Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1412/2025 19.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X5 və onun nümayəndəsi Nümayəndə, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 iştirakları ilə, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X9 tərəfindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 qarşı verilmiş “iş vaxtını itirməyə görə pulun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə ilkin iddia ərizəsinə və iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh2 tərəfindən cavabdeh (ilkin iddia üzrə iddiaçı) X6 qarşı verilmiş “iş vaxtını itirməyə görə pulun tutulması” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı X9 Cavabdeh2 qarşı “iş vaxtını itirməyə görə pulun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən vicdansızcasına əsassız iddia verməsi və iş vaxtının itirilməsi üçün 10000 (on min) manat məbləğində pul vəsaitinin, 5000 (beş min) manat məbləğində mənəvi zərərin, 1900 (min doqquz yüz) manat məbləğində ekspertiza xərclərinin, vəkilin göstərdiyi hüquqi yardıma görə 1840 (min səkkiz yüz qırx) manat məbləğində xidmət haqqının əvəzi olmaqla, cəmi 18740 (on səkkiz min yeddi yüz qırx) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti 10 ünvanında yerləşən qeyri-yaşayış binasının 90 faiz hissəsi iddiaçı Oruc Nəbiyevin, qalan 10 faiz hissəsi isə Cavabdeh2 adına dövlət qeydiyyatına alınmışdır. Bu hüquq 01 noyabr 2007-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş, iddiaçı Oruc Nəbiyevin mülkiyyətinə 1086,56 kv.m. sahə düşmüşdür. Həmin qeyri-yaşayış binası iki mərtəbədən ibarətdir. Bu binanın ikinci mərtəbəsinin 110,84 kv.m. sahəsi Cavabdeh2 adına qeydiyyata alınmışdır. Cavabdeh2 2019-cu ilin sentyabr ayında qeyri-yaşayış sahəsində özbaşına apardığı tikinti işləri nəticəsində binada dağıntı baş vermiş və bina qəzalı vəziyyətə düşmüşdür. Ona görə də iddiaçı Oruc Nəbiyev 06 fevral 2020-ci il tarixdə Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh2 vurulmuş maddi zərərin əvəzi olaraq 200000 manat, mənəvi zərərin əvəzi olaraq 50000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin həmin qətnaməsi ləğv edilmiş, iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Kommersiya Məhkəməsi 14 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 25400 manat məbləğində maddi ziyanın əvəzi və ödənilmiş dövlət rüsumunun 3 manat hissəsi olmaqla, cəmi 25403 manat məbləğində pul vəsaitinin iddiaçı Oruc Nəbiyevin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 manat məbləğində pul vəsaitinin Cavabdeh2 dövlət nəfinə tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, məhkəmə aktı dəyişdirilmədən saxlanılmışdır (Sumqayıt Apellyasiya Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli qətnaməsi). Daha sonra həmin aktdan kassasiya şikayəti verilsə də, şikayət təmin edilməmişdir (Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 13 mart 2025-ci il tarixli qərarı). Həmin işin icraatı dövründə Cavabdeh2 Oruc Nəbiyev barəsində əsassız olaraq vicdansızcasına müxtəlif məhkəmələrə iddia ərizələri vermiş, guya ona “maddi və mənəvi” ziyan dəyməsi adı ilə müraciətlər etmiş və bütün hallarda məhkəmələr onun tələblərini rədd etmişdir. X14 artıq neçə illərdir ki, Cavabdeh2 bu uydurma ərizələrinə görə məhkəmələrin “qapılarında” qalmış, hazırda da bu işlər başa çatmamışdır. Belə ki, Cavabdeh2 "xxxx" MMC-nin adından cavabdeh Oruc Nəbiyevə qarşı Bakı Kommersiya Məhkəməsinə müraciət edərək maddi zərərin əvəzinin ödənilməsini xahiş etmiş, məhkəmənin 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə tələb rədd edilmişdir. Cavabdeh Qəhrəman X8rşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə “vurulmuş 25000 manat mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi ilə müraciət etmiş, məhkəmənin 17 may 2024-cü il tarixli qətnaməsi ilə tələb təmin edilməmişdir. Daha sonra cavabdeh Qəhrəman X8rşı “100.000 manat zərərin əvəzinin ödənilməsi” tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, məhkəmənin 25 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Cavabdeh2 "xxxx" MMC-nin adından Oruc Nəbiyevə və Elina Bayramovaya qarşı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək “maddi və mənəvi zərərin əvəzinin əvəzinin ödənilməsi”ni xahiş etmiş, həmin məhkəmənin 27 fevral 2025-ci il tarixli e-2(004)-579/2025 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Aidiyyat qaydalarına əməl edilməməsi səbəbindən həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 19 may 2025-ci il tarixli 2(103)-2686/2025 nömrəli qərardadı ilə ləğv edilmiş, işə təkrar baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 120-ci maddəsinə əsasən, məhkəmə, vicdansızcasına əsassız iddia vermiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Cavabdeh2 vicdansızcasına əsassız iddia verməsi və iş vaxtının itirilməsi üçün iddiaçı Oruc Nəbiyevin xeyrinə məhkəmə cavabdehdən 10000 manat miqdarında pul məbləği tutmalıdır. Cavabdeh2 belə əsassız iddia tələbləri səbəbindən bir neçə illər məhkəmələrə vaxtını və zamanını sərf etməklə səhhətində problemlər yaranmış, əsəb və gərginlikdən “hipotenziya” diaqnozlu xəstəliyi qazanmışdır. Təqdim edilmiş məhkəmə qətnamələrindən görünür ki, 2020-ci ildən bu günə kimi Cavabdeh2 iddiaçını bir neçə dəfə məhkəmələrə vermiş və hər məhkəmə icraatı azı 4-5 ay çəkmişdir ki, bu məhkəmə icraatı dövründə cavabdehin təqsiri üzündən zamanını itirmiş, fayda gətirən işlərdən məhrum olmuş, həm də müxtəlif xərclər çəkmiş, yol pulu, dövlət rüsumu, o cümlədən qeyri-yaşayış sahəsinə dəyən ziyanla bağlı "xxxx" MMC ilə bağlanılmış müqaviləyə əsasən 1500 pul, “X1” MMCyə 16 fevral 2023-cü il tarixli kassa mədaxil orderi ilə 400 manat pul ödənilmişdir. Hətta sonuncu iddia ərizəsində cavabdeh kimi ondan başqa, həm də qızı X4 da əlavə etmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məkəməsi Plenumunun 03 noyabr 2008-cil il tarixli 7 saylı qərarında göstərilir: Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Cavabdeh2 vicdansızcasına əsassız iddia verməsi səbəbindən iddiaçı Oruc Nəbiyevin fəal ictimai həyat tərzindən məhrum olması, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi, yəni sağlamlığın pozulması nəticəsində mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pul vəsaiti iddiaçı Oruc Nəbiyevin xeyrinə tutulmalıdır. 2020-ci ildən başlayaraq bu günə kimi Cavabdeh2 vicdansızcasına əsassız iddia verməsi nəticəsində Bakı şəhəri 4 saylı Vəkil bürosunun vəkilləri ilə müqavilələr bağlanılmış, bu Vəkil bürosuna müvafiq məbləğlər “Kapital bank” vasitəsilə ödənilmişdir. Belə ki, 09 mart 2023-cü il tarixində 300 manat, 25 noyabr 2024-cü il tarixində 300 manat, 05 iyul 2024-cü il tarixində 300 manat, 02 iyun 2025-ci il tarixində 300 manat, 03 iyun 2025-ci il tarixində 320 manat, 17 iyun 2025-ci il tarixində 320 manat, yekun olaraq isə 1840 manat ödənilmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 25 iyul 2025-ci il tarixdə “iş vaxtını itirməyə görə pulun tutulması, mənəvi zərərin və digər xərclərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqdı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh (ilkin iddia üzrə iddiaçı) Oruc Nəbiyevdən vicdansızcasına əsassız iddia verməsi və iş fəaliyyətinin dayandığı üçün onun xeyrinə 10000 (on min) manat məbləğində pul vəsaitinin, 5000 (beş min) manat məbləğində mənəvi zərərin, 250 (iki yüz əlli) manat məbləğində ekspertiza xərclərinin, 2000 (iki min) manat məbləğində hüquqi yardımın göstərilməsi ilə əlaqədar xidmət haqqının və iddia ərizələrinin verilməsi üçün ödənilmiş 2000 (iki min) manat məbləğində dövlət rüsumlarının əvəzi olmaqla, cəmi 19250 (on doqquz min iki yüz əlli) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, X10 Ağazadəni qarşı vicdansız və əsassızcasına 1999-cu ildən aidiyyəti olmadığı iş üzrə məhkəmələrə cəlb etmiş, lakin hazırda bu dövr üzrə tələb irəli sürülməmişdir. 1999-cu ildən ona qarşı təkrar əsassız (saxta əsasla) iddia qaldırması nəticəsində dəfələrlə məhkəmə proseslərinə cəlb olunduğu üçün hüquq məsləhəti yollarında iş fəaliyyətini dayandırmalı olmuş, buna sübut isə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin məktubudur. Həmin zərərin miqdarı 10000 manat məbləğindədir. Oruc Nəbiyev və maraqlı şəxs Elina Bayramovanın süründürməçilikləri nəticəsində səhhətində problemlər yaranmış, “Liman” Klinikasında əməliyyat keçirmiş və həkim məsləhəti ilə sakitləşdirici həblər qəbul etmişdir. Nəticədə ona 5000 manat məbləğində mənəvi zərər vurulmuşdur. "xxxx" MMC-nin əmlakına cavabdehlərin vurduğu zərəri müəyyən etmək üçün 250 manat məbləğində rüsum ödəmişdir. Vəkilin göstərdiyi hüquqi yardıma görə illər ərzində 2000 (iki min) manat məbləğində xərc çəkmişdir. Məhkəmədə müdafiə məqsədli iddialara baxılması üçün 2000 (iki min) manat məbləğində dövlət rüsumu ödəmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 25 iyul 2025-ci il tarixdə ilkin iddiaya etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı (qarşılıqlı iddia üzrə) cavabdeh Oruc Nəbiyevin tələblərindən görünür ki, iş kommersiya məhkəməsinin deyil, ümumi məhkəmənin icraatına aid olduğu üçün müvafiq ümumi məhkəmədə iddiaya baxılması məqsədəmüvafiqdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 məhkəmədən etiraza münasibət bildirib müvafiq prosessual hərəkətlərin həyata keçirilməsinə şərait yaradılmasını xahiş etmişdir. 04 sentyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 tərəflər arasında əvvəlki mübahisələrin aidiyyətinin kommersiya məhkəmələrinə aid edilməsi səbəbindən, hazırkı işə də kommersiya məhkəmədə baxılmalı olduğunu qeyd etmişdir. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi 11 avqust 2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı Oruc Nəbiyev iki dəfə Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci dəfə 1999-cu ildə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmiş və məhkəmənin 4/2- 392 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti, 10 ünvanında yerləşən qeyri-yaşayış binasının 90% hissəsi iddiaçı Oruc Nəbiyevin, qalan 10% hissəsi isə Cavabdeh2 adına dövlət qeydiyyatına alınmışdır. Həmin qətnamədən qarşı tərəfin verdiyi şikayət qəbul edilməmiş, geri qaytarılmış və mübahisə bitmişdir. Oruc Nəbiyevin iddia tələbi üzrə ikinci dəfə isə Sumqayıt Kommersiya Məhkəməsinin 14 iyun 2024-cü il tarixli qətnaməsi qəbul edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh2 08 sentyabr 2019-cu il tarixdə Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti 10 ünvanında yerləşən qeyri-yaşayış binasının ikinci mərtəbəsinin orta hissəsinin uçmasına görə 25400 manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun 3 manat hissəsi olmaqla, cəmi 25403 manat məbləğində pul vəsaitinin iddiaçı Oruc Nəbiyevin xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 manat məbləğində pul vəsaitinin Cavabdeh2 dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən yuxarı instansiya məhkəmələrinə şikayət verilsə də, məhkəmə aktı dəyişdirilmədən saxlanılmışdır. Ona görə də Cavabdeh2 tərəfindən iddiaçı Oruc Nəbiyevə qarşı Mülki Prosessual Məcəllənin 120-ci maddəsində nəzərdə tutulmuş hüquqi əsas, yəni vicdansızcasına iddia verilməsi halı olmamışdır. Yəni Cavabdeh2 qarşılıqlı iddia vermək üçün heç bir hüquqi əsası olmamışdır. Eyni zamanda Cavabdeh2 qarşı iddiaçı Oruc Nəbiyev tərəfindən vicdansızcasına iddia verilməsi halı mövcud olmamışdır, olsaydı, ilk növbədə onu (yəni qətnaməni) qarşılıqlı iddia ərizəsinə əlavə edərdi. Qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş sənədlər isə bilavasitə iddia tələbinə aidiyyəti olmayan sənədlərdir. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 03 sentyabr 2025-ci il tarixdə etirazla müraciət edərək qeyd etmişdir ki, ilkin iddiaçının müdafiəçisi 03 sentyabr 2025-ci il tarixli qərəzli izahat vermişdir. Bu izahatda iddia predmetinin əsasını təşkil edən "iş fəaliyyəti ilə bağlı" hansısa əsas yoxdur. Yalnız məhkəmə aktlarından şikayətlər vardır. Bu izahatın birinci vərəqindəki müşayiət olunan aktlar qarşı tərəfin iddiasının zəruri prosessual hərəkətləridir. 2-ci vərəqdə qeyd olunan ekspert xərci bu ekspert rəyinin qəbul olunduğu dövrdə birinci instansiya məhkəməsində tələb oluna bilən xərcdir. Hansı ki bu prosessual xərcə aid prosessual dövrü iddiaçı buraxmışdır. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 16 sentyabr 2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsinə dəqiqləşmə ərizəsi ilə müraciət edərək qeyd etmişdir ki, uzun illər iş fəaliyyəti ilə məşğul olmuşdur. Bu işdə şəriki işçisi olan Gülfət Ağayeva olmuşdur. Binada dağıntıda günahı olmadan, tikinti qüsuru səbəbindən 2500 manat dəyərində 36 ədəd panel sürüşüb-düşüb yerində qaldığına görə ilkin iddiaçı Oruc Nəbiyev 250000 manatlıq vicdansız iddia ilə çıxış etmiş və Sumqayıt Kommersiya Məhkəməsinin 14 iyun 2024-cü il tarixli qətnaməsi qəbul edildikdən 2 ay sonra şəriki iddia təmin olunacağı təqdirdə onun “bankrot” olacağını - "mala" həbs qoyulacağını, bu həbsin onun da biznes payına düşən malına şamil ediləcəyini yəqin edib bu malı 17-ci məhəllədəki obyektə köçürməklə univermaqdakı biznesi 05 avqust 2024-cü il tarixdə bağlanmışdır. Nəticədə iş fəaliyyəti dayanmış, işləmədiyi son dövr zərəri "2023-cü il tarixli gəlir vergisi bəyannaməsinə əsasən" 2023-cü il üzrə gəliri cəmi 26500 manat məbləğində təşkil etmişdir. Yuxarıda göstərilənlərə əsasən, iddianın predmetində azalma edir. Oruc Nəbiyev və onun vicdansız hərəkətləri səbəbindən vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin məktubuna əsasən, iş fəaliyyəti dayandığına görə gəliri rəsmi bəyannamə əsasında yuvarlaq olaraq 1 aya 2000 manat təşkil etdiyi nəzərə alınaraq iddia tələbini yalnız iş fəaliyyətini dayandırmağa görə pulun tutulmasına aid hissədə dəqiqləşdirir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 məhkəmədən cavabdeh (ilkin iddia üzrə iddiaçı) Oruc Nəbiyevdən vicdansızcasına əsassız iddia verməsi səbəbindən iş fəaliyyəti dayandığı üçün onun xeyrinə 19250 (on doqquz min iki yüz əlli) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) izahatında bildirmişdir ki, səhhəti ilə əlaqədar olaraq hazırda işləmir və 13 ildir ki, təqaüdçüdür. Lakin 2019-cu ilədək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Həmin ildə cavabdeh tərəfindən bina dağıdıldığı üçün bu fəaliyyətini dayandırmışdır. Məhkəmə iclaslarında iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi iddia ərizəsinin və təqdim edilmiş izahatların məzmunlarına uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, 2019-cu ildə qeyri-yaşayış binası dağıdıldıqdan sonra 2020-ci ildən etibarən iddiaçı Oruc Nəbiyev Cavabdeh2 tərəfindən çoxsaylı məhkəmə icraatlarına cəlb edilmişdir. Oruc Nəbiyev işsizdir. Buna görə də tutulması xahiş edilən 10000 manat məbləği ağlabatan məbləğdir. Mənəvi zərər kimi 5000 manat məbləğində pul vəsaiti Oruc Nəbiyevin səhhətində yaranmış problemlərlə və mütəmadi olaraq təcili tibbi yardım xidmətindən istifadə etməsi ilə əlaqədar tələb edilir. İddiaçı yaşlı insandır, məhkəmə çəkişmələrində iştirak etmiş və yüksək qan təzyiqi ilə əlaqədar ona “hipotenziya” xəstəliyi diaqnozu qoyulmuşdur. 1900 manat məbləğində ekspertiza xərcləri iddiaçı Oruc Nəbiyevin Cavabdeh2 qarşı qaldırdığı iddialar üzrə olsa da, həmin iddianın qaldırılmasının səbəbi cavabdehin binanı uçurtması olmuşdur, digər tərəfdən də müvafiq məbləğlər məhkəmənin yekun qərarı ilə iddiaçının xeyrinə cavabdehdən tutulmamışdır. Belə ki, iş Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olarkən məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Ekspert rəyində binanın qəzalı vəziyyətdə olması qeyd edilmiş, lakin məbləğlə bağlı mütəxəssis rəyinin alınmalı olduğu bildirilmişdir. Məhkəmə müvafiq rəyin təqdim edilməsi üçün sənədləri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə göndərmişdir. Müvafiq Nazirlikdən məhkəməyə cavab məktubunda nazirlik tərəfindən yalnız dövlət mülkiyyətində olan əmlaklarla bağlı rəy verilməsinin mümkün olduğu bildirilmişdir. Bundan sonra məhkəmə iddiaçı tərəfə müvafiq rəyin müstəqil qiymətləndirmə təşkilatından alınmasını təklif etmişdir. Həmçinin Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsində də qiymətləndirmə barədə rəyə istinad edilmiş və bu rəyin əldə edilməsi üçün ödənilmiş məbləğ də qeyd edilmişdir. Hüquqi yardım göstərilməsi ilə bağlı xərclər iddiaçının iddiaları üzrə keçirilmiş məhkəmə icraatları çərçivəsində ödənilmişdir. Belə ki, həmin işlər üzrə yekun məhkəmə aktları qəbul edilərkən hüquqi yardımla əlaqədar çəkilmiş xərclər cavabdehdən tutulmamışdır. Qanunvericilik də bu xərclərin ayrı-ayrılıqda hər iddia üzrə yaxud ümumilikdə, tələb edilməsini qadağan etmir. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) qarşılıqlı iddia ərizəsinin və ilkin iddia ərizəsinə etirazların məzmunlarına uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, iddiaçının nümayəndəsi iddia edir ki, onun iddiaçıya qarşı irəli sürdüyü üç iddia tələbinin xarakteri eynidir. Halbuki hər iddia tələbinin xarakteri fərqlidir. İlkin iddianı əsassız və uydurma hesab edir. Çünki şəxs məhkəməyə bildirişlə dəvət edilir və bu bildirişlər müvafiq iş yerlərinə təqdim edilir. Bu mənada məhkəmədə iştirak edilməsi ilə əlaqədar iş vaxtının itirilməsi tələbi ilə iddia irəli sürmək əsassızdır. Eyni zamanda hesab edir ki, məhkəməyə müraciət etmək kontitusion hüquqdur. Digər tərəfdən iş vaxtının itirilməsi məsələsində iş vaxtı hesablanarkən COVİD-19 pandemiyası ilə əlaqədar karantin dövrü nəzərə alınmalıdır. Vicdansızcasına və əsassız adlandırılan iddiaların qaldırılması iddiaçı Oruc Nəbiyevin iddiaları ilə bağlı olmuşdur. O, iddiaçı tərəfindən qaldırılmış bütün iddialar üzrə məhkəmə iclaslarında iştirak etmişdir, yəni bu iclaslara görə onun vaxtı getmişdir. Hər iki tərəfin qaldırdığı iddialar üzrə ən çoxu təxminən 30 iclas olmuşdur. Bu da təxminən 30 iş günü edir. Dəfələrlə iddiaçının qaldırdığı iddialarla bağlı qarşılıqlı iddia ərizələrini məhkəmələr icraata götürməkdən imtina etmişdir, buna görə də müstəqil iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Digər tərəfdən əgər iddiaçı onlara qarşı qaldırılan iddiaların əsassız olduğunu hesab edirdisə, məhkəmə iclaslarında iştirak etməyə bilərdi, dolayısı ilə də iş vaxtı sərf edilməzdi. İddiaçı tərəfin iddia ərizəsində tələb etdiyi 1500 manat məbləğində xərc çəkilmiş mütəxəssis rəyi ilə bağlı məsələyə qiymət vermək həmin işə baxmış hakimin səlahiyyətində idi. Hakimin yekun məhkəmə aktında həmin rəyə istinad etməməsi artıq rəyin etibarlılıq məsələsi ilə bağlıdır. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) göstərilənlərin nəzərə alınaraq məhkəmədən qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, qarşılıqlı iddia ərizəsini, qarşılıqlı iddia ərizəsinə dəqiqləşmə ərizəsini, etirazları və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia və qarşılıqlı iddia təmin edilməməlidir. İş materialları: İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 aprel 2023-cü il tarixli 2(105)-725/2023 nömrəli qərardadı ilə iddiaçı X9 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhəri Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 2(060)-21/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçı X5 Cavabdeh2 qarşı vurulmuş maddi ziyanın və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işin mahiyyəti üzrə baxılması üçün aiddiyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Kommersiya Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 2-2(119)-22/2024 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, Cavabdeh2 08 sentyabr 2019-cu ildə Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti 10 ünvanında yerləşən qeyri-yaşayış binasının 2-ci mərtəbəsinin orta hissəsinin uçmasına görə 25400 (iyirmi beş min dörd yüz) manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun 3 (üç) manat hissəsi olmaqla, cəmi 25403 (iyirmi beş min dörd yüz üç) manat məbləğində pul vəsaiti iddiaçı X5 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 30 sentyabr 2024-cü il tarixli 2-2(105)-95/2024 nömrəli qətnaməsi ilə iddiaçı X9 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Sumqayıt Kommersiya Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 2-2(119)-22/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 13 mart 2025-ci il tarixli 2-2(102)-81/2025 nömrəli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 30 sentyabr 2024-cü il tarixli 2-2(105)-95/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli e-2-2(113)-3291/2023 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh X6 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli e-2(004)-1584/2024 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh X6 qarşı “vurulmuş 25000 manat mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2- 2(113)-2790/2024 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh2 cavabdeh X6 qarşı 1993-cü il tarixli qüvvədə olan birgə fəaliyyət haqqında gəlir müqaviləsindən irəli gələn öhdəlik üzrə 2014-2021-ci illər ərzində binadan cavabdeh tərəfindən götürülmüş və ona ödənilməmiş gəlirə görə 100000 manat zərərin alınaraq ödənməsini, təxirəsalınmaz təmirlə müşayət olunan qəzalı vəziyyət və qanunsuzluqlar səbəbindən Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu pr, 292,2 ünvanında yerləşən daşınmaz əmlakın cavabdehin günahından qiymətdən düşməsinə görə 50000 manat zərərin alınaraq ödənməsi və cavabdeh tərəfindən tək tərəfli təsisçisi olduğu vərəsəlik hüquqi üzrə Tello müəssisəsinin adına ayrılmış Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən torpağın 6,2 sotun qanunsuz özgəninkiləşdirilməsinə görə ona dəymiş 100000 manat zərərin alınaraq ona ödənilməsi barədə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 may 2025-ci il tarixli 2(103)-2686/2025 nömrəli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilməsi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli e-2(004)- 579/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2025-ci il tarixli 2(103)-2686/2025 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 may 2025-ci il tarixli 2(103)-2686/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan 09 mart 2023-cü il tarixli ödəniş qəbzi üzrə 300 manat, 05 iyul 2024-cü il tarixli ödəniş qəbzi üzrə 300 manat, 25 noyabr 2024-cü il tarixli ödəniş qəbzi üzrə 300 manat, 02 iyun 2025-ci il tarixli ödəniş qəbzi üzrə 300 manat, 03 iyun 2025-ci il tarixli ödəniş qəbzi üzrə 320 manat, 17 iyun 2025-ci il tarixli ödəniş qəbzi üzrə 320 manat məbləğində olmaqla, cəmi 1840 manat məbləğində pul vəsaiti 4 saylı Vəkil bürosunun hesabına köçürülmüşdür. İş materiallarında olan 16 fevral 2023-cü il tarixli 301631 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, Oruc Nəbiyev tərəfindən 400 manat məbləğində pul vəsaiti “X1” MMC-nin hesabına köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin “Respublika Təcili və X3 Mərkəzi” publik hüquqi şəxsi tərəfindən X2 ünvanlanmış 08 aprel 2024-cü il tarixli məktubun məzmununda “xx.xx.2023cü il tarixdə saat 21:21-də “RTTTYM”-nə ünvan 4 ünvanından Oruc adlı şəxsin (72 yaş) adına çağırış daxil olmuşdur. Çağırışı 1 saylı bölmənin həkimi Nurəddin Hüseynov icra edərək, xəstə X7 (72 yaş) “Nevrotik vəziyyət” diaqnozu qoymuş, ilkin tibbi yardım göstərmişdir. xx.xx.2023-cü il tarixdə saat 16:24-də həmin ünvandan Oruc Nəbiyevin adına “arterial təzyiq” səbəbi ilə daxil olan çağırışı 1 saylı bölmənin həkimi Təhminə Əhmədova icra edərək, xəstə X7 (72 yaş) "Hipotenziya” diaqnozu qoymuş, ilkin tibbi yardım göstərmişdir” qeyd edilmişdir. İş materiallarında olan 10 yanvar 2024-cü il tarixli 577623 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, Oruc Nəbiyev tərəfindən 1500 manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin hesabına köçürülmüşdür. İş materiallarında olan 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Oruc Nəbiyevə ünvanlanmış məktubun məzmununda Oruc Nəbiyevin 05 avqust 2024-cü il tarixli müraciəti əsasında fəaliyyətinin xx.xx.2024-cü il tarixdən xx.xx.2040-cı il tarixədək dayandırıldığı qeyd edilmişdir. İş materiallarından görünür ki, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi tərəfindən 03 sentyabr 2025-ci il tarixdə təqdim edilmiş izahatın məzmununda “... qeyri-yaşayış sahəsinə dəyən ziyanla bağlı "xxxx" MMC-yə 1500 manat pul Sumqayıt Kommersiya Məhkəməsində baxılmış 14 iyun 2024-cü il tarixli 2-2(119)- 22/2024 nömrəli kommersiya işi üzrə ödənilmiş və məhkəmənin yekun qərarında onun iddiaçıya qaytarılması barədə hər hansı müddəa yoxdur. “X1" MMC-yə 16 fevral 2023-cü il tarixli kassa mədaxil orderi ilə 400 manat pul Sumqayıt Apellyasiya Məhkəməsində baxılmış 19 aprel 2023-cü il tarixli 2(105)-725/2023 nömrəli işin icraatı dövründə ödənilmiş, bu vəsait də geri qaytarılmamışdır. Bundan əlavə, Bakı şəhəri 4 saylı Vəkil bürosuna müvafiq məbləğlər “Kapital bank” vasitəsilə ödənilmişdir. O cümlədən 09 mart 2023-cü il tarixində 300 manat Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olmuş 19 aprel 2023-cü il tarixli 2(105)-725/2023 nömrəli iş üzrə; 25 noyabr 2024-cü il tarixdə 300 manat Ali Məhkəmənin icraatında olmuş 2-2(102)-81/2025 nömrəli kommersiya işi üzrə; 05 iyul 2024-cü il tarixdə 300 manat Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının icraatında olmuş 2-2(105)-95/2024 nömrəli iş üzrə; 03 iyun 2025-ci il tarixində 320 manat Ali Məhkəmənin Kommersiya Kollegiyasının (işin Ali Məhkəmənin Plenumuna baxışa çıxarılması məsələsi üzrə iş) 13-2(102)-33/225 nömrəli iş üzrə; 17 iyun 2025-ci il tarixdə 320 manat Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1412/2025 nömrəli kommersiya işi üzrə ödənilmişdir” qeyd edilmişdir. İş materiallarından görünür ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən 03 sentyabr 2025-ci il tarixdə təqdim edilmiş izahatın məzmununda “... qarşılıqlı iddia üzrə cavabdeh 42-ci məhəllədə yerləşən sahibi olduğu digər biznes subyekti üzrə -"xxxx" MMCyə məxsus sahəni dağıtmaqla bu obyektdə də müvafiq dövrdən etibarən iş fəaliyyətini iflic etmişdir, onun da gəlirindən məhrum olmuşdur. Zərər deyərkən "əgər iş fəaliyyəti dayanmasaydı" bu dövrdə götürüləcək fayda nəzərdə tutulmuşdur. Qarşılıqlı iddia üzrə cavabdehin hazırkı iddiasında vəkil müqaviləsi xərcləri yalnız apellyasiya instansiyası müdafiəsi dövründə bağlanmış vəkil müqavilələrinin, həmçinin bu dövrdə çəkilmiş ekspert xərclərinə şamil etmək - bu xərclərin isə iddianın təmin edilmə payı nisbətində - yəni bizim halda, 250000 tələbinin qismən 10% hissəsi - 25000 manat təmin edilmişsə, cavabdehə də müvafiq tələb olunan xərci (zərərin 10%) hüququnda ola bilər” qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci, 2-ci və 3-cü hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 7-ci hissəsində əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 120-ci maddəsinə əsasən, məhkəmə, vicdansızcasına əsassız iddia vermiş yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il Qərarında qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Fiziki şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mənəvi zərərin ödənilməsini tənzimləyən qaydalar sahibkarlar barəsində belə məlumatların yayılması hallarına da şamil edilir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Məhkəmənin mövqeyi: Göründüyü kimi, ilkin iddia üzrə iddiaçı Oruc Nəbiyev cavabdeh (qarşılıqlı iddia üzrə cavabdeh) Cavabdeh2 tərəfindən vicdansızcasına əsassız iddia verilməsi və iş vaxtının itirilməsini əsas gətirərək sonuncudan 10000 manat məbləğində pul vəsaitinin, 5000 manat məbləğində mənəvi zərərin, 1900 manat məbləğində ekspertiza xərclərinin, vəkilin göstərdiyi hüquqi yardıma görə 1840 manat məbləğində xidmət haqqının əvəzi olmaqla, cəmi 18740 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd edilməlidir ki, iddia ərizəsində və iddiaçının nümayəndəsi tərəfindən verilmiş izahatlarda iddia tələbinin qanuni əsası kimi Mülki Prosessual Məcəllənin 120-ci maddəsinə istinad edilərək Cavabdeh2 tərəfindən iddiaçı Oruc Nəbiyevə qarşı qaldırılmış iddia ərizələri üzrə aşağıda göstərilən məhkəmə aktlarının qəbul edildiyi göstərilmişdir: - Bakı Kommersiya Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli e-2-2(113)- 3291/2023 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh X6 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. - Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli e-2(004)- 1584/2024 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh X6 qarşı “vurulmuş 25000 manat mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. - Bakı Kommersiya Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2-2(113)-2790/2024 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh2 cavabdeh X6 qarşı 1993-cü il tarixli qüvvədə olan birgə fəaliyyət haqqında gəlir müqaviləsindən irəli gələn öhdəlik üzrə 2014- 2021-ci illər ərzində binadan cavabdeh tərəfindən götürülmüş və ona ödənilməmiş gəlirə görə 100000 manat zərərin alınaraq ödənməsini, təxirəsalınmaz təmirlə müşayət olunan qəzalı vəziyyət və qanunsuzluqlar səbəbindən Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu pr, 292,2 ünvanında yerləşən daşınmaz əmlakın cavabdehin günahından qiymətdən düşməsinə görə 50000 manat zərərin alınaraq ödənməsi və cavabdeh tərəfindən tək tərəfli təsisçisi olduğu vərəsəlik hüquqi üzrə Tello müəssisəsinin adına ayrılmış Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən torpağın 6,2 sotun qanunsuz özgəninkiləşdirilməsinə görə ona dəymiş 100000 manat zərərin alınaraq ona ödənilməsi barədə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 may 2025-ci il tarixli 2(103)-2686/2025 nömrəli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilməsi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli e-2(004)- 579/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçının istinad etdiyi Mülki Prosessual Məcəllənin 120-ci maddəsində qeyd edilir: məhkəmə, vicdansızcasına əsassız iddia vermiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Mülki-prosessual qanunvericilik iş vaxtının itirilməsi üçün məbləğin tutulmasının əsası kimi “vicdansızcasına əsasssız iddia verilməsini” və “düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törədilməsini” dispozisiya şərtləri kimi qeyd etmişdir. Qeyd edilməlidir ki, burada məhkəmə dedikdə, məhz işin icraatında olduğu və işə mahiyyəti üzrə baxan məhkəmə başa düşülür. Çünki “iddianın vicdansızcasına əsassız verilməsi” və ya “işin düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törədilmə” xüsusi qiymətləndirmə tələb edən anlayışlardır, iddianın vicdansızcasına əsassız verilmiş hesab edilməsi üçün həmin iş üzrə iddiaçının izahatlarının dinlənilməsi, onun iddia ərizəsinə əlavə etdiyi sənədlərin tədqiq edilməsi, onun iddiası üzrə təqdim etdiyi sübut bazasının təhlil edilməsi və digər zəruri və müvafiq prosessual hərəkətlərin icra edilməsi nəticəsində obyektiv nəticəyə gəlinməsi mümkündür, yəni bütün rədd edilən iddia ərizələri üzrə belə nəticəyə gəlmək doğru olmaz ki, iddiaçı vicdansızcasına əsassız iddia qaldırmışdır. Eynilə bunun kimi, “işin düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törədilmə” də yalnız həmin işin icraatı daxilində işə baxan məhkəmə tərəfindən müəyyən edilə bilər. Digər tərəfdən, iddiaçı məhkəmə iclaslarında verdiyi izahatlarında səhhəti ilə əlaqədar olaraq hazırda işləmədiyini və 13 ildir təqaüdçü olduğunu bildirmişdir. Belə olduğu halda, iddiaçı iş materiallarına məhz hansı günlərlə bağlı olaraq iş vaxtını itirməsi, bununla əlaqədar 10000 manat məbləğində pul vəsaitinin hansı qaydada hesablanması, həmin məbləğin əsasında nəyin durması barədə hansısa sənəd əlavə etməmişdir. Bundan başqa, iddia tələbinin 5000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddianın həmin hissədə də əsaslılığı iş materialları ilə təsdiq edilməmişdir. Bununla bağlı o da qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi, Cavabdeh2 tərəfindən iddiaçı Oruc Nəbiyevə qarşı qaldırılmış bütün iddialar üzrə işi mahiyyəti üzrə həll edən yekun məhkəmə aktları (Bakı Kommersiya Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli e-2-2(113)-3291/2023 nömrəli və 25 iyun 2024-cü il tarixli 2-2(113)-2790/2024 nömrəli qətnamələri, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli e-2(004)-1584/2024 nömrəli qətnaməsi) qəbul edilmişdir. Yəni həmin iddialar, iddiaçının qeyd etdiyi kimi, təkrar verilmiş iddialar hesab edilsəydi, işə baxan məhkəmələr Mülki Prosessual Məcəllənin 153.2.1-ci, 153.2.2-ci və 153.2.3-cü maddələrinə uyğun olaraq iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edərdilər və ya həmin Məcəllənin 261.0.1-ci, 261.0. 2-ci və 261.0.3-cü maddələrinə əsasən, iş üzrə icraata xitam verərdilər. Buradan çıxış edərək iddiaçıya mənəvi zərər dəyməsi əsası ilə onun xeyrinə cavabdehdən pul vəsaitinin tutulması cavabdehin məzmunlarına qətnamənin “Tətbiq edilən hüquq:” bölməsində istinad edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci, 2-ci və 3-cü hissələrində təsbit edilmiş hüquqlarına xələl gətirə, o cümlədən Konstitusiyanın 71-ci maddəsinin 7-ci hissəsində nəzərdə tutulmuş qaydanı poza bilər. Bunlardan əlavə, ilkin iddia tələbinin 1900 manat məbləğində ekspertiza xərclərinin, vəkilin göstərdiyi hüquqi yardıma görə 1840 manat məbləğində xidmət haqqının əvəzinin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi məhkəmə iclaslarında verdiyi izahatlarında, həmçinin işə əlavə etdiyi 03 sentyabr 2025-ci il tarixli yazılı izahatının məzmununda həmin xərclərin yuxarıda sadalanmış işlər üzrə deyil, ilkin iddia üzrə iddiaçı Oruc Nəbiyevin Cavabdeh2 qarşı iddia qaldırdığı işlərlə əlaqədar olduğunu qeyd etmişdir (hüquqi yardımla bağlı tutulması tələb edilən 1840 manat məbləğində xərcin 320 manatlıq hissəsi hazırkı işlə bağlı vəkilə ödənilmiş məbləğdir). Həmin iddia ərizəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 14 iyun 2024-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, Cavabdeh2 cəmi 25403 manat məbləğində pul vəsaitinin iddiaçı Oruc Nəbiyevin xeyrinə tutulması qət edilmiş, apellyasiya və kassasiya instansiyalarının müvafiq qərarları ilə gəlinən hüquqi mövqe dəyişdirilmədən saxlanılmışdır (həmin aktlara qətnamənin “İş materialları:” bölməsində istinad edilmişdir). Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 107-ci, 115.0.1-ci və 115.0.6-cı maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Ekspertlərə, mütəxəssislərə və vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmçinin həmin Məcəllənin 119.1-ci, 119.5-ci və 119.6-cı maddələrinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Həmin Məcəllənin 125-ci maddəsinə əsasən, məhkəmə xərcləri ilə əlaqədar qərardadlardan şikayət verilə bilər. Göründüyü kimi, ilkin iddia tələbinin 1900 manat məbləğində ekspertiza xərclərinin, vəkilin göstərdiyi hüquqi yardıma görə 1840 manat məbləğində xidmət haqqının (hazırkı iş üzrə çəkilən xərc istisna olmaqla, qalan hissəsinin) əvəzinin cavabdehdən tutulması hissəsi ilkin iddia üzrə iddiaçı Oruc Nəbiyevin Cavabdeh2 qarşı iddia qaldırdığı işlə əlaqədardır və həmin iş üzrə artıq yekun məhkəmə aktı qüvvəyə minmişdir. Həmin icraat daxilində çəkilmiş məhkəmə xərclərinə işə baxan məhkəmənin yekun aktı ilə qiymət verilir və məhkəmə xərci ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq bölüşdürülür. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 125-ci maddəsinə əsasən, ilkin iddia üzrə iddiaçının məhkəmə xərcləri ilə əlaqədar qərardadlardan şikayət vermək hüququ olsa da, o, istinad edilən işlər üzrə qəbul edilmiş məhkəmə aktlarından bu əsasla şikayət etməmişdir. Belə olduğu halda, həmin xərclərə yenidən baxılaraq onların əvəzinin tutulması barədə tələb əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X9 tərəfindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 qarşı verilmiş “iş vaxtını itirməyə görə pulun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməməlidir. İddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh2 tərəfindən cavabdeh (ilkin iddia üzrə iddiaçı) X6 qarşı verilmiş “iş vaxtını itirməyə görə pulun tutulması” tələbi barədə qarşılıqlı iddia ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, ərizədə 19250 manat məbləğində pul vəsaitinin tutulması xahiş edilsə də, iş materialları ilə həmin tələbin əsaslılığı müəyyən edilmədiyindən qarşılıqlı iddia ərizəsi də təmin edilməməlidir. İddia tələbləri təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının və qarşılıqlı iddia üzrə iddiaçının özlərinə özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X9 tərəfindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 qarşı verilmiş “iş vaxtını itirməyə görə pulun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməsin. İddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh2 tərəfindən cavabdeh (ilkin iddia üzrə iddiaçı) X6 qarşı verilmiş “iş vaxtını itirməyə görə pulun tutulması” tələbi barədə qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının və qarşılıqlı iddia üzrə iddiaçının özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1412/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1412/2025
19.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver