Məhkəmə qərarları › İş №e-2-2(117)-90/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-90/2022

03.02.2022 · Vergi mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-90/2022 03.02.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı 10 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “cavabdehin 26.11.2021-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 1131,75 manat məbləğində borcun ödənilməsini təmin etmək məqsədilə 1388,5 manat və Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 4566,36 manat borcun ödənilməsini təmin edilməsi məqsədilə 4900 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi ödəyicisi olan cavabdeh məcburi dövlət sosial sığorta və dövlət vergisi ilə bağlı öhdəliklərini yerinə yetirmədiyindən onun 26.11.2021-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 1131,75 manat və Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 4566,36 manat borcu vardır. Yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının 26.11.2021-ci il tarixli **********6 nömrəli qərarı əsasında 30.11.2021-ci il tarixli **********6 nömrəli protokolla cavabdehə məxsus əmlak - dəyəri 362,50 manat olan 47 ədəd tikinti materialı (alçıpan), dəyəri 128 manat olan 4 ədəd emusiya (Penguin), dəyəri 396 manat olan 12 ədəd emusiya (Zink), dəyəri 192 manat olan 6 ədəd emusiya (Boston), dəyəri 160 manat 16 ədəd olan emusiya (Boston), dəyəri 160 manat olan 16 ədəd emusiya (Zink) və vergi orqanının 26.11.2021-ci il tarixli **********6 nömrəli qərarı əsasında, 30.11.2021-ci il tarixli **********6 nömrəli protokolla cavabdehə məxsus əmlakdəyəri 270 manat olan 36 ədəd Araq 700 ml (Bio libe), dəyəri 1446 manat olan 170 ədəd pampers (Baby pal), dəyəri 84 manat olan 120 ədəd enerji içkisi (Full), dəyəri 135 manat olan 30 ədəd çay (final), dəyəri 81 manat olan 18 ədəd çay (Berqa), dəyəri 600 manat olan 1 ədəd soyuducu (Uğur), dəyəri 900 manat olan 1 ədəd soyuducu (Uğur), dəyəri 700 manat olan 1 ədəd kondisioner (Supermax), dəyəri 51 manat olan 3 ədəd yuyucu toz (Biolan), dəyəri 17 manat olan 1 ədəd yuyucu toz (Çayka), dəyəri 17 manat olan 1 ədəd yuyucu toz (Abamia), dəyəri 600 manat olan 1 ədəd soyuducu (Uğur) siyahıya alınmışdır. 03.12.2021-ci il tarixli xəbərdarlıq məktubu ilə cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, vergi ödəyicisi vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə vergi borcu yaranmışdır. Lakin görülən tədbirlərə baxmayaraq, qeyd olunan borc məbləği bu günədək ödənilməmişdir. Vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmış, həmin qərar əsasında cavabdehin dövlət büdcəsinə yaranan borcuna görə əmlakı siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncuya ünvanı üzrə 17.01.2022-ci il tarixdə məhkəmə bildirişinin təqdim olunmasına baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: cavabdehin şəxsi hesab vərəqəsinin surəti, əmlakın siyahıya alınmasına dair vergi orqanının qərarı, vergilərin və sosial sığorta haqlarının hesablanması barədə vergi orqanının qərarı, əmlakın siyahıya alınması barədə protokolun surəti, xəbərdarlıq,foto şəkil,.və.s.daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəllsinin 16.1-ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyəcisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. “Sosial sığorta haqqında” 18.02.1997-ci il tarixli Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 9-cu və 11-ci maddələri ilə sığortaçının üzərinə sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, sığorta olunanın üzərinə isə sosial sığorta haqqını vaxtında ödəmək vəzifələri qoyulmuşdur. 18-ci maddəsinin ikinci hissəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndinə əsasən, həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü abzaslarında, ikinci hissəsinin beşinci və altıncı abzaslarında, 10-cu maddəsinin dördüncü (hər iki halda) və beşinci abzaslarında, 13.1-ci maddəsində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü (birinci halda) və 13.4-cü maddələrində, 18-ci maddəsinin birinci hissəsinin altıncı abzasında və ikinci hissəsində, 29-cu maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdehin 26.11.2021-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 1131,75 manat, Dövlət Sosial Müdafiə fonduna 4566,36 manat borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, sığortaedənin üzərinə qanunla müəyyən edilmiş sosial sığorta haqlarını ödəmək vəzifəsi qoyulduğundan iddia tələbi təmin edilməli və cavabdehin dövlət büdcəsinə 26.11.2021-ci il tarixə yaranmış dövlət büdcəsinə ödənilməmiş 1131,75 manat, Dövlət Sosial Müdafiə fonduna 4566,36 manat borcunun ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus olan 1388,50 manat və 4900 manat dəyərində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə də cavabdehdən 76,98 manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Dövlət büdcəsinə ödənilməmiş 1131,75 manat məbləğində borcun ödənilməsini təmin etmək məqsədilə 1388,5 manat və Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 4566,36 manat borcun ödənilməsini təmin edilməsi məqsədilə 4900 məbləğində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılsın. Cavabdeh 76,98 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar