Məhkəmə qərarları › İş №e-2-2(117)-842/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-842/2025

11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-842/2025 11.09.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı X1 İnstitutunun cavabdeh "xxxx" MMC-yə qarşı “cavabdehdən 267/22 nömrəli müqavilə üzrə 7375 manat borcun və ödənilmiş 93.75 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı X1 İnstitutu cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, “cavabdehdən 267/22 nömrəli müqavilə üzrə 7375 manat borcun və ödənilmiş 93.75 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC tərəfindən Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin X1 İnstitutuna müraciət edilərək, Qax rayonu, uzunluğu 12,50 km olan İV texniki dərəcəli Qax-Qaşqaçay-Armudlu-Aşağı Malax avtomobil yolunun təmiri ilə əlaqədar yolun torpaq yatağının əsasını və asfaltbeton örtüyünün tikinti materiallarının keyfiyyətinin və konstruktiv elementlərin sınaq işləri aparılması sifariş edilmişdir. Həmin müraciət əsasında qeyd edilən ünvanlarda aparılmış sınaqlar ilə əlaqədar 267/22 nömrəli xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, İnstitut tərəfindən öhdəliklər tam yerinə yetirilərək istifadə edilən inşaat materiallarının keyfiyyətinin sınaq işləri aparılmışdır. Sınaq işlərinin aparılması ilə əlaqədar müqavilə dəyəri olan 14 750,00 manat məbləğin 7 375,00 manat hissəsi bu günədək institutun hesabına ödənilməmişdir. Görülmüş işlərin qalıq dəyərinin ödənilməsi barədə cavabdehlə uzun müddət aparılan danışıqlar nəticəsiz qalmışdır. Qeyd edilən hal uzun müddətdir ki, davam edir və iddiaçı təsərrüfat hesablı müəssisə olduğu üçün debitor borcların yığılması İnstitutun üçüncü şəxslər qarşısında öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsinə səbəb olub ki, bu da müəssisənin mənafeyinə və işgüzar nüfuzuna mənfi təsir göstərir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442-ci, 448-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü, 149-cu, 150-ci maddələri göstərilmişdir.

4. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-842/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.

İİ. Tərəflərin mövqeləri:

5. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı X1 İnstitutunun nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

İV. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Konstitusiyası

M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri

- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

V. Sübutların tədqiqi:

15. AR Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin X1 İnstitutu (icraçı) və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC (sifarişçi) arasında bağlanmış 19 aprel 2022-ci il tarixli, 267/22 nömrəli Sınaq işlərinin aparılmasına dair müqaviləyə əsasən, icraçı, layihə ilə nəzərdə tutulan İV texniki dərəcəli Qax- Qaşqaçay-Armudlu-Aşağı Malax avtomobil yolunun təmirində istifadə olunan materialların sahə və laboratoriya şəraitində sınaq işlərinin aparılmasını, sifarişçi isə 14750 manat (ƏDV 18% ilə birlikdə) məbləğində ödənişi həyata keçirməyi öz öhdəsinə götürmüşdür. 3.4. Ödənişlər, hesab-faktura daxil olan gündən 5 iş günü müddətində köçürmə yolu ilə, istisna hallarda nəğd yolu ilə həyata keçirilir.

16. 19 aprel 2022-ci il tarixli 1 saylı X2 ilə tərəflər, aparılan sınağın dəyərinin 14750 manat (ƏDV 18%-lə) məbləğində olmasına razılaşmışlar.

17. 29 dekabr 2023-cü il tarixli 1982/23 və 1983/23 nömrəli Yoxlama-sınaq işlərinin təhvil-qəbulu üçün aktlardan göründüyü kimi hər iki akt üzrə 7375 manat (ƏDV daxil) olmaqla ümumilikdə 14750 manat dəyərində yoxlama-sınaq işləri yerinə yetirilərək X1 İnstitutu tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir. Həmin aktlar tərəflərin imzaları və möhürləri ilə təsdiqlənmişdir.

18. 10.09.2025-ci il tarixli maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən borcundan xx.xx.2023-cü il tarixdə 7375 manat ödəniş edilmiş və onun görülmüş işlərə görə 7375 manat (ƏDV daxil olmaqla) borcu qalmışdır.

Vİ. Məhkəmənin mövqeyi:

19. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

20. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

21. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

22. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı təşkilatın təşkilati-hüquqi forması ilk anda belə təəsürat yaradır ki, iddiaçı elmi araşdırma aparan və ya təhsilverən müəsissədir. Lakin hüquqi şəxslərin dövlət reyestri sənədlərindən müəyyən edilir ki, iddiaçı kommersiya hüquqi şəxs olaraq dövlət qeydiyyatına alınmışdır. Onun müqavilə tərəfi olaraq hazırkı iddia ilə çıxış etmək hüququ tanınmalıdır.

23. İşin müəyyən olunmuş halları və iş materialları, o cümlədən iddiaçı tərəfin ötən məhkəmə iclasında verdiyi izahatı ilə təsdiqini tapmış mübahisələndirilməyən halları iddiaçı və cavabdeh arasında 19 aprel 2022-ci il tarixli, 267/22 nömrəli Sınaq işlərinin aparılmasına dair müqavilənin bağlanmasından, iddiaçı tərəfindən həmin müqavilə ilə razılaşdırılmış ümumilikdə 14750 manat dəyərində xidmətlərin yerinə yetirilməsindən və 29 dekabr 2023-cü il tarixli 1982/23 və 1983/23 nömrəli Yoxlama-sınaq işlərinin təhvilqəbulu barədə aktlarla cavabdehə təhvil verilməsindən ibarətdir.

24. İşin mübahisələndirilən halına isə görülmüş işlərə görə cavabdehin iddiaçıya borcunun qalıb-qalmaması halı aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hallara aydınlıq gətirmişdir.

25. Belə ki, məhkəməyə təqdim edilmiş sübutlardan, eyni zamanda iddiaçının nümayəndəsinin ötən məhkəmə iclasında verdiyi izahatından da göründüyü kimi iddiaçı, 19 aprel 2022-ci il tarixli, 267/22 nömrəli müqaviləyə əsasən, İV texniki dərəcəli Qax- Qaşqaçay-Armudlu-Aşağı Malax avtomobil yolunun təmirində istifadə olunan materialların sahə və laboratoriya şəraitində sınaq işlərinin aparılmasını öz üzərinə götürmüş, 29 dekabr 2023-cü il tarixli 1982/23 və 1983/23 nömrəli aktlardan göründüyü kimi iddiaçı öhdəsinə götürdüyü ümumilikdə 14750 manat dəyərində olan işləri yerinə yetirərək cavabdehə təhvil vermiş, bundan sonra cavabdeh həmin borcdan 7375 manat ödəniş etmişdir. İş materiallarından da göründüyü kimi tərəflər arasında müqavilə əsasında müvafiq münasibətlərin yaranması, iddiaçının öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Cavabdehin görülmüş işlərin dəyərini ödəməsinə münasibətdə isə iddiaçı bildirmişdir ki, o, borcunun 7375 manat hissəsini ödəməmişdir. Göründüyü kimi iddiaçı tərəf öz iddiasını əsaslandıraraq ilkin sübutlarını təqdim etmiş, lakin cavabdeh iddia tələbinə münasibətini bildiməmiş, qeyd edilənlərin əksini sübut edəcək hər hansısa bir dəlilini, etirazını məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə əlavə araşdırma aparmamış və təqdim edilən sübutlar əsasında yekun məhkəmə qərarı çıxarılması nəticəsinə gəlmişdir.

26. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 7375 manat məbləğində borcun tutulmasını tələb etməkdə haqlıdır.

27. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).

28. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir.

29. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.

30. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

31. Məhkəmə qeyd edilən qanunvericiliyin hüquqi izahları baxımından məsələyə yanaşaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfin sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını verməyinə baxmayaraq, cavabdeh tərəf qeyd edilən halların əksini sübut edən dəlilləri məhkəməyə təqdim etməyərək onun tərəfindən üzərinə düşən sübutetmə vəzifəsini icra etməmişdir.

32. Beləliklə yekun olaraq məhkəmə hesab edir ki, cavabdeh "xxxx" MMC-dən 7375 manat məbləğində əsas borc tutularaq iddiaçı X1 İnstitutuna ödənilməlidir.

Vİİ. Məhkəmə məsrəfləri:

33. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənildiyindən 93.75 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının hesabına öödənilməlidir.

Vİİİ Nəticə:

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli 267/22 nömrəli müqavilə üzrə 7375 manat borc və ödənilmiş 93.75 manat dövlət rüsumu tutularaq iddiaçı X1 İnstitutuna ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar