Məhkəmə qərarları › İş №e-2-2(117)-999/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-999/2023

19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-999/2023 19.10.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “1424,24 manat pulun və 65 manat mediasiya xərcinin tutulması” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Sifarişçi İddiaçı (bundan sonra mətndə iddiaçı) ilə icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə cavabdeh) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 07/62 nömrəli Mallar (şlər və Xidmətlər) üzrə Satınalma müqaviləsinə əsasən Sifarişçi reklam işlərinin satınalınması üçün icraçının 12500 manat məbləğində tender təklifini qəbul etmişdir. xx.xx.2022-ci il tarxili Təhvil-təslim aktından görünür ki, xx.xx.2022-ci il tarixli 07/62 nömrəli müqavilə üzrə alıcı İddiaçı 9169,49 manat məbləğində məhsulu satıcı X1 almış və həmin məhsullara 1650,51 manat X7 (ƏDV) hesablanmışdır. Ümumilikdə məbləğ 10820 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, 10820 manat və 1650,51 manat məbləğində pul İddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına ödənilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilə üzrə alınan malların dəyəri ƏDV də daxil olmaqla 10820 manat olsa da, yanlışlıqla ƏDV iki dəfə ödənilmiş və əlavə 1650,51 manat ödəniş edilmişdir. Lakin cavabdeh tərəfindən həmin məbləğin yalmnız 226,27 manatı geri qaytarılmışdır. İddiaçı qalan borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildiriş “Bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmış, lakin cavabdhein nümayəndəsi ilə telefon əlaqəsi saxlanılaraq iddia barədə məlumat verilmiş, whatsapp hesabına və elektron poçta iddia ərizəsinin və əlavə edilmiş sənədlər və məhkəmənin bildirişi göndərilmişdir. Lakin cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış müqavilə, üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında podrat, xidmət və alqı-satqı münasibətlərindən əmələ gələn qarışıq müqavilə bağlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, Sifarişçi İddiaçı ilə icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli 07/62 nömrəli Mallar üzrə Satınalma müqaviləsinə əsasən Sifarişçi reklam işlərinin satınalınması üçün icraçının 12500 manat məbləğində tender təklifini qəbul etmişdir. xx.xx.2022-ci il tarxili Təhvil-təslim aktından görünür ki, xx.xx.2022-ci il tarixli 07/62 nömrəli müqavilə üzrə alıcı İddiaçı 9169,49 manat məbləğində məhsulu satıcı X1 almış və həmin məhsullara 1650,51 manat ƏDV hesablanmışdır. Ümumilikdə məbləğ 10820 manat təşkil etmişdir. 10820 manat və 1650,51 manat məbləğində pul ayrılıqda İddiaçı tərəfindən "xxxx" MMCnin hesabına ödənilmişdir. Yəni, alınan mallara görə 2 dəfə ƏDV ödənilmişdir. Lakin cavabdeh tərəfindən həmin məbləğin yalnız 226,27 manatı geri qaytarılmış, ödənilməmiş 1424,24 manat borcu qalmışdır. Bu səbəbdən məhkəmənin qənaəti odur ki, həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 34,25 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənildiyindən və iddiaçı mediasiya xərcini cavabdehdən tələb etdiyindən 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 1424,24 manat məbləğində pul və 60 mediasiya xərci tutularaq İddiaçın hesabına ödənilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 34,25 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada şikayət verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar