Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1371/2024 23.11.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 17 sentyabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 06 iyul 2023-cü il tarixli 051 nömrəli müqavilə üzrə və xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli EBDJ710193 və EBDK-177256 nömrəli elektron qaimələrə əsasən 112007,01 (yüz on iki min yeddi manat, bir qəpik) manat məbləğində borcun və 402 (dörd yüz iki) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış 06 iyul 2023-cü il tarixli 051 nömrəli malların təqdim olunması müqaviləsinə əsasən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə EBDJ-710193 və EBDK-177256 nömrəli elektron qaimələrə əsasən ƏDV daxil olmadan ümumi dəyəri 133701,12 manat olan mallar (ƏDV-cəmi 24066,21 manat) cavabdehə təqdim edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya indiyə qədər yalnız ƏDV məbləği tam ödənilmiş, qalan faktura borcundan isə cəmi 21694,11 manat bank hesabına ödənilmişdir. Bu günə qədər cavabdeh tərəfindən müqavilə öhdəlikləri pozularaq 112007,01 manat məbləğində borc ödənilməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək ərizədə qeyd edilənlərə uyğun izahat verdi, eyni zamanda qeyd etdi ki, borcu ilə bağlı göndərilən pretenziya məktubuna cavab olaraq cavabdeh maliyyə çətinliyi ilə əlaqədar borc öhdəliyini 2023-cü ilin ilin sonunadək ödəyəcəyini bildirsə də ödəniş edilməmişdir. İddiaçının nümayəndəsi qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan 06 iyul 2023-cü il tarixli, 051 nömrəli alqı-satqı müqaviləsinin “Müqavilənin predmeti” adlanan bölməsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə əsasən satıcı (İddiaçı MMC) alıcıya (Cavabdeh MMC-yə) onun sifarişi əsasında bu müqavilənin aynlmaz tərkib hissəsi sayılan "X1"nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan mallan satır, alıcı isə həmin malı qəbul edir və bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 3.1.1-ci yarımbəndinə əsasən, müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsim alıcıdan tələb etmək satıcının hüququdur. Həmin müqavilənin 3.4.1-ci yarımbəndinə əsasən, malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (malın qiymətini) bu müqavilə ilə müəyyənləşdirilmiş müddətdə və qaydada ödəmək alıcının vəzifəsidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, müqaviləyə əsasən alıcı tərəfindən malın dəyərinin ödənilməsi nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirilə bilər. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən, tərəflər bu müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiklərinə və ya lazımi şəkildə yerinə yetirmədiklərinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar və bunun nəticəsində digər tərəfə dəymiş zərərin əvəzini ödəməlidirlər. İş materiallarında olan 12 iyul 2023-cü il tarixli 710193 nömrəli, EBDJ seriyalı elektron qaiməyə əsasən 64694,09 manat məbləğində, 18 iyul 2023-cü il tarixli 177256 nömrəli, EBDK seriyalı elektron qaiməyə əsasən 69007,03 manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təqdim olunmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya elektron qaydada göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “müəssisəmizdə yaranan maliyyə çətinliyi ilə əlaqədar olaraq üzərimizə götürdüyümüz borc öhdəliyini ilin sonunadək ödəyəcəyimizi nəzərə almağınızı xahiş edirik”. İş materiallarında olan maliyyə arayışına əsasən cavabdehin iddiaçıya 06 iyul 2023cü il tarixli, 051 nömrəli alqı-satqı müqaviləsi üzrə ümumilikdə 112007,01 manat ödənilməyən faktura borcu vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.2-ci, 427.3-cü və 427.4-cü maddələrinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 06 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanılmış, satıcı qismində çıxış edən iddiaçı müqavilə öhdəliklərinə uyğun olaraq həmin müqavilənin predmetini təşkil edən malları cavabdehə satmış, müqavilə üzrə alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək aldığı malların dəyərini tam ödəməmiş, nəticədə onun iddiaçı təşkilata xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli EBDJ710193 və EBDK-177256 nömrəli elektron qaimələrə əsasən 112007,01 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, 06 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 112007,01 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, iddia tələbinin 402,01 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 29 iyul 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 403 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 402,01 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 06 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdehdən 112007,01 manat məbləğində borc və 402,01 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 112409,02 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehndən 06 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 112007,01 (yüz on iki min yeddi manat, bir qəpik) manat məbləğində borc və 402,01 (dörd yüz iki manat, bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 112409,02 (yüz on iki min dörd yüz doqquz manat, iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1371/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1371/2024
23.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver