Məhkəmə qərarları › İş №e-2-2(117)-440/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-440/2025

21.06.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-440/2025 21.06.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı cavabdeh "Azəri" Korporasiyasına qarşı “icarə müqaviləsinin ləğv edilməsi, yeni icarə müqaviləsinin bərpa edilməsi və qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı cavabdeh "Azəri" Korporasiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin özünə məxsus, Şəki şəhəri, S.Rəhman və M.Müşfiq küçələrinin kəsişmə nöqtəsində yerləşən 53 kv.m qeyri-yaşayış sahəsi (mağaza) üzrə, iş üzrə maraqlı İİİ şəxs, yəni X2 ilə 1 il müddətinə bağladığı, xx.xx.2024-cü il tarixli (№: İİ- 0016) icarə müqaviləsinin ləğv edilməsi və iş üzrə İddiaçı Qazimahama qızı ilə bağlanmış xx.xx.2022-ci il tarixli (№: İİ-016) icarə müqaviləsinin bərpa edilməsi ilə, adı qeyd edilən qeyri-yaşayış sahəsinin iddiaçıya qaytarılaraq, təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qazimahama qızı ilə, iş üzrə cavabdeh Şəki "xxxx" MMC arasında, xx.xx.2021-ci il tarixində bağlanmış, icarə müqaviləsi əsasında, axırıncıya məxsus Şəki şəhəri, S.Rəhman və M.Müşfiq küçələrinin kəsişmə nöqtəsində yerləşən 53 kv.mqeyri-yaşayış sahəsi (mağaza) 1 il müddətinə onun icarəsinə verilmiş və İddiaçı Qazimahama qızı həmin qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti (bijuteriya ticarəti, VÖEN:**********) ilə məşğul olmuşdur. Bundan sonra, qeyd edilən müqavilə üzrə 1 il müddət başa çatdığında, tərəflər arasında İİ, yəni xx.xx.2022-ci il tarixində və bu dəfə artıq 4 il müddətinə icarə müqaviləsi imzalanmışdır. Fəaliyyəti dövründə İddiaçıQazimahama qızı, onu iş qurmağa Şəki şəhəri-nə dəvət etmiş, orta məktəbdən sinif yoldaşı və onunla Şəki "xxxx" MMC arasında adı yuxarıda qeyd edilən icarə müqaviləsinin bağlanmasına vasitəçi olmuş, hazırkı iş üzrə İİİ maraqlı şəxs, 1985-ci il təvəllüdlü, Balakən rayonu, Qabaqçöl qəsəbəsi, Xalatala kəndi-ndə doğulmuş, hazırda ünvan 1 ünvanda yaşayan X2 ilə şifahi razılaşma əsasında birgə, yəni Mariyət Mehdi qızının, icarə müqaviləsinin bağlanılmasında səbəbkarlıq etməsini uğurla başa çatdırdığına görə, onunla şərikli iş qurmaq razılaşdırılmışdır. Qeyd edilən qeyri-yaşayış sahəsində ticarət işini uğurla qurmuş İddiaçıQazimahama qızı-nın fiziki fəaliyyəti, 2023-cü ilin iyul ayına qədər davam etmiş və o, sahibkarlıq fəaliyyətini genişləndirmək məqsədi ilə, daha bir qeyri-yaşayış sahəsini icarəyə götürməklə, adı yuxarıda qeyd edilən qeyri-yaşayış sahəsini, iş üzrə İİİ maraqlı şəxsə, yəni həm də şifahi razılaşma əsasında şəriki olan, X2na tapşırmışdır. İş üzrə İddiaçı Qazimahama qızı başqa mağazada işə başlayan andan, İİİ maraqlı şəxs X2 oğurluğa başlamış və axırıncı mühasibatlıq yoxlamasında onun mağazada 25000 (iyirmi beş min) manatın əksik gəlməsi ortaya çıxmışdır ki, həmin borc üzrə 2(075)-1739/2024 saylı iş, hal-hazırda Şəki Rayon Məhkəməsi-nin icraatındadır. Qeyd edilənlərdən əlavə, iş üzrə İİİ maraqlı şəxs X2, iş üzrə cavabdeh "xxxx" MMC ilə danışıqlar apararaq, hansısa yollarla onun, iş üzrə İddiaçıQazimahama qızı ilə, Şəki şəhəri, S.Rəhman və M.Müşfiq küçələrinin kəsişmə nöqtəsində yerləşən 53 kv.mqeyriyaşayış sahəsi (mağaza) üzrə bağladığı icarə müqaviləsinin müddəti başa çatmamış, eyni daşınmaz əmlak barəsində qanununazidd olaraq, daha bir icarə müqaviləsi bağlamaqla, iş üzrə İddiaçı Qazimahama qızının qurub, uğurla işə saldığı ticarət işini mənimsəməsindən əlavə, həm də onu bu işdən kənarlaşdırmışdır. Belə ki, icarə müqaviləsi üzrə ödənişlər də, qurulmuş işdən əldə edilmiş qazancın hesabına şərikli hesabdan ödənilməli idi. Göstərilənlərlə cavabdeh "xxxx" MMC eyni qeyri-yaşayış sahəsini (mağaza), eyni zamanda 2 şəxsə paralel anda icarəyə vermişdir.

II. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

5. İş materiallarında olan cavabdeh “icarəyə verən” Cavabdeh Korporasiyası iləi, iddiaçı “içarəçi” İddiaçı arasında xx.xx.2021-ci il tarixli ll-016 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “icarəyə verən” Şəki Şəhəri Salman Mümtaz küçəsi ilə M.Müşfiq küçəsinin kəsişdiyi yerdə sahəsi 53.0 kv.metr olan qeyri-yaşayış sahəsini icarə haqqı müqabilində “içarəçi”-nin müvvəqqəti sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən icarəyə verilən sahə mülkiyyət hüququ əsasında icarəyə verənə məxsusdur. İcarəyə verənin mülkiyyət hüququ Şəki Şəhəri İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixdə verilmiş 1017 saylı sərəncamından çıxarış ilə təsdiqlənir və bütün icarə müddəti ərzində həmin hüququ icarəyə verəndə qalır. 4.1-ci bəndinə əsasən müqavilə 1 il müddətinə tərəflərin hər birində bir nüsxə qalmaqla iki nüsxədə tərtib olunur. Qeyd olunan müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmışdır.

6. İş materiallarında olan cavabdeh “icarəyə verən” Cavabdeh Korporasiyası ilə, iddiaçı “içarəçi” İddiaçı arasında xx.xx.2022-ci il tarixli ll-016 nömrəli icarə müqaviləsi bağlanmışdır. Bu müqavilənin şərtləri yuxarıda qeyd olunan xx.xx.2021-ci il tarixli ll-016 nömrəli müqavilənin şərtləri ilə eynilik təşkil edir. Qeyd olunan müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmışdır.

7. İş materiallarında olan cavabdeh “icarəyə verən” Cavabdeh Korporasiyası ilə, “içarəçi” X2 arasında xx.xx.2024-cü il tarixli ll-0021 nömrəli icarə müqaviləsi bağlanmışdır. Bu müqavilənin şərtləri yuxarıda qeyd olunan xx.xx.2021-ci il tarixli ll-016 nömrəli müqavilənin şərtləri ilə eynilik təşkil edir. Qeyd olunan müqavilə icarəyə verən tərəindən imzalanmış, lakin icarəçi X2 tərəfindən imzalanmamışdır.

V. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikasının Konstitusiyası M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. V. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

M a d d ə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərilir ki, mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 324.1-ci maddəsinə əsasən Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 690.1-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. 690.2-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. 704.1-ci maddəsinə əsasən Əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. 704.2-ci maddəsinə əsasən İcarəçinin bu Məcəllənin 691-ci maddəsinə uyğun olaraq müqaviləni ləğv etmək hüququ yoxdur.

VI. Məhkəmənin mövqeyi:

11. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

12. Belə ki, iddiaçı iddia tələbində üçüncü şəxs X2 ilə Cavabdeh Korporasiyası arasında, müqavilə üzrə yaranmış icarə hüquqları ona məxsus olduğunu iddia etdiyi Şəki şəhəri, S.Rəhman və M.Müşfiq küçələrinin kəsişmə nöqtəsində yerləşən 53 kv.m qeyriyaşayış sahəsinin (mağaza) X2 tərəfindən Cavabdeh Korporasiyası ilə, iddiaçının icarəsində və istifadəsində ola-ola qanunsuz olaraq başqa icarə müqaviləsinin bağlandığını və həmin qeyri-yaşayış sahəsindən iddiaçı tərəfindən istifadə olunmasının üçüncü şəxs X2 tərəfindən maneələr törədildiyini iddia edir və nəticədə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

11. Məhkəmə ilk öncə iddia tələbinin “Şəki şəhəri, S.Rəhman və M.Müşfiq küçələrinin kəsişmə nöqtəsində yerləşən 53 kv.m qeyri-yaşayış sahəsi (mağaza) üzrə, iş üzrə maraqlı İİİ şəxs, yəni X2 ilə 1 il müddətinə bağladığı, xx.xx.2024-cü il tarixli (№: İİ-0016) icarə müqaviləsinin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, hazırki tələbin heç bir hüquqi əsası olmadığından rədd edilməlidir.

12. Belə ki, iddiaçı tərəfindən X2 ilə Cavabdeh Korporasiyası arasında bağlanan xx.xx.2024-cü il tarixli ll-0021 nömrəli icarə müqaviləsi mübahisələndirilir ki, həmin müqavilədə “icarəçi” qismində iştirak edən X1 imzası yoxdur. Belə olduğu halda, hər şeydən əvvəl müqavilənin həqiqətən bağlanıb-bağlanmaması şübhə altında olur. Mülki qanunvericiliyin də aparıcı prinsiplərinə uyğun olaraq məlumdur ki, istənilən müqavilə tərəflərin həqiqi iradə ifadəsini əks etdirən hüquqi faktdır. Burada iradə ifadəsi dedikdə tərəflərin öz razılığı ilə, heç bir əlavə təsir altında olmadan müqavilə üzrə hər-hansı mülki hüquqi vəzifələr və öhdəliklər qəbul etməsi başa düşülür. Hazırki müqavilədə X1 imzasının olmaması, həmin müqavilənin bağlanmasında onun iradə ifadəsini olmadığı qənaətinə gəlməyə əsas verir. Qeyd olunan məsələ də hər hansı müqavilənin etibarsız sayılması hallarındandır.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir.

14. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər.

15. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları).

16. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 ilə Cavabdeh Korporasiyası arasında xx.xx.2024-cü il tarixli ll-0021 nömrəli icarə müqaviləsi bağlanması faktının müəyyən edilməməsi səbəbindən iddia bu hissədə rədd edilməlidir.

17. Məhkəmə iddia tələbinin “İddiaçı Qazimahama qızı ilə bağlanmış xx.xx.2022-ci il tarixli (№: İİ-016) icarə müqaviləsinin bərpa edilməsi ilə, adı qeyd edilən qeyri-yaşayış sahəsinin iddiaçıya qaytarılaraq, təhvil verilməsi” hissəsinə münasibətədə isə qeyd edir ki, iddia tələbi bu hissədə də rədd edilməlidir.

18. Məhkəmə qeyd edir ki, mübahisə predmenti olan Şəki şəhəri, S.Rəhman və M.Müşfiq küçələrinin kəsişmə nöqtəsində yerləşən 53 kv.m qeyri-yaşayış sahəsinin hərhansı bir mülkiyyət sənədi məhkəməyə təqdim edilməmişdir. Nəticədə məhkəmə tərəfindən həmin qeyri-yaşayış sahəsinin kimin mülkiyyətində olması və ondan irəli gələn hüquqların kimin xeyrinə qeydiyyata alınması müəyyən edilməmişdir ki, bu məsələ də hazırki mübahisənin həlli istiqamətində mühüm rol oynayır. Ümumi olaraq məhkəmə qeyd edir ki, mülkiyyətçisi barədə sübut olmayan istənilən əmlak barəsində hər-hansı bir məcburi hərəkətlərin edilməsinə dair məhkəmə qərarının çıxarılması yolverilməzdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də rədd edilməlidir.

19. Beləliklə məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçı iddia etdiyi halları sübut etməli olduğu halda iddia dəlillərini sübut edə bilməmiş və bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbi isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

21. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh Korporasiyasına qarşı “icarə müqaviləsinin ləğv edilməsi, yeni icarə müqaviləsinin bərpa edilməsi və qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddiası rədd edilməlidir.

22. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu da iddiaçıya aid edilməlidir.

23. Beləliklə, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməldir.

Vİ. Nəticə:

24. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh Korporasiyasına qarşı “icarə müqaviləsinin ləğv edilməsi, yeni icarə müqaviləsinin bərpa edilməsi ilə qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar