Məhkəmə qərarları › İş №e-2-2(119)-193/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-193/2025

04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-193/2025 04.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı tərəfindən cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı verilmiş “mülkiyyət hüququnun tanınması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “mülkiyyət hüququnun tanınması” barədə ərizə ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi Qalibiyyət küçəsi, 21-ci məhəllədə inşa olunmuş 5 bloklu, 12 mərtəbəli yaşayış binasının satıla bilən 33185 kv.m ümumi yaşayış hissəsi, 2818,76 kv.m satıla bilən qeyri yaşayış hissəsi, satıla bilən 1097,9 kv.m sahəsi olan qarajlar hissəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının tanınması, həmin yaşayış binasının 7246 kv.m satıla bilməyən qeyri-yaşayış sahəsinin cavabdehə əvəzsiz olaraq aid edilmiş 3623 kv.m. hissəsinin tikintisinin tən yarısının iddiaçıya naturada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdehə ayrılan 7246 kv.m-nin hissəsinin 2/1-nin metr hissəsinin natura qaydasında əvəzləşdirilməklə 7246 kv.m sahənin bütünlüklə iddiaçının mülkiyyəti kimi tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli podrat müqaviləsinin müvafiq bəndlərinə, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 may 2017ci il tarixli 2-2(85)-29/2017 nömrəli qətnaməsinə istinadlar edilərək ərizə belə əsaslandırılmışdır ki, Sumqayıt İnzibati İqdisad Məhkəməsinin həmin qətnaməsi ilə tikilən binanın yalnız satıla bilən yaşayış, qeyri-yaşayış və satıla bilən qaraj hissələri İddiaçı MMC ilə "xxxx" MTK arasında bərabər bölünmüşdür. Satıla bilməyən 7246 kv.m. sahənin isə bölgüsü həyata keçirilməmiş və məhkəmə mübahisəsinin predmetini təşkil etməmişdir. Lakin bundan sonra, icra qaydasında 7246 kv.metrin 3623 kv.m. hissəsi cavabdehə “aid” edilsə də, həmin sahə İddiaçı MMC tərəfindən tikintisinə çəkilən xərclərin müqabilində cavabdehə əvəzsiz verilməsi və ya aid edilməsi nəzərdə tutulan sahə olmamışdır. Mübahisə olunan 7246 kv.m. satıla bilməyən qeyri-yaşayış sahələri, ümumilikdə tikilən binanın ümumi sahəsinin tərkib hissəsini təşkil etsə də, həmin sahənin İddiaçı MMC-nin tərəfindən çəkilən xərclərin müqabilində 50 faiz hissəsinin cavabdehə əvəzsiz verilməsi nəzərdə tutulmamışdır. Məhz bunun nəticəsidir ki, 7346 kv.m satıla bilməyən qeyri yaşayış sahəsinin istər naturada, istərsə də, çəkilən xərclərin müqabilində 50 faiz hissəsinin cavabdehə “əvəzi” ödənilmədən “aid” edilməsi və bunun icra qaydasında təhvili İddiaçı MMC-nin maraqlarına toxunmuş, dəfələrlə məhkəmədən kənar cavabdehin rəhbərliyindən ona “əvəzsiz” aid edilmiş 3623 kv.m. sahənin tikintisinə çəkilmiş xərclərin məhkəmədən kənar ödənilməsi və ya qarşılıqlı razılaşma ilə yaşayış sahəsi ilə əvəz olunması təklifi və tələbi verilsə də, bu, qəbul edilməmişdir. İddiaçının nümayəndəsi 17 fevral 2025-ci il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi Qalibiyyət küçəsi, 21-ci məhəllədə inşa olunmuş 5 bloklu, 12 mərtəbəli binanın satıla bilən 33185 kv.m ümumi yaşayış hissəsi, 2818,76 kv.m satıla bilən qeyriyaşayış hissəsi, satıla bilən 1097,9 kv.m sahəsi olan qarajlar hissəsi üzərində iddiaçının sərəncam vermək hüquqlarının tanınması, həmin yaşayış binasının 7246 kv.m satıla bilməyən qeyri-yaşayış sahəsinin cavabdehə əvəzsiz olaraq aid edilmiş 3623 kv.m. hissəsinin tikintisinin tən yarısının iddiaçıya naturada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdehə ayrılan 7246 kv.m-nin hissəsinin 2/1-nin metr hissəsinin natura qaydasında əvəzləşdirilməklə 7246 kv.m sahənin bütünlüklə iddiaçının mülkiyyəti kimi tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında bildirdi ki, hazırki iddiaçı və cavabdeh arasında bir neçə dəfə məhkəmə mübahisələri olmuş, bu tələbə oxşar tələblə də 2017-ci il tarixində məhkəmə mübahisəsi olmuş və bununla bağlı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 may 2017-ci il tarixli 2-2(85)- 29/2017 nömrəli qətnaməsi qəbul edilmiş və hazırda həmin məhkəmə aktı qüvvədədir. Ərizədə qeyd edilən yaşayış binasının 7246 kv.m satıla bilməyən qeyri-yaşayış sahəsinə pilləkənlər, dəhlizlər, şaxtalar və texniki sahələr aid edilir və bu hissələr nə iddiaçının, nə də cavabdehin mülkiyyətində ola bilər. Bu sahələr bina sakinlərinin istifadəsi üçün tikilmişdir və gələcəkdə çıxarış verilərkən həmin sahələr mülkiyyətçilərin istifadəsinə veriləcəkdir. Həmin hissələrə mülkiyyət hüququ heç bir tərəfə verilə bilməz, çünki həmin sahələrə mülkiyyət hüququ, iddiaçının iddiasına əsasən ona verilərsə, bu, sakinlərin o ərazilərdən istifadə hüququnu məhdudlaşdıra bilər. İddiaçının çəkdiyi xərcin cavabdehdən tutulması hissəsində də iddia əsassızdır. Tərəflər arasında xx.xx.2014-cü il tarixli podrat müqaviləsi bağlanmış, bu müqavilə ilə həmin binanın tikilməsi xərcinin çəkilməsi birbaşa olaraq iddiaçının üzərinə qoyulmuşdur. Hazırkı iddianın qaldırılması həmin müqavilənin şərtlərindən yayınmaq deməkdir. İddiaçı müqavilənin şərtlərindən onsuz da yayınmışdır. Belə ki, o, müqavilə üzrə binanı 2017-ci ilin iyul ayında tikib təhvil verməli olsa da, bu günə qədər binanın tikintisi başa çatdırılmamışdır. Binanın dam örtüyü hələ də yekunlaşmamışdır. Bununla bağlı Bakı Kommersiya Məhkəməsinin qətnaməsi məhkəməyə təqdim edilmişdir. Yarımçıq qalan işin 800000 manat məbləğində olan hissəsini cavabdeh bina sakinlərinə görə öz üzərinə götürmüş və tikintini həyata keçirmişdir. Çünki həmin binanın həyəti palçıqlı olmuş və həyətinə girmək mümkün olmamışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi ilə hazırkı iddia ilə bağlı məsələ öz əksini tapmışdır. Cavabdehin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini və icraata xitam verilməsi məsələsini məhkəmənin mülahizəsi əsasında həll edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçısını dinləyib, işdə olan sənədləri tədqiq etməklə hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı tərəfindən cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı verilmiş “mülkiyyət hüququnun tanınması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-193/2025 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 may 2017-ci il tarixli 2-2(85)-29/2017 nömrəli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, İddiaçı ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış 18 yanvar 2014cü il tarixli podrat müqaviləsinin 2.4-cü bəndinə, bu müqaviləyə əlavə edilmiş tərəflərin təsdiq etdiyi dislokasiya bölgüsünə əsasən məhkəmə qərarları ilə vətəndaşlara verilmiş sahələr (o cümlədən 309,28 kv.m yaşayış sahəsi və 368,76 kv.m qeyri-yaşayış sahəsi) istisna olmaqla, Abşeron rayonu, H.Aslanov küçəsi (indiki Qalubiyyə) küçəsi, 21-ci məhəllədə inşa edilmiş 5 girişli, 12 mərtəbəli binanın 33185 kv.m satıla bilən ümumi yaşayış sahəsinin, 2818,76 kv.m satıla bilən ümumi qeyri-yaşayış sahəsinin, 1097,9 kv.m qarajların satıla bilən ümumi sahəsinin İddiaçı ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış 18 yanvar 2014-cü il tarixli podrat müqaviləsinə uyğun olaraq İddiaçı ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında bərabər bölünməsi, ilkin iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 15 manat məbləğinin "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçınə ödənilməsi, qalan məbləğin İddiaçı MMC-yə aid edilməsi, ilkin iddianının qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı MMC-dən 146217 manat məbləğində pul və və ödənilmiş 31 manat məbləğində dövlət rüsumu, cəmi 146248 manat pulun alınaraq "xxxx" MTK-ya ödənilməsi qət edilmişdir. Həmin qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki “məhkəmə binanın satıla bilməyən ümumi əmlakı ilə bağlı qeyd edir ki, həmin əmlak Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə əsasən binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər olmaqla ümumi paylı mülkiyyət hüququ ilə mənzillərin sakinlərinə, yəni mülkiyyətçilərinə məxsusdur. Belə olan halda məhkəmə hesab edir ki, həmin əmlak tərəflər arasında bölünə bilməz. Lakin binanın satıla bilməyən ümumi əmlakının sahəsi bölgü zamanı tərəflərə bərabər aid edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia göstərilən hissədə təmin edilə bilməz”. İstinad edilən məhkəmə qətnaməsi hazırkı iddiaçının - iddiaçı ilə cavabdeh arasında bağlanmış 18 yanvar 2014-cü il tarixli podrat müqaviləsinə əsasən podratçı iddiaçı tərəfindən öz şəxsi vəsaiti hesabına Abşeron rayonu, H.Aslanov küçəsi (indiki Qalubiyyə) küçəsi, 21-ci məhəllədə inşa edilmiş 5 girişli, 12 mərtəbəli binanın satıla bilməyən ümumi əmlakının (mənzillərarası pilləkən meydançalarının, pilləkənlərin, liftlərin, lift şaxtasının və ya digər şaxtaların, çardaqların, mühəndis qurğusu olan zirzəmilərin, binaya xidmət etmək üçün nəzərdə tutulmuş mexaniki, elektrik, sanitar-texniki sahələrin), yaşayış binasının ümumi yaşayış sahəsinin, binanın ümumi qeyri-yaşayış sahəsinin, binaların qarajlarının ümumi sahəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 aprel 2017-ci il tarixli 4289 nömrəli ekspert rəyi ilə müəyyən edilmiş sahələrinin iddiaçı ilə cavabdeh arasında bağlanmış 18 yanvar 2014-cü il tarixli podrat müqaviləsinə uyğun olaraq bərabər bölünməsi və digər tələbləri (o cümlədən cavabdehin qarşılıqlı iddia tələbi) əsasında qəbul edilmişdir. Həmin məhkəmə aktında yaşayış binalarının ümumi yaşayış sahəsinin, binanın ümumi qeyri-yaşayış sahəsinin, binaların qarajlarının ümumi sahəsinin bölgüsü aparılmış, iddia tələbinin yaşayış binasının satıla bilməyən qeyri-yaşayış sahəsinə dair tələblə bağlı isə yuxarıda qeyd edilən əsaslandırılma aparılmaqla iddia tələbi həmin hissədə təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 12 may 2017-ci il tarixli 2-2(85)-29/2017 nömrəli qətnamə əsasında verilmiş 21 iyun 2017-ci il tarixli icra vərəqəsindən görünür ki, həmin qətnamə icraya yönəldilmiş və qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Göründüyü kimi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi tərəfindən eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla bağlı olan mübahisə üzrə 12 may 2017ci il tarixli 2-2(85)-29/2017 nömrəli qətnamə ilə hazırkı iddia ərizəsində mübahisələndirilən məsələlərə - Abşeron rayonu, H.Aslanov küçəsi (indiki Qalubiyyə) küçəsi, 21-ci məhəllədə inşa edilmiş 5 girişli, 12 mərtəbəli binanın 33185 kv.m satıla bilən ümumi yaşayış sahəsi, 2818,76 kv.m satıla bilən ümumi qeyri-yaşayış sahəsi, 1097,9 kv.m qarajların satıla bilən ümumi sahəsi və satıla bilməyən qeyri-yaşayış sahəsi ilə bağlı məsələlərə hüquqi qiymət verilmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Buna görə də, hazırkı iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261, 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı tərəfindən cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı verilmiş “mülkiyyət hüququnun tanınması və pulun tutulması” tələbi barədə iddia ərizəsinə dair e- 2-2(119)-193/2025 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar