Məhkəmə qərarları › İş №e-2-2(117)-619/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-619/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-619/2024 25.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “Ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1316,9 kv.m olan əmlak kompleksinin 160 kv.m hissəsinin tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli İcarə müqaviləsində nəzərdə tutulmuş qaydada və şərtlərlə iddiaçıya təhvil verilməsi, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həmin əmlak iddiaçıya təhvil verilmədiyindən hesablanmış 12848 manat, ödənilmiş 129 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı “Ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1316,9 kv.m olan əmlak kompleksinin 160 kv.m hissəsinin tərəflər arasında bağlanmış xx.xx.2023cü il tarixli İcarə müqaviləsində nəzərdə tutulmuş qaydada və şərtlərlə iddiaçıya təhvil verilməsi, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həmin əmlak iddiaçıya təhvil verilmədiyindən hesablanmış 12848 manat, ödənilmiş 129 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəf iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli İcarə müqaviləsinə əsasən Ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1316,9 kv.m olan əmlak kompleksinin 160 kv.m hissəsini xx.xx.2023-cü il tarixinədək cavabdeh iddiaçıya təhvil verməli idi. xx.xx.2023-cü il tarixindən bugünə kimi həmin obyekt təhvil verilmədiyindən cavabdeh hər gecikdirilən gün üçün iddiaçıya icarə haqqının 5 faizi məbləğini cərimə ödəmək öhdəliyini üzərinə götürmüşdür. Bu səbəbdən də həmin obyektin İddiaçı MMC-yə təhvil verilməsini və gecikdirmə üçün hesablanmış 12848 manat cərimənin cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixində icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh Ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1316,9 kv.m olan əmlak kompleksinin 160 kv.m hissəsini iddiaçıya icarəyə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən 15 il müddətinə qüvvədədir. Müqavilənin 3.1 və 3.2-ci bəndlərinə əsasən xx.xx.2023-cü il tarixindən etibarən hər ay 1745 manat icarə haqqı ödənilməsi razılaşdırılmışdır. Müqavilənin 4.1-ci bəndinə əsasən icarəyə verən obyekti tərəflər arasında imzalanan təhvil-təslim aktı əsasənda icarəçiyə təqdim etməlidir. Müqavilənin 4.2-ci bəndinə əsasən obyekt istismar və təyinatı üzrə istifadə üçün minimal standartlara və tələblərə uyğun olmadıqda icarəçi obyekti təhvil almamamq hüququna sahibdir. Müqavilənin 4.4-cü bəndinə əsasən İcarəyə verən qüsurlar haqqında İcarəçiyə təhviltəslim zamanı məlumat vermədiyi və ya qüsurları gizlətdiyi halda qüsurlar Obyektin istifadəsi zamanı ortaya çıxdıqda X2 tələbi ilə qüsurları aradan qaldırmalıdır. Qüsurların aradan qaldırılması üçün Obyekti İcarəçi istifadə etmək imkanından məhrum edilərsə Müddətin axımı dondurulmalıdır və həmin dondrulmuş vaxt əzrində icarə haqqı ödənilməməlidir. Müqavilənin 4.5-ci bəndinə əsasən icarəyə verən obyekti bu müqavilənin 4-cü hissəsində nəzərdə tutulmuş şərtlərə uyğun xx.xx.2023-cü il tarixədək icarəçiyə təhvil verməlidir. Hər gecikdirilən gün üçün icarəyə verən icarəçiyə icarə haqqının 5%-i məbləğində cərimə ödəyəcək. Obyektin təhvil verilməsinin gecikdirildiyi müddət üçün icarə haqqı ödənilməyəcək. Cərimə məbləği obyektin təhvil verilməsindən sonra icarə haqqından tutulacaq. Müqavilənin 5.1.1-ci bəndinə əsasən müqavilənin şərtlərinə uyğun olaraq obyekti təyinatı üzrə istifadə edilməyə yararlı vəziyyətdə icarəçinin istifadəsinə vermək icarəyə verənin öhdəliyidir. Müqavilənin 10-cu bəndinə əsasən Tərəflərin müqavilə üzrə öhdəliklərini icra etməməsi fors-major halların yaranması ilə bağlı olduğu halda tərəflər məsuliyyət daşımır. Öhdəlikləri yerinə yetirmək imkanı olmayan tərəf bu barədə digər tərəfi məlumatlandırmalıdır. Müqaviləni iddiaçı tərəfdən nümayəndə qismində X4, cavabdeh tərəfindən isə onun nümayəndəsi X1 imzalamışdır. xx.xx.2023-cü il tarixli aktda qeyd olunmuşdur ki, Ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1316,9 kv.m olan əmlak kompleksinin 160 kv.m hissəsi yararsız vəziyyətdədir və istifadə üçün təhlükəlidir. Həmin aktı inşaat şirkətinin rəhbəri, mütəxəssis və Cavabdeh oğlu tərəfindən təsdiq etmişdir. İddiaçının nümayəndəsi əvvəlki məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, müqaviləyə əsasən Ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1316,9 kv.m olan əmlak kompleksinin 160 kv.m hissəsini cavabdeh xx.xx.2023-cü il tarixinədək təhvil verməli idi, lakin obyrkt təhvil verilməmişdir. Bu səbəbdən də hər gecikdirilmiş gün üçün cərimə hesablanmışdır. Obyektin iddiaçıya təhvil verilməsini və cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir. Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, iddianı qəbul etmirlər, icarə obyekti müqavilə bağlandıqdan 10 gün sonra qəzalı vəziyyətə düşmüş, bununla bağlı müvafiq İnşşat şirkəti cəb edilmiş, akt tərtib edilmiş, aidiyyəti dövlət orqanlarına məlumat verilmişdir. İddianın rədd edilməsini məhkəmədə xahiş etdi. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara icarə müqaviləsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Mülki Məcəllənin: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 676.0. Bütün kirayə müddəti ərzində kirayəyə verən aşağıdakılar üçün məsuliyyət daşıyır: 676.0.1. kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır; 676.0.2. kirayəyə verilmiş əşya əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olmalıdır; 676.0.3. üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməlidir; 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə əvvəlcə qeyd edir ki, tərəflər arasında etibarlı icarə müqaviləsi bağlanıb və həmin müqavilənin şərtlərinə əsasən xx.xx.2023-cü il tarixində obyekt iddiaçıya təhvil verilməli idi. Obyektin qəzalı vəziyyətdə olması ilə bağlı akt məhkəməyə təqdim olunsa da, məhkəmə hesab edir ki, obyektin icarəçiyə vaxtında təhvil verilməməsi cavabdehdən asılı olmayan səbəblərdən baş vermiş, yəni şüurlu şəkildə obyektin təhvil verilməsini ləngitməmiş və oxşar hərəkətlər etməmişdir. xx.xx.2023-cü il tarixli aktda qeyd olunmuşdur ki, Ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1316,9 kv.m olan əmlak kompleksinin 160 kv.m hissəsi yararsız vəziyyətdədir və istifadə üçün təhlükəlidir. Bundan əlavə tərəflər arasında bağlanmış Müqavilənin 4.4-cü bəndinə əsasən İcarəyə verən obyektin qüsurları haqqında İcarəçiyə təhvil-təslim zamanı məlumat vermədiyi və ya qüsurları gizlətdiyi halda qüsurlar Obyektin istifadəsi zamanı ortaya çıxdıqda X2 tələbi ilə qüsurları aradan qaldırmalıdır. Qüsurların aradan qaldırılması üçün Obyekti İcarəçi istifadə etmək imkanından məhrum edilərsə müddətin axımı dondurulmalıdır və həmin dondrulmuş vaxt əzrində icarə haqqı ödənilməməlidir. Müqavilənin 10-cu bəndinə əsasən Tərəflərin müqavilə üzrə öhdəliklərini icra etməməsi fors-major halların yaranması ilə bağlı olduğu halda tərəflər məsuliyyət daşımır. Öhdəlikləri yerinə yetirmək imkanı olmayan tərəf bu barədə digər tərəfi məlumatlandırmalıdır. Məhkəmə qeyd edir ki, ilkin olaraq icarə obyektinin İcarəçi olan iddiaçıya cavabdeh tərəfindən təhvil verməməsi cavabdehin iradəsindən asılı olmayan halın baş verməsi yəni, həmin obyektin qəzalı vəziyyəti ilə əlaqədar olmuşdur. Məhkəmə iclasında tərəflərin nümayəndələri qeyd edilən icarə müqaviləsi predmeti olan obyektin söküldüyünü və yerində yeni obyekt inşa edildiyini bildirmişdir. Bu da bir daha sübut edir ki, qeyd edilən obyekt istifadə üçün yararlı olmamışdır. Cavabdeh tərəfin təqdim etdiyi sübut və irəli sürdüyü arqumentə münasibətdə iddiaçı tərəf hər hansı bir dəlil irəli sürməmişdir. Ona görə də, məhkəmə cavabdeh tərəfindən obyektin icarəyə vaxtında verilməməsini tərəflərin iradəsindən asılı olmayan hal olaraq qəbul edir və iddiaçı tərəfindən öhdəliyin cavabdeh tərəfindən pozulması və onun bu pozuntuda təqsirinin olması sübuta yetirilmir. Ona görə də, qəzalı vəziyyətdə olduğu bilərəkdən gizlədilməklə İcarəyə verən tərəfindən qeyd edilən obyekt icarəçiyə təhvil verilsəydi, nəticədə İcarəçiyə dəymiş ziyana görə İcarəyə verən məsuliyyət daşımalı olacaqdı (müqavilənin4.4-cü bəndi). Düzdür obyektin qəzalı olması ilə bağlı iddiaçıya cavabdeh tərəfindən məlumat verilməsinə dair rəsmi bildirişin verilməsi ilə bağlı sübut təqdim edilməsə də, cavabdehin nümayəndəsi şifahi qaydada iddiaçının nümayəndələrinin bu vəziyyətdən xəbərdar olduqları qeyd edilməlidir. Yuxarıda qeyd edilənləri sistemli şəkildə təhlil edərək məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər pozulmamış və obyektin istifadəyə verilməməsi yalnız cavabdehdən asılı olmayan səbəblər ilə bağlı olmuşdur. Öhdəliyi icra etməyən tərəf isə təqsirli hərəkətləri üçün məsuliyyət daşıdığından cavabdehin təqsirli hərəkəti müəyyən edilməmişdir. Məhkəmə işin faktiki hallarını və həmin hallara tətbiq edilən qanunvericilik normalarını əsas tutaraq mübahisənin hallarını araşdırıb bu nəticəyə gəlir ki, hazırki vəziyyətdə iddiaçı iddia tələbində haqlı olduğunu sübuta yetirə bilmədiyindən, hüquqlarının və qanuni mənafelərinin pozuntusunu əsaslandıra bilmədiyindən və tələbində haqlı olmadığından iddia tələbi rədd edilməlidir. Mülki Prosessual Məcəlləsinin: 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Mülki Məcəllənin: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən ödənilməmiş 129 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “Ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1316,9 kv.m olan əmlak kompleksinin 160 kv.m hissəsinin tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli İcarə müqaviləsində nəzərdə tutulmuş qaydada və şərtlərlə iddiaçıya təhvil verilməsi, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həmin əmlak iddiaçıya təhvil verilmədiyindən hesablanmış 12848 manat, ödənilmiş 129 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar