Məhkəmə qərarları › İş №e-2-2(119)-254/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-254/2025

18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-254/2025 18.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən 10 iyul 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1080 (min səksən) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən çayxanada qaz sayğacına cavabdehin nümayəndələri tərəfindən baxış keçirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və həmin akta əsasən 19 iyul 2023-cü il tarixli tələbnamə tərtib olunaraq 4320 m3 həcmində, yəni 1080 manat məbləğində ziyan hesablanmışdır. Sayğacda aşkar edilmiş nöqsan “sayğacın element yuvasının qapağı gövdədə birləşən hissədən sınıqdır, həmin hissədə qurumayan yapışqan maddə mövcuddur” kimi qeyd edilmişdir. Halbuki sayğacın plombu üzərində olmuş və sayğaca hansısa müdaxilə edilməmişdir. Sayğacın element yuvasının qapağının gövdədə birləşən hissəsinin sınıq olması iddiaçının təqsiri səbəbindən olmamışdır. Belə halların mövcudluğuna nəzarətçi tərəfindən nəzarət edilməli, sayğacda hər hansı bır sınıq olduğu halda bu barədə dərhal tədbir görülməlidir. Ona görə də 10 iyul 2023-cü il tarixdə tərtib edilmiş akt iddiaçıya təqdim edildikdə, iddiaçı həmin aktı qanunsuz və əsassız hesab edərək onu imzalamaqdan imtina etmiş və bu barədə həmin aktda qeydiyyat aparmışdır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahatlar verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan çap tarixi 28 iyul 2023-cü il tarixli olan “Sahibkarlıq sahəsində aparılan X1 reyestri”ndən KY231942988 nömrəli çıxarışda "xxxx" Dövlət Neft Şirkətinin Cavabdeh, “yoxlanılan sahibkar” İddiaçı və “yoxlamanın müddəti” xx.xx.2023-xx.xx.2023cü il tarixləri qeyd edilmişdir. İş materiallarında olan 24 iyun 2023-cü il tarixli MSK-14-2-2/3-5-4787-06 nömrəli Azərbaycan Metrologiya İnstitutunun nümayəndəsi və Cavabdeh İB-nin Metrologiya Departamentinin baş mühəndisi tərəfindən təsdiq edilmiş qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi barədə aktda qeyd edilmişdir ki, Cavabdeh İB-nin 14-2-2/3-5- 4787 nömrəli 02 may 2023-cü il tarixli məktubuna əsasən 04 may 2023-cü il tarixində BRQSD-dən dövlət yoxlamasına gətirilmiş G4 markalı smart-kart tipli qeyri-əhali qaz sayğacına 12 iyun 2023-cü il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirildi və aşağıdakılar müəyyən edildi: sayğaca ümumi baxış olundu. Sayğacın klapanı açıqdır. Ekranda açıq işarəsi var. Sayğacın element yuvasının qapağı gövdəyə birləşən hissədən sınıqdır, həmin hissədə qurumayan yapışqan maddə mövcuddur. Plasmas qapağın üzərində olan qulaqcıq qırıqdır. Xətalar normaya uyğun deyil. Sayğacın arxiv proqram yaddaşı oxundu, alarm 1 rejimi qeydə alınmayıb”. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş, “Təsdiq edirəm” hissəsinin tarix qrafasında 10 iyul 2023-cü il tarixi qeyd olunmuş “İstehlakçı: “İddiaçı, “Ünvan: Abşeron rayonu”; “abonent kodu: **********00001” qeydləri yazılmış Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın “Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında Azəriqaz İB-nin 14-2-2/3-5- 4787-06 saylı rəyinə istinad edildiyi qeyd edilmişdir. Aktın “Tələb” qrafasında isə qeyd edilmişdir: “Dəymiş ziyan hesablansın. Aktın məzmunundakı qeyddən görünür ki, iddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir”. İş materiallarında olan 19 iyul 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin “Dəymiş ziyanın həcminin hesablanması” bölməsində qeyd edilmişdir ki, “G- 4 markalı qaz sayğacının nominal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin: 4 x 12 x 90 = 4320 m3”. İş materiallarında olan, istehlakçı İddiaçı adına tərtib edilmiş abonentin saldosu (abonent kodu: **********00001) ilə müəyyən edilir ki, istehlakçıya məxsus sahibkarlıq obyektinə 2023-cü ilin iyul ayı üzrə 1080 manat məbləğində borc hesablanmışdır. Həmçinin, həmin saldoda olan məlumatlarla müəyyən olunur ki, məlum sahibkarlıq obyekti təbii qazla təchiz edildiyi dövrlərdə quraşdırılmış sayğac vasitəsi ilə istifadə edilən qazın hesabatı aparılmış və istehlakçı tərəfindən aylar üzrə müəyyən məbləğlərdə ödənişlər edilmişdir. Yəni, qaz sərfiyyatları aylar üzrə müvafiq qaydada sayğac tərəfindən hesablanmış və müvafiq aylar üzrə qaz sərfiyyatına görə ödənişlər həyata keçirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarına, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər daxildir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Qaz təchizatı haqqında” 30 iyun 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 5-ci hissəsinə əsasən, sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. Həmin Qanunun 3-cü maddəsinin 5-1-ci hissəsinə əsasən, qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qanunun istinad edilən normalarında göstərilən qayda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.10 və 2.10-1-ci bəndlərində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2 iyul 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur və yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1-ci və 3.2-ci maddələrində təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X1 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinin tələblərinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən X1 reyestri aparılır (maddə 13.1), sahibkarlıq sahəsində aparılan X1 reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (maddə 13.2), yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (maddə 13.3) və yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan X1 reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər (maddə 13.4). Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın X1 reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il Fərmanının 1.2-ci hissəsində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmış, Fərmanın 2-ci hissəsinə əsasən isə sahibkarlıq sahəsində aparılan hər bir yoxlamanın bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə tədiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X1 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən, yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, istilik, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarların sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Məhkəmənin mövqeyi: Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən çayxanada (abonent kodu: **********00001) quraşdırılmış qaz sayğacına 12 iyun 2023-cü il tarixdə Azərbaycan Metrologiya İnstitutunda (Cavabdeh İB-nin Metrologiya departamenti tərəfindən təsdiq edilmiş) baxış keçirilmiş və sayğacın klapanı açıldığı, ekranda açıq işarəsinin olduğu, sayğacın element yuvasının qapağı gövdəyə birləşən hissədən sındığı, həmin hissədə qurumayan yapışqan maddənin olduğu, plasmast qapağın üzərində olan qulaqcığın qırıldığı, xətaların normaya uyğun olmadığı, sayğacın arxiv proqram yaddaşının oxunduğu, alarm 1 rejiminin qeydə alınmadığı aşkar edilmişdir. Bununla əlaqədar “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 10 iyul 2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmiş və dəymiş ziyanın hesablanması qeyd edilmişdir. 19 iyul 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamə ilə isə qaz sayğacının nominal qaz sərfi,orta günlük iş rejimi və hesabat müddəti nəzərə alınmaqla itirilmiş qazın 4320 m3 həcmində olması hesablanmışdır. Məhkəmə müəyyən etdi ki, qaz sayğacına 12 iyun 2023-cü il tarixdə Cavabdeh İBnin Metrologiya Departamentində baxış keçirilməsi, yəni yoxlama tədbirləri - "X1 Reyestri"ndə qeydə alınmadan aparılmışdır. Qeyd etmək lazımdır ki, yoxlamanın qanunvericiliyin müəyyən etdiyi qaydada aparılmasını və qeyd edilən tarixlərdə aparılmış yoxlama tədbirlərinin həmin Reyestrdə qeydə alınmış olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. İş materiallarında olan 28 iyul 2023-cü il tarixli olan “Sahibkarlıq sahəsində aparılan X1 reyestri”ndən KY231942988 nömrəli çıxarışda yoxlamanın müddəti kimi xx.xx.2023-xx.xx.2023-cü il tarixləri qeyd edilmişdir. Lakin qaz sayğacına baxış keçirilməsi 2023-cü ilin iyun ayında həyata keçirilmişdir, buna görə də həmin çıxarışa istinad edilərək yoxlama üzrə müvafiq qeydiyyatın aparılması ilə bağlı mülahizələr əsassızdır. Nəzərə alınmalıdır ki, məhz bu hərəkətlərin - qaz sayğacına 12 iyun 2023-cü il tarixdə baxış keçirilməsinin nəticəsi olaraq “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 10 iyul 2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmiş və onun əsasında 1080 manat məbləğində ziyan məbləği hesablanmışdır. Yuxarıda istinad edilən qanunvericilik normalarını əsas tutan məhkəmə hesab edir ki, cavabdehin səlahiyyətli nümayəndələri sahibkarlıq subyekti olan iddiaçıya məxsus qaz sayğacına 12 iyun 2023-cü il tarixində Cavabdeh İB-nin Metrologiya Departamentində baxış keçirilərkən bu yoxlamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirməli idilər. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun və onun əsasında qəbul edilmiş digər normativhüquqi aktların tələblərinin pozulması ilə “X1 Reyestri”ndə qeydə alınmadan aparılmışdır. Mövcud olan “Sahibkarlıq sahəsində aparılan X1 reyestri”ndən KY231942988 nömrəli çıxarışda qeyd edilmiş tarixlər isə hazırkı iş üzrə nə sayğaca baxış keçirilməsi barədə aktın tarixinə, nə də ziyanın hesablanması barədə aktın tarixinə uyğun gəlir. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Bunlardan əlavə, aşağıda istinad edilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 30,8 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və cavabdeh tərəfindən iddiaçıya məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən qeyri-yaşayış obyektinin **********00001 nömrəli abonent koduna 10 iyul 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1080 manat məbləğində borc silinməli və 30,8 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Abşeron rayonu Qobu qəsəbəsində yerləşən qeyri-yaşayış obyektinin **********00001 nömrəli abonent koduna 10 iyul 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1080 (min səksən) manat məbləğində borc silinsin və 30,8 (otuz manat, səksən qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdehndən İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar