Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-307/2022 12.05.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “46258 manat vəsaitin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: "xxxx" MMC (hazırki xxxx” MMC) ilə Cavabdeh arasında bağlanmış 06.03.2018-ci il tarixli müqaviləyə əsasən bir il müddətində icraçı Bakı şəhəri Babək prospektində yerləşən 0,345 ha ərazidə yerləşəcək “xxxx 2” adlanacaq anbar, servis və ofis kompleksinin layihələndirilməsi işlərinin görülməsini, sifarişçi isə bu işləri təhvil-təslim aktı əsasında qəbul edib bu müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında görülən işlərin haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə edilmiş qiymətlərin razılaşdırılma protokoluna əsasən görüləcək işin dəyəri 54645,57 manat məbləğində, ödəmə forması işə başlananda 50 %, layihə təhvilində 40 % və 30.11.2019-cu il tarixdə 10 % müəyyən edilmiş, Cavabdeh tərəfindən 25.05.2018-ci il tarixdə 27916 manat, 15.05.2019-cu il tarixdə 10000 manat və 11.09.2019-cu il tarixdə 8342 manat dəyərində elektron qaimə verilmiş və həmin qaimələr əsasında həmin məbləğlər iddiaçı tərəfindən 21.06.2018, 16.05.2019 və 12.09.2019-cu il tarixlərdə cavabdehin hesabına ödənilmişdir. Qeyd olunan pulun iddiaçı tərəfindən ödənilməsi 21.06.2018, 16.05.2019 və 12.09.2019-cu il tarixli ödəniş qəbzləri ilə öz təsdiqini tapır. İddiaçı pulun qaytarılması ilə bağlı cavabdehə müraciət etmiş və pulun qaytarılmayacağı təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirməmiş və ödənilən pul geri qaytarılmamışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06.03.2018-ci il tarixdə "xxxx" MMC (hazırkı adı İddiaçı MMC) ilə cavabdeh arasında 06.03.2018-ci il tarixində 18-0001 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh işlərin icra edilməsini öz öhdəsinə götürmüşdür. Belə ki, Müqaviləyə əsasən cavabdeh işçi layihəsinin (baş plan, ərazinin şaquli planlaşdırılması və abadlaşdırılması layihəsi), eləcə də interyer dizayn layihəsinin hazırlanması, eləcə də interyer dizayn layihəsinin hazırlanması, öhdəliklərin dəqiq, vaxtında və peşəkarcasına icra olunması, habelə görülmüş işlərin təhvil-təslim aktı əsasında təhvil verilməsini üzərinə götürmüşdür. Müqavilə öhdəliklərini tam şəkildə 1 il ərzində, yəni 06.03.2019-cu il tarixinə qədər icra etməyə borclu olsa da, bu günə qədər həmin öhdəliklər icra olunmamış və işlər iddiaçıya təhvil verilməmişdir. Buna baxmayaraq iddiaçı tərəfindən cavabdehə 21.06.2018-ci il tarixində 27.916 manat, 16.05.2019-cu il tarixində 10.000 manat və 12.09.2019-cu il tarixində 8.342 manat olmaqla cəmi 46.258 manat ödəniş edilmişdir. Bu səbəbdən ödənilmiş həmin pul vəsaitləri cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış müqavilə, elektron qaimə, ödəniş qəbzləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1ci və 2-ci bəndləri, 449.1). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, "xxxx" MMC (hazırki xxxx” MMC) ilə Cavabdeh arasında bağlanmış 06.03.2018-ci il tarixli müqaviləyə əsasən bir il müddətində icraçı Bakı şəhəri Babək prospektində yerləşən 0,345 ha ərazidə yerləşəcək “xxxx 2” adlanacaq anbar, servis və ofis kompleksinin layihələndirilməsi işlərinin görülməsini, sifarişçi isə bu işləri təhvil-təslim aktı əsasında qəbul edib bu müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında görülən işlərin haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə edilmiş qiymətlərin razılaşdırılma protokoluna əsasən görüləcək işin dəyəri 54645,57 manat məbləğində, ödəmə forması işə başlananda 50 %, layihə təhvilində 40 % və 30.11.2019-cu il tarixdə 10 % müəyyən edilmiş, Cavabdeh tərəfindən 25.05.2018-ci il tarixdə 27916 manat, 15.05.2019-cu il tarixdə 10000 manat və 11.09.2019-cu il tarixdə 8342 manat dəyərində elektron qaimə verilmiş və həmin qaimələr əsasında həmin məbləğlər iddiaçı tərəfindən cavabdehin hesabına ödənilmişdir. Qeyd olunan pulun iddiaçı tərəfindən ödənilməsi ödəniş qəbzləri ilə öz təsdiqini tapır. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə iddiaçıdan yerinə yetirməli olduğu lakin yerinə yetirmədiyi işə görə aldığı ümumilikdə 46258 manat punu iddiaçıya qaytarmamışdır ki, bunda da haqlı deyildir. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh muzd müqabilində xidmət göstərilməsini öhdəsinə götürmüşdür. Cavabdeh müəyyən olunmuş muzdu alsa da xidməti yetinə yetirməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən iddiaçının tələb etdiyi 46258 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 01.10.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 228,77 manat olmalıdır ki, iddiaçı tərəfindən 29 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edildiyindən və iddiaçı dövlət rüsumunu tələb etmədiyindən sonuncu tərəfindən ödənilmiş dövlət rüsumu çıxılmaqla 200 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, iddiaçı 200 manat məbləğində mediasiya xərci ödədiyindən o, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən dövlət rüsumu ödəmədən məhkəməyə müraciət etmək hüququnu əldə etmişdir. İddiaçı tərəfindən 200 manat mediasiya xərcinin ödənməsi hazırki işə baxılması üçün nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməsi kimi qiymətləndirilmir. Bu səbəbdən 200 manat ödənilməmiş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 46258 manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Ödənilməmiş 200 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-307/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-307/2022
12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver