Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-198/2025 14.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 875,06 (səkkiz yüz yetmiş beş manat, altı qəpik) manat məbləğində əsas borc, həmin pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 65 (altmış beş) manat məbləğində faiz borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 970,06 (doqquz yüz yetmiş manat, altı qəpik) məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 26 sentyabr 2017-ci il tarixli 125/15 nömrəli texniki təmir xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən iddiaçı tərəfindən xidmətlər tam yerinə yetirilməsinə baxmayaraq, cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilməmiş və onun 875,06 manat (ƏDV daxil) məbləğində borcu yaranmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış 26 sentyabr 2017-ci il tarixli 125/15 nömrəli texniki təmir xidmətlərinin göstərilməsi haqqında müqavilənin 1.1-ci bəndinə əsasən, müqavilənin predmetini icraçı (İddiaçı MMC) tərəfindən sifarişçinin (Cavabdeh MMC-nin) sifarişinə əsasən onun tərəfindən təqdim edilmiş və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən avtomobilə (avtomobillərə) texniki təmir xidmətinin göstərilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin tənzimlənməsi təşkil edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə üzrə ödənişlər (ehtiyat hissələrinin qiyməti və xidmət haqqı) təqdim olunmuş hesab-fakturaya əsasən AZN məzənnəsi ilə icraçının hesablaşma hesabına köçürmə yolu ilə və ya qaimə əsasında nağd qaydada kassaya ödəməklə həyata keçirilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, icraçının razılığı olduğu təqdirdə ödənişin təmir işləri görüldükdən sonra həyata keçirilməsinə yol verilə bilər. Lakin bu zaman sifarişçi tərəfindən ödəniş təmir işləri qutardıqdan sonra 15 təqvim günü ərzində razılaşdırılmış qaydada həyata keçirilməlidir. İstisna hallarda icraçının tələbi ilə əgər göstərilən xidmətin məbləği 500 manatı keçərsə, sifarişçidən görülən işin 50 %-i qədər avans tələb oluna bilər. Həmin müqavilənin 4.1.3-cü və 4.1.5-ci yarımbəndlərinə əsasən, göstərilmiş xidmətin dəyərini ödəmək və xidmətin göstərilməsi ilə bağlı çəkilən zəruri xərclərin əvəzini icraçıya ödəmək sifarişçinin vəzifəsidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, müqavilə imzalandığı gündən qüvvəyə minir. İcraçı sifarişçiyə mütəmadi xidmət göstərdiyi halda bu müqavilə 1 il müddətində bağlanılır. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, müqavilənin 5.1-ci bəndində göstərilən müddətin bitməsindən 30 gün əvvəl ona xitam vermək haqqında hər hansı bir tərəfin rəsmi müraciəti olmadıqda bu müqavilənin müddəti növbəti 1 il müddətinə uzadılır. Həmin müqaviləyə 1 nömrəli Əlavəyə əsasən, “Hyundai” markalı, modeli “H-100”, buraxılış ili 2014, qeydiyyat nömrəsi **-JC-*** olan avtomobilə texniki təmir xidmətinin göstərilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş “Servis iş kartı” adlı sənəddən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 741,58 manat dəyərində xidmət göstərilmişdir. İş materiallarına əlavə edilmiş 26 aprel 2023-cü il tarixli Y1189/23 nömrəli hesabfakturadan görünür ki, iddiaçı tərəfindən göstərilən xidmətin toplam dəyəri (ehtiyat hissələrinin qiyməti + xidmət haqqı) 741,58 manat məbləğində, həmin xidmətə görə hesablanmış ƏDV 133,48 manat məbləğindədir. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən cavabdehə göndərilən 27 aprel 2023-cü il tarixli EBDE seriyalı 419854 nömrəli elektron-qaimə fakturadan görünür ki, iddiaçı tərəfindən cavabdehə 741,58 manat dəyərində xidmət göstərilmiş və həmin xidmətə görə 133,48 manat məbləğində ƏDV hesablanmışdır. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 26 sentyabr 2017-ci il tarixli 125/15 nömrəli texniki təmir xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanılmış, icraçı qismində çıxış edən iddiaçı müqavilə öhdəliklərinə uyğun olaraq sifarişçi ismində çıxış edən cavabdehə texniki təmir xidmətlərinin göstərilməsini, ehtiyat hissələrinin təqdim edilməsini təşkil etsə də, sifarişçi qismində iştirak edən cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək göstərilmiş xidmətlərin dəyərini ödəməmiş və bununla da öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 26 sentyabr 2017-ci il tarixli 125/15 nömrəli müqavilə üzrə iddia ərizəsində göstərilən 875,06 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən 65 manat məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə iddia ərizəsinə əsasən müəyyən etdi ki, həmin borc Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edilərək tələb edilmişdir. Məhkəmə araşdırması zamanı iddia tələbinin həmin hissədə əsaslılığı müəyyən edilməmişdir. Belə ki, ilk növbədə, iddia tələbində cavabdehdən 65 manat məbləğində faiz borcunun tutulması tələb edilsə də, bu məbləğin hansı qaydada və hansı müddətlər daxilində hesablanması barədə iddiaçı tərəfindən məhkəməyə hansısa sənəd (maliyyə arayışı və s.) təqdim edilməmişdir. Digər tərəfdən, tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndindən görünür ki, göstərilmiş xidmətin dəyərinin təqdim olunmuş hesab-fakturaya əsasən AZN məzənnəsi ilə icraçının hesablaşma hesabına köçürmə yolu ilə və ya qaimə əsasında nağd qaydada kassaya ödənilməsini tərəflər öz aralarında razılaşdırmışlar, iş üzrə hesab-faktura 26 aprel 2023-cü il tarixdə tərtib edilmiş və elektron qaimə-faktura cavabdehə 27 aprel 2023-cü il tarixində göndərilmişdir. Həmin tarixlərdən sonrakı müddətdə müqavilənin 3.1-ci bəndinin şərti nəzərə alınmaqla cavabdehdən qalıq ödənişin tələb edilib-edilməməsi, müsbət halda, bunu təsdiq edən sənədlər iddiaçı tərəfindən iş materiallarına əlavə edilməmişdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, hazırkı müqavilə üzrə iddiaçının gecikdirilmiş vaxta görə faiz borcunu tələb etmək hüququ o zaman yarana bilərdi ki, o özü də müqavilənin tərəfi kimi gecikmənin qarşısını almaq üçün olaraq həmin məbləği cavabdehdən tələb etdiyini sübuta yetirsin. Buna görə də, iddia həmin hissədə təmin edilməməlidir. Bundan əlavə, iddia tələbinin 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 05 dekabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda, dövlət rüsumunun məbləği 30 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 30 (otuz) manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 875,06 manat məbləğində əsas borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 905,06 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 875,06 (səkkiz yüz yetmiş beş manat, altı qəpik) manat məbləğində əsas borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 905,06 (doqquz yüz beş manat, altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-198/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-198/2025
14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver