Məhkəmə qərarları › İş №e-2-2(119)-1451/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1451/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1451/2024 18.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti 12 avqust 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 11 dekabr 2023-cü il tarixli HSE/AL-01 nömrəli xidmət müqaviləsi üzrə 1215 (min iki yüz on beş) manat məbləğində borc və borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faizlə hesablanmaqla 60,75 (altmış manat, yetmiş beş qəpik) manat məbləğində faiz borcu, cəmi 1275,75 (min iki yüz yetmiş beş manat, yetmiş beş qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması və müvəqqəti təminat tədbiri olaraq cavabdehin əmlakı və hesabındakı pul vəsaitlərinin üzərinə həbs qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 11 dekabr 2023cü il tarixli xidmət müqaviləsinə əsasən cavabdeh iddiaçıya təxliyə planlarının hazırlanması xidmətini sifariş vermiş və hazırlanacaq təxliyə planının 1 ədədinin qiymətinin ƏDV daxil olmamaqla 300 manat məbləğində və kuryer xidmətinin ƏDV daxil olmamaqla 15 manat məbləğində olması tərəflər arasında razılaşdırılmışdır. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində 4 ədəd təxliyə planı hazırlanaraq cavabdehə təqdim edilmiş və bu barədə təhvil-təslim aktı imzalanmışdır. Lakin cavabdeh iddiaçı tərəfindən göstərilən xidmətlərin dəyərini ödəməyərək müqavilə öhdəliyini yerinə yetirməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi iddianı müdafiə edərək iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: Belə ki, iş materiallarında olan 11 dekabr 2021-ci il tarixli HSE/AL-01 nömrəli xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən, icraçı (iddiaçı “HSE.AZ MMC) bu müqavilə ilə müəyyən olunmuş qaydada sifarişçinin (Cavabdeh MMC-nin) yazılı sifarişi əsasında, bu müqaviləyə əlavə olunmuş Qiymətlərin razılaşdırılması protokolunda müəyyən olunmuş xidmətlərin aparılmasını, sifarişçi isə xidmətləri qəbul edib əvəzində müəyyənləşdirilmiş məbləği ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.2.4-cü yarımbəndinə əsasən, xidmət haqqını bu müqavilə ilə müəyyənləşdirilmiş qaydada və müddətdə ödəmək sifarişçinin öhdəliyidir. Həmin müqavilənin 2.3.2-ci yarımbəndinə əsasən, xidmət görüldükdən və təhvil alındıqdan sonra sifarişçidən bu müqavilə ilə müəyyənləşdirilmiş məbləğin ödənilməsini tələb etmək icraçının hüququdur. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, xidmətin dəyəri xidmət yerinə yetirildikdən və tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra icraçı tərəfindən təqdim edilmiş hesab-faktura və e-qaimə əsasında 5 (beş) bank günü ərzində ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə təxliyə planlarının hazırlanması üçün 1215 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 19 dekabr 2023-cü il tarixli EBDV seriyalı 412741 nömrəli elektron qaimə təqdim edilmişdir. İş materiallarında olan 11 dekabr 2021-ci il tarixli HSE/AL-01 nömrəli iddiaçı və cavabdehin nümayəndələri tərəfindən imzalanaraq möhürlənmiş xidmət müqaviləsinə 1 nömrəli Əlavədən (Qiymətlərin razılaşdırılması protokolundan) görünür ki, 4 ədəd təxliyə planının hazırlanması hər biri 300 manat, kuryer xidmətinin dəyəri isə 15 manat olmaqla tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 19 dekabr 2023-cü il tarixli iddiaçı və cavabdehin nümayəndələri tərəfindən imzalanaraq möhürlənmiş təhvil-təslim aktının məzmununa əsasən, tərəflər təsdiq etmişlər ki, 11 dekabr 2021-ci il tarixli HSE/AL-01 nömrəli xidmət müqaviləsinə və onun 1 nömrəli Əlavəsinə əsasən icraçı 1 ədədinin qiyməti 300 manat olmaqla 4 ədəd təxliyə planını cavabdehə təhvil vermiş, kuryer xidməti 15 manat, xidmətin yekun dəyəri isə 1215 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 11 dekabr 2021-ci il tarixli HSE/AL-01 nömrəli predmeti birinin dəyəri 300 manat məbləğində olmaqla 4 ədəd təxliyə planının hazırlanmasından ibarət olan podrat müqaviləsi bağlanılmış, həmin müqavilə üzrə icraçı qismində çıxış edən iddiaçı müqavilə öhdəliyinə uyğun olaraq cavabdeh tərəfindən sifariş edilən işi icra edərək ona təhvil vermiş, lakin cavabdeh göstərilən xidmətin dəyərini ödəməyərək müqavilə öhdəliklərini pozmuş və nəticədə onun iddiaçıya təxliyə planlarının hazırlanması və kuryer xidmətləri ilə birlikdə cəmi 1215 manat məbləğində borcu yaranmışdır. Bu hal yuxarıda istinad edilən sübutlarla tam sübut olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 11 dekabr 2021-ci il tarixli HSE/AL-01 tarixli xidmət müqaviləsi üzrə 1200 manat məbləğində borcun və kuryer xidmətinə görə 15 manat məbləğində pulun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizlə hesablanmış 60,75 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsinə gəldikdə, məhkəmə araşdırması zamanı iddia tələbinin bu hissədə əsaslılığı müəyyən edilməmişdir. Belə ki, ilk növbədə, iddia tələbində cavabdehdən 60,75 manat məbləğində faiz borcunun tutulması tələb edilsə də, bu məbləğin hansı qaydada və hansı müddətlər daxilində hesablanması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sənəd (maliyyə arayışı və s.) təqdim edilməmişdir. Digər tərəfdən, tərəflər aralarında bağlanmış müqavilənin 3.2-ci bəndindən görünür ki, xidmətin dəyərinin xidmət yerinə yetirildikdən və tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra icraçı tərəfindən təqdim edilmiş hesab-faktura və elektron qaimə-faktura əsasında 5 (beş) bank günü ərzində iddiaçıya ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən təxliyə planları cavabdehə 19 dekabr 2023-cü il tarixində təhvil verilmiş, həmin tarixdə təhvil-təslim aktı imzalanmış, eyni zamanda cavabdehə elektron-qaimə faktura göndərilmişdir. Həmin tarixdən 5 bank günü keçdikdən sonrakı müddətdə müqavilənin 3.2ci bəndinin şərti nəzərə alınmaqla cavabdehdən ödənişin tələb edilib-edilməməsi, müsbət halda, bunu təsdiq edən sənədlər iddiaçı tərəfindən iş materiallarına əlavə edilməmişdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, hazırkı müqavilə üzrə iddiaçının gecikdirilmiş vaxta görə faiz borcunu tələb etmək hüququ o zaman yarana bilərdi ki, o özü müqavilənin tərəfi kimi gecikmənin qarşısını almaq üçün həmin müqavilənin 3.2-ci bəndinin şərtinə uyğun olaraq 5 bank günü müddəti ötdükdən sonrakı müddətdə həmin məbləği cavabdehdən tələb etdiyini sübuta yetirsin. Buna görə də gecikdirilmiş vaxt üçün 60,75 manat məbləğində faiz borcunun cavabdehdən tutulmasının əsaslılığı sübut edilmədiyi üçün iddia həmin hissədə təmin edilməməlidir. Bundan əlavə, iddia tələbinin müvəqqəti təminat tədbiri olaraq cavadehin əmlakı və hesabındakı pul vəsaitlərinin üzərinə həbs qoyulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 159.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. Mülki-prosessual qanunvericiliyin istinad edilən normasından göründüyü kimi, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizəyə iddia icraatı daxilində iddia tələbi ilə birlikdə baxılması nəzərdə tutulmadığından iddia həmin hissədə də təmin edilməməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 11 dekabr 2023-cü il tarixli HSE/AL-01 nömrəli xidmət müqaviləsi üzrə 1215 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 11 dekabr 2023-cü il tarixli HSE/AL-01 nömrəli xidmət müqaviləsi üzrə 1215 (min iki yüz on beş) manat məbləğində borc İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar