Məhkəmə qərarları › İş №e-2-2(119)-82/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-82/2022

15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-82/2022 15.02.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin nümayəndəsi Nümayəndə2, cavabdeh “X2” Şirkətinin Azərbaycan Respublikasındakı Fillialı ilə əlaqədar gəlmiş “X2” Şirkətinin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən cavabdeh “X2” Şirkətinin Azərbaycan Respublikasındakı Fillialına qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi 16 dekabr 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “X2” Şirkətinin Azərbaycan Respublikasındakı Fillialına qarşı "pul tələbi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir (həmin iddia ərizəsinin mətni Azərbaycan əlifbası (latın və yaxud, kril qrafikalı) ilə deyil, rus əlifbası ilə tərtib edildiyindən iddia ərizəsinin məzmununu və iddia tələbini oxuyub, dəqiq başa düşmək mümkün deyildir. Eləcə də, iddia ərizəsində tərəflərin ünvanları, ödənilmiş dövlət rüsumunun məbləği və digər zəruri hallar da qeyd olunmamışdır). Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması mərhələsində iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən 27 yanvar 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edilərək, Cavabdeh Şirkətinin hesabından 263113,86 manat məbləğində əsas borc, 554 manat məbləğində ödənilmiş dövlət rüsumu və 410 manat məbləğində mediasiya sessiyasına görə ödənilmiş xidmət haqqı olmaqla, cəmi 264077,86 manat məbləğində pulun tutulub Baş Mühafizə İdarəsinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İş üzrə 15 fevral 2022-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasına iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin nümayəndəsi Nümayəndə2 və cavabdeh “X2” Şirkətinin Azərbaycan Respublikasındakı Fillialı ilə əlaqədar “X2” Şirkətinin nümayəndəsi Nümayəndə1 gəlmişlər. Məhkəmə hazırlıq iclasında iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin baxılması üçün məhkəmə baxışına təyin olunmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında cavabdeh “X2” Şirkətinin Azərbaycan Respublikasındakı Fillialı ilə əlaqədar gəlmiş “X2” Şirkətinin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etmədiyini, bu mübahisə ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh tərəflə mübahisənin pretenziya qaydasında və yaxud, mediasiya prosesi vasitəsi ilə həll olunması üçün "X2" Şirkətinə və yaxud, Şirkətin Azərbaycan Respublikasındakı Fillialına heç bir müracətin və təklifin təqdim olunmadığını, məhkəmədən əvvəl pretenziya qaydasına riayət olunmadığını, iddiaçının mediasiya prosesi barədə təklifini və yaxud, mediatorun məktubunu cavabdeh tərəfin, yəni Şirkətin və ya Filialın almadığını, Şirkətin və ya Filialın iddia ərizəsinin surətini almadıqlarını və məhkəmə tərəfindən telefon vasitəsi ilə göndərilmiş “SMS-Bildiriş” alındıqdan sonra “X2” Şirkətinin hazırkı mübahisədən xəbərdar olmasını bildirib, iddia ərizəsinin baxılması üçün məhkəmə baxışına təyin olunmasına etiraz etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən cavabdeh “X2” Şirkətinin Azərbaycan Respublikasındakı Fillialına qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işi baxılmamış saxlanılmalıdır. Belə ki, 16 dekabr 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə təqdim olunmuş ilkin iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) cavabdeh qismində “ “X2” Şirkətinin Azərbaycan Respublikasındakı Fillialı” göstərilmiş olsa da, həmin iddia ərizəsinin “Tələb” hissəsində iddia tələbi Cavabdeh Şirkətinə qarşı yönəldilmişdir. 27 yanvar 2022-ci ildə məhkəməyə təqdim olunmuş “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə isə ərizənin Giriş hissəsində cavabdeh qismində Cavabdeh Şirkətinin özü göstərilmişdir. Bununla belə, iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinə “Pretenziya” məktubu əlavə edilmiş olsa da, həmin Məktub iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl mübahisəni məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət etməsini və iddia ərizəsinin surətini cavabdeh tərəfə təqdim olunmasını təsdiq etmir. Çünki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə nəzərdə tutulan qaydada iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən, yəni “X2” Şirkətinin Azərbaycan Respublikasındakı Fillialı və yaxud, Cavabdeh Şirkəti tərəfindən alınmasını və eləcə də, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən müvafiq sənədlər iddiaçı tərəfindən hazırkı iddia ərizəsinə əlavə edilərək, məhkəməyə təqdim olunmamışdır. Halbuki, Mülki-Prosessual Məcəllənin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı 16 dekabr 2021-ci ildə məhkəməyə müraciət edərkən həmin Məcəllənin 150.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada yuxarıda qeyd olunan hərəkətləri yerinə yetirməli və bununla bağlı müvafiq sənədləri məhkəməyə təqdim etməli idi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Göründüyü kimi, yuxarıda təsvir olunan hallar hazırkı mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı tərəfindən Mülki-Prosessual Məcəllənin 4.3cü maddəsinin tələblərinin lazımi qaydada yerinə yetirilmiş olmasını təsdiq etmir. Halbuki, həmin tələblər kommersiya mübahisələri ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl iddiaçının yerinə yetirməli olduğu zəruri hərəkətlərdir ki, məlum mübahisə ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh tərəf həmin mübahisədən xəbər tutub, mübahisənin məhkəməyə qədər nizama salınması imkanlarından istifadə edə bilməlidir. Bu tələblər isə - həmin qaydalara riayət edilməsini formal olaraq təsdiq edən poçt göndərişlərinin göndərilməsi ilə əlaqədar sənədlərin məhkəməyə təqdim olunmasını deyil, məlum poçt göndərişlərini cavabdehin almasını təsdiq edən sənədlərin iddia ərizəsinə əlavə edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə - iddia ərizəsi baxılmamış saxlanılır. Eləcə də, iddia ərizəsinə Cavabdeh Şirkətinin nümayəndəsinin “ilkin mediasiya sessiyasında iştirak etməməsi” barədə 15 noyabr 2021-ci il tarixli 2021/006577 nömrəli Arayış əlavə edilmiş və həmin Arayışın 15 noyabr 2021-ci il tarixində saat 1000 - 1030-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında “X2” Şirkətinin “iştirak etmədiyinin” təsdiq etmək üçün verildiyi qeyd olunmuşdur. Bununla belə, həmin Arayış və iddia ərizəsinə əlavə edilmiş sənədlərlə ilkin mediasiya sessiyasında iştirak etməsi üçün cavabdehin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mediasiya prosesinin aparılacağı ünvana müvafiq qaydada çağrılması, cavabdehin mediasiyanın keçiriləcəyi vaxt və yer barədə lazımi qaydada məlumatlandırılması və eyni zamanda, iddiaçı tərəfindən cavabdehə mediasiya prosesinin tətbiqi ilə bağlı “təklif”in göndərilməsi və həmin “təklif” göndərildikdən sonra 10 günlük müddətin gözlənilməsi – iddia ərizəsinin məzmunu və iddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən edilmir (məhkəmə iclasında da aparılan araşdırma zamanı bu hərəkətlərin edilmiş olması öz təsdiqini tapmamışdır). “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə həmin Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən, bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Həmin Qanunun 28.3-cü maddəsinə əsasən, tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən, məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən, tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 7.3-cü bəndinə əsasən, mediator mediasiyada iştirak edən tərəflərlə mediasiya prosesinin keçirilməsinin tarixini, saatını və yerini razılaşdırır və ya Qanunun 21.8-ci və 29.2-ci maddələrində nəzərdə tutulmuş hallarda mediasiya prosesinin keçirilmə tarixi, saatı və yerini əks etdirən bildirişi tərəflərə göndərir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinin tələblərinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsinin tələblərinə görə, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə (maddə 21.9.1), tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə (maddə 21.9.2), tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə (maddə 21.9.3), bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə (maddə 21.9.4) - müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda - məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının mübahisəni qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına əməl etməməsi və eləcə də, kommersiya mübahisəsi üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya prosesinin həyata keçirilməsinə dair tələblərin müvafiq qaydada yerinə yetirilməməsi - gələcəkdə hazırkı mübahisəni mahiyyəti üzrə həll edəcək məhkəmə aktının qanuniliyini və əsaslılığını şübhə altına ala biləcəyindən, həmin tələblərin yerinə yetirilməsi məqsədi ilə hazırkı mərhələdə iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən cavabdeh “X2” Şirkətinin Azərbaycan Respublikasındakı Fillialına qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsi Mülki-Prosessual Məcəllənin 259.0.1-ci və 259.0.13-cü maddələrinə əsasən baxılmamış saxlanmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 10 nömrəli Qərarının 5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Eyni zamanda, məhkəmə iddiaçı tərəfin diqqətinə çatdırmağı lazım bilir ki, Mülki- Prosessual Məcəllənin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən həmin Məcəllənin 149-150-ci maddələrinin müvafiq tələblərini lazımi qaydada yerinə yetirməli və bununla bağlı müvafiq sənədləri məhkəməyə təqdim etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən cavabdeh “X2” Şirkətinin Azərbaycan Respublikasındakı Fillialına qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar