Məhkəmə qərarları › İş №e-2-2(119)-1617/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1617/2023

08.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1617/2023 08.12.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehə qarşı verilmiş “sığorta ödənişi və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehə qarşı “sığorta ödənişi və digər ödənişlərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 374,23 (üç yüz yetmiş dörd manat iyirmi üç qəpik) manat məbləğində sığorta ödənişi, 20 (iyirmi) manat məbləğində mediasiya haqqı və 10 (on) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 404,23 (dörd yüz dörd manat iyirmi üç qəpik) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçının cavabdehə qarşı verilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə nəzərdə tutulan qaydada iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən alınmasını, eləcə də cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən müvafiq sənədlər iddiaçı tərəfindən hazırkı iddia ərizəsinə əlavə edilərək, məhkəməyə təqdim olunmamışdır. Halbuki, Mülki-Prosessual Məcəllənin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən həmin Məcəllənin 150.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada yuxarıda qeyd olunan hərəkətləri yerinə yetirməli və bununla bağlı müvafiq sənədləri məhkəməyə təqdim etməlidir. Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə əsasən, elektron kabinet –vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kodparol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Göründüyü kimi, hal-hazırda Mülki-Prosessual Məcəllənin 150.2-ci maddəsində kommersiya mübahisələri üzrə verilən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılmasının və eləcə də, mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sənədin cavabdehə çatdırılmasının xüsusi qaydası müəyyən edilmiş və yuxarıda qeyd olunan sənədlərin cavabdehə həmin qaydada göndərilməli olması həmin Məcəllənin 150.1.4-cü və 150.1.6-cı maddələrində imperativ qaydada təsbit olunmuşdur. Lakin, yuxarıda qeyd olunan sənədlərin cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada göndərilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamış və bununla da, hazırkı iddia ərizəsi Mülki-Prosessual Məcəllənin 150.1.4-cü, 150.1.6-cı və 150.2-ci maddələrinin tələblərinə riayət edilməklə verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Eləcə də, məhkəməyə təqdim olunmuş 17 noyabr 2023-cü il tarixli MŞB/6-0728 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi” barədə arayışla müəyyən olunur ki, Sumqayıt Kommersiya Məhkəməsinə verilmiş hazırkı iddia ərizəsi üzrə mediasiya Sumqayıt 1 saylı Mediasiya Təşkilatında və yaxud, bu məhkəmənin ərazi yurisdiksiyasına aid olan hər hansı bir rayonda (şəhərdə) yerləşən Mediasiya Təşkilatında deyil, Bakı 6 saylı Mediasiya Təşkilatında (Bakı şəhəri, Nəsimi rayonu) keçirilmişdir. Halbuki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinin tələblərinə görə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatında keçirilməlidir. Yəni, hazırkı mübahisə üzrə mediasiya prosesinin keçirilməsi üçün müvafiq mediasiya təşkilatının seçilməsi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmamışdır. Bu halda isə təqdim olunan 17 noyabr 2023-cü il tarixli MŞB/6-0728 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi” barədə arayış “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun aparılan mediasiya hərəkəti kimi qəbul oluna bilməz. Çünki, Azərbaycan Respublikası Mediasiya X3 28 dekabr 2022-ci il tarixli qərarına əsasən 28 dekabr 2022-ci il tarixindən etibarən Sumqayıt şəhərində Sumqayıt 1 saylı Mediasiya Təşkilatı fəaliyyətə başlamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə həmin Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, mediasiya prosesi tərəflər arasında bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında və ya bu Qanunun 28ci və 29-cu maddələrinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etməklə həyata keçirilir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən, bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Həmin Qanunun 21.6-cı maddəsinə əsasən, tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Həmin Qanunun 28.3-cü maddəsinə əsasən, tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən, tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasından (ims) sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 7.3-cü bəndinə əsasən, mediator mediasiyada iştirak edən tərəflərlə mediasiya prosesinin keçirilməsinin tarixini, saatını və yerini razılaşdırır və ya Qanunun 21.8-ci və 29.2-ci maddələrində nəzərdə tutulmuş hallarda mediasiya prosesinin keçirilmə tarixi, saatı və yerini əks etdirən bildirişi tərəflərə göndərir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Göründüyü kimi, yuxarıda qeyd olunan hallar məhkəməyə müraciət edilənədək tərəflər arasında ilkin mediasiya sessiyasının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun təşkil olunaraq keçirildiyini təsdiq etmir. Ona görə də, Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru X1 tərəfindən tərtib edilərək imzalanmış 17 noyabr 2023-cü il tarixli MŞB/6-0728 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi” barədə arayış – Sumqayıt Kommersiya Məhkəməsinə verilmiş hazırkı iddia ərizəsi üzrə qanunvericiliyin tələblərinə uyğun mediasiya prosesinin qaydalarına, yəni mediasiya prosesinin təşkil edilərək keçirilməsi qaydalarına əməl edilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Bundan əlavə, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 20 (iyirmi) manat məbləğində mediasiya haqqı ödənilmişdir. Həmçinin iş materiallarına əlavə olunmuş 06 dekabr 2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 0,10 (on qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə, dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən, qiyməti 1.000 manatadək olan iddialar üzrə ödənilməli dövlət rüsumunun məbləği 30 manat təşkil edir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının mediasiya xərcini ödəməsi ilə əlaqədar ödəməkdən azad olduğu dövlət rüsumunun məbləği 20 (iyirmi) manat təşkil etdiyi üçün, hazırkı iddianın verilməsi ilə bağlı 10 (on) manat məbləğində dövlət rüsumu ödəməli olmasına baxmayaraq, onun tərəfindən 0,10 (on qəpik) manat dövlət rüsumu ödənilmişdir. Bu isə qüvvədə olan qanunvericiliyə ziddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddiaçının kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehə qarşı verilmiş iddia tələbi barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı verilmiş “sığorta ödənişi və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar