Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-489/2024 17.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “qoruyucu və yaxşılaşdırıcı texniki xidmətin göstərilməsinə dair 01 noyabr 2021-ci il tarixli, 21/18 nömrəli müqavilə” üzrə 6525,42 manat manat əsas borc, 1174,52 ƏDV olmaqla cəmi 7700 AZN pul vəsaitinin, habelə məhkəməyə iddia verilməsi məqsədilə iddiaçı tərəfindən ödənilmiş 112 manat məbləğində dövlət rüsumunun və hüquqi müdafiəsi üçün vəkilə ödənilmiş 1500 manat vəsaitin, cəmi 9312 AZN məbləğində pulun Cavabdeh MMC tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı “qoruyucu və yaxşılaşdırıcı texniki xidmətin göstərilməsinə dair 01 noyabr 2021-ci il tarixli, 21/18 nömrəli müqavilə” üzrə 6525,42 manat manat əsas borc, 1174,52 ƏDV olmaqla cəmi 7700 AZN pul vəsaitinin, habelə məhkəməyə iddia verilməsi məqsədilə iddiaçı tərəfindən ödənilmiş 112 manat məbləğində dövlət rüsumunun və hüquqi müdafiəsi üçün vəkilə ödənilmiş 1500 manat vəsaitin, cəmi 9312 AZN məbləğində pulun Cavabdeh MMC tutularaq iddiaçı "xxxx" MMCyə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında xx.xx.2021-cü il tarixdə 21/18 nömrəli “texniki xidmət müqaviləsi” bağlanmışdır. Müqavilənin 2-ci bəndinə əsasən "xxxx" MMC 1 ədəd 625 kq, 6 dayanacaqlı, 1.00 m/s sürətli, 2019-cu il istehsalı olan İST********** zavod nömrəli Schindler 3300EU markalı Cavabdeh MMC-yə məxsus liftin texniki xidməti işlərinin bu müqavilə çərçivəsində yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3 və 4-cü bəndlərinə əsasən texniki xidmət müntəzəm olaraq ayda bir dəfə təmin olunur və müqavilənin müddəti xx.xx.2021 – xx.xx.2023-cü il tarixləri arasında olmaqla, 24 aydır. Müqavilənin 5.1-ci bəndində göstərilmişdir ki, xx.xx.2021 – xx.xx.2023-cü il tarixləri arasında müqavilənin 2-ci bəndində qeyd olunmuş liftə görə aylıq texniki xidmətin cəmi qiyməti ƏDV-siz 296.6 manat, ƏDV daxil olmaqla isə 350 manat təşkil edir. Bununla yanaşı həmin müqavilənin 5.2-ci bəndinə əsasən xidmətlərin yerinə yetitilməsi tərəflərin cari ay üzrə imzaladığı texniki xidmət üzrə təhvil-təslim aktları əsasənda müəyyən olunur. Bu akt hər iki tərəfdən təsdiq edildikdən sonra ödəniş üçün hesab faktura şirkət tərəfindən tərtib olunaraq 5 iş günü ərzində lift sahibinə təqdim olunur. Lift sahibi hesab faktura kəsildiyi tarixdən etibarən 30 təqvim günü ərzində hesab faktura üzrə ödənişi həyata keçirir. Son ödəmə tarixinə qədər ödənişin aparılmaması halında hər gecikdirilmiş gün üçün lift sahibinə 0,1% peniya tətbiq ediləcəkdir. Müqavlənin 5.4-cü bəndinə əsasən son ödəniş tarixindən 30 gün küçməsinə baxmayaraq son hesab-fakturanın ödənilməməsi ya da ki, lift sahibinin iflasa uğraması halında şirkət bu müqüavilədən irəli gələn vəzifələrini və texniki xidmət işlərini dayandırmaq və bu müqaviləyə tək tərəfli xitam vermək hüququna malikdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 6525,42 manat əsas məbləğ, 1174,58 manat ƏDV məbləği olmaqla cəmi 7700 manat məbləğində ödənilməmiş borcu vardır. Həmçinin iş materiallarına əlavə edilmiş təhvil-təslim aktlarından görünür ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixlərinə qədər 20 ay müddətində liftə texniki xidmət göstərilmiş və təhvil-təslim aktı hər iki tərəfin imzası ilə təsdiq olunmuşdur. Təhvil-təslim aktları ilə yanaşı iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər olan 22 aylıq elektron qaimələr məhkəməyə təqdim olunmuşdur. Həmin qaimələrdən göründüyü kimi cavabdehin 7700 manat borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişləri xx.xx.2024-cü il tarixdə cavabdehin elektron kabinetində yerləşdirilmiş, lakin o, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xidmət müqaviləsi, təhvil-təslim aktları, maliyyə arayışı və elektron qaimələr daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, qismən iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, tərəflər arasında xx.xx.2021cü il tarixdə 21/18 nömrəli “texniki xidmət müqaviləsi” bağlanmışdır. Müqavilənin 2-ci bəndinə əsasən "xxxx" MMC 1 ədəd 625 kq, 6 dayanacaqlı, 1.00 m/s sürətli, 2019-cu il istehsalı olan İST********** zavod nömrəli Schindler 3300EU markalı Cavabdeh MMC-yə məxsus liftin texniki xidməti işlərinin bu müqavilə çərçivəsində yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3 və 4-cü bəndlərinə əsasən texniki xidmət ayda bir dəfə olunur və müqavilənin müddəti xx.xx.2021 – xx.xx.2023-cü il tarixləri arasında olmaqla cəmi 24 aydır. Həmçinin tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndində göstərilmişdir ki, xx.xx.2021 – xx.xx.2023-cü il tarixləri arasında müqavilənin 2-ci bəndində qeyd olunmuş liftə görə aylıq texniki xidmətin cəmi qiyməti ƏDV-siz 296.6 manat, ƏDV daxil olmaqla isə 350 manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə sübut qismində təhvil təslim aktları və elektron qaimələr təqdim olunsa da iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəf məhkəməyə xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixlərinə qədər 20 ay müddətində liftə texniki xidmətin olunması ilə bağlı təhvil-təslim aktlarını təqdim etmişdir. Bundan əlavə olaraq xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər olan 22 aylıq elektron qaimələri də məhkəməyə təqdim etmişdir. Təqdim edilmiş sənədlərə əsasən 2021-ci ilin noyabr ayından 2023-cü ilin iyun ayına qədər olan elektron qaimələr, həmin aylara uyğun olaraq təqdim edilmiş təhvil-təslim aktları ilə üst-üstə düşür. İddiaçı tərəfindən təqdim olunmuş ən sonuncu xx.xx.2023-cü il tarixli qaimədə son 8 ayın, yəni 2023-cü ilin yanvar və avqust aylarının texniki xidmət məbləği ümumi şəkildə qeyd olunmuşdur. Lakin təqdim olunmuş ən sonuncu təhvil-təslim aktının tarixi xx.xx.2023-cü ildir. 2023-cü ilin iyul və avqust aylarına aid təhvil-təslim aktları isə iş materiallarına əlavə olunmamışdır. Buradan aydın olur ki, təqdim olunmuş 22 aylıq elektron qaimələrin cəmi 20 aylıq hissəsi təhvil-təslim aktları ilə sübut olunaraq təsdiqini tapır. Müqavilənin şərtlərindən də müəyyən edilir ki, xidmətin göstərilməsi faktı tərəflər arasında hər ay imzalanmış təhviltəslim aktları ilə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu baxımdan, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı aylıq 350 manat olmaqla 20 aylıq xidmət haqqı olan 7000 manat (350*20=7000) borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan əlavə, iddiaçı hüquqi xidmətlərə görə 1500 manat məbləğində vəsaitin cavabdehdən tutulmasını tələb edir. MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iş materiallarında hüquqi xidmət üçün 1500 manat məbləğində vəsaitin ödənilməsinə dair qəbzin olmamasını, buna baxmayaraq iş üzrə vəkilin hüquqi xidmət göstərməsi istisna edilə bilmədiyindən, həmçinin vəkilin yalnız hazırkı işlə bağlı müvafiq sənədləri hazırlayıb məhkəməyə təqdim etməsini, iş üzrə məhkəmə iclaslarının keçirilməməsini nəzərə alıb hüquqi xidmətə görə 200 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını qanuni, ədalətli və ağlabatan hesab edir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi qismən təmin edildiyindən cavabdehdən 101,82 manat dövlət rüsumu tutularaq iddiaçıya verilməli, 10,18 manat hissəsi iddiaçıya aid edilməidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 7000 manat əsas borc, 200 manat hüquqi yardımla bağlı çəkilmiş xərc və 101,82 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-489/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-489/2024
17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver