Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-277/2022 11.02.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı “X3“ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdeh X1 qarşı verilmiş “icarə haqqının ödənilməsi” tələbi barədə iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı “X3“ Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdeh X1 qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və cavabdeh X2 arasında 09 sentyabr 2019-cu il tarixində bağlanmış Ofis icarəsinə dair müqaviləyə əsasən cavabdehdən ümumilikdə 2450 manat məbləğində ödənilməmiş icarə haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdeh X1 qarşı verilmiş “icarə haqqının ödənilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin kiçik mübahisələrə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddiaçı sadələşdirilmiş icraat qaydasında vermiş olduğu hazırkı iddia ərizəsində “09.09.2019-cu il tarixdən 09.09.2020-ci il tarixinədək” bağlanmış icarə müqaviləsi üzrə “2020-ci ilin Aprel, May, İyun, İyul, Avqust ayları” üzrə icarə haqqı borcu olaraq ümumilikdə 2450 manat məbləğində ödənilməmiş icarə haqqının tutulmasını” xahiş etsə də, həmin tələbin sübutu kimi borcun hesablandığı yuxarıda qeyd olunan 2020-ci ilin “Aprel, May, İyun, İyul, Avqust” aylarına görə müvafiq qaydada cavabdehə göndərilmiş Elektron Qaimələri iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-3-cü maddəsinin tələblərinə görə kiçik mübahisələr üzrə iddia ərizəsi məhkəməyə ümumi qaydada verilir (maddə 284-3.1), ərizədə iddiaçının tələbi və onun əsaslandığı hallar (maddə 284- 3.2.3) və tələbin əsaslığını təsdiq edən sənədlər (maddə 284-3.2.4) göstərilir. Həmin Məcəllənin 284-4.1-ci maddəsinin tələblərinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa (maddə 284-4.1.3) - kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar verilmiş iddia ərizəsinin qəbul olunmasından imtina edilir. Eləcə də, məhkəmə iddiaçının diqqətinə çatdırmağı lazım bilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə nəzərdə tutulan qaydada iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən alınmasını təsdiq edən müvafiq sənəd də iddiaçı tərəfindən hazırkı iddia ərizəsinə əlavə edilərək, məhkəməyə təqdim olunmamışdır. Halbuki, Mülki-Prosessual Məcəllənin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən həmin Məcəllənin 150.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddia ərizəsinin surətinin cavabdehə çatdırılmasını təsdiq edən sənədi də məhkəməyə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Beləliklə də, Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş hazırkı iddia ərizəsinin sadələşdirilmiş icraat qaydasında məhkəmə icraatı mümkün deyildir. Ona görə də, həmin kiçik mübahisələrə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalı və iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia vermək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinin tələblərinə görə ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması, iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264 və 284-1 - 284-4-cü maddələrini rəhbər tutub, QƏRARA A L D İ: İddiaçı “X3“ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdeh X1 qarşı verilmiş “icarə haqqının ödənilməsi” tələbi barədə iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddiaçıya izah olunsun ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin qəbul edilməsindən imtina olunması - iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-277/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-277/2022
11.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver