Məhkəmə qərarları › İş №e-2-2(119)-262/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-262/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-262/2025 03.03.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı 26 dekabr 2024-cü il tarixində kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 4623 (dörd min altı yüz iyirmi üç) manat məbləğində icarə haqqı üzrə borc, 657,14 (altı yüz əlli yeddi manat, on dörd qəpik) manat məbləğində dəbbə pulu, 358,8 (üç yüz əlli səkkiz manat, səksən qəpik) manat məbləğində ödənilmiş cərimənin əvəzi olmaqla, cəmi 5638,94 (beş min altı yüz otuz səkkiz manat, doxsan dörd qəpik) manat məbləğində pul vəsaitinin və 76,4 (yetmiş altı manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 30 oktyabr 2023-cü il tarixli 21/23 nömrəli avtonəqliyyat vasitələrinin icarəsinə dair müqavilə bağlanmış və ona əlavələr imzalanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, iddiaçı tərəfindən cavabdehə avtomobillər icarəyə verilmişdir. Aylıq icarə haqqı cavabdehin icarəyə götürdüyü avtomobillərin markasından və sayından asılı olaraq dəyişmişdir. Cavabdeh icarəyə götürdüyü avtomobillərə görə gecikmələrin olmasına baxmayaraq, icarə haqqını ödəmişdir. Lakin 2024-cü ilin avqust ayından başlayaraq avqust ayı üçün icarə haqqının bir hissəsini ödəsə də, həmin ayın digər hissəsi, o cümlədən sonrakı sentyabr və oktyabr ayları üçün, ümumiyyətlə icarə haqqı ödənilməmişdir. Nəticədə hazırda cavabdehin cəmi 4623 manat məbləğində icarə haqqı borcu vardır. Eyni zamanda, müqavilənin 4.6-cı bəndinə əsasən, icarə haqqı ödənişi gecikdirilərsə, gecikmənin hər bir təqvim günü üçün ümumi icarə haqqının 0,1% məbləğində dəbbə pulu ödəməlidir. Beləliklə, ödənilməmiş icarə haqlarına görə 657,14 manat məbləğində dəbbə pulu ödənilməlidir. Bundan başqa, cavabdeh icarə müddətində avtomobilləri istifadə edərkən inzibati xətalara yol vermiş və bununla əlaqədar yazılmış cərimələrin ümumi məbləği 358,8 manat (penya daxil) təşkil etmişdir. Cərimələr vaxtında ödənilmədiyindən və icarəyə verilmiş avtomobillərin yol polisi tərəfindən saxlanılaraq cərimə dayanacağına aparılması təhlükəsi yarandığından iddiaçı özü həmin cərimələri ödəmək məcburiyyətində qalmışdır. Halbuki müqavilənin 2.2.8-ci yarımbəndinə əsasən, həmin cərimələr cavabdeh tərəfindən ödənilməli idi. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı 09 yanvar 2025-ci il tarixində iddia tələbinin artırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 4623 (dörd min altı yüz iyirmi üç) manat məbləğində icarə haqqı üzrə borc, 608,58 (altı yüz səkkiz manat, əlli səkkiz qəpik) manat məbləğində dəbbə pulu, 358,8 (üç yüz əlli səkkiz manat, səksən qəpik) manat məbləğində ödənilmiş cərimənin və 2469 (iki min doqquz yüz altmış doqquz) manat məbləğində dəymiş zərərin əvəzi olmaqla, cəmi 8059,38 (səkkiz min əlli doqquz manat, otuz səkkiz qəpik) manat məbləğində pul vəsaitinin və 76,4 (yetmiş altı manat, qırx qəpik) manat məbləğində və əlavə ödənilmiş 24,2 (iyirmi dörd manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli e-2-2(119)- 262/2025 nömrəli qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh icarəyə götürdüyü avtomobillərə görə gecikmələrin olmasına baxmayaraq, icarə haqqını ödəmişdir. Lakin 2024-cü ilin avqust ayından başlayaraq avqust ayı üçün icarə haqqının bir hissəsini ödəsə də, sonrakı sentyabr və oktyabr ayları üçün, ümumiyyətlə icarə haqqı ödənilməmişdir. Cavabdehlə sonuncu dəfə 2024-cü ilin dekabr ayında əlaqə saxlanılmışdır. Cavabdeh yerli şirkətdən 30000 manat məbləğində ödəniş alacağını və həmin ödəniş hesabına keçdiyi anda borcunu ödəyəcəyini bildirmiş, məhkəməyə müraciət edilməməsini və ödəniş etməsi üçün ona müəyyən müddət vaxt verilməsini xahiş etmişdir. Lakin sonradan onunla əlaqə qurmağa çalışsalar da, hər hansı əlaqə yaratmaq mümkün olmamışdır. Avtomobillər cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır. Avtomobil idarə olunması üçün əlverişli olmayan yerlərdə idarə olunmuş və avtomobilə zərər dəymişdir. Avtomobil təmir üçün servisə göndərilmiş və bununla bağlı qüsur aktı da tərtib edilmişdir. Eyni zamanda avtomobil barəsində cərimələr də hesablanmışdır. Avtomobil cavabdehdən geri alınarkən bunlarla bağlı cavabdehə məlumat verilmişdir. 2023-cü ilin avqust ayı üzrə borc məbləği üzrə qismən ödəniş olunmuş, sentyabr və oktyabr ayları üzrə isə ödəniş edilməmişdir. Avqust ayı üzrə “Hyundai Elantra” və “Toyota Corolla” markalı avtomobillərin icarə haqqı, sentyabr və oktyabr ayları üzrə yalnız “Hyundai Elantra” markalı avtomobilin icarə haqqı ödənilməmişdir. Həmin icarə haqqının məbləği 1416 manat məbləğində təşkil etmişdir. Cavabdeh “Toyota Corolla” markalı avtomobilin icarə haqqını qismən ödəmiş, “Hyundai Elantra” markalı avtomobilin icarə haqqını isə, ümumiyyətlə, ödəməmişdir. Bu səbəbdən ümumi borc olaraq 3186 manat məbləğdən 1395 manat məbləğində “Toyota Corolla” markalı avtomobil üzrə ödəniş edilmiş və 1791 manat məbləğində ödənilməmiş borc qalmışdır. Həmçinin “Toyota Corolla” markalı avtomobilə 90 manat məbləğində, “Hyundai Elantra” markalı avtomobilə isə 268,8 manat məbləğində cərimə hesablanmışdır. 2469 manat məbləğində dəymiş zərərin əvəzinin ödənilməsinə gəldikdə, cavabdeh avtomobili iddiaçıya qaytararkən buferində cızıqlar, daşlıq ərazidə sürüldüyü üçün üzərində daş izləri olmuş, avtomobilin xarici görünüşünə zərər dəymişdir. Buna görə də, avtomobil servisə göndərilmiş, bununla bağlı dəyərləndirmə edilmiş və müvafiq akt tərtib edilmişdir. Həmin akt cavabdehə elektron poçt vasitəsilə göndərilmiş və ona telefonla da məlumat verilmişdir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin həcminin artırılması barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 30 oktyabr 2023-cü il tarixli 21/23 nömrəli avtonəqliyyat vasitələrinin icarəsinə dair müqavilənin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən icarəyə verən (İddiaçı MMC) siyahısı, təsviri, təhvil verilmə müddəti və ünvanı bu müqavilənin 1 saylı Əlavəsində göstərilmiş və razılaşdırılmış avtonəqliyyat vasitələrini icarə predmeti qismində bu müqavilə ilə razılaşdırılmış şərtlərlə icarəçiyə (Cavabdeh MMC-yə) icarəyə verməyi, icarəçi isə avtonəqliyyat vasitələrini icarəyə götürüb qarşılığında bu müqavilə ilə razılaşdırılmış icarə haqqını müqavilədə müəyyən olunan qaydada və şərtlərlə icarəyə verənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2.4-cü, 2.2.8-ci, 2.2.11-ci və 2.2.13-cü yarımbəndlərinə əsasən, bu müqavilə ilə razılaşdırılmış icarə haqqqını vaxtında ödəmək, icarə müddətində avtonəqliyyat vasitəsilə ölkə daxilində və xaricində törədilən yol hərəkət qaydalarının pozulmasına görə tətbiq olunan inzibati (cinayət) cərimələri və digər xərcləri ödəmək, o cümlədən bunun nəticəsində 3-cü şəxslərə (sığorta şərtləri nəzərə alınmaqla) dəyən ziyanı (zərəri) ödəmək, onların icarəyə verənə qarşı iddia və tələblərindən müdafiə etmək, icarəçinin təqsiri nəticəsində avtonəqliyyat vasitəsində yaranan (yol nəqliyyat hasiələri daxil olmaqla) nasazlıqla (qüsurlarla) bağlı avtonəqliyyat vasitəsinin təmir və bərpası xərclərini (sığorta şərtləri nəzərə alınmaqla) tam olaraq ödəmək, özünün təqsiri nəticəsində icarəyə verilən avtonəqliyyat vasitəsində yaranan və zəmanət şərtləri ilə əhatə olunmayan nasazlıqları (qüsurları) öz hesabına aradan qaldırmaq icarəçinin öhdəlikləridir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, hər bir avtonəqliyyat vasitəsi üçün aylıq icarə haqqının məbləği (ƏDV xaric) 1 saylı Əlavə ilə müəyyən edilir. Həmin müqavilənin 3.6-cı bəndinə əsasən, aylıq icarə haqqı təqvim ayı bitdikdən sonra həmin təqvim ayı üzrə icarəyə verən tərəfindən təqdim edilən ödəniş sənədi əsasında həmin ödəniş sənədi təqdim edildikdən sonra 10 gün ərzində icarəçi tərəfindən icarəyə verənə ödənilir. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən, icarəçi icarə haqqının ödənişini gecikdirdikdə icarə haqqı ödənişinin hər gecikdirildiyi gün üçün ümumi icarə haqqının 0,1% həcmində icarəyə verənə dəbbə pulu (cərimə) ödəyir. Həmin müqaviləyə 10 iyun 2024-cü il tarixli 4 nömrəli Əlavədən görünür ki, iddiaçı tərəfindən “Toyoto Corolla” markalı nəqliyyat vasitəsi aylıq 1770 manat məbləğində icarə haqqı müqabilində cavabdehə icarəyə verilmişdir. Həmin müqaviləyə 01 yanvar 2024-cü il tarixli 5 nömrəli Əlavədən görünür ki, iddiaçı tərəfindən “Hyundai Elantra” markalı nəqliyyat vasitəsi aylıq 1416 manat məbləğində icarə haqqı müqabilində cavabdehə icarəyə verilmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, cavabdeh tərəfindən iddiaçının bank hesabına, ümumilikdə 14482,2 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan iddiaçının sub-uçot hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-xx.xx.2024-cü il dövrü əhatə edən müxtəlif tarixlərdə, ümumilikdə 2606,8 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə göndərilən 30 dekabr 2023-cü il tarixli EBDV seriyalı 652041 nömrəli, 01 dekabr 2023-cü il tarixli EBDU seriyalı 085439 nömrəli, 31 oktyabr 2024-cü il tarixli MT2410 seriyalı 12018072 nömrəli, 30 sentyabr 2024cü il tarixli MT2409 seriyalı 11885160 nömrəli, 30 avqust 2024-cü il tarixli MT2408 seriyalı 11808282 nömrəli, 31 iyul 2024-cü il tarixli MT2407 seriyalı 12079429 nömrəli, 28 iyun 2024-cü il tarixli MT2406 seriyalı 11617454 nömrəli, 31 may 2024-cü il tarixli MT2405 seriyalı 11064785 nömrəli, 30 aprel 2024-cü il tarixli MT2404 seriyalı 00675648 nömrəli, 29 mart 2024-cü il tarixli EBEA seriyalı 808383 nömrəli, 29 fevral 2024-cü il tarixli EBDZ seriyalı 716338 nömrəli, 31 yanvar 2024-cü il tarixli EBDX seriyalı 813837 nömrəli elektron qaimə-fakturalardakı məbləğlərin cəmi 21712 manat təşkil edir. İş materiallarına iddiaçı tərəfindən cavabdehin nümayəndəsi olan SİMSEK SERKANa və YALİC SERVETə icarə predmeti olan avtonəqliyyat vasitələrini idarəetmə hüququ verən etibarnamələr əlavə edilmişdir. İş materiallarında olan 16 dekabr 2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, SİMSEK SERKANın adına hesablanan cərimələr üzrə iddiaçı tərəfindən cəmi 358,8 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan 06 yanvar 2025-ci il tarixli AA041/1100 nömrəli aktdan görünür ki, icarə predmeti olan “Hyundai Elantra” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2469 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan 21 oktyabr 2024-cü il tarixli avtomobilin geri qaytarılması haqqında aktda icarə predmeti olan nəqliyyat vasitəsinə dəyən zədələr öz əksini tapmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 700.1-ci və 700.2-ci maddələrinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 30 oktyabr 2023-cü il tarixli 21/23 nömrəli avtonəqliyyat vasitələrinin icarəsinə dair müqavilə və həmin müqaviləyə Əlavələr bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq icarəyə verən qismində olan iddiaçı Əlavələrdə qeyd olunan nəqliyyat vasitələrini icarəçi qismində olan cavabdehə icarəyə vermiş, cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək icarə haqqını iddiaçıya tam ödəməmişdir. Belə ki, iş materiallarında olan yuxarıda istinad edilmiş iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaiməfakturalarla müəyyən edilir ki, cavabdeh tərəfindən ödənilməli olan məbləğlərin cəmi 21712 manat, iş materiallarında olan ödəniş tapşırıqlarından və sub-uçot hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən ödənilmiş məbləğlərin cəmi 17089 manatdır, belə olduğu halda qalıq borcun məbləği 4623 manat təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 30 oktyabr 2023-cü il tarixli 21/23 nömrəli müqavilə üzrə 4623 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən 608,58 manat məbləğində dəbbə pulunun tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğundan (müqavilənin yuxarıda istinad edilən 4.6-cı bəndi) iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbəti nəzərə alınmaqla, iddia tələbinin cavabdehdən 608,58 manat məbləğində dəbbə pulunun tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb olunan dəbbə pulunun məbləği azaldılaraq cavabdehdən cəmi 232 manat məbləğində dəbbə pulu tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan əlavə, iddia tələbinin cavabdehdən 358,8 manat məbləğində ödənilmiş cərimənin əvəzinin iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin yuxarıda istinad edilmiş 2.2.8-ci yarımbəndinə əsasən icarə müddətində avtonəqliyyat vasitəsi ilə ölkə daxilində və xaricində törədilən yol hərəkət qaydalarının pozulmasına görə tətbiq olunan inzibati (cinayət) cərimələri və digər xərcləri ödəmək cavabdehin öhdəliyi olduğundan, iddiaçı hesablanmış cərimələri öz hesabına ödədiyindən və həmin ödənişləri təsdiq edən qəbzlər iş materiallarına əlavə edildiyindən, ödənilmiş 358,8 manat məbləğində pul vəsaitinin əvəzini cavabdehdən tələb etməkdə haqlıdır və iddia həmin hissədə təmin edilməlidir. Bunlardan başqa, iddia tələbinin cavabdehdən 2469 manat məbləğində dəymiş zərərin əvəzinin iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin yuxarıda istinad edilmiş 2.2.13-cü yarımbəndinə əsasən özünün təqsiri nəticəsində icarəyə verilən avtonəqliyyat vasitəsində yaranan və zəmanət şərtləri ilə əhatə olunmayan nasazlıqları (qüsurları) öz hesabına aradan qaldırmaq cavabdehin öhdəliyindədir. İş materiallarında olan 06 yanvar 2025-ci il tarixli AA041/1100 nömrəli aktdan görünür ki, icarə predmeti olan “Hyundai Elantra” markalı **- PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2469 manat məbləğində zərər dəymişdir. Buna görə də, iddiaçı cavabdehdən dəymiş zərərin əvəzini tələb etməkdə haqlıdır və iddia həmin hissədə də təmin edilməlidir. Bundan əlavə, iddia tələbinin 98,6 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 25 dekabr 2024-cü il tarixli ********** nömrəli və 08 yanvar 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzlərinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən cəmi 98,6 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-cİ maddəsinə əsasən, iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia qismən təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq hesablanmış 96,82 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 4623 manat məbləğində borc, 232 manat məbləğində dəbbə pulu, 358,8 manat məbləğində ödənilmiş cərimələrin, 2469 manat məbləğində zərərin və 96,82 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7779,62 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 4623 (dörd min altı yüz iyirmi üç) manat məbləğində borc, 232 (iki yüz otuz iki) manat məbləğində dəbbə pulu, 358,8 (üç yüz əlli səkkiz manat, səksən qəpik) manat məbləğində ödənilmiş cərimələrin, 2469 (iki min dörd yüz altmış doqquz) manat məbləğində zərərin və 96,82 (doxsan altı manat, səksən iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7779,62 (yeddi min yeddi yüz yetmiş doqquz manat, altmış iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar