Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1491/2023 14.11.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1 və X2 qarşı verilmiş “"xxxx" MMC-nin nizamnaməsinin 4.2.3-cü bəndinin və bu bəndlə əlaqədar nizamnaməyə edilmiş dəyişikliklə bağlı ümumi yığıncağının qərarının həmin hissədə etibarsız hesab edilməsi, habelə alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, ara məsafəsi saxlamadan Cavabdeh1 tərəfindən aparılan qanunsuz tikintinin sökülməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1 və X2 qarşı “”AAAF-İNŞAAT” MMC-nin nizamnaməsinin 4.2.3-cü bəndinin və bu bəndlə əlaqədar nizamnaməyə edilmiş dəyişikliklə bağlı ümumi yığıncağının qərarının həmin hissədə etibarsız hesab edilməsi, habelə alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, ara məsafəsi saxlamadan Cavabdeh1 tərəfindən aparılan qanunsuz tikintinin sökülməsi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçının cavabdehlərə qarşı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, iddiaçı tərəfindən cavabdeh "xxxx" MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanlanmış 21 sentyabr 2023-cü il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, "xxxx" MMC-nin nizamnaməsinin 4.2.3-cü bəndinin və bu bəndlə əlaqədar nizamnaməyə edilmiş dəyişikliklə bağlı ümumi yığıncağının qərarının həmin hissədə etibarsız hesab edilməsinin iddiaçı 7 (yeddi) gün ərzində həyata keçirilməsini təklif etmiş, əks təqdirdə həmin məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələblərindən biri olan – “"xxxx" MMC-nin nizamnaməsinin müvafiq bəndinin və bu bəndə dəyişikliyin edildiyi ümumi yığıncağın qərarının həmin hissədə etibarsız hesab edilməsi” hüquqi şəxsin özünə deyil, qüvvədə olan mülki qanunvericiliyin normalarına əsasən həmin nizamnaməni hazırlayan və bilavasitə təsdiq edən, o cümlədən hüquqi şəxsin umumi yığıncağının iştirakçısı sayılan hüquqi şəxsin təsisçisinə (təsisçilərinə) ünvanlanmalı olan tələbdir. Başqa sözlə, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən əvvəl pretenziya qaydalarına riayət edərək hazırkı iş üzrə cavabdehlərə müvafiq tələbləri ünvanlayaraq pretenziyada qeyd olunmuş müddəti gözlədikdən sonra məhkəməyə müraciət etsə də, “nizamnamənin müvafiq bəndinin və bu bəndə dəyişikliyin edildiyi ümumi yığıncağın qərarının həmin hissədə etibarsız hesab edilməsi tələbi”nin bilavasitə ünvanlanmalı olduğu şəxs – iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin nizamnaməsinin 2.2-ci bəndinə əsasən həmin hüquqi şəxsin digər təsisçisi X3 olmasına baxmayaraq, həmin mübahisə pretenziya qaydasında bilavasitə təsisçi qismində məhz onunla müzakirə edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən, hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən, bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Yuxarıda qeyd olunan mülki qanunvericiliyin normalarını da nəzərə alaraq məhkəmə qeyd edir ki, sözügedən hüquqi şəxsin nizamnaməsinə əsasən, cəmiyyətin təkbaşçı icra orqanı olan direktor vəzifəsini X1 icra etməsi yuxarıda qeyd olunan pretenziya sənədlərinin hüquqi şəxs kimi "xxxx" MMC-yə göndərilməsinə əsas vermir. Çünki təsisçi mübahisə edilən nizamnaməni təsdiq edən şəxslərdən biri (digəri hazırkı iş üzrə iddiaçı), o cümlədən mübahisə edilən ümumi yığıncağın iştirakçısı kimi bilavasitə öz adından çıxış edən fiziki şəxsdir. Cəmiyyətin icra orqanının rəhbəri isə hüquqi şəxsə göndərilən müraciətlər üzrə yalnız hüquqi şəxsin adından çıxış edə bilər. Hüquqi şəxsin təsis sənədi olan nizamnamə təsisçilər tərəfindən təsdiq olunduğundan təsisçiyə deyil, hüquqi şəxs olan "xxxx" MMC-yə nizamnamənin müvafiq bəndinin və ümumi yığıncağın qərarının etibarsız hesab edilməsi barədə pretenziya məktubunun ünvanlanması qüvvədə olan qanunvericiliyə ziddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə, hüquqi şəxsin nizamnaməsinin müvafiq bəndinin və bu bəndə dəyişikliyin edildiyi ümumi yığıncağın qərarının həmin hissədə etibarsız hesab edilməsi bilavasitə həmin hüquqi şəxsin təsisçilərinə aid subyektiv hüquq olduğundan, iddiaçı bu tələblə əlaqədar ilk növbədə hazırkı iş üzrə "xxxx" MMC-nin digər həmtəsisçisinə müraciət etməli, digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə ondan cavab almadıqda, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-150-ci və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməklə məhkəməyə müraciət edə bilərdi. Bundan əlavə, müəyyən edilmişdir ki, iddiaçının iddia tələblərindən biri olan – qeyd olunan hüquqi şəxsin nizamnaməsinin müvafiq bəndinin və bu bəndə dəyişikliyin edildiyi ümumi yığıncağın qərarının həmin hissədə etibarsız hesab edilməsi ilə əlaqədar sözügedən ümumi yığıncağın qərarı məhkəməyə təqdim edilmiş iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda, bu, iddiaçıdan asılı olmayan səbəbdən baş vermişdirsə, bu barədə iddia ərizəsində hər hansı qeyd göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsinə əlavə olunmalıdır. Bundan əlavə, müəyyən edilmişdir ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim olunmuş iddia ərizəsinin “Tərəflər” bölməsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi “Maraqlı şəxs” qismində göstərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Mülki-prosessual qanunvericiliyin istinad olunan və digər müddəaları nəzərə alındıqda, iddia icraatı üzrə hər hansı subyektin “maraqlı şəxs” qismində iştirak etməsi istisna olunduğundan, iddia ərizəsinin həmin bölməsində adıçəkilən subyektin statusunun dəyişdirilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərdən görünür ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.4, 150.1.6, o cümlədən həmin Məcəllənin 149.2.3-cü maddələrinə riayət edilmədiyindən iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Ona görə də, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1 və 152.1.6-cı maddələrinə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1 və X2 qarşı verilmiş “"AAAF-İNŞAAT” MMC-nin nizamnaməsinin 4.2.3-cü bəndinin və bu bəndlə əlaqədar nizamnaməyə edilmiş dəyişikliklə bağlı ümumi yığıncağının qərarının həmin hissədə etibarsız hesab edilməsi, habelə alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, ara məsafəsi saxlamadan Cavabdeh1 tərəfindən aparılan qanunsuz tikintinin sökülməsi” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1491/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1491/2023
14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver