Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-308/2024 04.06.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “subicarə müqaviləsinin xitam olunması, avadanlıqların daşınmasına şərait yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN E T D İ: İddiaçı 12 fevral 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “subicarə müqaviləsinə xitam verilməsi və avadanlıqların daşınmasına şərait yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 30 yanvar 2023-cü il tarixli 01/2023 nömrəli subicarə müqaviləsinin xitam olunması və iddiaçıya məxsus avadanlıqların cavabdehin faktiki istifadəsində olan ərazidən (Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 28-dən) daşınmasına şərait yaradılması vəzifəsinin cavadehin üzərinə qoyulması və hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 381 (üç yüz səksən bir) manat məbləğində pul vəsaitinin əvəzinin və 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, aralarında bağlanmış 30 yanvar 2023-cü il tarixli, 01/2023 nömrəli subicarə müqaviləsinə əsasən, Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 28 ünvanında yerləşən obyektin 50 kv.m istehsal sahəsi, 30 kv.m anbar sahəsi olmaqla, ümumilikdə 80 kv.m sahə iddiaçı "xxxx" MMC-yə subicarəyə verilmişdir. Müqavilə imzalandığı gündən icarəyə götürülmüş icarə obyektindən istehsal sahəsi kimi istifadə edilməmişdir. Hazırda həmin icarəyə götürülmüş sahənin istifadəsinə zərurət qalmamışdır və ona görə də iddiaçı tərəfindən bağlanılmış 30 yanvar 2023-cü il tarixli 01/2023 nömrəli subicarə müqaviləsi vaxtından əvvəl birtərəfli qaydada xitam olunmuşdur. Lakin iddiaçıya məxsus avadanlıqların cavabdehin faktiki istifadəsində olan ərazidən (Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 28-dən) daşınmasına şərait yaradılmamışdır. Bununla əlaqədar cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı 08 may 2024-cü il tarixində iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 30 yanvar 2023-cü il tarixli 01/2023 nömrəli subicarə müqaviləsinə xitam verilməsi, iddiaçıya məxsus tökmə avadanlıq, induksiya sobası, metal tökmək üçün qəlblər (8 ədəd), tökmə maşınlar (Anod tökmə kompleksi), 1 dəst İnteqral sxemin cavabdehin faktiki istifadəsində olan ərazindən (Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 28) daşınmasına şərait yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 381 manat məbləğində pul vəsaitinin əvəzinin və 100 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi 03 iyun 2024-cü il tarixində elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi 03 iyun 2024-cü il tarixində məhkəməyə elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək məhkəmədən işin mahiyyəti üzrə baxılmasını və yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia ərizəsində sözügedən avadanlıqların subicarə müqaviləsində qeyd edilən ünvanda yerləşən icarə sahəsində olduğunu qeyd edilsə də, məhkəmə tərəfindən yerli baxış keçirilərkən həmin ərazinin tamamilə başqa ərazi olduğu müəyyən edilmişdir. Yerli baxış zamanı iddiaçının nümayəndəsi müqavilədəki ünvanda texniki səhvin olduğunu və düzəliş ediləcəyini bildirdi. Göründüyü kimi, müqavilə ikitərəfli əqddir və iddiaçı sübutların formalaşdırılmasında hüquqi mexanizmlərdən düzgün istifadə etməmişdir. Məhkəmə araşdırması zamanı da iddiaçı avadanlıqların harada yerləşməsi barədə məhkəməyə rəsmi məlumat verməmiş və buna dair hansısa sübut təqdim etməmişdir. Həmçinin iddiaçı tərəfindən tələb edilən avadanlıqların cavabdeh tərəfindən qəbul edilməsinə dair akt təqdim edilməmişdir. Ümumiyyətlə, iddiaçının tələb etdiyi əmlaklar cavabdehdə mövcud deyildir. Cavabdeh iddiaçı ilə oxşar fəaliyyətlə məşğul olduğundan iddiaçının tələb etdiyi formada olan avadanlıqlara sahibdir, bu cür avadanlıqlar 2018-ci ildə idxal edilmiş və cavabdeh tərəfindən satın alınmışdır. İddiaçının tələb etdiyi avadanlıqlar isə 2020-ci ildə idxal edilmiş və həmin avadanlıqların cavabdehə aidiyyəti yoxdur. İddiaçı ilə cavabdeh arasında subicarə müqaviləsi bağlanılsa da, icarə münasibətləri mövcud olmamış, müqavilədən istifadə edilməmişdir. İddiaçı icarə haqqını ödəməmiş, cavabdeh isə icarə sahəsini iddiaçıya təhvil verməmişdir. İddiaçı icarə haqqının ödənilməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. Bununla əlaqədar qeyd edilməlidir ki, cavabdehə görə həmin müqavilə hüquqi nəticələr yaratmadığı üçün bağlandığı andan xitam olunmuş və əhəmiyyətsiz əqddir. İddia tələbinin müqaviləyə xitam verilməsi hissəsinə münasibət bildirilməsi məhkəmənin mülahizəsinə buraxılır. Cavabdehin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 30 yanvar 2023-cü il tarixli 01/2023 nömrəli subicarə müqaviləsinin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, xx.xx.2022-ci il tarixli 01/22 nömrəli müqaviləyə əsasən Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 28-də yerləşən obyekt subicarəyə verilir. İcarəyə verən (Cavabdeh MMC) yuxarıda göstərilən obyektin 50 kvadrat metrini istehsal sahəsi kimi, 30 kvadrat metrini isə anbar sahəsi kimi, ümumilikdə 80 kvadrat metr sahəni subicarəyə verir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, müqavilə 30 yanvar 2024-cü il tarixədək qüvvədədir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, icarənin başlanma tarixindən bütün icarə müddətinə və sonradan uzadıldığı dövrə kimi ərazi bu müqavilənin şərtlərinə uyğun olaraq icarəçinin (İddiaçı MMC) tam sahibliyinə keçir. Həmin müqavilənin 6.1.3-cü yarımbəndinə əsasən, müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktı imzalandıqdan sonra icarə müqaviləsinin obyektini icarəçiyə təhvil vermək icarəyə verənin vəzifəsidir. Həmin müqavilənin 10.2.1-ci yarımbəndinə əsasən, hər iki tərəfin razılığı ilə müqaviləyə vaxtından əvvəl xitam verilə bilər. Həmin müqavilənin obyekti olan icarə sahəsinə baxış keçirilməsi məqsədilə müqavilənin məzmununda qeyd edilən Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 28 ünvanına iddiaçının və cavabdehin nümayəndələrinin iştirakları ilə baxış keçirilmiş və icarə sahəsinin həmin ünvanda yerləşmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar iddiaçının nümayəndəsi izahatında müqavilədə texniki səhvə yol verildiyini, icarə obyektinin və avadanlıqların qeyd olunan ünvanda deyil, başqa ünvanda yerləşən müəssisədə olduğunu bildirmişdir. Cavabdehin nümayəndəsi isə müqavilə tərəflərin iradə ifadəsini əks etdirdiyini və tərəflər arasında bağlanmış subicarə müqaviləsində qeyd edilməyən başqa ünvana baxış keçirilməsinin yolverilməz olduğunu bildirdi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 426.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası yeri, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 30 yanvar 2023-cü il tarixli 01/2023 nömrəli subicarə müqaviləsi bağlanılmış, müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 28 ünvanında yerləşən obyektin 50 kvadrat metrlik hissəsi istehsal sahəsi, 30 kvadrat metrlik hissəsi isə anbar sahəsi olmaqla, ümumilikdə 80 kvadrat metrlik sahə iddiaçıya subicarəyə verilmişdir. Göründüyü kimi, hazırkı iddia tələbi tərkib baxımından üç hissədən - subicarə müqaviləsinə xitam verilməsindən, avadanlıqların daşınmasına şərait yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasından və məhkəmə xərclərinin cavabdehdən tutulmasından ibarətdir. Müqaviləyə xitam verilməsi tələbi ilə əlaqədar məhkəmə qeyd edir ki, təqdim edilmiş iddia ərizəsinin məzmununda iddiaçı tərəfindən həmin müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verildiyi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi iddia tələbinin bu hissəsinə münasibət bildirərkən göstərdi ki, cavabdeh tərəf həmin müqaviləni hər hansı hüquqi nəticələr yaratmadığı üçün bağlandığı andan xitam olunmuş hesab etməkdədir. Sözügedən müqavilənin 2.2-ci bəndində isə həmin müqavilənin 30 yanvar 2024-cü il tarixədək qüvvədə olduğu qeyd edilmişdir. Burada nəzərə alınmalıdır ki, müqavilə tərəfləri olan iddiaçı və cavabdeh müqavilə münasibətlərinin davam etdirilməsində maraqlı olmadıqlarını ifadə edən və bu iradə ifadəsinin qarşı tərəfə göndərilməsini təsdiqləyən hansısa sənədi məhkəməyə təqdim etməmişlər. Göründüyü kimi, müqavilənin qüvvədə olma müddəti hazırkı iddia ərizəsi məhkəməyə təqdim edilənədək bitdiyindən, müqavilənin qüvvədə olduğu dövrdə tərəflərin hansısa biri müqavilənin davam etdirilməsində maraqlı olmadığı barədə qarşı tərəfə bildiriş göndərmədiyindən (göndərildiyi halda, bunu təsdiq edən sənəd məhkəməyə təqdim edilmədiyindən), eyni zamanda müqavilənin qüvvəsi bitdikdən sonra tərəflər həmin müqavilə münasibətlərinin davam etdirilməsində maraqlı olmadıqlarından müqavilə özündə qeyd edilən tarixdə, yəni 30 yanvar 2024-cü il tarixdə qüvvədən düşmüşdür. İddia tələbinin iddiaçıya məxsus avadanlıqların cavabdehin faktiki istifadəsində olan ərazidən (Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 28) daşınmasına şərait yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə bağlı məhkəmə, ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış subicarə müqaviləsinin məzmunundan göründüyü kimi, subicarənin obyekti Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 28 ünvanındakı 80 kvadrat metrlik qeyri-yaşayış sahəsidir. Həmin müqavilənin məzmununda iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizədə sadaladığı və daşınmasına şərait yaradılmasını xahiş etdiyi avadanlıqlar qeyd edilməmişdir. Başqa sözlə, tərəflər arasında bağlanmış subicarə müqaviləsi ilə qeyri-yaşayış sahəsi subicarəyə verilmişdir, həmin müqavilədə iddiaçının daşınmasına şərait yaradılmasını xahiş etdiyi avadanlıqların cavabdehin - icarəyə verənin iddiaçıya subicarəyə verdiyi Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 28 ünvanında yerləşdiyi qeyd edilən 80 kvadrat metrlik sahədə olmasını təsdiq edən müddəalar yoxdur. Digər tərəfdən, subicarə müqaviləsinin məzmunundan görünür ki, müqavilənin obyekti olan qeyri-yaşayış sahəsi Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 28 ünvanında yerləşir. İddia ərizəsinin məzmununda isə avadanlıqların məhz həmin ünvandan - ünvan 1ş edilir. Məhkəmə, bununla əlaqədar yerində müayinə aparılması üçün həmin ünvana (ünvan 2ktinin yerləşmədiyi müəyyən edilmişdir. Üçüncü bir tərəfdən isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sənədlər elektron qaimə (Seriya: EBCN, Nömrə: 296063, Tarix: xx.xx.2023) və çoxsaylı ödəniş tapşırıqları iddiaçının həmin avadanlıqları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən satın aldığını göstərsə də, avadanlıqların məhz hazırkı iş üzrə subicarə müqaviləsinin obyekti olan qeyri-yaşayış sahəsində olmasını və ya hazırkı iş üzrə cavabdehə təhvil verilməsini təsdiq etmir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddiaçıya məxsus avadanlıqların cavabdehin faktiki istifadəsində olan ərazidən (Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 28) daşınmasına şərait yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi - həmin avadanlıqların məhz subicarə müqaviləsinin obyekti olan qeyri-yaşayış sahəsində - Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 28-də olması təqdim edilmiş sübutlarla öz təsdiqini tapmadığından təmin edilməməlidir. İddia tələbinin məhkəmə xərclərinin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdehə qarşı “subicarə müqaviləsinin xitam olunması, avadanlıqların daşınmasına şərait yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-308/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-308/2024
04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver