2017-ci il tarixdən başlamışdır. Göründüyü kimi, iddiaçı həmin tarixdən etibarən 3 il müddətində borcunu tələb etməmişdir ki, məhz həmin borcun tələb edilməsi üçün qanunvericiliyin tələbinə əsasən iddia müddəti ötmüşdür. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 94,49 manat olmalıdır ki, iddia tələbi rədd edildiyindən həmin dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, iddiaçı 100 manat məbləğində mediasiya xərcini ödədiyindən o, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən dövlət rüsumu ödəmədən məhkəməyə müraciət etmək hüququnu əldə etmişdir. Lakin iddia tələbi rədd edildiyindən ödənilməmiş dövlət rüsumu MPM-in 119-cu maddəsinə əsasən iddiaçıdan tutulmalıdır. Həmçinin iddiaçının tələb etdiyi 100 manat mediasiya xərci iddia tələbi rədd edildiyindən cavabdehdən tutulmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: http://cms.justice.loc/Common/Content.aspx?Id=3448170İddiaçı MMC-nin Cavabdehnə qarşı “xx.xx.2016-cı il tarixli, TXM-00006/16C nömrəli Texniki xidmətlərin göstərilməsi barədə müqaviləyə əsasən 7448,99 manat borcun və 100 manat mediasiya xərcinin, cəmi 7548,99 manat məbləğin cavabdehdən tutularaq iddiçıya ödənilməsi” tələbinə dair iddia rədd edilsin. Ödənilməmiş 94,49 manat dövlət rüsumu İddiaçı MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar