Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1228/2024 09.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, Cavabdeh tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşmiş icraat qaydasında məhkəməyə təqdim edilmiş iddianı təmin etmə tədbiri haqqında ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddianın təmin etmə tədbirinin edilməsi haqqında iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar həmin ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, “Ərizənin mətni” adlanan hissədə yalnız “İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pulun tutulmasına tələbin girov predmetinə yönləndirilməsi və girov predmetinin açıq hərracdan satılmasına və sair tələbinə dair” qeyd edilmişdir. Eyni zamanda, ərizəyə əlavə edilmiş qarşılıqlı iddia ərizəsinin mətnindən aydın olur ki, hazırkı ərizənin müəllifi Cavabdeh Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(119)-976/2024 nömrəli kommersiya işi üzrə cavabdehdir və iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi irəli sürmüşdür. Göründüyü kimi, Cavabdeh kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə tərtib edərək və ərizənin mətnində sadəcə olaraq “İddiaçı "xxxx" ASCnin Cavabdeh qarşı pulun tutulmasına tələbin girov predmetinə yönləndirilməsi və girov predmetinin açıq hərracdan satılmasına və sair tələbinə dair” qeyd edərək məhkəməyə müraciət etmişdir. Bu isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1ci fəslində nəzərdə tutulan kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat institunun hüquqi təbiəti ilə uzlaşmır. Mülki Prosessual Məcəllənin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284- 1-ci maddəsinə uyğun deyildirsə, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə ərizəçi tərəfindən ərizə ilə birlikdə məhkəməyə təqdim etdiyi sənədləri araşdıraraq belə qənaətə gəlir ki, ərizəçi Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan kommersiya işi (e-2-2(119)-976/2024) üzrə qarşılıqlı iddia ərizəsi təqdim etmək istəmiş, lakin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri həmin işin materiallarına əlavə etməmiş, yanlışlıqla həmin ərizə müstəqil tələb formasında, kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada məhkəməyə təqdim edilmişdir. Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Göstərilənlərə əsasən, məhkəmə ərizəçiyə izah edir ki, qarşılıqlı iddia ərizəsi müvafiq qaydada tərtib edilməli, məhkəməyə müstəqil tələb kimi deyil, “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə aid olduğu müvafiq işin materiallarına əlavə edilməklə məhkəməyə təqdim edilməlidir. Beləliklə, Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələbinə riayət edilməklə verilmədiyinə görə Cavabdeh tərəfindən verilmiş ərizənin sadələşdirilmiş icraat qaydasında məhkəmə icraatı mümkün deyildir və ərizənin qəbul edilməsindən imtina edilməlidir. Mülki Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 266, 284- 1, 284-3, 284-4-cü maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: Cavabdeh tərəfindən verilmiş iddianın təmin etmə tədbiri haqqında ərizənin qəbul edilməsindən imtina edilsin. Ərizə müəllifinə izah edilsin ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi hazırkı ərizəyə əlavə edilmiş qarşılıqlı iddia ərizəsini müvafiq qaydada tərtib etməklə “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə aid olduğu müvafiq işin materiallarına əlavə edilməklə məhkəməyə təqdim edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1228/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1228/2024
09.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver