Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1289/2025 09.10.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Qasımova Rəvanə Əşrəf qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 1848,70 (min səkkiz yüz qırx səkkiz manat yetmiş qəpik) manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Xaçmaz şəhəri, M.F.Axundov küçəsində əvvəllər mağaza sahibi olmuşdur. Hər ay onun təxminən fəsillərə uyğun müxtəlif enerji sərfiyyatı olmuş, bu rəqəm cüzi miqdarlarda olmuşdur. O, vaxtında ödənişlərini etmiş və bunu təsdiq edən qəbzləri var. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona 2015-ci ildə əsassız olaraq 1552,28 manat, 2016-cı ildə 153,42 manat və 75 manat, 2021-ci ildə isə 68 manat borc yazılaraq sayğaca işlənmişdir. Bu hal cavabdehin əməkdaşları tərəfindən qanunsuz rəsmiləşdirilmişdir. Borcun silinməsi ilə bağlı aidiyyəti üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə pretenziya versə də, cavabdeh tərəfindən pretenziyaya münasibət bildirilməmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti 02 sentyabr 2025-ci il tarixdə iddia tələbinə qarşı etiraz təqdim edərək iddia tələbi əsassız olduğu üçün rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının sayğacı 25 iyun 2013-cü il tarixdə quraşdırılmışdır. 01 iyul 2015-ci il tarixinə elektrik enerjisindən istifadəyə görə 1592,28 manat borcu olmuşdur. Bundan əlavə 02 fevral 2016-cı il tarixində sayğacın alınması va quraşdırılması barədə 75 manat məbləğində hesabat vurulsa da, 29 aprel 2022-ci il tarixdə həmin məbləğ silinmişdir. 25 may 2016-cı il tarixdə Rİ 000962 saylı akta görə sayğacın alt qapaq möhürü olmadığı üçün 68,40 manat məbləğində hesabat aparılmışdır. İddiaçı elektrik enejisindən istifadə etməsinə baxmayaraq cəmi üç dəfə - 14 mart 2016-cı il tarixdə 20 manat, 12 mart 2021-ci il tarixdə 29 manat, 09 may 2021-ci il tarixdə isə 60 manat ödəniş etmişdir. Göründüyü kimi, iddiaçı elektrik enerjisindən istifadəyə görə enerji dəyərini ödəməmişdir. İddiaçının hal-hazırda 1827,11 manat məbləğində debitor borcu vardır. İddiaçı isə iddia ərizəsində 1848,70 manat məbləğində borcun silinməsini mübahisələndirir. İddiaçının silinməsini tələb etdiyi məbləğin ona hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyil. Abunə haqqında çıxarışdan da görünür ki, İddiaçı obyektdə 25 iyun 2013-cü il tarixdən 01 iyul 2015-ci il tarixədək sərf edilmiş elektrik enerjisinin dəyərini vaxtında tam həcmdə ödəməmişdir. Baxmayaraq ki, ən azı 2015-ci ilin iyul ayından sayğac əsasında sərf edilmiş elektrik enerji haqlarına dair istehlakçıya təqdim edilmiş bildirişlərdə obyektin aylıq sərfiyyatı və əvvəlki dövrlər üzrə qalıq borc məbləğləri öz əskini tapmışdır. Göründüyü kimi, iddiaçı 2015-ci ilə qədər obyektinə hesablanmış borc məbləğlərindən ən azı 2015-ci ilin iyul ayından məlumatlı olmasına baxmayaraq bu barədə vaxtında müraciət etməmiş və 10 il sonra iddia müddətini keçirdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsində yazılanlara uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə qarşı etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Eyni zamanda o bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə keçmiş iddiaçı İddiaçı məxsus borc məbləği 1592,28 manat təşkil etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli Sərəncamı əsasında fəaliyyətə başlamışdır. 2016-cı ilin fevral ayında sayğac oxunması nəticəsində 954 gün üçün hesablanmış 153,42 manat borc məbləğinin bir qismi də "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətdə olduğu dövrə düşmür. Bundan başqa o, iddiaçıya alt qapaq möhürü olmadığı üçün 68,40 manat məbləğində hesabat aparıldığı 25 may 2016-cı il tarixli Rİ 000962 saylı aktı tapa bilmədiklərindən məhkəməyə verə bilmədiklərini qeyd etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialının iddiaçıya ünvanlandığı 27 may 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, araşdırma zamanı obyektə məxsus sayğacın elektrik şəbəkəsinə qoşulu olduğu, abonent vərəqi təhlil edilərkən isə xx.xx.2015-ci il tarixdə "Azərenerji” ASC-nin ETAİS proqram bazasından 1592,28 manatın borc kimi daxil edildiyi, həmçinin xx.xx.2016cı il tarixdə enerjitəchizatı müəssisəsi tərəfindən 954 günlük (2557 kVts, dəyəri 153,42 manat) sayğac oxunma göstəricisi bazaya daxil edilərkən "Azərişıq” ASC-nin fəaliyyəti dövrünün nəzərə alınmadığı məlum olmuşdur. O cümlədən, istehlakçının fiziki şəxs olduğu nəzərə alınmadan xx.xx.2016-cı il tarixdə "Sayğac alınması və quraşdırma"sına görə 75 manat məbləğin, xx.xx.2021-ci il tarixdə itirilmiş elektrik enerjisinin bərpası məqsədilə tərtib edilmiş 000962 nömrəli akta əsasən isə (1140 kVts) 68 manat məbləğin abonentin hesabına daxil edildiyi aşkar edilmişdir. Göstərilənlər ilə əlaqədar "Azərişıq” ASC-dən Filiala daxil olmuş sorğumuza cavab məktubunda 000962 nömrəli aktın qaydalara uyğun tərtib edildiyi və istehlakçının fiziki şəxs olduğu nəzərə alınaraq 75 manat məbləğində sayğac bədəlinin abonent hesabından silindiyi, eyni zamanda abonent kodunda yaranmış borcun qeyri-yaşayış sahəsində istehlak edilmiş, lakin ödənişi təmin edilməmiş enerjinin dəyəri olduğu qeyd edilmişdir. Bildirilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2 ve 551.2.1 maddələrinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Bu səbəbdən də ETAİS proqram bazasından daxil olmuş məbləğin ödənilməsi abonentdən tələb edilə bilməz. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.2ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Əlavə olaraq qeyd olunur ki, ETAİS proqram bazasından abonent hesabınızda qalan borc məbləği ilə əlaqədar və 954 günlük (2557 kVts, dəyəri 153,42 manat) sayğac oxunma göstəricisi ilə bağlı Qaydaların 8.35-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan abunə haqqında çıxarışdan görünür ki, xx.xx.2015-ci il tarixdə ETAİS-dən gələn borc kimi (inteqrasiya dövr borcu) 1592,28 manat, xx.xx.2016-cı il tarixdə sayğac alınması və quraşdırılmasına görə 75 manat, xx.xx.2016-cı il tarixdə isə Rİ 000962 nömrəli akta əsasən 68,40 manat məbləğ abonentin hesabına daxil edilmiş, xx.xx.2022-ci il tarixdə 75 manat borc abonent hesabından silinmişdir. Bundan başqa xx.xx.2016-cı il tarixdə 954 günlük sayğac oxumasına görə abonentin hesabına 153,42 manat daxil edilmişdir. Eyni zamanda abonent tərəfindən xx.xx.2016-cı il tarixdə 20 manat, xx.xx.2021ci il tarixdə 29 manat, xx.xx.2021-ci il tarixdə isə 60 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. - 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir Məhkəmədə tədqiq edilmiş sübutlarla, o cümlədən Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialının 27 may 2022-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, 1592,28 manat məbləğində göstərilən borc "xxxx" ASC-nin ETAİS proqram bazasından "xxxx" ASC-nin sisteminə inteqrasiya nəticəsində xx.xx.2015-ci il tarixdə daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli, 1045 nömrəli Sərəncamı ilə "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" ASC tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin "xxxx" ASC-yə ötürülməsi barədə tapşırıq verilmişdir. Sözügedən Sərəncamdan da aydın olur ki, "xxxx" ASC yalnız həmin tarixdən sonra fəaliyyətə başlamış, buna görə əvvəlki dövrdə yaranmış borcun formalaşma əsasları və sənədləşmə qaydaları müəyyən edilmədiyindən, onun düzgünlüyünü və yaranma mexanizmini dəqiqləşdirmək mümkün olmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2 və 551.2.1ci maddələrinin tələblərinə görə, vaxtaşırı ödənişlər üzrə tələblər beş il keçdikdən sonra hüquqi qüvvəsini itirir. Qeyd edilən borcun yaranmasından etibarən bu müddət artıq keçdiyindən, enerji təchizatı müəssisəsinin 1592,20 manatlıq məbləğə dair tələbi hüquqi qüvvəsini itirmişdir. Məhkəmənin yuxarıda gəldiyi hüquqi nəticə 954 günlük (2557 kVts) sərfiyyat əsasında 153,42 manat məbləğində hesablanmış borc üçün də keçərlidir. Belə ki, təqdim olunmuş sənədlərdən görünür ki, bu göstərici "xxxx" ASC-nin fəaliyyətə başlamasından əvvəlki dövrü əhatə edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2ci bəndinin tələblərinə uyğun deyil. Həmin bəndə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Buna görə 954 günlük göstərici əsasında hesablamanın aparılması bu normaya ziddir. Eyni zamanda Mülki Məcəllənin vaxtaşırı ödənişlər haqqında tələblərlə bağlı müddəaları tətbiq edildikdə, 153,42 manat məbləğə dair tələb də hüquqi qüvvəsini itirmişdir. Bundan əlavə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.35-ci bəndinə əsasən tərəflərdən biri elektrik enerjisindən istifadəyə və ya elektroenergetika sahəsində yaranmış mübahisələr barədə müraciət etdikdə, X2 Agentliyi səlahiyyət çərçivəsində araşdırma aparıb rəy verə bilər. İş materiallarında yer alan 27 may 2022-ci il tarixli Agentliyin məktubu ilə Agentlik tərəfindən aparılmış araşdırma nəticəsində bəzi məbləğlərin hesablanmasının qanuna uyğun olmadığı müəyyən edilmişdir. Bu rəy məhkəmənin 1592,28 manat və 153,42 manat məbləğlərinin əsassız hesab olunması qənaətini hüquqi və faktiki baxımdan möhkəmləndirir. Məhkəmə qeyd edir ki, xx.xx.2016-cı il tarixli Rİ 000962 nömrəli akta əsasən itirilmiş elektrik enerjisinin bərpası məqsədilə abonentin hesabına 68,40 manat borc hesablansa da, məhkəmə araşdırması zamanı cavabdeh həmin aktı məhkəməyə təqdim edə bilməmiş, buna görə həmin aktın tərtib olunması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinin araşdırılması mümkün olmamışdır. Məhkəmə həmçinin bildirir ki, iddiaçı iddia tələbində 1848,70 manat borcun silinməsini tələb etsə də, tədqiq edilmiş sübutlar əsasında abonentin hesabında ümumilikdə 1827,11 manat borc olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, abonentin hesabına daxil edilmiş əsassız borclar və iddiaçı tərəfindən ödənilmiş ümumilikdə 109 manat məbləğində ödəniş nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli və 1827,11 manat məbləğində borc iddiaçının abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (abunə kodu **********7) hesablanmış 1827,11 (min səkkiz yüz iyirmi yeddi manat on bir qəpik) manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (abunə kodu **********7) hesablanmış 1827,11 (min səkkiz yüz iyirmi yeddi manat on bir qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1289/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1289/2025
09.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver