Məhkəmə qərarları › İş №e-2-2(119)-296/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-296/2024

24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-296/2024 24.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqaviləyə əsasən yaranmış borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 06 fevral 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqaviləyə əsasən yaranmış borcun və digər ödənişlərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 02 dekabr 2021-ci il tarixli 02/21 nömrəli xidmət göstərilməsinə dair müqavilə üzrə 220000 (iki yüz iyirmi min) manat məbləğində borc, hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 2000 (iki min) manat məbləğində pul vəsaitinin əvəzi, 410 (dörd yüz on) manat məbləğində mediasiya xərcinin əvəzi və 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 222510 (iki yüz iyirmi iki min beş yüz on) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçıya xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış 02 dekabr 2021-ci il tarixli 02/21 nömrəli xidmət göstərilməsinə dair müqaviləyə və həmin müqaviləyə əlavə olan qiymətlərin razılaşdırılması protokoluna əsasən iddiaçı Sumqayıt şəhərində Heydər Əliyev prospekti, Azərbaycan prospekti, Bakı küçəsi və İ.Sadıxov küçələrinin kəsişməsində ayrılmış torpaq sahəsində tikiləcək yaşayış binalarının layihələndirilməsi (eskiz, işçi, konstruksiya, mühəndis kommunikasiya) işlərinin icrasını öz üzərinə götürmüş və bu işlərin ümumi dəyərinin 736800 manat məbləğində olması tərəflər arasında razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş və cavabdeh tərəfindən iddiaçının rəhbərinə ünvanlanmış məktubun məzmunundan da görünür ki, sifarişçi, yəni cavabdeh icraçıdan, yəni iddiaçıdan layihədə nəzərdə tutulan işlərin görülməsini xahiş edir və xidmət haqqının ödənilməsinə zəmanət verir. 8 ha ərazidə 23 bloklu binanın layihələndirilməsinə görə görüləcək işlərin dəyəri hər kvadrat metrə görə 4 AZN olmaqla hesablanmışdır. İddiaçı tərəfindən həmin 23 blokdan 21 blokunun eskiz layihəsi, o cümlədən onlardan 4 blokun işçi layihəsi hazırlanmış, eskiz layihənin hər kvadrat metrinə görə 1 manatdan hesablanmaqla 151,282 manatlıq, işçi layihənin hər kvadrat metrinə görə 2 manatdan hesablanmaqla 68736 manatlıq, cəmi 220018 manat dəyərində işlər görülmüşdür. Həmin eskiz layihələr Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 36/02345 saylı sənədlərlə (3 ədəd albomla) öz təsdiqini tapmaqdadır. Buna baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi, yəni görülən işlərin dəyərini iddiaçıya ödəməmişdir. Bununla əlaqədar cavabdehlə danışıqlar aparılaraq xidmət haqqının ödənilməsi tələb edilsə də, hər hansı nəticə əldə edilməmiş, iddiaçı layihənin hazırlanmasında iştirak edən işçi heyətinin əmək haqqını öz hesabına ödəmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında, o cümlədən mediasiya vasitəsilə həll edilməsinə cəhdlər edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq ərizədə göstərmişdir ki, "xxxx" MMC-nin təsisçisi X2 xx.xx.2021-ci il tarixli qərarı ilə X3 həmin MMC-nin direktoru vəzifəsinə təyin edilmiş, sonuncu təyin olunduğu vəzifəyə əsaslanaraq cavabdeh İddiaçı MMC ilə xx.xx.2021-ci il tarixli xidmətin göstərilməsinə dair müqavilə imzalamış, həmçinin o, iddiaçı təşkilata məktub ünvanlasa da, həmin məktub MMC-də qeydiyyatdan keçməmiş, hansı tarixdə yazılması barədə heç bir məlumat həmin məktubda əks olunmamışdır. Bundan əlavə, iddiaçı müqaviləyə əsaslanaraq eskiz tərtib edərkən Sumqayıt şəhərində 16 mərtəbəli binanın tikilməsinə icazənin olmamasını nəzərə almamış, həmçinin görülən işlərlə bağlı ayrılıqda qiymətlərin razılaşdırılması protokolu tərtib edilməli olsa da, həmin protokol mövcud deyildir. Bundan əlavə, iddiaçının 220000 manatlıq işin "xxxx" MMC-yə təhvil verilməsi, həmin işin "xxxx" MMC tərəfindən qəbul edilməsi, həmçinin həmin görülən işin həmin məbləğdə olmasının hansı sənədlə razılaşdırılmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin müqavilənin 4-cü bəndində ödəniş forması işin başlanğıcında icraçının hesabına hissə-hissə, iş tamamlana qədər tam məbləği köçürmək kimi müəyyənləşdirilsə də, iş başlanarkən iddiaçıya ödəniş edilməsi ilə bağlı heç qəbz, layihənin təhvil-təslim aktı, bir sözlə iddianın sübutuna dair heç bir sənəd mövcud deyildir. Cavabdehin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Sumqayıt şəhərində yerləşən Heydər Əliyev prospekti, Azərbaycan prospekti, Bakı küçəsi və İ.Sadıxov küçələrinin kəsişməsində ayrılmış torpaq sahəsində tikiləcək yaşayış binalarının layihələndirilməsi (eskiz layihə, işçi layihə, konstruksiya, mühəndis-kommunikasiya) işlərinin görülməsi ilə əlaqədar iddiaçı və cavabdeh arasında 02 dekabr 2021-ci il tarixli müqavilə bağlanılmış və müqaviləyə 1 nömrəli Əlavə olan eynitarixli qiymətlərin razılaşdırılması protokolu ilə görülən işlərin ümumi dəyərinin 736800 manat məbləğində olması aralarında razılaşdırılmışdır. Görüləcək işlər mərhələli formada təsvir edilərsə, birinci mərhələdə eskiz layihə, ikinci mərhələdə konstruksiya və işçi layihə və paralel olaraq mühəndiskommunikasiya hazırlanmalı idi. Cavabdeh şirkətin təsisçisi Rüfət Pirişov etibarnamə verərək bütün işlərin görülməsini ona həvalə etmişdir. İlkin olaraq onun tərəfindən tikilməsi planlaşdırılan 23 blokdan ibarət binanın 21 blokunun eskiz layihəsi və 4 blokun işçi layihəsi hazırlanmış, 23 blokdan 21 blokunun eskiz layihəsinə görə hər kvadrat metri 1 manatdan hesablanmaqla 151282 manat olmaqla və 4 blokun işçi layihəsinin memarlıq və konstruksiya işlərinə görə hər kvadrat metri 2 manatdan hesablanmaqla 68736 manat olmaqla, cəmi 220018 manat məbləğində işlər icra edilmişdir. Bu məbləğ hesablanarkən binanın kontur xətti sahə olaraq hesablanır, sonra konsollar çıxır və mərtəbə sayına vurularaq blok sayı üzrə toplanılır. Eskiz layihə sifarişçiyə lazım olmur və şəhərsalma əsaslandırmasının hazırlanması üçün istifadə edilir. Görülən işlər, yəni hazırlanan eskiz layihələr şəhərsalma əsaslandırmasının işlənilməsi üçün Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutuna təqdim edilmişdir. Şəhərsalma əsaslandırmasının hazırlanması üçün cavabdeh ilə “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu arasında müqavilə bağlanılmış, paralel olaraq onunla da müqavilə bağlanılmışdır. Lakin cavabdeh onun tərəfindən görülən işlərin dəyərini ödəməmiş, eyni zamanda şəhərsalma əsaslandırması işlərinin görülməsi ilə əlaqədar “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutuna da ödəniş etmədiyi üçün işlər yarımçıq saxlanılmışdır. Şəhərsalma əsaslandırmasının işlənilməsi üçün onun görəcəyi bütün işlərə ehtiyac olmamış, eskiz layihələr kifayət etmişdir. Cavabdehlə bağlanılan müqavilədə qeyd edilən “və sair” işlərə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin müvafiq ekspertiza şöbəsinə sənədlərin təqdim edilməsi aid olmuşdur və yalnız müvafiq ekspertizanın rəyindən sonra tikintiyə başlanıla bilərdi. O, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstutuna layihələri təqdim etdiyini təsdiq etmək üçün həmin instituta sorğu ilə müraciət etmiş və həmin institutdan işlərin onlar tərəfindən icra edildiyini təsdiq edən məktub almışdır. Cavabdeh hissə-hissə ödəniş etmədiyi üçün hesab-faktura hazırlamış və onu cavabdehə təqdim etməyə çalışmış, lakin cavabdeh qəbul etməmiş və layihəni satıb pulu ödəyəcəyini bildirmişdir. Cavabdeh aralarında olan dostluq münasibətlərindən istifadə etmişdir. Görüləcək işlər bitmədiyi və pulu tam tələb etmədiyi üçün cavabdehə elektron qaimə-faktura göndərməmişdir. Həmin layihəni başqa bir şəxs satın almaq istəmiş, ona zəng edib məlumat almaq istəyəndə o, həmin layihə üzrə cavabdehin ona borcunun olduğunu bildirmişdir. O, cavabdeh şirkətin təsisçisi Rüfət Pirişova layihəni ona və ya yaxın adamlarından birinə satmağı təklif etmiş, lakin sonuncu razılaşmamışdır. Cavabdehin ödəniş etməməsinə görə məhkəməyə müraciət etməmişdən əvvəl Sumqayıt Şəhər Polis İdarəsinə də müraciət etmiş, polis idarəsinə dəvət edilən Rüfət Pirişov ona borcunun olduğunu və sübut etməli olduğunu bildirmişdir. Cavabdehin qanuni təmsilçisi, həmçinin bildirdi ki, mövcud prosedura əsasən Sumqayıt Şəhər İcra Hakimiyyətinin tikinti işlərinin görülməsi barədə sərəncamının bir nüsxəsi cavabdehə, bir nüsxəsi isə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilir. İlk öncə əraziyə baxış keçirilir və ərazidən kommunikasiya xətlərinin keçib-keçmədiyi barədə yazılı rəy verilir. Bundan sonra, Arxitektura Komitəsi baş planın hazırlanması barədə şifahi formada rəy verir. Cavabdehə Sumqayıt şəhəri İcra hakimiyyətinə təqdim edilməsi üçün 4 blokun layihəsini əlbəəl təqdim etmiş, o isə onları Sumqayıt Şəhər İcra Hakimiyyətinə təqdim etmişdir. Layihənin qalan hissələrini cavabdehin verdiyi etibarnamə əsasında onun nümayəndəsi olaraq “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutuna təqdim etmişdir. Həmin vaxt aralarında dostluq münasibətləri mövcud olduğu olduğu üçün layihənin cavabdehə təqdim edilməsi barədə ondan sübut almamışdır. Həmçinin aralarında bağlanmış müqavilədə onun layihəni sifarişçiyə layihələri təqdim etmək vəzifəsi nəzərdə tutulmamışdır. Ehtimal edir ki, cavabdeh layihəni Sumqayıt Şəhər İcra Hakimiyyətinə özü göndərmişdir. Eskiz layihənin özünü də cavabdehə emeil vasitəsilə göndərsə də, üzərindən xeyli müddət keçdiyi üçün hazırda həmin göndərilmə ilə bağlı nəsə təqdim edə bilmir, həmçinin aralarında bağlanmış müqavilədə eskiz layihənin cavabdehə təqdim edilməsi forması nəzərdə tutulmamışdır. 23 bloka dair eskiz layihələri cavabdehin özünün istəyi və verdiyi etibarnamə əsasında şəhərsalma əsaslandırmasının işlənilməsi üçün “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstutuna təqdim etmişdir. Bu işlər zəncirvari xarakterlidir, o, eskiz layihələri işləməlidir ki, şəhərsalma əsaslandırması işlənilə bilsin. Şəhərsalma əsaslandırması işlənildikdən sonra albom şəklində ona təqdim edilməli və o, konstruksiya və memarlıq işlərini görməli, daha sonra isə mühəndis-kommunikasiya işləri görülməli idi. Ödəniş edilmədiyi üçün iş həmin mərhələyə çatmamışdır. Rəhbərlik etdiyi şirkət eskiz, işçi layihə və konstruksiya işlərinin görülməsi ilə bağlı lisenziyaya malikdir, əgər işlər həmin mərhələyə qədər davam etsəydi, mühəndis-kommunikasiya işlərinin görülməsi üçün başqa podratçı şirkətlə müqavilə bağlanılacaqdı. Qiymətlərin razılaşdırılması protokolunda qeyd edilən məbləğə mühəndiskommunikasiya işlərinin görülməsi də aiddir, mühəndis-komnukasiya işlərinin görülməsi üçün başqa podratçı şirkətlə müqavilə bağlayıb cavabdeh tərəfindən ona ödəniləcək məbləğin bir hissəsini həmin şirkətə ödəyəcəkdi. Cavabdehin qanuni təmsilçisi cavabdehin etiraz xarakterli ərizəsində qeyd edilən müqaviləyə əsaslanaraq eskiz tərtib edərkən Sumqayıt şəhərində 16 mərtəbəli binanın tikilməsinə icazənin olmamasını belə nəzərə alınmaması halı ilə bağlı bildirdi ki, şəhərsalma əsaslandırması və baş plan yalnız Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edildikdən sonra eskiz layihəyə başlanıla bilər və bu barədə müvafiq göstəriş verilmişdir. Həmçinin həmin ərizədə göstərilən hər işlə bağlı ayrılıqda qiymətin razılaşdırılması protokolu olmalı olduğu halda bunun mövcud olmaması, iddiaçı tərəfindən 220000 manat məbləğində işin "xxxx" MMCyə təhvil verilməsi, həmin işin "xxxx" MMC tərəfindən qəbul edilməsi, həmçinin həmin görülən işin 220.000 manatlıq həcmdə olmasının hər hansı bir sənədlə razılaşdırılmasına dair sübutun təqdim edilməməsi halı ilə bağlı bildirdi ki, eskiz layihənin tikinti üçün əsası yoxdur. Eskiz layihə şəhərsalma əsaslandırmasının hazırlanması üçün ilkin çizim hesab edilir və onu şəhərsalma əsaslandırmasını hazırlayan şirkət tələb edə bilər. Cavabdeh şirkət tərəfindən ona etibarnamə verildiyi üçün o, həmin layihəni bilavasitə özü “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstutuna təqdim etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddiaçının qanuni təmsilçisinin izahatında qeyd etdiklərinə uyğun izahatlar verdi və əlavə olaraq göstərdi ki, müqavilənin müvafiq bəndinə əsasən cavabdeh görülən işlərin dəyərini işin başlanğıcında hissə-hissə iş tamamlanana qədər ödəməyi öhdəsinə götürsə də, hər hansı ödəniş etməmişdir. Buna baxmayaraq işin görülmüş hissəsi barədə iddiaçı qarşı tərəfə hesab-faktura təqdim etmiş, lakin cavabdeh həmin sənədə zərurət olmadığını, layihənin satılaraq ödəniş ediləcəyini bildirmişdir. İddiaçı tərəfindən işlərin görülməsi Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq edilməkdədir. İddiaçının nümayəndəsi qeyd olunanların nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin 31 may 2024-cü il tarixində keçirilmiş iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirmişdir ki, müqavilə predmeti olan layihələr cavabdehə təqdim edilməmiş, həmin layihələrin cavabdehə təqdim edilibedilməməsi qeyri-müəyyən olduğu və işlər görülmədiyi təqdirdə ödənişlərdən söhbət gedə bilməyəcəyi üçün iddia əsassız hesab edilməlidir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, cavabdehin ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 02 dekabr 2021-ci il tarixli 02/21 nömrəli xidmət göstərilməsinə dair müqavilənin 1.1-ci bəndinə əsasən, sifarişçi (cavabdeh Zəfər Parkı” MMC) tapşırır, icraçı (iddiaçı "xxxx" MMC) isə hazırkı müqavilədə göstərilmiş şərtlərlə müqavilənin predmeti olan Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, Azərbaycan prospekti, Bakı küçəsi, İ.Sadıxov küçələrinin kəsişməsində ayrılmış torpaq sahəsində yaşayış binalarının layihələndirilməsinin, hazırlanmasının (eskiz, işçi, konstruksiya, mühəndis kommunikasiya və sair) icrasını öz üzərinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, sifarişçi müqavilənin icrası ilə əlaqədar zəruri olan bütün sənədləri və məlumatları icraçıya verməyi, icraçının işinin bu müqavilənin şərtlərinə uyğun olan nəticələrini qəbul etməyi və icraçının haqqını bu müqavilənin 4.1-ci bəndində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, icraçı ilkin məlumatları aldıqdan sonra layihə işlərini yerinə yetirməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, icraçı zərurət olduğu hallarda tapşırığının icrasına üçüncü şəxsləri cəlb etmək, gördüyü işlərin haqqının ödənilməsini tələb etmək hüquqlarına malikdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, sifarişçi hazırkı müqavilənin 1.1-ci bəndində göstərilmiş layihə işlərinin dəyərini icraçıya ödəməyi öhdəsinə götürür. Ödəniş forması: sifarişçi bu məbləğin işin başlanğıcından icraçının hesabına hissə-hissə iş tamamlanana qədər tam məbləği köçürməyi öhdəsinə götürür. İş materiallarında olan həmin müqaviləyə 1 nömrəli əlavə olan 02 dekabr 2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, sifarişçi qismində cavabdeh və icraçı qismində iddiaçı bina və qurğuların layihələndirilməsi (eskiz layihə, işçi layihə, konstruksiya, mühəndis-kommunikasiya) işlərinin həyata keçirilməsinə görə ümumi məbləğin 736800 manat məbləğində olmasını razılaşdırmışlar. Protokoldan görünür ki, görülən işlərin miqdarı 184200, ölçü vahidi kvadrat metr, hər kvadrat metrə görə qiymət 4 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan cavabdeh "xxxx" MMC-nin direktoru Emin Haqverdiyev tərəfindən İddiaçı MMC-nin direktoru Qanuni nümayəndə ünvanlanmış məktubda qeyd edilmişdir ki, cavabdeh iddiaçıdan Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, Azərbaycan prospekti, Bakı küçəsi və İ.Sadıxov küçələrinin kəsişməsində ayrılmış torpaq sahəsində yaşayış binalarının tikintisinə köməklik göstərilməsini xahiş edir və xidmət haqqının ödənilməsinə zəmanət vermişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutundan ünvan 2 ünvanlanmış 10 avqust 2023-cü il tarixli 3-18-10/2-1214/2023 nömrəli məktubun məzmununda qeyd edilir ki, "xxxx" MMC-nin sifarişi ilə "xxxx" MMC-nin icra etdiyi eskiz layihəsi təqdim edilir (Qoşma: 3 albom, 1 nüsxə). İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutundan Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Nümayəndə ünvanlanmış 19 aprel 2024-cü il tarixli 3-18-10/2- 2095/2024 nömrəli məktubdan görünür ki, Sumqayıt şəhəri 19-cu məhəllə üçün “AA ARCHİTECT" MMC-nin icra etdiyi 23 bloklu binaların eskiz layihəsinin nüsxəsi təqdim edilir. Yaranmış zərurətlər əlaqədar “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutuna məhkəmə tərəfindən 04 iyun 2024-cü il tarixli sorğu ünvanlanaraq tikilməsi planlaşdırılan yaşayış binalarının şəhərsalma əsaslandırmasının hazırlanması üçün “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu ilə "xxxx" MMC arasında müqavilə bağlanılıb-bağlanılmaması, müqavilə tərəfləri qismində kimlərin iştirak etməsi, müqavilə bağlanmışdırsa, icra edilibedilməməsi, icra edilməmişdirsə, onun səbəbi barədə məhkəməyə məlumat verilməsi, eyni zamanda sözügedən müqavilənin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutundan Sumqayıt Kommersiya Məhkəməsinin 04 iyun 2024-cü il tarixli sorğusuna verilmiş 02 iyul 2024-cü il tarixli 3-18-10/2-3527/2024 nömrəli məktubuna əsasən, "xxxx" MMC tərəfindən Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, Azərbaycan prospekti, Bakı küçəsi və İ.Sadıxov küçələrinin kəsişməsində yaşayış binalarının şəhərsalma əsaslandırılması ilə bağlı instituta müraciət olunmuş, lakin tərəflər arasında müqavilə imzalanmadığından iş icra olunmamışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçı vəsatət verərək Sumqayıt şəhəri Heydər Əliyev prospekti, Azərbaycan prospekti, Bakı küçəsi İ.Sadıxov küçələrinin kəsişməsində yaşayış binaları üçün şəhərsalma əsaslandırması layihəsinin işlənməsi üçün "xxxx" MMC ilə “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2554/1 saylı müqavilənin məhkəməyə təqdim edilməsinin təmin edilməsini xahiş etmiş və vəsatət onunla əsaslandırılmışdır ki, nə "xxxx" MMC, nə də ki, müraciət edilməsinə baxmayaraq “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutu tərəfindən həmin müqavilə iddiaçıya təqdim edilməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsinin tələblərini nəzərə alaraq həmin vəsatəti təmin etmiş və “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutuna 05 iyul 2024-cü il tarixli sorğu məktubu ünvanlanaraq məktubda iddiaçı tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixli 143 nömrəli hesab-faktura sənədinin təqdim edildiyini, həmin hesabfaktura sənədinin məzmununda qeyd edilmiş xx.xx.2021-ci il tarixli 2554/1 saylı müqavilənin mövcud olub-olmaması, mövcud olduğu halda, əslinin və ya təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi, eyni zamanda müqavilə və ya hesab-faktura üzrə ”Zəfər Parkı” MMC tərəfindən "Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutuna hər hansı ödəniş edilib-edilməməsi barədə məlumat verilməsi xahiş edilmişdir. Həmin müraciətə cavab olaraq “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutu tərəfindən məhkəməyə ünvanlanmış 22 iyul 2024-cü il tarixli, 3-18-10/2-3966/2024 nömrəli məktubda sifarişçi "xxxx" MMC tərəfindən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd təqdim edilmədiyindən və eyni zamanda müqavilə üzrə layihənin dəyəri ödənilmədiyindən şəhərsalma əsaslandırılması işlərinin yerinə yetirilməsinin icrasının dayandırıldığı bildirilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri Heydər Əliyev prospekti, Azərbaycan prospekti, Bakı küçəsi və İ.Sadıxov küçələrinin kəsişməsindəki məhəllədə yaşayış binalarının eskiz və işçi layihələrinin hesabatında qeyd edilir ki, tərəflər arasında 736800 manat dəyərində müqavilə bağlanılmış, 1 m2 x 4 manat olmaqla 8 ha ərazidə 23 bloklu binanın tikilməsi planlaşdırılmış və şəhərsalma əsaslandırılması layihəsinin işlənilməsi üçün rəsmi formada müraciət olunmuşdur. "xxxx" MMC müqavilədə qeyd edilən 1 m2 x 4 işlərdən (eskiz, işçi, konstruksiya və mühəndis kommunikasiya işləri) eskiz layihə işini hesabatdakı cədvələ uyğun işləmişdir, 23 blokdan 21 blokunun eskizini 1 manatdan hesablanmaqla 151,282 manat və 4 blokun işçi layihəsini (memarlıq və konstruksiya) 2 manatdan hesablanmaqla 68,736 manat olmaqla, cəmi 220018 manat məbləğində iş görülmüşdür. Cavabdeh "xxxx" MMC işi yarıda saxladığına görə olan ümumi işdən 220018 manat iş görülmüş və cədvəldə qeyd olunmuşdur. İş materiallarında olan cavabdeh "xxxx" MMC adından X3 tərəfindən Qanuni nümayəndə (hazırkı iddiaçının qanuni təmsilçisinə) verilmiş 14 iyul 2021-ci il tarixli etibarnamənin məzmunundan görünür ki, həmin etibarnamə ilə bir çox səlahiyyətlərlə yanaşı, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində və başqa qurumlarda onu təmsil etmək, habelə sənədləri təqdim etmək, hazır sənədləri götürmək və digər hərəkətləri etmək Qanuni nümayəndə etibar edilmişdir. İş materiallarında olan 27 aprel 2022-ci il tarixli 143 nömrəli hesab fakturanın məzmununa əsasən, həmin fatura ilə Sumqayıt şəhəri Heydər Əliyev prospekti, Azərbaycan prospekti, Bakı küçəsi və İ.Sadıxov küçələrinin kəsişməsində yaşayış binalarının şəhərsalma əsaslandırılması işlərinin görülməsi üçün 03 noyabr 2021-ci il tarixli 2554/1 nömrəli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutuna 11800 manat məbləğində ödəniş edilməsi barədə müraciət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 26 iyul 2021-ci il tarixli in/L-313/2021 nömrəli lisenziyaya və həmin lisenziyanın 26 iyul 2021-ci il tarixli in/L-313/2021/1 nömrəli və 26 iyul 2021-ci il tarixli in/L-313/2021/2 nömrəli əlavələrinə əsasən, İddiaçı MMC-yə tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi fəaliyyəti üzrə tikinti obyektlərinin memarlıq layihələndirilməsi, bina və qurğuların memarlıq layihələndirilməsi və inşaat konstruksiyalarının layihələndirilməsi işlərinin görülməsinə icazə verilmişdir. İş materiallarında, həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş layihə sənədləri vardır. Üç müxtəlif məzmunlu nüsxədən ibarət olan layihə sənədləri müvafiq olaraq 9, 11 və 14 vərəqdən ibarətdir. Layihələrin hər birinin üzərində "xxxx", “Sifarişçi: Zəfər Parkı MMC”, “Layihə: Sumqayıt şəhəri Heydər Əliyev prospekti, Azərbaycan prospekti, Bakı küçəsi və İ.Sadıxov küçələrinin kəsişməsindəki yaşayış binaları”, “Memarlıq planlaşdırma bölməsi”, “Direktor imza Qanuni nümayəndə”, “Memar imza Binyaminli B.” qeydləri vardır. Hər üç layihə sənədinin üzərində “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutunun möhürü vardır və möhürün üzərində daxil olma nömrəsi 36/02345, daxil olma tarixi xx.xx.2024-cü il qeyd edilmişdir. Həmin möhürlər layihə sənədlərinin qeyd edilən İnstituta təqdim edildiyini göstərir. İddiaçı tərəfindən məhkəməyə, həmçinin "Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutundan sorğu əsasında əldə etdiyi 9 cild olan albomlardan ibarət layihə sənədləri təqdim edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 404.1-ci və 404.2-ci maddələrinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Həmin Məcəllənin 756.1-ci maddəsinə əsasən, əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 759.1-ci və 759.2-ci maddələrinə əsasən, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 02 dekabr 2021-ci il tarixli 02/21 nömrəli podrat müqaviləsi - xidmət göstərilməsinə dair müqavilə imzalanmış və həmin müqavilə üzrə icraçı qismində iştirak edən İddiaçı MMC sifarişçi qismində iştirak edən cavabdeh "xxxx" MMC-nin sifarişi əsasında Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, Azərbaycan prospekti, Bakı küçəsi və İ.Sadıxov küçələrinin kəsişməsində ayrılmış torpaq sahəsində yaşayış binalarının layihələndirilməsinin hazırlanmasının (eskiz, işçi, konstruksiya, mühəndis kommunikasiya və.s) icrasını öz üzərinə götürmüşdür (müqavilənin 1.1-ci bəndi). Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin predmetini yaşayış binalarının layihələndirilməsinin hazırlanması təşkil etmiş və özlüyündə aşağıdakı mərhələlərdən ibarətdir: - eskiz və işçi layihələrinin hazırlanması; - konstruksiya; - mühəndis kommunikasiya; - və sair işlər (iddiaçının qanuni təmsilçisinin verdiyi izahat əsasən “və sair işlər”ə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin müvafiq ekspertiza şöbəsinə sənədlərin təqdim edilməsi və ekspertiza rəylərinin alınması aiddir). Məhkəmə əldə etdiyi sübutlarla müəyyən etdi ki, işin ilk və ikinci mərhələsinə aid olan işlərin bir qismi - tikilməsi planlaşdırılan yaşayış binalarının 23 blokundan 21 blokunun eskiz layihəsi və onlardan 4 blokun işçi layihəsi iddiaçı tərəfindən həqiqətən icra edilmişdir. Belə ki, ilk növbədə, bu işlərin görülməsi nə cavabdehin nümayəndəsinin məhkəməyə ünvanladığı ərizədə, nə də ki, onun məhkəmə iclaslarındakı izahatlarında mübahisələndirilməmişdir. Digər tərəfdən məhkəməyə təqdim edilmiş layihə sənədlərinin özü ilə də bu hal təsdiq edilməkdədir. Üçüncü bir tərəfdən, iş materiallarına əlavə edilmiş “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutunun 10 avqust 2023-cü il tarixli 3-18-10/2-1214/2023 nömrəli və 19 aprel 2024-cü il tarixli 3-18-10/2-2095/2024 nömrəli məktublarının məzmunlarında iddiaçının icra etdiyi işlərə istinad edilməklə eskiz layihələr həmin məktublara əlavə edilmiş qoşmalarla ona geri qaytarılmışdır. İş üzrə cavabdehin təqdim etdiyi ərizədə və məhkəmə iclaslarında onun mübahisələndirdiyi hal - görülən işlərin sifarişçiyə təhvil verilməsinin sübuta yetirilməməsidir. İşin bu halı ilə bağlı məhkəmə iddiaçı və cavabdeh arasında bağlanmış 02 dekabr 2021-ci il tarixli 02/21 nömrəli xidmət göstərilməsinə dair müqavilənin müddəalarına və onların arasında təşəkkül tapmış faktiki münasibətlərə nəzər salmağı zəruri hesab edir. Bu məsələ ilə bağlı, ilk növbədə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış 02 dekabr 2021-ci il tarixli müqavilədə birbaşa və ya dolayı yolla sifarişçinin işin nəticəsini icraçıya təhvil vermək vəzifəsi nəzərdə tutulmamışdır. Belə bir vəzifə nə müqavilənin “İcraçının hüquq və vəzifələri” adlanan 3-cü bəndində və nə də ki, “Tərəflərin məsuliyyəti” adlanan 5-ci bəndində qeyd edilmişdir. Müqavilənin 2.1-ci bəndi isə icraçının işinin bu müqavilənin şərtlərinə uyğun olan nəticələri qəbul etmək vəzifəsini (hüquq deyil) nəzərdə tutur. Həmin müqavilənin 4.1-ci bəndində isə qeyd edilir ki, “Sifarişçi hazırkı müqavilənin 1.1-ci bəndində göstərilmiş layihə işlərinin dəyərini icraçıya ödəməyi öhdəsinə götürür. Ödəniş forması: sifarişçi bu məbləğin işin başlanğıcından icraçının hesabına hissə-hissə iş tamamlanana qədər tam məbləği köçürməyi öhdəsinə götürür”. Göstərilənlərdən aydın olur ki, icraçının nəzərdə tutulmuş işi icra etmək vəzifəsi nəzərdə tutulsa da, işin icrasını sifarişçiyə təhvil vermək vəzifəsi müqavilədə birbaşa əksini tapmamışdır. Digər tərəfdən, müəyyən edildi ki, iddiaçı tərəfindən hazırlanan eskiz layihələr növbəti mərhələ üzrə işlərin, yəni şəhərsalma əsaslandırmasının işlənilməsi üçün “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutuna təqdim edilmişdir. Həmin institutdan məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş 02 iyul 2024-cü il tarixli 3-18-10/2-3527/2024 nömrəli və 22 iyul 2024-cü il tarixli 3-18-10/2- 3966/2024 məktubların məzmunlarından aydın olur ki, sifarişçi "xxxx" MMC tərəfindən Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, Azərbaycan prospekti, Bakı küçəsi və İ.Sadıxov küçələrinin kəsişməsində yaşayış binalarının şəhərsalma əsaslandırılması ilə bağlı instituta müraciət olunmuş, lakin müqavilə üzrə layihənin dəyəri ödənilmədiyindən şəhərsalma əsaslandırılması işlərinin yerinə yetirilməsinin icrası dayandırılmışdır. Bu göstərilənlərdən aydın olur ki, müqavilə üzrə ilk mərhələdə görülməli olan işlərin, yəni eskiz və işçi layihələrin bir qisminin hazırlanması iddiaçı tərəfindən icra edilmiş və görülən işlər şəhərsalma əsaslandırmasının işlənilməsi üçün “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutuna təqdim edilmişdir. Lakin sifarişçi, yəni cavabdeh "xxxx" MMC iddiaçıya gördüyü işlərə görə, o cümlədən “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutuna onun tərəfindən görülməli olan işlərə görə həmin işlərin dəyərini - iş materiallarındakı hesab fakturaya əsasən 11800 manatı ödəməmişdir. İş materiallarına əlavə edilmiş cavabdeh "xxxx" MMC tərəfindən hazırkı iddiaçının qanuni təmsilçisi olan Qanuni nümayəndə verilmiş 14 iyul 2021-ci il tarixli etibarnamənin məzmunundan görünür ki, cavabdeh həmin etibarnamə ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində və başqa qurumlarda onu təmsil etmək, habelə sənədləri təqdim etmək, hazır sənədləri götürmək və digər hərəkətləri etməyi sonuncuya etibar edir. Bu etibarnamə ilə etibar edilən hazırkı İddiaçı MMC deyil, onun qanuni təmsilçisi olsa belə, məhkəmə həmin etibarnaməni tərəflər arasında bağlanmış müqavilənin təfsiri (xüsusən işin nəticəsinin kimə və hansı qaydada təhvil verilməsi məsələsinin həlli baxımından), hazırkı işin faktiki halları, o cümlədən tərəflərin qarşılıqlı münasibətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli hesab edir. Belə ki, Mülki Məcəllənin 404.1-ci və 404.2-ci maddələrində qeyd edilir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Başqa sözlə, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyin bir hissəsini icra etmiş, daha sonra iddiaçının qanuni təmsilçisi cavabdehin verdiyi etibarnamə əsasında gördüyü işləri (eskiz və işçi layihələr) həmin işlər əsasında hazırlanacaq şəhərsalma əsaslandırılması işlərinin görülməsi üçün “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutuna təqdim etmişdir. Cavabdeh isə iddiaçıya olduğu kimi, “Azərdövlətlayihə” Dövlət Layihə Baş İnstitutuna da xidmətin dəyərini ödəmədiyi üçün işlər yarımçıq saxlanılmışdır. İddiaçı tərəfindən görülmüş işlərin dəyərinə gəldikdə, iş materiallarında olan 02 dekabr 2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, görülməli işlərin miqdarı 184200, ölçü vahidi kvadrat metr, hər kvadrat metrə görə qiymət 4 manat məbləğində müəyyən edilməklə görülməli işlərin ümumi dəyərinin 736800 manat məbləğində olmasını tərəflər öz aralarında razılaşdırmışlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tikilməsi planlaşdırılan yaşayış binalarının 23 blokundan 21 blokunun eskiz layihəsi və onlardan 4 blokun işçi layihəsi iddiaçı tərəfindən icra edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhəri Heydər Əliyev prospekti, Azərbaycan prospekti, Bakı küçəsi və İ.Sadıxov küçələrinin kəsişməsindəki məhəllədə yaşayış binalarının eskiz və işçi layihələrinin hesabatından görünür ki, eskiz layihələr üzrə işlər hər kvadrat metri 1 manatdan hesablanmaqla işlərin ümumi dəyəri blokların cəmi üzrə 151212 manat (22687 manat + 27971 manat + 31003 manat + 43007 manat + 26544 manat = 151212 manat) təşkil edir. İşçi layihə (memarlıq və konstruksiya) isə, qeyd edildiyi kimi 4 blok üzrə işlənmiş və hər kvadrat metri 2 manatdan hesablanmaqla işlərin ümumi dəyəri 68736 manatdır. Eskiz layihə və işçi layihə üzrə görülən işlərin ümumi dəyəri 219948 (151212 manat + 68736 manat) manat təşkil edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin 02 dekabr 2021-ci il tarixli 02/21 nömrəli xidmət göstərilməsinə dair müqavilə üzrə cavabdehdən 220000 manat məbləğində borcun tutulmasına dair hissəsi qismən təmin edilməli və 219948 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 2000 manat məbləğində pulun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarına əlavə edilmiş 21 noyabr 2023-cü il tarixli **********/676916559 nömrəli ödəniş qəbzi ilə 1000 manat, 15 yanvar 2024-cü il tarixli **********/701895444 nömrəli ödəniş qəbzi ilə isə 1000 manat məbləğində pulun iddiaçı tərəfindən göstərilən hüquqi yardıma görə Bakı şəhəri 6 saylı Vəkil bürosuna ödədiyi müəyyən edilir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci i ltarixli qərarında göstərilir ki, “ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun”. Göründüyü kimi, mülki-prosessual qanunvericiliyin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi halda” tutulmasına yol verilir. Məhkəmənin hazırkı iş üzrə gəldiyi qənaət budur ki, iddiaçı tərəfindən cavabdehdən tələb olunan hüquqi yardımın göstərilməsinə görə 2000 manat pulun əvəzinin tutulması hazırkı iş üzrə ağlabatan və zərurətlə xərclənən məbləğ hesab edilə bilməz. Buna görə də, həmin məbləğin hamısı deyil, yalnız hazırkı iş üzrə mövcud şəraitdə və dövrdə ağlabatan və zərurətlə xərclənən hissəsi cavabdehə aid edilə bilər. Beləliklə, hüquqi xidmətlərə görə cavabdehdən tələb olunan 2000 manat məbləğində pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ həcminə görə ağlabatan və əsaslı olmadığından həmin hissədə iddia tələbi qismən təmin edilməli və cavabdehdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə, yəni 700 manat məbləğində pul tutulmalıdır. Bundan əlavə, iddia tələbinin ödənilmiş 410 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarında olan 28 dekabr 2023-cü il tarixli MŞS/MT030/2023-02714 nömrəli “İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışa və 28 dekabr 2023-cü il tarixli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdehlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərci ödənilmişdir. “Mediasiya haqqında” 29 mart 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməsi və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, 410 manat məbləğində mediasiya xərcinin 10 manatlıq hissəsinin ödənilməsi iş materialları ilə müəyyən edilmədiyi üçün iddia tələbinin 410 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsi qismən təmin edilməli, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülərək cavabdehdən həmin xərcin yarısı, yəni 200 manatlıq hissəsinin əvəzi tutulmalıdır. Bundan əlavə, iddia tələbinin 100 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 16 yanvar 2024-cü il tarixli ********** nömrəli və 29 yanvar 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzləri ilə müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən müvafiq olaraq 100 manat və 13,60 manat məbləğlərində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia qismən təmin edildiyindən və təmin edilmiş hissəsinə (219948 manat) mütənasib olaraq ödənilməli dövlət rüsumunun məbləği 509 manat təşkil etdiyindən Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, 02 dekabr 2021-ci il tarixli 02/21 nömrəli xidmət göstərilməsinə dair müqavilə üzrə 219948 manat məbləğində borc, hüquqi yardımla bağlı ödənilmiş 700 manat məbləğində pul vəsaitinin əvəzi, 200 manat məbləğində mediasiya xərcinin əvəzi və 100 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 220948 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qanunvericiliyin istinad edilən tələbləri nəzərə alınaraq, iddia tələbinin təmin olunmuş hissəsinə (219948 manat) mütənasib olaraq iddiaçı tərəfindən ödənilməyən dövlət rüsumunun 395,4 manatlıq hissəsi (509 manat - iddiaçı tərəfindən ödənilmiş 113,6 manat = 395,4 manat) cavabdehdən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 02 dekabr 2021-ci il tarixli 02/21 nömrəli xidmət göstərilməsinə dair müqavilə üzrə 219948 (iki yüz on doqquz min doqquz yüz qırx səkkiz) manat məbləğində borc, hüquqi yardımla bağlı ödənilmiş 700 (yeddi yüz) manat məbləğində pul vəsaitinin əvəzi, 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin əvəzi və 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 220948 (iki yüz iyirmi min doqquz yüz qırx səkkiz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 395,4 (üç yüz doxsan beş manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar