Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-207/2025 18.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 245265 (iki yüz qırx beş min iki yüz altmış beş) manat məbləğində əsas borc və ödənilmiş 535,26 (beş yüz otuz beş manat, iyirmi altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı ilə Cavabdeh MMC arasında 29 noyabr 2022-ci il tarixdə tibbi xidmətlərə dair əməkdaşlıq müqaviləsi bağlanmışdır. Tibb müəssisəsi Cavabdeh MMC vasitəsilə göndərilən pasiyentlərə sağlamlıqlarına uyğun tibbi xidmət göstərməyi öhdəlik götürmüşdür. 26 dekabr 2022-ci il tarixdə eyni tərəflər arasında 29 noyabr 2022-ci il tarixli müqaviləyə 01 saylı Əlavə imzalanmışdır. Əlavədə müqavilənin 2.2.2-ci yarımbəndindən “və hüquqi məsuliyyət daşımır” sözlərinin çıxarılması, 3.1-ci bəndinin isə yeni redaksiyada verilərək ““MMC”, “Tibb müəssisəsi” tərəfindən göstərilən tibbi xidmət haqqının ödənilməsi barədə zəmanət məktubu təqdim etməlidir”. Belə ki, “MMC” tərəfindən verilən zəmanət məktubu ilə “Tibb müəssisəsi”nə göndərilmiş pasiyentlər xidmətin qarşılığını ödəmədiyi halda, həmin vəsait “MMC” tərəfindən həyata keçirilir” olması barədə tərəflər razılığa gəlmişdirlər. Cavabdeh tərəfindən 10 dekabr 2022ci il tarixdə pasiyent X1 müalicə və əməliyyatı üçün 45000 manat, 18 dekabr 2022-ci il tarixdə pasiyent X3 müalicə və əməliyyatı üçün 50000 manat, 26 dekabr 2022-ci il tarixdə pasiyent X7 müalicə və əməliyyatı üçün 50000 manat, 11 yanvar 2023-cü il tarixdə pasiyent X8 müalicə və əməliyyatı üçün 50000 manat, pasiyent X4 müalicə və əməliyyatı üçün 50000 manat məbləğində xidmət haqqının 2023-cü ilin mart ayının 1-nə qədər ödənilməsinə təminat verildiyini ifadə edən zəmanət məktubları göndərilmişdir. Tibb müəssisəsi tərəfindən adları çəkilən pasiyentlərə sağlamlıqlarına uyğun tibbi xidmət göstərilmişdir. Lakin cavabdeh göstərilən xidmətlərə görə məbləğlərin ödənilməsinə dair üzərinə düşən öhdəliklərini yerinə yetirməmiş və onun 245265 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirdi ki, cavabdeh tərəfindən göndərilən Rita Əzimova adlı şəxslə Mərkəzi Hospital arasında tibbi xidmət müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, ödəniş cavabdeh tərəfindən həyata keçirilməli idi. Göstərilən xidmətin dəyərini təsdiq edən hesab-faktura sənədi təqdim edilsə də, bununla bağlı cavabdehin məktubunu təqdim edə bilmir. Rita Əzimova əməliyyat olunmamışdır. Ona xidmət göstərilmiş və müayinələr olunmuşdur. Həmin müayinələrin qiyməti 265 manat məbləğində olmuşdur. Şəxs əməliyyat olunmadığı üçün bununla bağlı məktubu da obyektiv səbəbdən təqdim edə bilmir. Bu hissədə iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı və Cavabdeh MMC arasında bağlanan 29 noyabr 2022-ci il tarixli tibbi xidmətlərə dair əməkdaşlıq haqqında müqavilənin 1.1-ci bəndinə əsasən, “Tibb müəssisəsi” (Mərkəzi Hospital) “MMC” (Cavabdeh MMC) vasitəsilə göndərilən pasiyentlərə sağlamlıqlarına uyğun tibbi xidmət göstərməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərinə əsasən, “Tibb müəssisəsi” “MMC" tərəfindən göndərilən pasiyentlərə ambulator-poliklinik və stasionar şəraitdə pasiyentlə bağladığı müqaviləyə müvafiq olaraq tibbi xidmətlər (müayinə,müalicə,əməliyyat və s.) göstərir. “Tibb müəssisəsi” “MMC” tərəfindən göndərilən pasiyentlərə tibbi xidmətlərlə təmin etməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2.1-ci və 2.2.2-ci yarımbəndlərinə əsasən, “MMC” pasiyentləri öz möhürü ilə təsdiq olunmuş “müraciət məktubu" ilə “Tibb müəssisəsi”nə göndərir. “MMC” “Tibb müəssisəsi”nin tibbi xidmət haqqının pasiyent tərəfindən tam və vaxtında ödənilməsini pasiyentdən tələb edir və hüquqi məsuliyyət daşımır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, “MMC” tərəfindən göndərilmiş pasiyentlərə “Tibb müəssisəsi” tərəfindən göstərilmiş tibbi xidmətlərin qarşılığı olan məbləğin pasiyent tərəfindən ödənilməsini “Tibb müəssisəsi” ilə razılaşdırır. Tərəflərin birbirlərinə qarşı hər hansı maliyyə öhdəliyi yoxdur. İş materiallarında olan 29 noyabr 2022-ci il tarixli tibbi xidmətlərə dair əməkdaşlıq haqqında müqaviləyə 26 dekabr 2022-ci il tarixli 01 nömrəli Əlavənin 1-ci bəndinə əsasən, tərəflər arasında bağlanmış 29 noyabr 2022-ci il tarixli tibbi xidmətlərə dair əməkdaşlıq haqqında müqavilənin 2.2.2-ci yarımbəndindən “və hüquqi məsuliyyət daşımır. “ sözləri çıxarılmışdır. Həmin əlavənin 2-ci bəndinə əsasən, tərəflər arasında bağlanmış 29 noyabr 2022-ci il tarixli tibbi xidmətlərə dair əməkdaşlıq haqqında müqaviləsinin 3.1-ci bəndi yeni redaksiyada verilmişdir: “MMC”, “Tibb müəssisəsi" tərəfindən göstərilən tibbi xidmət haqqının ödənilməsi barədə zəmanət məktubu təqdim edir. “MMC”-nin zəmanət məktubu ilə “Tibb müəssisəsi”nə müraciət etmiş pasiyentlər göstərilmiş xidmətin qarşılığı olaraq maliyyə ödənişlərini ödəməyi öhdəlik götürür. Əks təqdirdə ödəniş “MMC” tərəfindən həyata keçirilir”. İş materiallarında olan 10 dekabr 2022-ci il tarixli Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalına ünvanlanmış məktubda “X6 transplantasiyası nəzərdə tutulan X2 müalicə və əməliyyatı üçün 45000 manat xidmət haqqı tələb olunur. Həmin məbləğin 30 iş günü müddətinə, son müddət isə mart ayının 1-nə qədər ödənilməsinə tam təminat veririk” qeyd edilmişdir. İş materiallarında olan 18 dekabr 2022-ci il tarixli Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalına ünvanlanmış məktubda “X6 transplantasiyası nəzərdə tutulan X9 müalicə və əməliyyatı üçün 50000 manat xidmət haqqı tələb olunur. Həmin məbləğin 30 iş günü müddətinə, son müddət isə mart ayının 1-nə qədər ödənilməsinə tam təminat veririk” qeyd edilmişdir. İş materiallarında olan 26 dekabr 2022-ci il tarixli Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalına ünvanlanmış məktubda “X6 transplantasiyası nəzərdə tutulan X11 müalicə və əməliyyatı üçün 50000 manat xidmət haqqı tələb olunur. Həmin məbləğin 30 iş günü müddətinə, son müddət isə mart ayının 1-nə qədər ödənilməsinə tam təminat veririk” qeyd edilmişdir. İş materiallarında olan 11 yanvar 2023-cü il tarixli Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalına ünvanlanmış məktubda “X6 transplantasiyası nəzərdə tutulan X8 müalicə və əməliyyatı üçün 50000 manat xidmət haqqı tələb olunur. Həmin məbləğin 30 iş günü müddətinə, son müddət isə mart ayının 1-nə qədər ödənilməsinə tam təminat veririk” qeyd edilmişdir. İş materiallarında olan 30 yanvar 2023-cü il tarixli Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalına ünvanlanmış məktubda “X6 transplantasiyası nəzərdə tutulan X10 müalicə və əməliyyatı üçün 50000 manat xidmət haqqı tələb olunur. Həmin məbləğin 30 iş günü müddətinə, son müddət isə mart ayının 1-nə qədər ödənilməsinə tam təminat veririk” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 13 mart 2009-cu il tarixli 022 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Təsərrüfat X13 haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Təsərrüfat X12 İdarənin strukturuna daxil olan qurumdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 15 avqust 2019-cu il tarixli 1000/001 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi haqqında Əsasnamənin 5.7.14-cü yarımbəndinə əsasən, idarə rəisi idarənin fəaliyyəti ilə bağlı zərurət yaranarsa, hüquq-mühafizə, prokurorluq və məhkəmə orqanlarında təmsil etmək hüququndan istifadə edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin struktur qurumu olan Mərkəzi Hospital və Cavabdeh MMC arasında 29 noyabr 2022-ci il tarixli tibbi xidmət müqaviləsi bağlanılmış, həmin müqavilə üzrə Mərkəzi Hospital müqavilə öhdəliyinə uyğun olaraq cavabdeh tərəfindən göndərilən pasiyentlərə tibbi xidmətlər göstərmiş, lakin cavabdeh göstərilən xidmətlərin dəyərini ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. İş materiallarında olan Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalına ünvanlanmış məktubların məzmunlarında X3, X7, X5 və X4 müalicə və əməliyyatı üçün 50000 manat məbləğində, X1 müalicə və əməliyyatı üçün 45000 manat məbləğində xidmət haqqı tələb olunduğu və həmin ödənişlərin 2023-cü ilin mart ayının 1-nə qədər həyata ödəniləcəyi vəd edilsə də, həmin öhdəliklər icra edilmədiyinə görə onun 245000 manat məbləğində borcu yaranmışdır. İddia tələbinin Rita Əzimovanın müalicəsi üçün çəkilən 265 manat məbləğində xərcin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hazırkı iddia tələbinin 245000 manat məbləğində olan hissəsinin əsası kimi yuxarıda qeyd edilən oxşarməzmunlu məktublara istinad etmişdir. Lakin tələbin 265 manat məbləğində olan hissəsinə münasibətdə belə bir məktub təqdim edilməmiş, eyni zamanda bununla bağlı xx.xx.2022-ci il tarixli tibbi xidmət müqaviləsi və hesab-fakturalar təqdim edilsə də, həmin sənədlər qeyd olunan məbləğin iddiaçının xeyrinə tutulması üçün əsas hesab edilə bilməz. Buna görə də, idida tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. Hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 535 manat təşkil etdiyindən həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda, 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 245000 manat məbləğində əsas borc və 535 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 245535 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 245000 (iki yüz qırx beş min) manat məbləğində borc və 535 (beş yüz otuz beş) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 245535 (iki yüz qırx beş min beş yüz otuz beş) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-207/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-207/2025
18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver