Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-460/2022 27.04.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı 9 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı “cavabdehin 03.02.2022-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 1220,87 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 1300 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi ödəyicisi olan cavabdeh vergi öhdəliklərini yerinə yetirmədiyindən onun 03.02.2022-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 1220,87 manat borcu vardır. Yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının 03.02.2022-ci il tarixli **********8 nömrəli qərarı əsasında 21.02.2022-ci il tarixli **********8 nömrəli protokolla cavabdehə məxsus əmlak – dəyəri 400 manat olan 1 ədəd “İnci” markalı 2,4 m vitrin soyuducu (Türkiyə istehsalı, işlənmiş) və dəyəri 450 manat olan 2 ədəd “Uğur” markalı dolab soyuducu (Türkiyə istehsalı, işlənmiş) siyahıya alınmışdır. 25.02.2022-ci il tarixli xəbərdarlıq məktubu ilə cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, vergi ödəyicisi vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə vergi borcu yaranmışdır. Lakin görülən tədbirlərə baxmayaraq, qeyd olunan borc məbləği bu günədək ödənilməmişdir. Vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmış, həmin qərar əsasında cavabdehin dövlət büdcəsinə yaranan borcuna görə əmlakı siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu 18.04.2022-ci il tarixdə bildirişi qəbul etmiş, ərizə ilə məhkəməyə müraciət edərək iş materialları ilə tanış olmadığını və tanış olduqdan sonra vəsaəti və ya mülahizələri ola biləcəyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: cavabdehin şəxsi hesab vərəqəsinin surəti, əmlakın siyahıya alınmasına dair vergi orqanının qərarı, iddiaçı tərəfindən cavabdeh barədə tərtib edilmiş əmlakın siyahıya alınması barədə protokolun surəti, xəbərdarlıq və bildiriş daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Belə ki, Azərbaycan Respublikası Vergi Məcəllsinin 16.1-ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyəcisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. 90.3-1-ci maddəsinə əsasən, Dövlət əmlakı istisna olmaqla, vergi ödəyicisinin siyahıya alınmış dəyəri 5000 manatadək olan daşınar əmlakları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) müəyyən etdiyi qaydada vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdehin 03.02.2022-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 1220,87 manat borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergi borclarını ödəmək vəzifəsi qoyulduğundan onun vergi öhdəliklərinin yerinə yetirilməsi üçün 03.02.2022-ci tarixə yaranmış 1220,87 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus olan 1300 manat məbləğində siyahıya alınmış əmlakı ticarət şəbəkələrində satılmalıdır. Cavabdeh tərəfindən məhkəməyə daxil olmuş ərizəyə münasibətdə məhkəmə əvvəla onu qeyd edir ki, ərizə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda poçt vasitəsilə məhkəməyə təqdim edilmişdir ki, bu da qüvvədə olan qanunverilciyin tələbi baxımından yolverilməzdir. Bundan başqa cavabdeh ərizəsində iş materialları ilə tanış olmadığını və tanış olarsa məhkəməyə təqdim edəcək vəsatəti və mülahizəsi ola biləcəyini qeyd etsə də, iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə vergi orqanında yaradılmış şəxsi kabinet vasitəsilə, habelə iddia ərizəsinin surəti poçt vasitəsilə məhkəməyəqədər cavabdehə təqdim edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iş üzrə icraatın iddia icraatına keçilməsi üçün cavabdehin etiraz dəlilləri əsassızdır və bunun üçün qanuni əsas mövcud deyildir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Bu səbəbdən cavabdehdən 32,20 manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh dövlət büdcəsinə ödənilməmiş 1220,87 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 1300 manat məbləğində siyahıya alınmış əmlakı (dəyəri 400 manat olan 1 ədəd “İnci” markalı 2,4 m vitrin soyuducu (Türkiyə istehsalı, işlənmiş), dəyəri 450 manat olan 2 ədəd “Uğur” markalı dolab soyuducu (Türkiyə istehsalı, işlənmiş) ticarət şəbəkələrində satılsın. Cavabdeh 32,20 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-460/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-460/2022
27.04.2022 · Vergi mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver