Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2267/2025 12.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “maddi ziyanın əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 177,04 (yüz yetmiş yeddi manat, dörd qəpik) manat məbləğində vurulmuş ziyanın və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 31 oktyabr 2025-ci il tarixli e-2-2(119)- 2267/2025 nömrəli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı MMC Sumqayıt Kommersiya Məhkəməsinin qeyd olunan qərardadından 07 noyabr 2025-ci il tarixdə şikayət vermiş və məhkəmənin 12 noyabr 2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilərək Sumqayıt Kommersiya Məhkəməsinin 31 oktyabr 2025-ci il tarixli e-2-2(119)-2267/2025 nömrəli qərardadının ləğv edilməsi və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Salyan rayonu ərazisində 16 sentyabr 2024cü il tarixdə Salyan MEATS-dən 3600 metr məsafədə kanalizasiya kollektorunun çəkilişi ilə əlaqədar "xxxx" MMC-nin sahə rəisi X1 tapşırığına əsasən ekskavatorla qazıntı işləri aparılan zaman İddiaçı MMC-yə məxsus “FO-20” markalı rabitə kabeli yararsız hala salınmışdır. Hadisə nəticəsində iddiaçıya 177,04 manat məbləğində maddi zərər dəymişdir. Vurulmuş zərərin əvəzi hazırkı vaxtadək ödənilməmişdir. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan iddiaçının nümayəndələri və cavabdehin nümayəndəsi ("xxxx" MMC-nin sahə rəisi Əflan Tağıyev) tərəfindən imzalanaraq təsdiqlənmiş rabitə xətt və avadanlıqlarına zərər vurulması barədə 16 sentyabr 2024-cü il tarixli aktın məzmununda “16 sentyabr 2024-cü il tarixində, saat 16:12 radələrində Salyan rayonu, Kürqaraqaşlı kəndi ərazisində istismarda olan Salyan-Neftçala istiqamətli FO-24 rabitə kabeli Salyan MEATS-dən 3600 metr Neftçala istiqamətində D-800 mm-lik kanalizasiya kollektorunun çəkilişi ilə əlaqədar "xxxx" MMC-nin subpodratçı şirkəti "xxxx" MMC-nin sahə rəisi Əflan Tağıyevin tapşırığı ilə "xxxx" MMC-nin ekskavator operatoru X3 tərəfindən torpaq-qazıntı hadisəsi nəticəsində sıradan çıxmışdır. Nəticədə Salyan-Neftçala istiqamətləri üzrə rabitə və digər xidmətlər tamamilə kəsilmişdir. Bununla da sıradan çıxan avadanlıqların dəyəri və xidmətlərdə yaranmış fasilə nəticəsində rabitə müəsisəsinə maddi zərər dəymişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, baş vermiş hadisə ünvan 1 ünvanında yaşayan "xxxx" MMC-nin sahə rəisi Əflan Tağıyev tərəfindən ehtiyatsızlıqdan törədilmişdir” qeyd edilmişdir. İş materiallarında olan “Salyan rayonu ərazisində Salyan EATS-dən 3600 metr məsafədə "xxxx" MMC-nin subpodratçı şirkəti Universal-2018 Təmir Tikinti Quraşdırma” MMC-nin əməkdaşları tərəfindən ekskovatorla aparılan qazıntı işləri zamanı rabitə qurğularına dəymiş zərərin qiymətləndirilməsinin smetası” adlanan 30 sentyabr 2024-cü il tarixli 23 nömrəli smeta sənədində FO-24 rabitə kabelinin smeta dəyəri 177,04 manat məbləğində müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda - qətnamənin “İş materialları” hissəsində istinad edilən iddiaçının nümayəndələri və cavabdeh "xxxx" MMC-nin sahə rəisi Əflan Tağıyev tərəfindən imzalanaraq təsdiqlənmiş rabitə xətt və avadanlıqlarına zərər vurulması barədə 16 sentyabr 2024-cü il tarixli akta əsasən 16 sentyabr 2024-cü il tarixində Salyan MEATS-dən 3600 metr məsafədə Neftçala istiqamətində D-800 mm-lik kanalizasiya kollektorunun çəkilişi ilə əlaqədar "xxxx" MMC-nin sahə rəisi Əflan Tağıyevin tapşırığı ilə cavabdeh təşkilatın ekskavator operatoru X3 tərəfindən torpaq-qazıntı hadisəsi nəticəsində FO-24 rabitə kabeli sıradan çıxmış, nəticədə Salyan-Neftçala istiqamətləri üzrə rabitə və digər xidmətlər tamamilə kəsilmiş və bununla da sıradan çıxan avadanlıqların dəyəri və xidmətlərdə yaranmış fasilə nəticəsində rabitə müəsisəsinə, yəni İddiaçı MMC-yə maddi zərər dəymişdir. Eyni zamanda həmin aktda baş vermiş hadisənin "xxxx" MMC-nin sahə rəisi Əflan Tağıyev tərəfindən ehtiyatsızlıqdan törədildiyi qeyd edilmişdir. İş materiallarında olan 30 sentyabr 2024-cü il tarixli 23 nömrəli smeta sənədində FO- 24 rabitə kabelinin smeta dəyəri - 16 sentyabr 2024-cü il tarixli hadisə nəticəsində dəymiş maddi ziyanın dəyəri 177,04 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə qeyd edir ki, cavabdеhdən 177,04 manat məbləğində dəymiş maddi ziyanın əvəzinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, hazırkı iddia təmin edildiyindən aşağıda istinad edilənlərə əsasən, 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdеhdən 177,04 manat məbləğində dəymiş maddi ziyanın və 30 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 207,04 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdеh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 177,04 (yüz yetmiş yeddi manat, dörd qəpik) manat məbləğində dəymiş maddi ziyanın və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 207,04 (iki yüz yeddi manat, dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-2267/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2267/2025
12.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver