Məhkəmə qərarları › İş №e-2-2(117)-892/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-892/2022

05.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-892/2022 05.08.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı MMC-nin Cavabdeh MMC-dən 12137,72 manat borcun, əldən çıxmış fayda kimi illik 5% olmaqla ərizə verilən tarixə 1000 manat və ödənilmiş 200 manat mediasiya xərci, həmçinin müvəqqəti təminat tədbiri barədə rüsum olaraq 20 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli 26/0521 nömrəli podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, icraçı qiymət protokolunda qeyd olunan obyektdə işləri yerinə yetirib sifarişçiyə təhvil verməyi, sifarişçi isə icraçının gördüyü işlərin müqabilində bu müqavilə ilə razılaşdırılmış haqqı verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə üzrə görüləcək işlərin qiyməti əlavə edilən qiymət razılaşma protokolu və ya icraçının təqdim etdiyi işin yerinə yetirilməsini təsdiq edən akt, elektron qaimə əsasında müəyyən edilir və bankdan köçürmə yolu ilə ödənir. Müqaviləyə əlavə edilmiş xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılma protokoluna əsasən, görüləcək işin dəyəri 12137,72 manat müəyyən olunmuşdur. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə 12137,72 manat ödənilməmiş borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli Təhvil-Təslim Aktına əsasən, 12137,72 manat məbləğində malların təhvil verildiyi hər iki tərəfin nümayəndələrinin imzası ilə təsdiq olunmuşdur. xx.xx.2021-ci il tarixli elektron qaimədən də görünür ki, iddiaçı Gəncə şəhərində yerləşən Mida baxçasında həyət örtüyü ilə bağlı işlərin görülməsi üçün 12137,72 manat dəyərində işlər görmüş və xidmətlər göstərmişdir. İddiaçı bununla bağlı cavabdehə dəfələrlə müraciət etmiş və öhdəliyin icra edilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və ödənilməmiş 12137,72 manat borcu qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmiş, elektron məhkəmə İnformasiya sisteminin imkanlarından istifadə etməklə qarşı tərəfə elektron poçt və SMS məlumatlandırma vasitəsilə xəbərdar edilmişlə, cavabdeh məhkəmə iclasında iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eyni zamanda iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada materiallar məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış müqavilə, təhvil-təslim aktı, elektron qaimə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra MM) maddə - 406.1, 329.2, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri) Hazırkı mübahisə podrat müqaviləsinin yerinə yetirilməməsi nəticəsində işin dəyərinin cavabdeh tərəfindən ödənilməməsi ilə bağlı əmələ gəlmişdir. MM-in: 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 598.3. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 26/0521 nömrəli podrat müqaviləsinə əsasən, icraçı qiymət protokolunda qeyd olunan obyektdə işləri yerinə yetirib sifarişçiyə təhvil verməyi, sifarişçi isə icraçının gördüyü işlərin müqabilində bu müqavilə ilə razılaşdırılmış haqqı verməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixdə təhvil-təslim aktı imzalanmış, xx.xx.2021-ci il tarixli müqaviləyə əlavə edilmiş qiymətlərin razılaşdırılma protokoluna əsasən görüləcək işin dəyəri 12137,72 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş elektron-qaimədən də görünür ki, Gəncə şəhərində yerləşən Mida baxçasında həyət örtüyü ilə bağlı işlərin görülməsi üçün 12137,72 manat məbləğində podrat müqaviləsi üzrə işlər görülmüşdür. Eyni zamanda, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə satıcının alıcıya təqdim etdiyi xx.xx.2022-ci il tarixli elektron qaimənin sistem qeydiyyatının mövcud olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinin tələblərinə əsasən vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura verilir. Bu sənədlər işin və ya xidmətin göstərilməsi müddətindən konkret vaxt məhdudiyyətləri nəzərə almaqla verilir, həmin elektron qaimədən imtina və təsdiq edilməsi ilə bağlı qanunvericiliyin tələbləri vardır. Ona görə də elektron qaimə ciddi mühasibat sənədi olmaqla dövlət qeydiyyatına alınan sənəddir və sübut əhəmiyyəti olan sənəd olaraq ona istinad edilməsi qanunidir. Cavabdeh tərəf təqdim edilən sübutlara hər hansı etiraz və ya münasibət bildirməmiş və dəlillləri mübahisələndirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı 12137,72 manat borcun cavabdehdən tutularaq qaytarılmasını tələb etməkdə haqlıdır. İddia tələbinin “məhkəmə əldən çıxmış fayda kimi illik 5 % olmaqla xx.xx.2022-ci il tarixə 1000 manat xərcin tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, MM-in 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Lakin iddiaçı əsas məbləğin ona qaytarılmadığı müddət üçün illik 5 % məbləğində əldən çıxmış faydanın hesablanmasını tələb etsə də, həmin normada bank uçot faiz dərəcəsi ilə hesablanma nəzərdə tutulduğundan iddiaçının bu tələbi əsasən MM-in 445.7-ci maddəsinə əsasən belə bir hüququnun olduğunu təsdiq edir. Müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə üzrə görüləcək işlərin qiyməti əlavə edilən qiymət razılaşma protokolu və ya icraçının təqdim etdiyi işin yerinə yetirilməsini təsdiq edən akt, elektron qaimə əsasında müəyyən edilir və bankdan köçürmə yolu ilə ödənir. Görülmüş İşlər xx.xx.2021-ci il tarixdə təhvil verildiyindən və iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etdiyindən müqavilənin şərtlərinə əsasən, əldən çıxmış fayda kimi illik 5 % məbləğin tələb olunması xx.xx.2021-ci il tarixdən hesablanaraq 1 il müddət üçün hesablanmalıdır. Sadə hesablama yolu ilə 12137,72 x 5% / 100=606,81 manat məbləğində müəyyən olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli və əldən çıxmış fayda qismində illik 5 % olaraq 606,81 manat məbləğ cavabdehdən tutulmalıdır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 126,41 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən həmin dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İddiaçı 200 manat məbləğində mediasiya xərci ödədiyindən, 126,41 manat ödənilməmiş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddia tələbinin “20 manat müvəqqəti təminat tədbiri barədə rüsumun tutulması” hissəsinə münasibətdə bildirir ki, məhkəmə tərəfindən “müvəqqəti təminat tədbiri barədə” ərizəyə münasibət bildirilmiş və geri qaytarılmışdır. Hazırda müvəqqəti təminat barədə ərizəyə baxılmır və onunla bağlı qeyd edir ki, iddiaçı bununla bağlı müraciət tarixinə dövlət rüsumunun ödənişi barədə hər hansı təsdiq edici sübutu ərizəyə əlavə etməmişdir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 12137,72 manat borcun, əldən çıxmış fayda kimi illik 5% olmaqla ərizə verilən tarixə 606,81 manat və ödənilmiş 200 manat mediasiya xərci tutulsun. İddia qalan hissədə rədd edilsin. Cavabdeh MMC-dən ödənilməmiş 126,41 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar