Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1330/2025 21.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı “VETART" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı “VETART" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2169,92 (iki min yüz altmış doqquz manat, doxsan iki qəpik) manat məbləğində əsas borc və 42 (qırx iki) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2212 (iki min iki yüz on iki) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 30 may 2024-cü il tarixli 03 nömrəli malların alqı-satqı müqaviləsinin 9.2-ci bəndi ilə tərəflər arasında yaranmış mübahisəli məsələlərin və ya hər hansı fikir ayrılıqlarının həlli danışıqlar yolu ilə 15 (on beş) gün müddətində mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının Mediasiya haqqında qanunvericiliyinə əsasən tərəflərin ilkin mediasiya sessiyasında iştirakı ilə, mediasiya yolu ilə həll olunmadıqda isə Azərbaycan Respublikasınnın aidiyyəti məhkəmələri tərəfindən həll ediləcəyi ilə bağlı razılığa gəlmişdirlər. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet vergi idarəsinin rəsmi portalından çıxarışdan görünür ki, iddiaçı pretenziya məktubunu cavabdehə "Onlayn kargüzarlıq” vasitəsilə 24 iyun 2025-ci il tarixində göndərmiş və 17 iyul 2025-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Lakin iddiaçı tərəfindən iş materiallarına yaranacaq mübahisələrin məhkəməyə qədər həlli ardıcıllığını tənzimləyən alqı-satqı müqaviləsinin 9.2-ci bəndinə uyğun olaraq mediasiya prosesinin həyata keçirilib-keçirilməməsi və həmin prosesin nəticəsi barədə hər hansısa sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən, mediasiyaya dair qeyd-şərt – tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə və ya arbitraj məhkəməsinə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə olan şərtdir. Həmin Qanunun 21.9.2-ci maddəsinə əsasən, tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı və ya tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu hallarda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Göründüyü kimi, mübahisənin məhkəməyə qədər həlli zamanı mediasiya prosesinin zəruriliyi ilə bağlı tərəflər arasında bağlanmış 30 may 2024-cü il tarixli müqaviləyə bənd əlavə edilmiş, lakin iddiaçı tərəfindən müqavilənin, həmçinin Mülki Prosessual Məcəllənin 150.1.7-ci və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.9.2-ci bəndləri pozularaq, iş materiallarına mediasiya prosesinin nəticəsi barədə hansısa sənəd əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsində “bu ödəniş rüsumdan azaddır” deyə qeyd olunmuşdur. Lakin aydınlaşdırılmışdır ki, iddiaçı daha öncə cavabdehə qarşı eyni məzmunlu tələb irəli sürərək 14 iyul 2025-ci il tarixli **********08 nömrəli ödəniş qəbzindən istifadə etməklə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5641/2025 nömrəli qərardadı ilə həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə (əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə) əsasən iddiaçıya geri qaytarılmışdır. Eyni zamanda, məhkəmə tərəfindən iddiaçı “VETART" MMC-nin məhkəməyə iddia ərizəsi təqdim edərkən ödədiyi 42 manat məbləğində dövlət rüsumunun ona qaytarılması qərara alınmışdır. Başqa sözlə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə üzrə iddiaçı əvvəlcə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmış, bununla əlaqədar “VETART" MMC-nin ödədiyi rüsumun da ona qaytarılması qərara alınmış, iddiaçı isə daha sonra eyni məzmunlu iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərkən yenidən dövlət rüsumu ödəməli olmasına baxmayaraq bunu etməmiş, Bakı Kommersiya Məhkəməsinə müraciət edərkən iddia ərizəsinə əlavə etdikləri ödəniş qəbzindən, yəni qüvvədə olan məhkəmə aktı ilə faktiki olaraq iddiaçı “VETART" MMC-yə qaytarılması nəzərdə tutulan məbləğin əks edildiyi ödəniş qəbzindən istifadə etmişdir. Mülki Prosessual Məcəllənin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarır. Beləliklə, Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı “VETART" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1330/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1330/2025
21.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver