Məhkəmə qərarları › İş №e-2-2(119)-263/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-263/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-263/2025 24.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı (X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “icarə müqaviləsinə xitam verilməsi, həmin müqavilə üzrə borcun tutulması, qeyri-yaşayış sahəsinin boşaldılması və icarəçiyə təhvil verilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 01 fevral 2018-ci il tarixli 2407B nömrəli icarə müqaviləsi üzrə 3553,34 (üç min beş yüz əlli üç manat, otuz dörd qəpik) manat məbləğində borc, 1033,14 (min otuz üç manat, on dörd qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 4586,48 (dörd min beş yüz səksən altı manat, qırx səkkiz qəpik) manat məbləğində pul vəsaitinin və 166 (yüz altmış altı) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması, tərəflər arasında bağlanmış həmin icarə müqaviləsinə xitam verilməsi və icarə obyektinin cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, icarəyə verən qismində çıxış edən iddiaçı ilə icarəçi qismində çıxış edən cavabdeh arasında qeyri-yaşayış sahəsinin sonuncunun icarəsinə verilməsi ilə bağlı 01 fevral 2018-ci il tarixli icarə müqaviləsi bağlanılmış, cavabdeh həmin müqavilə ilə razılaşdırılmış icarə haqlarını tam ödəməyərək öhdəliyini lazımınca icra etməmişdir. Bununla əlaqədar cavabdehlə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı 14 mart 2025-ci il tarixdə məhkəməyə vəsatət ünvanlayaraq icarə obyekti olan qeyri-yaşayış sahəsinin faktiki olaraq X2 tərəfindən istifadə olunmasını nəzərə alınaraq, məhkəmədən həmin şəxsin işə cü şəxs kimi cəlb edilməsini xahiş etmişdir. Həmin vəsatət təmin edilərək Raya Mövlayeva iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmişdir. İddiaçı eyni tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək tərəflər arasında bağlanmış 01 fevral 2018-ci il tarixli 2407B nömrəli icarə müqaviləsi üzrə 3533,34 (üç min beş yüz otuz üç manat, otuz dörd qəpik) manat məbləğində borc, 1248,45 (min iki yüz qırx səkkiz manat, qırx beş qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 4781,79 (dörd min yeddi yüz səksən bir manat, yetmiş doqquz qəpik) manat məbləğində pul vəsaitinin və 166 (yüz altmış altı) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması, tərəflər arasında bağlanmış subicarə müqaviləsinə xitam verilməsi və icarə obyektinin cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, cavabdehlə 03 iyul 2024-cü il tarixli 01 nömrəli əlavə razılaşma bağlayarkən yalnız 2022-2024-cü illəri əhatə edən 1450 manat məbləğində borc hesablanmış və qarşı tərəflə hər ay icarə haqqından əlavə 30 manat məbləğində qalıq borcdan ödəniləcəyi razılaşdırılmışdır. Həmçinin müvafiq əlavə razılaşma imzalanarkən cavabdehə bildirilmişdir ki, əgər razılaşma üzrə öhdəlik icra edilməsə, 2018-2024-cü illərdə yaranmış ümumi borcun tələb edilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəkdir. Cavabdeh də bu təkliflə razılaşaraq 2024-cü ilin iyul ayından başlayaraq 30 manat məbləğində əlavə pul ödəmişdir. Lakin bu ödəniş mütəmadi həyata keçirilməmişdir. Cavabdeh hər ay ödəniş etsə də, bu ödənişləri əskik həyata keçirmişdir. İcarə müqaviləsi üzrə cavabdehə güzəşt edilmiş icarə haqqı 100 manat məbləğindən 70 manata endirilmişdir. Daha sonra tərəflər arasında imzalanmış əlavə razılaşmaya əsasən, cavabdeh hər ay icarə haqqından əlavə 30 manat da qalıq borcundan ödəməli idi. Yəni, qalıq borcun aylıq ödənişi ilə birlikdə cəmi 100 manat ödəməli idi. Həmçinin hazırda icarə obyekti faktiki olaraq X1 istifadəsində olsa da, onunla iddiaçı arasında icarə müqaviləsi bağlanmamışdır. Belə ki, iddiaçı sahibkarlarla müqavilə bağlayır və müvafiq qeyri-yaşayış sahələrini onların idarəçiliyinə həvalə edir. Qeyri-yaşayış sahələrində digər şəxslərin fəaliyyət göstərməsi sahibkarlarla həmin şəxslər arasında olan münasibətlər əsasında formalaşır. Lakin cavabdehlə bağlanmış müqavilənin şərtlərinə əsasən, əgər sahibkar icarə obyekti olan qeyri-yaşayış sahəsini subicarə müqaviləsi əsasında başqa şəxsin istifadəsinə verirsə, bu zaman iddiaçıya yazılı qaydada müraciət etməli və iddiaçı bu müraciətə yazılı qaydada razılığını ifadə etməlidir. Lakin cavabdeh bu məzmunda hər hansı müraciət etməmişdir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia ərizəsinə etiraz edərək izahatında bildirdi ki, iddiaçının qeyd etdiyi borcun 2018-2022-ci illəri əhatə edən hissəsini iddiaçı təşkilatın rəhbərliyi ilə razılaşdırıb yarısını ödəmişdir. Hazırda həmin vaxtdan qalan borcun da tələb edilməsi əsassızdır. 2009-cu ildən bəri icarə obyekti olan müvafiq qeyri-yaşayış sahəsindən istifadə etmişdir. Lakin 2023-cü ildən valideynlərinin səhhəti ilə bağlı fəaliyyət göstərə bilməmiş, gələcəkdə yenidən həmin obyektdə ticarət fəaliyyəti ilə məşğul olacağını düşündüyünə görə, icarə müqaviləsinə xitam verilməsi əvəzinə müvəqqəti olaraq obyekti Raya Mövlayevaya həvalə etmişdir. Raya Mövlayeva da mütəmadi ödənişləri etmiş, lakin bir müddət ticarətin aktivliyi azaldığından icarə haqqını bir qədər əskik ödəmişdir. İddiaçı təşkilata əlavə razılaşmanın şərtləri ilə ödənişi həyata keçirmək üçün müraciət etmiş, lakin qarşı tərəf onun müraciətinə məhkəmənin yekun aktından sonra münasibət bildirəcəklərini qeyd etmişdir. Həmin obyektə öz hesabına xeyli məbləğdə vəsait xərcləmişdir. Buna görə də müqaviləyə xitam verilməsi ilə razılaşmır. Cavabdeh göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 01 fevral 2018-ci il tarixli 2407B nömrəli icarə müqaviləsinin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, müqavilə ilə müəyyən olunmuş şərtlərə və qaydalara uyğun olaraq icarəyə verən (İddiaçı MMC) Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən sahəsi 17 m2 olan “2407B” nömrəli qeyriyaşayış sahəsini icarəçiyə (Cavabdeh) icarəyə verməyi və icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1.1-ci, 2.1.5-ci və 2.1.6-cı yarımbəndlərinə əsasən, icarəçinin öz üzərinə götürdüyü vəzifələri vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini ondan tələb etmək, onun bu müqavilə üzrə icarə haqqı ilə bağlı öhdəliklərini müqavilə ilə müəyyən edilmiş müddətdə tam və ya qismən yerinə yetirmədikdə, 15 (on beş) təqvim günü gözləməklə və gözləmə müddətinə cərimə tətbiq etməklə və ya etməməklə müqaviləni birtərəfli qaydada ləğv etmək, icarəçi obyektdən təyinatına uyğun istifadə etmədikdə və ya onun fəaliyyəti ilə bağlı obyektə ziyan dəydikdə, habelə müqavilədə nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə müqaviləyə xitam vermək icarəyə verənin hüququdur. Həmin müqavilənin 2.3.4-cü yarımbəndinə əsasən, icarəyə verən öz üzərinə düşən öhdəlikləri müvafiq qaydada, vaxtı-vaxtında həyata keçirməzsə, icarəyə verəni 1 ay öncədən, yazılı qaydada xəbərdarlıq etməklə bu müqaviləyə təktərəfli qaydada xitam vermək icarəçinin hüququdur. Həmin müqavilənin 2.4.1-ci və 2.4.2-ci yarımbəndlərinə əsasən, bu müqavilənin maddələrinə uyğun şərtlərlə və qaydada icarəyə verənə icarə haqqını, həmçinin icarə obyektinin yerləşdiyi Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal kompleksinin və ticarət mərkəzinin saxlanması və fəaliyyəti üçün zəruri ödənişlərin (temperaturun tənzimlənməsi isitmə və soyutma, havalandırma, təmizlik, mühafizə xərcləri və sair bu mahiyyətdən olan xərclər) ona düşən hissəsini ödəmək və müqavilə üzrə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımi qaydada icra etmək və onların pozulmasına yol verməmək icarəçinin vəzifələrinə aiddir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, müqavilə qüvvədə olduğu müddət ərzində icarəçi icarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmamaqla 100 manat (ƏDV daxil) məbləğində icarə haqqı ödəyir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, müqavilə imzalandıqdan sonra təqvim ayının tam icarə haqqı həmin ayın 10-dan gec olmamaqla icarəçi tərəfindən icarəyə verənin hesabına manatla, köçürülmə yolu ilə, icarəyə verənin razılığı olduqda isə nağd ödənilir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə, bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 11-dən etibarən ödənişini gecikdirdiyi məbləğin 1 (bir) faizi həcmində cərimə ödəməlidir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən, tərəflərdən heç biri bu müqavilə üzrə öz öhdəliklərini tərəflərin iradəsindən aslı olmayan müharibə, mülki iğtişaşlar, epidemiya, mühasirə, embarqo, zəlzələ, daşqın, yanğın və digər təbii fəlakətlər kimi fors major halların nəticəsində meydana çıxan səbəblərdən yerinə yetirə bilmədikdə, tərəflər bu zaman məsuliyyətdən azad edilir. Həmin müqavilənin 7.4-cü bəndinə əsasən, əgər fors-major halları və şəraiti 3 ay davamlı olaraq davam edərsə və onun bitməsi əlamətləri görünmürsə, bu müqavilə bir tərəfin digər tərəfə bildiriş göndərməsi yolu ilə icarəçə və ya icarəyə verən tərəfindən xitam oluna bilər. Həmin müqavilənin 9.3-cü bəndinə əsasən, hər iki tərəfin digər tərəfi 15 təqvim günü əvvəlcədən xəbərdarlıq etməklə müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ var. İcarəçi bu müqavilə və ya qanunvericilik üzrə öz vəzifəsini və ya öhdəliyini icra etməzsə, icarəyə verən müqaviləyə dərhal xitam vermək hüququna malikdir. İş materiallarında olan 01 fevral 2018-ci il tarixli 2407B nömrəli icarə müqaviləsinə 03 iyul 2024-cü il tarixli 01 nömrəli Əlavə razılaşmanın 1-ci bəndinə əsasən, tərəflər razılığa gəlirlər ki, icarəçinin istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən sahəsi 17 m2 olan “2407B” nömrəli qeyri-yaşayış sahəsinə (uşaq geyimləri mağazasına) görə 01 fevral 2018-ci il tarixli 2407B nömrəli icarə müqaviləsinin 4.1-ci bəndinə əsasən, müəyyən olunmuş aylıq icarə haqqı 01 iyul 2024-cü il tarixindən ƏDV daxil 70 manat müəyyənləşdirilir. Həmin razılaşmanın 2-ci bəndinə əsasən, icarəçi bu razılaşma ilə icarəyə verənə 01 fevral 2018-ci il tarixli 2407B nömrəli icarə müqaviləsi üzrə 30 iyun 2024-cü ilin tarixinə qalıq 3403,34 manat məbləğində icarə haqqı borcunun olduğunu qəbul edərək təsdiq edir. Həmin razılaşmanının 3-cü bəndinə əsasən, icarəçi icarəyə verənə aylıq icarə haqqı ilə yanaşı qalıq borcun 2022-2024-cü illər üzrə yaranmış cəmi 1450 manat məbləğində icarə haqqı borcunu qarşlıqlı razılaşdırılmış ödəmə qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürür. Həmin razılaşmanının 4-cü bəndinə əsasən, bu əlavə ilə razılaşdırılmış icarə haqqı və borc ödənişləri icarəçi tərəfindən hər cari ayın 25-dək ödənilməlidir. Həmin razılaşmanın 5-ci bəndinə əsasən, icarəçi bu əlavə razılaşmanın 1-ci və 2-ci bəndləri üzrə götürdüyü öhdəlikləri tam və ya qismən icra etmədiyi təqdirdə icarəçinin həmin tarixə olan ümumi borcu "borc tələbinə dair" iddiası üzrə icarəçinin aidiyyəti məhkəmələrə verilməsi üçün əsas hesab edilir. Həmin razılaşmanın 6-cı bəndinə əsasən, bu əlavə razılaşmanın 1-2-ci bəndləri üzrə icarəçi öz öhdəliyini göstərilən müddətdə icra etdiyi halda icarəyəverən razılaşdırılmış qrafik üzrə borc ödənişindən əlavə borc öhdəliyi üzrə heç bir tələb etməyəcəyini öz öhdəsinə götürür. Həmin razılaşmanın 8-ci bəndinə əsasən, 01 fevral 2018-ci il tarixli 2407B saylı icarə müqaviləsinin bu Əlavə Razılaşma ilə toxunulmayan bəndləri dəyişilməz olaraq qalır. Həmin əlavə razılaşmanın ödəniş qrafikindən görünür ki, cavabdehin iddiaçıya olan 1450 manat məbləğində borcunun həmin qrafikə uyğun olaraq son ödəniş tarixi 03 iyun 2028-ci il olmaqla müvafiq aylar üzrə müəyyən edilmiş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzalanmış 03 iyul 2024-cü il tarixli razılaşma aktından görünür ki, tərəflər aylıq icarə haqqının 70 manat məbləğində olması və 2022-2024-cü illər ərzində qalıq borcun 1450 manat məbləğində təşkil etməsi ilə bağlı razılığa gəlmişdirlər. İş materiallarında olan cavabdehə göndərilmiş 14 noyabr 2024-cü il tarixli 04-01/V- 2024-M/244 nömrəli pretenziya məktubunun məzmununda iddiaçı tərəfindən icarə müqaviləsindən irəli gələn borclarını ödəməsi cavabdehdən xahiş edilmiş, əks təqdirdə həmin borcların ondan tutulması, icarə müqaviləsinə xitam verilməsi, icarə obyektinin boşaldılması və icarəçiyə təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. Həmin məktuba əlavə edilmiş poçt xəbərnaməsindən görünür ki, cavabdehə həmin məktub çatdırılmışdır. İş materiallarında olan 12 mart 2025-ci il tarixli 01-02/V-2025-A/49 nömrəli maliyyə arayışından görünür ki, 04 mart 2025-ci il tarixinə cavabdehin iddiaçıya icarə haqqı borcu 3533,34 manat, ona hesablanmış cərimə 1248,45 manat olmaqla, cəmi borc 4781,79 manat məbləğində təşkil edir. İş materiallarında olan obyektin əməliyyat tarixçəsinə əsasən, xx.xx.2018-ci il tarixdən xx.xx.2025-ci il tarixədək hesablanmış icarə haqlarının cəmi 6813,34 manat, ödənilmiş icarə haqlarının cəmi isə 3280 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 372.1-ci və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 685.2.1-ci və 685.2.2-ci maddələrinə əsasən, kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə və ya ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə ləğv edə bilər. Həmin Məcəllənin 697.1-ci maddəsinə əsasən, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli 2407B nömrəli icarə müqaviləsi bağlanılmış, müqavilə öhdəliyinə uyğun olaraq iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən sahəsi 17 m2 olan 2407B nömrəli qeyri-yaşayış sahəsini cavabdehin icarəsinə vermişdir. Həmin müqaviləyə 03 iyul 2024-cü il tarixli 01 nömrəli Əlavə razılaşma bağlayaraq tərəflər aylıq icarə haqqının 01 iyul 2024-cü il tarixindən ƏDV daxil 70 manat məbləğində olması barədə razılığa gəlmişdirlər və cavabdeh 30 iyun 2024-cü ilin tarixinə qalıq 3403,34 manat məbləğində icarə haqqı borcunun olduğunu qəbul edərək təsdiq etmiş, həmçinin iddiaçıya aylıq icarə haqqı ilə yanaşı cəmi 1450 manat məbləğində icarə haqqı borcunu qarşlıqlı razılaşdırılmış ödəmə qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan obyektin əməliyyat tarixçəsindən görünür ki, cavabdeh müqavilə və razılaşma öhdəliklərinə riayət etməyərək, həmin qeyri-yaşayış sahəsinin icarəsi ilə əlaqədar aylıq icarə haqlarını tam olaraq iddiaçıya ödəməmiş, nəticədə onun iddiaçı təşkilata 01 mart 2025-ci il tarixinə 3533,34 manat məbləğində icarə haqqı borcu yaranmışdır. Bu qeyd edilənlər yuxarıda istinad edilən sübutlarla tam sübut olunur. Nəzərə alınmalıdır ki, icarə müqaviləsi üzrə bağlanılmış 03 iyul 2024-cü il tarixli 01 nömrəli Əlavə razılaşmaya əsasən, cavabdeh iddiaçıya 30 iyun 2024-cü ilin tarixinə 3403,34 manat məbləğində icarə haqqı borcunun mövcud olduğunu təsdiq etmişdir. Obyektin əməliyyat tarixçəsindən görünür ki, həmin razılaşmadan sonra, yəni 01 iyul 2024-cü il tarixdən xx.xx.2025-ci il (cari ilin mart ayının icarə haqqı məbləği daxil olmaqla) tarixədək olan dövrdə 640 manat icarə haqqı hesablanmış, cavabdeh isə bu müddətdə cəmi 500 manat məbləğində icarə haqqı ödəmiş, ödənilməmiş icarə haqqı məbləği 130 manat təşkil etmişdir. Başqa sözlə, 03 iyul 2024-cü il tarixli 01 nömrəli Əlavə razılaşmada tərəflərin təsdiqlədiyi icarə haqqı borcunun məbləği (3403 manat) ilə 01 iyul 2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr üzrə qalıq icarə haqqı borcu məbləğinin (130 manat) cəmi iddia tələbində qeyd edilən borc məbləğinə bərabərdir (3403 manat + 130 manat = 3533,34 manat). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 01 fevral 2018-ci il tarixli 2407B nömrəli icarə müqaviləsi üzrə 01 mart 2025-ci il tarixinə olan 3533,34 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, iddia tələbinin cavabdehdən 1248,45 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edilsə də, tərəflər aralarında bağlanmış sözügedən müqaviləyə 03 iyul 2024-cü il tarixli 01 nömrəli əlavə razılaşma ilə cavabdehin borc öhdəliyinin 3403,34 manat həddində olduğunu razılaşdırılmış, həmin razılaşmada ödənişlərin gecikdiriləcəyi halda cərimə məbləğinin ödənilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır. Bununla bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia həmin hissədə təmin edilməməlidir. Bundan başqa, iddia tələbinin iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi və icarə obyektinin cavabdehin hesabına boşaldılaraq icarəyə verənə təhvil verilməsi barədə hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış müqavilənin 2.1.1-ci, 2.1.5-ci və 2.1.6-cı yarımbəndlərində qeyd olunur ki, icarəçi bu müqavilə üzrə icarə haqqı ilə bağlı öhdəliklərini müqavilə ilə müəyyən edilmiş müddətdə tam və ya qismən yerinə yetirmədikdə, 15 (on beş) təqvim günü gözləməklə və gözləmə müddətinə cərimə tətbiq etməklə və ya etməməklə müqaviləni birtərəfli qaydada ləğv etmək, icarəçi obyektdən təyinatına uyğun istifadə etmədikdə və ya onun fəaliyyəti ilə bağlı obyektə ziyan dəydikdə, habelə müqavilədə nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə müqaviləyə xitam vermək icarəyə verənin hüququdur. Digər tərəfdən, Mülki Məcəllənin 685.2.1-ci, 685.2.2-ci və 697.1-ci maddələrinə əsasən, kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə və ya ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə ləğv edə bilər. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Göründüyü kimi, cavabdeh icarə müqaviləsi üzrə icarə haqqı ilə bağlı öhdəliklərini müqavilə ilə müəyyən edilmiş müddətdə tam və ya qismən yerinə yetirmədiyindən, həmçinin ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə icarə haqqının ödənilməsini gecikdirdiyindən, istər tərəflər arasında bağlanmış müqavilənin şərtləri, istərsə də mülki qanunvericiliyin icarə münasibətlərini tənzimləyən normaları baxımından qiymətləndirmə aparıldıqda, müəyyən edilir ki, iddia tələbinin icarə müqaviləsinə xitam verilməsi və icarə obyektinin cavabdehin hesabına boşaldılaraq icarəyə verənə təhvil verilməsi barədə hissəsi də əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, iddia tələbinin 166 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsinə əlavə edilmiş 07 may 2024-cü il tarixli ********** nömrəli qəbzin məzmunundan aydın olur ki, həmin dövlət rüsumu qiymətləndirilməyən iddia ərizəsinin (iddia tələbinin icarə müqaviləsinə xitam verilməsi və icarə obyektinin cavabdehin hesabına boşaldılaraq icarəyə verənə təhvil verilməsi hissəsi ilə bağlı) verilməsinə görə ödənilmişdir. Lakin məlum olmuşdur ki, həmin qəbz məhkəmənin icraatında olmuş e-2-2(119)-1186/2024 nömrəli iş üzrə iddia ərizəsinin verilməsi zamanı iddiaçı tərəfindən istifadə edilmişdir. İş materiallarında olan 02 dekabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən, hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən iddianın qiymətinə münasib olaraq 66 manat məbləğində dövlət rüsumunun ödənildiyi müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, iddia tələbinin təmin edilmiş hissəsinə (3533,34 manat) mütənasib olaraq dövlət rüsumunun məbləği 55,33 manat məbləğində təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 01 fevral 2018-ci il tarixli 1407A nömrəli icarə müqaviləsi üzrə 3533,34 manat məbləğində borc və 55,33 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3588,67 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, həmin müqaviləyə xitam verilməli və icarə obyekti olan qeyri-yaşayış sahəsi cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 01 fevral 2018-ci il tarixli 2407B nömrəli icarə müqaviləsi üzrə 3533,34 (üç min beş yüz otuz üç manat, otuz dörd qəpik) manat məbləğində borc və 55,33 (əlli beş manat, otuz üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3588,67 (üç min beş yüz səksən səkkiz manat, altmış yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2018-ci il tarixli 2407B nömrəli icarə müqaviləsinə xitam verilsin və icarə obyekti olan qeyri-yaşayış sahəsi cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar