Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-176/2024 08.04.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Salədin qızının katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili, eyni zamanda İddiaçı2 nümayəndəsi Nümayəndə1, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Neptun” İstirahət Mərkəzinə əsassız hesablanmış 2052 (iki min əlli iki) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 03 may 1999-cu il tarixli 282 saylı Sərəncamı ilə "Bakı LTD" firmasına ayrılmış torpaq sahəsindən Novxanı istiqamətində firmanın istifadəsində olan 142 metr torpaq sahəsi əhaliyə xidmət məqsədi ilə istirahət güşəsi yaratmaq üçün İddiaçı1 adına qeydiyyata alınması qərara alınmışdır. Həmçinin həmin qərarda torpaqdan istifadə müddətinin müvafiq icarə müqaviləsi əsasında tənzimlənməsi nəzərdə tutulmuşdur. İddiaçı1 AR-İİ 770175 nömrəli, 16 sentyabr 2022-ci il tarixli ümumi etibarnamə ilə bütün əmlakından istifadə etmək, bütün dövlət orqanlarında onun adında çıxış etmək və bu kimi digər səlahiyyətləri 50 il müddətində İddiaçı2 etibar etmişdir. Həmçinin sözügedən ərazidə əhaliyə xidmət məqsədi ilə "Neptun” İstirahət Mərkəzi kimi adlanan istirahət güşəsi tikilərək istifadəyə verilmiş və həmin istirahət mərkəzi 18 avqust 2022-ci il tarixli icarə müqaviləsi ilə X1 icarəyə verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 İdarəsi ilə "Neptun” İstirahət Mərkəzi arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə 19390222 saylı müqavilə bağlanmışdır. Sonradan məlum olmuşdur ki, cavabdeh təşkilat tərəfindən istirahət mərkəzinə qanunsuz və əsassız 2052 (iki min əlli iki) manat məbləğində borc yazılmışdır. Həmin borc 22 may 2023-cü il tarixli, 602032 nömrəli akt əsasında yazılmışdır. Lakin həmin borcdan iddiaçılar məlumatlı olmamış, bu barədə onlara heç bir rəsmi bildiriş göndərilməmişdir. Onlar tərəfindən istifadə edilən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə hər ay vaxtlı-vaxtında ödənişlər edilmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili, eyni zamanda İddiaçı2 nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinə 22 may 2023-cü il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış keçirilən zaman obyektdə su sayğacından kənar diametri 20 mm-lik xətdən qeyriqanuni istifadə halı aşkar olunmuşdur. Həmin qeyri-qanuni su xətti ləğv edilərək sözügedən obyektə akt əsasında 2052 (iki min əlli iki) manat məbləğində cərimə hesablanmışdır. Buna görə sudan qeyri-qanuni istifadə nəticəsində hesablanmış dəymiş ziyan məbləği ödənilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Bələdiyyə şurasının 30 dekabr 2002ci il tarixli qərarı ilə “Bakı LTD” firmasının razılığı nəzərə alınaraq Sumqayıt şəhər Bələdiyyəsi torpaq komissiyasının 30 dekabr 2002-ci il tarixli 53 saylı protokoluna əsaslanaraq Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 03 may 1999-cu il tarixli 282 saylı sərəncamı ilə “Bakı LTD” firmasına ayrılmış torpaq sahəsindən Novxanı istiqamətində firmanın istifadəsində olan 142 metr zolağın əhaliyə xidmət məqsədi ilə istirahət guşəsi yaratmaq üçün İddiaçı1 adına rəsmiləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Sumqayıt şəhər Bələdiyyəsi ilə İddiaçı1 arasında bağlanmış 28 dekabr 2006-cı il tarixli 335 nömrəli torpaq icarə müqaviləsinə əsasən Sumqayıt şəhəri Sumqayıt Novxanı yolu istiqamətində yerləşən ümumi sahəsi 24000 kv.m olan torpaq sahəsi istirahət guşəsi yaratmaq üçün İddiaçı1 müvəqqəti istifadəsinə verilmişdir. İcarə müqaviləsi 30 dekabr 2002-ci il tarixdən 31 dekbar 2041-ci il tarixədək bağlanılmışdır İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 nömrəli 30 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, “Bakı LTD” firmasının razılığını nəzərə alaraq Sumqayıt şəhər Bələdiyyəsinin torpaq komissiyasının 30 dekabr 2002-ci il tarixli 53 saylı protokoluna əsaslanaraq Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 03 may 1999-cu il tarixli 282 saylı sərəncamı ilə “Bakı LTD” firmasına ayrılmış torpaq sahəsindən Novxanı istiqamətində firmanın istifadəsində olan 142 metr zolaq əhaliyə xidmət məqsədi ilə istirahət guşəsi yaratmaq üçün İddiaçı1 ayrılmışdır və hal-hazırda “Neptun” ailəvi istirahət mərkəzi kimi fəaliyyət göstərir. İş materiallarında olan 22 may 2023-cü il tarixli, 602032 nömrəli aktdan görünür ki, "Neptun” İstirahət Mərkəzinə baxış keçirilən zaman obyektdə su sayğacından kənar diametri 20 mm-lik xətdən qeyri-qanuni istifadə olunduğu müəyyən edilmiş, istifadə edilən xətt ləğv olunmuşdur. İş materiallarında olan abonent saldosundan görünür ki, 2023-cü ilin may ayında sudan qanunsuz istifadəyə görə "Neptun” İstirahət Mərkəzinə 2052 (iki min əlli iki) manat məbləğində borc qeydə alınmışdır. İş materiallarında olan 16 sentyabr 2022-ci il AR-İİ 770175 nömrəli etibarnamədən görünür ki, İddiaçı1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idraə etməyi və onun üzərində sərəncam verməyi, bütün məhkəmə instansiyalarında onun adından ərizə verməyi, işlər aparmağı və s. səlahiyyətləri İddiaçı2 vermişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 22 may 2023-cü il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən İddiaçı1 istifadəsində olan "Neptun” İstirahət Mərkəzinə (abonent kodu 131104) baxış keçirilmiş, obyektdə su sayğacından kənar diametri 20 mm-lik xətdən qeyri-qanuni istifadə olunduğu müəyyən edilmiş, istifadə edilən xətt ləğv olunmuş və həmin gün akt tərtib olunmuşdur. Akt əsasında 2052 (iki min əlli iki) manat dəymiş ziyan məbləği hesablanmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. İş materialları əsasında müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, iddia qismən təmin olunaraq Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı1 istifadəsində olan "Neptun” İstirahət Mərkəzinə (abonent kodu 131104) 22 may 2023-cü il tarixli, 602032 nömrəli akt əsasında hesablanmış 2052 (iki min əlli iki) manat məbləğində borc silinməlidir. İddiaçı2 münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı İddiaçı2 araşdırılan mübahisə üzrə öz adından məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmadığı, torpaq sahəsinin İddiaçı1 müvəqqəti istifadəsinə verildiyi, İddiaçı2 isə İddiaçı1 etibarnamə üzrə nümayəndəsi olduğu müəyyən edilmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı2 münasibətdə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasənhakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı1 istifadəsində olan "Neptun” İstirahət Mərkəzinə (abonent kodu 131104) 22 may 2023-cü il tarixli, 602032 nömrəli akt əsasında hesablanmış 2052 (iki min əlli iki) manat məbləğində borc silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə 40,52 (qırx manat əlli iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən,“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı1 istifadəsində olan "Neptun” İstirahət Mərkəzinə (abonent kodu 131104) 22 may 2023-cü il tarixli, 602032 nömrəli akt əsasında hesablanmış 2052 (iki min əlli iki) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə 40,52 (qırx manat əlli iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-176/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-176/2024
08.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver