Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1958/2024 01.11.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçıya artıq hesablanmış 39000 (otuz doqquz min) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin cavabdehə elektron qaydada göndərilməsini təsdiq edən "Onlayn kargüzarlıq” sənədindən görünür ki, sözügedən sənəd hazırkı iddia tələbi üzrə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə deyil, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə göndərilmişdir. Göründüyü kimi, iddiaçı hazırkı mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həll edilməsi barədə vermiş olduğu pretenziya müraciətini iddia tələbində qeyd olunan cavabdehə yox, digər hüquqi şəxsə göndərmişdir. Bu isə mübahisənin məhkəməyə qədər nizama salınmasının mümkünlüyünü istisna edən haldır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə verilmiş iddia ərizəsi elektron imza ilə Vəkil tərəfindən imzalanmış olsa da, iş materiallarına əlavə edilərək məhkəməyə təqdim olunmuş 17 may 2024-cü il tarixli 136351 nömrəli etibarnamənin məzmunu ilə müəyyən olunur ki, həmin etibarnamə hazırkı iddia tələbi üzrə iddiaçı VİCDAN BİRLİYİ MMC tərəfindən yox, X1 tərəfindən verilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, vəkilə iddiaçı VİCDAN BİRLİYİ MMC-nin adından verilən iddia ərizələrini imzalamaq, yaxud həmin hüquqi şəxsin adından digər hüquqların həyata keçirilməsi səlahiyyətlərini təsdiq edən müvafiq qaydada tərtib olunmuş etibarnamə iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 73.5-ci maddəsinə əsasən, vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bunlardan başqa iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim olunmuş iddia ərizəsinin “Tərəflər” bölməsində, o cümlədən ərizənin məzmununda iddiaçının yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) barədə məlumatlar göstərilməmişdir. Halbuki mülki-prosessual qanunvericiliyin tələbinə görə iddiaçı tərəfindən yuxarıda qeyd olunan məlumatlar iddia ərizəsinə əlavə edilməlidir. Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Göründüyü kimi, iddiaçı iddia ərizəsinin “Tərəflər” bölməsinə özünün və cavabdehin ünvanı barədə məlumatları əlavə etməməklə iddia ərizəsinin forma və məzmununa dair tələbləri müəyyən edən Mülki Prosessual Məcəllənin 149-cu maddəsinin tələblərini pozmuşdur. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə iddiaçı iddia ərizəsinin dövlət rüsumunun ödənilməsi haqqında məlumat bölməsində “bu ödəniş rüsumdan azaddır - istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar” olaraq qeyd etmiş və müvafiq məbləğdə dövlət rüsumunu ödəmədən məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Halbuki, hazırkı iddianın predmetini təşkil edən mübahisə istehlakçı hüquqlarının pozulması ilə əlaqədar yox, məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olaraq yarandığı üçün iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman qanunvericiliklə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödəməli və dövlət rüsumunun ödənilməsini təsdiq edən müvafiq sənədləri iş materialları ilə birlikdə məhkəməyə təqdim etməli idi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. Mülki Prosessual Məcəllənin 108.1.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə, dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən hazırkı iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərlə yanaşı, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 13-cü və 14-cü bəndlərində göstərilmişdir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. Bununla əlaqədar məhkəmə iddiaçının diqqətinə çatdırır ki, istinad edilən Plenum qərarından irəli gələn hüquqi mövqelər nəzərə alınmalı, Cavabdeh ASC ilə yaranmış mübahisənin müqavilə münasibətlərindən irəli gələn, yaxud Cavabdeh ASC-nin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisə olması əsaslandırılmaqla buna uyğun olaraq müvafiq məhkəməyə müraciət edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1958/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1958/2024
01.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver