Məhkəmə qərarları › İş №e-2-2(119)-1037/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1037/2022

18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1037/2022 18.10.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı nümayəndələri – Nümayəndə2 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1 iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 28 iyun 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 69881,58 (altmış doqquz min səkkiz yüz səksən bir manat 58 qəpik) manat (Azərbaycan Respublikası Mərkəzi Bankın məzənnəsinə əsasən 41106,81 ABŞ dolları) məbləğində əsas borc, 8500 (səkikiz min beş yüz) manat istifadə olunmuş məbləğ üzrə təzminat, ilkin mediasiya sessiyasında iştirak ilə bağlı ödənilmiş 410 (dörd yüz on) manat dövlət rüsumu, vəkil xidmətləri üçün ödənilmiş 2000 (iki min) manat və iddia ərizəsi verilməsi üçün dövlət büdcəsinə köçürülmüş 332,37 (üç yüz otuz iki manat 37 qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 81123,95 (səksən bir min yüz iyirmi üç manat 95 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər İddiaçı tərəfindən 23 avqust 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia ərizəsinə düzəliş edilməsi” barədə ərizə təqdim edilərək, Cavabdehndən 69881,58 (altmış doqquz min səkkiz yüz səksən bir manat 58 qəpik) manat (Azərbaycan Respublikası Mərkəzi Bankın məzənnəsinə əsasən 41106,81 ABŞ dolları) məbləğində əsas borc, 8500 (səkkiz min beş yüz) manat məbləğində hesablanmış dəbbə pulu, ilkin mediasiya sessiyasında iştirak ilə bağlı ödənilmiş 410 (dörd yüz on) manat dövlət rüsumu, vəkil xidmətləri üçün ödənilmiş 2030 (iki min otuz) manat xidmət haqqı və iddia ərizəsi verilməsi üçün dövlət büdcəsinə köçürülmüş 332,37 (üç yüz otuz iki manat 37 qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 81153,95 (səksən bir min yüz əlli üç manat 95 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı tərəfindən həmin iddia ərizəsində və “iddia ərizəsinə düzəliş edilməsi” barədə ərizədə iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra “Ekspeditor”) 03 may 2018-ci ildə dövlət qeydiyyatına alınmış və Sifarişçinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi olduğu yüklərin daşınması ilə bağlı işləri və xidmətləri yerinə yetirməyi (nəqliyyat-ekspeditor xidmətlərinin göstərilməsi), habelə yükün çatdırılması üçün lazım olan digər xidmətləri göstərir. Cavabdeh (bundan sonra “Sifarişçi”) müvafiq yüklərin dəmir yolu vasitəsi ilə daşınması üçün Ekspeditor ilə 24 oktyabr 2019-cu il tarixli ALM-153 nömrəli Nəqliyyat ekspedisiya Müqaviləsi (bundan sonra “Müqavilə”) imzalamışdır. Bununla da Sifarişçi həmin Müqavilənin şərtlərinə uyğun olaraq yerləşdirilmiş sorğuya əsasən Ekspeditora işlərin ilkin dəyərinin 100% əvvəlcədən ödənişini etməklə görülmüş işlərin və xidmətlərin vaxtında təhvil alınması və ödənilməsi üzrə öhdəliyi öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin şərtlərinə əsasən Ekspeditor Sifarişçinin təqdim etdiyi sifarişlər üzrə əməliyyatların (bundan sonra “Xidmətlər” adlandırılacaq) icrasını və ya icrasının təşkilini, Sifarişçi isə sifariş edilən Xidmətlərin dəyərini Ekspeditor tərəfindən hesab-faktura təqdim edilən andan dərhal, hər bir halda Xidmətlərin göstərilməsinin başlamasına 3 (üç) təqvim günü qalmış, Ekspeditorun bank hesabına 100% öncədən ödəməyi öz öhdəsinə gotürür. Həmin Müqavilənin 4.1.7-ci bəndinə əsasən, tərəflər hər növbəti ayın 5 (beş) iş günü ərzində əvvəlki ay ərzində göstərilmiş xidmətlərlə bağlı üzləşmə aparmalı və müvafiq Üzləşmə Aktı imzalamalıdırlar. Həmin Müqavilənin 4.1.5-ci bəndinə əsasən daşınma üçün təqdim edilmiş hesabfakturalar üzrə hər gecikdirilmiş gün üçün hesab-faktura məbləğinin 0,5% miqdarında gecikmə cəriməsi nəzərdə tutulmuşdur. Cavabdeh MMC imzalanmış müqaviləyə istinad edilməklə 21 may 2020-ci il tarixli yük daşımaları üzrə Üzləşmə aktını imzalamışdır. X1 Ekspeditor tərəfindən cavabdehə dəmir yolu ilə beynəlxalq yük daşımaları xidmətinin göstərilməsini, bunun müqabilində isə cavabdehin 01 yanvar 2020 - 31 iyul 2020-ci il tarixləri əhatə edən dövr üzrə aparılmış daşımalar üçün 36561,26 (otuz altı min beş yüz altmış bir dollar 26 sent) ABŞ dolları məbləğində daşınma xərcini ödəmədiyini təsdiqləmişlər. Həmçinin, avqust ayında yerləşdirilmiş sifarişi nəzərə alaraq 30 oktyabr 2020-ci il tarixində fakt daşımalar üzrə cavabdehin borcu artıq 39028,58 (otuz doqquz min iyirmi səkkiz dollar 58 sent) ABŞ dolları təşkli etmişdir və bunula bağlı 30 oktyabr 2020-ci il tarixində yük daşımaları üzrə Üzləşmə aktı tərtib olunaraq qarşı tərəfə təqdim olunmuşdur. Lakin, cavabdeh həmin üzləşmə aktını bilərəkdən imzalamaqdan boyun qaçırmışdır. Daha sonra cavabdeh 2020-ci ilin dekabr ayında 956,97 (doqquz yüz əlli altı dollar 97 sent) ABŞ dolları və 2021-ci il may ayında isə 1121,28 (min yüz iyirmi bir dollar 28 sent) ABŞ dolları həcmində yük daşıma xidmətləri ilə bağlı sifarişlər etmiş və Ekspeditor tərəfindən həmin sifarişlər də həyata keçirilərək, əvəzində müvafiq hesab-faktura təqdim olunmuşdur. Nəticə olaraq cavabdehin 41106,81 (qırx bir min yüz altı dollar 81 sent) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə əsasən 69881,58 (altmış doqquz min səkkiz yüz səksən bir manat 58 qəpik) manat) məbləğində borc öhdəliyi yaranmışdır. Tərəflər arasında imzalanmış müqaviləyə istinad edilməklə, Cavabdeh MMC-yə müxtəlif tarixlərdə borcun ödənilməsinə dair xəbərdarlıqlar və tələblər, məsələnin məhkəmədənkənar həll edilməsinə dair məktublar, son olaraq 06 yanvar 2021-ci il tarixdə isə B0307118 saylı pretenziya məktubu (təkrar) göndərilmişdir. Lakin cavabdeh müxtəlif bəhanələri əsas tutaraq borcun ödənilməsindən yayınmaqdadır. Bakı 1 saylı Mediasiya Təşkilatı vasitəsi ilə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etmək üçün Cavabdeh MMC-yə təklif göndərilməsinə və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişin təqdim edilməsinə baxmayaraq, Cavabdeh MMC ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də, “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı Mediasiya təşkilatı tərəfindən müvafiq arayış təqdim edilərək, mediasiya prosesinə xitam verilmişdir (bundan sonra iddia ərizəsində və “iddia ərizəsinə düzəliş edilməsi” barədə ərizədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 850, 852, 442, 443, 445 və 448-ci maddələrinə istinad edilmişdir). İş üzrə keçirilən məhkəmə baxış iclasında İddiaçı nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia ərizəsinə düzəliş edilməsi” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdehndən 69881,58 manat məbləğində əsas borc, 8500 manat məbləğində hesablanmış dəbbə pulu, ilkin mediasiya sessiyasında iştirak ilə bağlı ödənilmiş 410 manat məbləğində xidmət haqqı, vəkil xidmətləri üçün ödənilmiş 2030 manat məbləğində xidmət haqqı və iddia ərizəsi verilməsi üçün dövlət büdcəsinə köçürülmüş 332,37 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 81153,95 manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişdir (İş üzrə 19 sentyabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə iştirak edərək, iddia tələbini qəbul etmədiyini bildirsə də, iş üzrə təyin edilmiş növbəti məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir). Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, “iddia ərizəsinə düzəliş edilməsi” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, ekspeditor İddiaçı (VÖEN **********) ilə sifarişçi Cavabdeh (VÖEN **********) arasında bağlanmış 24 oktyabr 2019-cu il tarixli ALM-153 nömrəli “Nəqliyyat ekspedisiyası” Müqaviləsinə əsasən, “Ekspeditor” Sifarişçinin təqdim etdiyi sifarişlərə uyğun olaraq Müqavilədə qeyd olunan əməliyyatların (bundan sonra “Xidmətlər” adlandırılacaq), yəni - nəqliyyat və nəqliyyat ekspedisiya xidmətlərinin, hər növ stansiya xidmətlərinin (o cümlədən, yükləmə və yüklərin göndərilməsi üçün naryad alınma, vaqonlann/nəqliyyat vasitələrinin verilib-götürülməsi, nəqliyyat sənədlərinin rəsmiləşdirilməsi, stansiya xidmətlərindən irəli gələn xərclərin ödənilməsi (yüklərin/vaqonlann/nəqliyyat vasitələrinin saxlanılması üçün, yüklərin/vaqonların/ nəqliyyat vasitələrinin boşdayanması üçün cərimələrin)), mühafizə, yükləmə/boşaltma xidmətlərinin, gömrük rəsmiləşdirməsi və/ya digər rəsmiləşdirmələrin, keyfiyyət və kəmiyət ölçüləri, yüklərin/mallarin saxlanılması/anbarlaşdırılması, yüklərin/malların aşırılması və tərəflərin razılaşdırdığı digər əməliyyatların - icrasını və ya icrasının təşkilini, “Sifarişçi” isə həmin Xidmətlərin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşlər. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, Sifarişçi göstərilən Xidmətlərə görə Ekspeditorun təqdim etdiyi hesab-fakturalara əsasən ödəməyi öz üzərinə götürür. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, Sifarişçi sifariş edilən Xidmətlərin dəyərini Ekspeditor tərəfindən hesab-faktura təqdim edilən andan dərhal, hər bir halda Xidmətlərin göstərilməsinin başlamasına 3 (üç) təqvim günü qalmış, Ekspeditorun bank hesabına 100% öncədən ödəməyi öz öhdəsinə götürür. Tərəflər razılığa gəlirlər ki, ödəniş alındıqdan sonra Sifarişçinin sifarişləri icraya qəbul olunmuş sayılır. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, göstərilən Xidmətlərin dəyəri bu Müqavilənin Əlavələri ilə tənzimlənir. Həmin Müqavilənin 4.1.5-ci bəndinin tələblərinə görə, Ekspeditorun hesabfakturasının vaxtında ödənilməməsi hallarında Sifarişçi hər gecikdirilmiş gün üçün hesabfaktura məbləğinin 0,5% miqdarında cərimə ödəməyə borcludur. Həmin Müqavilənin 4.1.7-ci bəndinin tələblərinə görə, tərəflər hər növbəti ayın 5 (beş) iş günü ərzində əvvəlki ay ərzində göstərilmiş xidmətlərlə bağlı üzləşmə aparmalı və müvafiq Üzləşmə Aktı imzalamalıdırlar və Sifarişçi tərəfindən Üzləşmə Aktının imzalanması gecikdirilərsə, Ekspeditorun təqdim etdiyi xidmət haqqlarına aid və digər məlumatlar əsaslı və Sifarişçi tərəfindən qəbul edilmiş hesab edilməlidir. İş materiallarında olan 24 oktyabr 2019-cu il tarixli ALM-153 nömrəli “Nəqliyyat ekspedisiyası” Müqaviləsi üzrə tərtib edilmiş 21 may 2020-ci il tarixli Üzləşmə Aktından görünür ki, 01 yanvar 2020-ci ildən 31 iyul 2020-ci il tarixinədək icra edilmiş yük daşıma və ekspeditor xidmətlərinə görə sifarişçi Cavabdeh ekspeditor İddiaçınə cəmi 36561,26 (otuz altı min beş yüz altmış bir dollar 26 sent) ABŞ dolları məbləğində ödənilməmiş borcu vardır (həmin Akt Cavabdeh MMC tərəfindən imzalanmışdır). İş materiallarında olan 24 oktyabr 2019-cu il tarixli ALM-153 nömrəli “Nəqliyyat ekspedisiyası” Müqaviləsi üzrə tərtib edilmiş 30 oktyabr 2020-ci il tarixli Üzləşdirmə Aktından görünür ki, sifarişçi Cavabdeh 01 yanvar 2020-ci ildən 31 avqust 2020-ci il tarixinədək icra edilmiş yük daşıma və ekspeditor xidmətlərinə görə sifarişçi Cavabdeh ekspeditor İddiaçınə cəmi 39028,56 (otuz doqquz min iyirmi səkkiz dollar 56 sent) ABŞ dolları məbləğində ödənilməmiş borcu vardır (Akt Cavabdeh MMC tərəfindən imzalanmamışdır). İş materiallarından görünür ki, 24 oktyabr 2019-cu il tarixli ALM-153 nömrəli “Nəqliyyat ekspedisiyası” Müqaviləsi üzrə icra edilmiş yük daşıma və ekspeditor xidmətlərinə görə ekspeditor İddiaçı tərəfindən sifarişçi Cavabdehnə - 2637,41 (iki min altı yüz otuz yeddi manat 41 qəpik) manat məbləğində pulun ödənilməsi ilə əlaqədar "Beynəxalq yük daşıma xidmətlərinə görə, oktyabr 2019" qeydi yazılmış 24 dekabr 2019cu il tarixli EBAE seriyalı 280137 nömrəli elektron qaimə, 10456,53 (on min dörd yüz əlli altı manat 53 qəpik) manat məbləğində pulun ödənilməsi ilə əlaqədar "Beynəxalq yük daşıma xidmətlərinə görə, noyabr 2019" qeydi yazılmış 20 yanvar 2020-ci il tarixli EBAF seriyalı 289399 nömrəli elektron qaimə, 1369,66 (min üç yüz altmış doqquz manat 66 qəpik) manat məbləğində pulun ödənilməsi ilə əlaqədar "Beynəxalq yük daşıma xidmətlərinə görə, dekabr 2019" qeydi yazılmış 18 fevral 2020-ci il tarixli EBAG seriyalı 503636 nömrəli elektron qaimə, 1391,28 (min üç yüz doxsan bir manat 28 qəpik) manat məbləğində pulun ödənilməsi ilə əlaqədar "Beynəxalq yük daşıma xidmətlərinə görə, mart 2020" qeydi yazılmış 02 iyun 2020-ci il tarixli EBAK seriyalı 604708 nömrəli elektron qaimə, 12605,10 (on iki min altı yüz beş manat 10 qəpik) manat məbləğində pulun ödənilməsi ilə əlaqədar "Beynəxalq yük daşıma xidmətlərinə görə, aprel 2020" qeydi yazılmış 24 iyun 2020-ci il tarixli EBAL seriyalı 521910 nömrəli elektron qaimə, 10064,68 (on min altmış dörd manat 68 qəpik) manat məbləğində pulun ödənilməsi ilə əlaqədar "Beynəxalq yük daşıma xidmətlərinə görə, may 2020" qeydi yazılmış 05 avqust 2020-ci il tarixli EBAN seriyalı 250384 nömrəli elektron qaimə, 15619,58 (on beş min altı yüz on doqquz manat 58 qəpik) manat məbləğində pulun ödənilməsi ilə əlaqədar "Beynəxalq yük daşıma xidmətlərinə görə, iyun 2020" qeydi yazılmış 01 sentyabr 2020-ci il tarixli EBAP seriyalı 308320 nömrəli elektron qaimə, 16942,69 (on altı min doqquz yüz qırx iki manat 69 qəpik) manat məbləğində pulun ödənilməsi ilə əlaqədar "Beynəxalq yük daşıma xidmətlərinə görə, iyul 2020" qeydi yazılmış 22 sentyabr 2020-ci il tarixli EBAQ seriyalı 267794 nömrəli elektron qaimə, 4194,41 (dörd min yüz doxsan dörd manat 41 qəpik) manat məbləğində pulun ödənilməsi ilə əlaqədar "Beynəxalq yük daşıma xidmətlərinə görə, avqust 2020" qeydi yazılmış 03 noyabr 2020-ci il tarixli EBAS seriyalı 075845 nömrəli elektron qaimə, 1626,85 (min altı yüz iyirmi altı manat 85 qəpik) manat məbləğində pulun ödənilməsi ilə əlaqədar "Beynəxalq yük daşıma xidmətlərinə görə, dekabr 2020" qeydi yazılmış 23 fevral 2021-ci il tarixli EBAX seriyalı 841683 nömrəli elektron qaimə, 1906,18 (min doqquz yüz altı manat 18 qəpik) manat məbləğində pulun ödənilməsi ilə əlaqədar "Beynəxalq yük daşıma xidmətlərinə görə, may 2021" qeydi yazılmış 08 iyul 2021-ci il tarixli EBBE seriyalı 554777 nömrəli elektron qaimə - təqdim olunmuşdur. İş materiallarında olan 01 yanvar 2017-ci il tarixdən 26 iyul 2022-ci il tarixədək olan dövrü əhatə edən “Qaimələrin axtarışı” Çıxarışında olan məlumatlarla müəyyən olunur ki, 24 oktyabr 2019-cu il tarixli ALM-153 nömrəli “Nəqliyyat ekspedisiyası” Müqaviləsi üzrə ekspeditor "xxxx" MMC tərəfindən sifarişçi "xxxx" MMC-yə 24 dekabr 2019-cu ildən 08 iyul 2021-ci ilədək ekspedisiya və daşıma xidmətlərinin göstərilməsi ilə əlaqədar ümumilikdə cəmi 78814,37 manat məbləğində pulun ödənilməsi ilə əlaqədar elektron qaimələr təqdim olunmuş və həmin elektron qaimələr təsdiq edilmişdir. İş materiallarında olan 16 sentyabr 2022-ci il tarixli #B03070228 nömrəli Maliyyə Arayışından görünür ki, cavabdeh "Trade-A” Məhdud Məsuliyyətli Cəmiyyəti 24 oktyabr 2019-cu il tarixli ALM-153 nömrəli “Nəqliyyat ekspedisiya” Müqaviləsi üzrə 2019- 2021-ci illər üzrə 78814,36 (yetmiş səkkiz min səkkiz yüz on dörd manat 36 qəpik) manat məbləğində daşımalar sifariş etmiş olsa da, əvəzində "xxxx" MMC-yə cəmi 8932,79 (səkkiz min doqquz yüz otuz iki manat 79 qəpik) manat məbləğində ödəniş etmiş və halhazırda, yəni 16 sentyabr 2022-ci il tarixinə Cavabdeh İddiaçınə cəmi 69881,58 (altmış doqquz min səkkiz yüz səksən bir manat 58 qəpik) manat məbləğində borcu ödənməmişdir. İş materiallarında olan, iddiaçı "xxxx" MMC tərəfindən tərtib edilmiş " "Trade-A” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2019-2022-ci illər üzrə dövriyyəsi" Cədvəlində qeyd olunmuş məlumatlarla müəyyən edilir ki, ekspeditor "xxxx" MMC tərəfindən sifarişçi "Trade-A” MMC-yə 2019-cu ildə 14463,60 manat məbləğində daşımalar həyata keçirilmiş və həmin daşımalar üzrə 8932,79 manat məbləğində ödəniş edilmiş olsa da, 5530,81 manat məbləğində ödənilməmiş borc qalmışdır; 2020-ci ildə 62444,59 manat məbləğində daşımalar həyata keçirilmiş və həmin daşımalar üzrə 62444,59 manat məbləğində ödənilməmiş borc qalmışdır; 2021-ci ildə 1906,18 manat məbləğində daşımalar həyata keçirilmiş və həmin daşımalar üzrə 1906,18 manat məbləğində ödənilməmiş borc qalmışdır. Yəni, həmin illər üzrə ümumilikdə cəmi 78814,36 manat dəyərində göstərilmiş daşıma xidmətlərinə görə 8932,79 manat məbləğində ödəniş edilmiş olsa da, cəmi 69881,58 manat məbləğində ödənilməmiş borc qalmışdır. İş materiallarında olan Ödəniş Tapşırıqlarında olan məlumatlarla müəyyən olunur ki, cavabdeh "xxxx" MMC tərəfindən iddiaçı "xxxx" MMC-nin bank hesabına 28 oktyabr 2019cu il tarixli 000İNC********** nömrəli Ödəniş Tapşırığına əsasən 1304,50 manat, 05 noyabr 2019-cu il tarixli 000İNC********** nömrəli Ödəniş Tapşırığına əsasən 1274,55 manat, 05 noyabr 2019-cu il tarixli 000İNC********** nömrəli Ödəniş Tapşırığına əsasən 1312,60 manat, 13 noyabr 2019-cu il tarixli 000İNC********** nömrəli Ödəniş Tapşırığına əsasən 1331,61 manat, 15 noyabr 2019-cu il tarixli 000İNC********** nömrəli Ödəniş Tapşırığına əsasən 1350,63 manat, 28 noyabr 2019-cu il tarixli 000İNC********** nömrəli Ödəniş Tapşırığına əsasən 1141,40 manat və 28 noyabr 2019-cu il tarixli 000İNC********** nömrəli Ödəniş Tapşırığına əsasən 1217,50 manat məbləğində pul vəsaitləri olmaqla, ümumilikdə cəmi 8932,79 (səkkiz min doqquz yüz otuz iki manat 79 qəpik) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən, ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Həmin Məcəllənin 852.2-ci maddəsinə əsasən, daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir. Həmin Məcəllənin 852.3-cü maddəsinə əsasən, ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur. Əgər bir neçə yük göndərinin əşyalarının aralıq və son təyinat yerləri eynidirsə, ekspeditor bu əşyaları qruplaşdıraraq yığma nəqliyyat təşkil edə bilər. Bütün hallarda o, yük göndərənin mənafelərini qorumalı və göstərişlərinə əməl etməlidir. O, qarşıya çıxan bütün çətinliklər barəsində yük göndərənə məlumat verməlidir. Həmin Məcəllənin 852.4-cü maddəsinə əsasən, ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu) (maddə 852.4.1), və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd (maddə 852.4.2). Həmin Məcəllənin 852.5-ci maddəsinə əsasən, ekspeditor yük göndərənin göstərişlərindən bütün kənaraçıxmalar üçün onun qarşısında məsuliyyət daşıyır. Ekspeditor daşıyıcıların təqsiri üçün də məsuliyyət daşıyır, amma daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirdiyi hallar istisna təşkil edir. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla və işin konkret halları ilə müəyyən olunur ki, ekspeditor İddiaçı MMC ilə sifarişçi Cavabdeh MMC arasında bağlanmış 24 oktyabr 2019-cu il tarixli ALM-153 nömrəli “Nəqliyyat ekspedisiyası” Müqaviləsi üzrə 2019-cu ildən 2022-ci ilədək Ekspeditor tərəfindən Sifarişçi üçün ümumilikdə 78814,36 manat dəyərində daşıma xidmətləri göstərilmiş və həmin xidmətin dəyərinin cəmi 69881,58 manat hissəsi ödənilməmişdir. Eyni zamanda, qeyd etmək lazımdır ki, iddia ərizəsində tələb olunan borcun “manat”la yanaşı “ABŞ dolları” ilə də ifadə olunması hazırkı mübahisə üzrə əhəmiyyət daşımır. Çünki, məhkəməyə təqdim olunmuş maliyyə-mahasibatlıq sənədləri (elektron qaimələr, əvvəlki ödəniş sənədləri və s.) ilə məlum daşımaların dəyərləri “manat”la göstərilmiş və “manat”la hesablanmışdır. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh MMC ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı MMC tərəfindən mediatorun hesabına 410 (dörd yüz on) manat məbləğində xidmət haqqı və eyni zamanda, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən isə 332,37 (üç yüz otuz iki manat 37 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda qeyd olunanlara əsasən müəyyən edilir ki, 24 oktyabr 2019-cu il tarixli ALM-153 nömrəli “Nəqliyyat ekspedisiyası” Müqaviləsi əsasında 2019-2021-ci illəri əhatə edən dövr ərzində həyata keçirilmiş daşımalar üzrə Sifarişçi - Cavabdeh MMC-nin Ekspeditor - İddiaçı MMC-yə 69881,58 manat məbləğində ödənilməmiş daşıma xidməti haqqı borcunun olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmış olduğundan, iddia tələbi həmin hissədə təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehdən “8500 manat məbləğində dəbbə pulunun tutulması” hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla dəbbə pulu azaldılaraq, cavabdehdən cəmi 1000 (min) manat məbləğində dəbbə pulu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin, qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu məbləği azaldılarkən digər hallarla yanaşı, tərəflər arasında bağlanmış Müqavilə üzrə göstərilən xidmətlərin dəyərinin ödənilmə müddətinin və qaydasının dəqiq müəyyən edilməsinə baxmayaraq, iddiaçı tərəfindən həmin Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər vaxtında görülməyərək, uzun müddət sonra məhkəməyə müraciət edilməsi və bununla əlaqədar hesablanan dəbbə pulu məbləğinin də artması və dəbbə pullu məbləğinin artmasına iddiaçı tərəfin də hərəkətsizliyinin səbəb olması nəzərə alınmalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Bundan əlavə, məhkəmə hesab edir ki, iddianın “hüquqi yardımla əlaqədar ödənilmiş 2030 (iki min otuz) manat məbləğində xidmət haqqının” tutulması hissəsi isə qismən əsaslıdır. Belə ki, məhkəmə prosesində nümayəndə qismində öz işçisi Nümayəndə2 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1 ilə təmsil olunan iddiaçı - iddia tələbində “hüquqi yardımla əlaqədar ödənilmiş 2030 (iki min otuz) manat məbləğində xidmət haqqının” da cavabdehdən tutulmasını xahiş etmiş və bununla bağlı iddia ərizəsinə İddiaçı MMC tərəfindən "LCG" Vəkil Bürosunun hesabına hüquqi xidmətə görə 2030 (iki min otuz) manat məbləğində pul ödənilməsini təsdiq edən sənədləri əlavə etmişdir. Lakin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə - nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yəni, bu normanın tələbinə görə fiziki şəxs olaraq işdə iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin ağlabatan məbləğdə tutulmasına yol verilir. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən "LCG" Vəkil Bürosunun hesabına köçürülmüş 2030 (iki min otuz) manat məbləğində pulun da cavabdehdən tutulması tələb olunur ki, bu məbləğ - bu iş üzrə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə cavabdeh tərəfindən ödənilməli olan ağlabatan məbləğ hesab edilə bilməz. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci il tarixli qərarında da qeyd olunur ki, ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi” halda tutulmasına yol verilir. Bu halda, iddiaçı tərəfindən cavabdehdən tələb olunan “hüquqi yardımla əlaqədar ödənilmiş 2030 (iki min otuz) manat məbləğində xidmət haqqının tutulması”, yəni hüquqi xidmətlərə görə 2030 (iki min otuz) manat məbləğində pul vəsaiti - hazırkı iş üzrə ağlabatan və zərurətlə xərclənən məbləğ hesab edilə bilməz. Buna görə də, həmin məbləğin hamısı deyil, yalnız hazırkı iş üzrə mövcud şəraitdə və dövrdə ağlabatan və zərurətlə xərclənən hissəsi cavabdehə aid edilə bilər. Odur ki, hüquqi yardıma görə cavabdehdən tələb olunan 2030 (iki min otuz) manat məbləğində pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ həcminə görə ağlabatan və əsaslı olmadığından, həmin hissədə iddia tələbi qismən təmin edilməli və cavabdehdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə, yəni 500 (beş yüz) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdehndən 69881,58 manat məbləğində əsas borc, 1000 manat məbləğində dəbbə pulu və hüquqi yardımla əlaqədar 500 (beş yüz) manat məbləğində xidmət haqqı İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, mediasiya xidməti ilə əlaqədar İddiaçı MMC tərəfindən mediatora ödənilmiş 410 (dörd yüz on) manat məbləğində xidmət haqqının əvəzi və iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 332,37 (üç yüz otuz iki manat 37 qəpik) manat məbləğində pul vəsaiti də Cavabdeh MMC-dən tutularaq İddiaçınə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 69881,58 (altmış doqquz min səkkiz yüz səksən bir manat 58 qəpik) manat məbləğində əsas borc, 1000 (min) manat məbləğində dəbbə pulu, hüquqi yardımla əlaqədar 500 (beş yüz) manat məbləğində xidmət haqqı, mediasiya ilə əlaqədar 410 (dörd yüz on) manat məbləğində xidmət haqqı və 332,37 (üç yüz otuz iki manat 37 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 72123,95 (yetmiş iki min yüz iyirmi üç manat 95 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar