Məhkəmə qərarları › İş №e-2-2(119)-32/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-32/2025

28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-32/2025 28.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1 iştirakı ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilənin icrası üçün ödənilmiş 16000 (on altı min) manat avansın, materialların ümumi qiymətini təşkil edən 13420 (on üç min dörd yüz iyirmi) avro pul vəsaitinin, nəqliyyat xərclərinə görə ödənilmiş 4650 (dörd min altı yüz əlli) avro pul vəsaitinin, gömrük rəsmiləşdirilməsi üçün ödənilmiş 6500 (altı min beş yüz) avro pul vəsaitinin, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərcinin və hüquqi yardımla bağlı vəkilə ödənilmiş 500 (beş yüz) manat xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 04 mart 2021ci il tarixində 01 saylı podrat müqaviləsi bağlanmışdır. Eyni tarixdə tərəflər arasında 1 saylı əlavə razılaşma imzalanmışdır. Əlavə razlaşmanın 3-cü bəndinə əsasən müqaviləyə bu əlavə razılaşma sifarişçinin mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, X5 küçəsi ünvanında yerləşən torpaq sahəsi üzərində inşa olunan kompleksin servis modulunda xüsusi döşəmənin montaj olunması üçün imzalanır. Müqavilənin ümumi qiyməti ƏDV xaric 72000 manat təşkil edir. Bütün qiymətlər manatla müəyyən edilir və manatla ödənilir. Bu əlavə razılaşmada qeyd olunan iş həcmindən əlavə tələb edilən iş icraçı tərəfindən öz hesabına təmin ediləcək. Xüsusi döşəmə üçün lazım olan əsas materiallar hesab olunan metlax və traplar sifarişçi tərəfindən təmin ediləcək. Öhdəliyin icrası üçün tələb olunan digər materiallar icraçı tərəfindən təmin olunacaq”. Əlavə Razılaşmanın 3.1-ci bəndinə əsasən aparılacaq işlər təqdim edilmiş “Method Stetement”-ə (texnologiyanın təsviri) və kəsim detalları planlarına müvafiq olaraq aparılmalıdır. Döşəmənin səthi ideal düz olmalıdır, metlaxların səth üzrə hündürlük fərqi 1,5 mm-dən artıq olmamalıdır. Metlaxların arasındakı boşluqlar 2-3 mm-dən artıq olmamalıdır. Döşəmə səthində heç bir maillik, əyim olmamalıdır. Genişlənmə profilləri döşəmə səthi ilə eyni səviyyədə olmalıdır. “Migua” profilləri döşəmə səthi ilə eyni səviyyədə olmalıdır. “Stelcon” metal plitələr döşəmə səthi ilə eyni səviyyədə montaj edilməlidir. “Blucher” trapları döşəmə səthi ilə eyni səviyyədə montaj edilməlidir. Hidroizolyasiya olunmuş sahələrdə sızma testi aparılmalıdır. Əlavə Razılaşmanın 4-cü bəndinə əsasən icraçı təminat verir ki, hazırkı əlavə razılaşmada qeyd olunmuş işləri 60 təqvim günü ərzində, hər bir halda 03 may 2021-ci il tarixinə qədər yekunlaşdıracaq. Xırda qüsurların aradan qaldırılması üçün sifarişçi əlavə 10 gün müddət verə bilər. Montaj ediləcək xüsusi döşəmənin (iş və materialların) keyfiyyətinə 8 il müddətinə zəmanət verilir. Zəmanət müddəti ərzində metlaxların qopması, qırılma, izolyasiya olunmuş hissələrdə su sızması və s. baş verdikdə icraçı həmin halları ən qısa müddət ərzində öz hesabına aradan qaldırmağa borcludur. Əlavə Razılaşmanın 6-cı bəndinə əsasən bu əlavə razılaşmanın 3-cü bəndində qeyd olunmuş müqavilənin ümumi qiymətinin 16000 (on altı min) manat hissəsi müqavilə imzalandıqdan sonra 5 bank günü ərzində, yerdə qalan 56000 (əlli altı min) manat hissəsi isə təhvil-təslimdən sonra ödənilir. AZ10102-17-21 nömrəli 17 fevral 2021-ci il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı (əvvəlki adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) tərəfindən Cavabdehnə 16000 manat pul vəsaiti ödənilmişdir. Tərəflərin imzaları ilə təsdiq edilmiş 16 iyul 2021-ci il tarixli aktın məzmununa əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (sifarişçi) ilə Cavabdeh (icraçı) arasında bağlanmış 02 mart 2021-ci il tarixli 01 saylı podrat müqaviləsində, eləcə də həmin müqaviləyə 02 mart 2021-cil il tarixli 1 saylı əlavə razılaşmanın 3.1-ci yarımbəndində müəyyən olunmuş tələblərin icra olunub-olunmamasının yoxlanılması məqsədi ilə hər iki tərəfin iştirakı ilə videoçəkiliş aparmaqla baxış keçirilmiş və həmin baxış zamanı müəyyən olunmuşdur ki, sahənin 500 m2 ərazisində Almaniyanın Arqelit şirkətinin istehsalı olan yer örtüyü (metlax) quraşdırılıb. Cavabdeh tərəfindən quraşdırılmış sahədə ciddi keyfiyyət problemləri yarandığından hər iki tərəf işləri dayandırıb vəziyyəti qiymətləndirirlər. Tərəflərin imzaları ilə təsdiq edilmiş 30 iyul 2021-ci il tarixli aktın məzmununa əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (sifarişçi) ilə Cavabdeh (icraçı) arasında bağlanmış 02 mart 2021-ci il tarixli 01 saylı podrat müqaviləsində, eləcə də həmin müqaviləyə 02 mart 2021-cil il tarixli 1 saylı əlavə razılaşmanın 3.1-ci yarımbəndində müəyyən olunmuş tələblərin icra olunub-olunmamasının yoxlanılması məqsədi ilə hər iki tərəfin iştirakı ilə videoçəkiliş aparmaqla baxış keçirilmişdir və həmin baxış zamanı müəyyən olunmuşdur ki, yeni klastrların üzərində quraşdırılmış plitələr də öncəkilər kimi eyni xarakterli və görüntülü qüsurlara malikdir. Müqavilə öhdəliklərini yerinə yetirmək üçün Cavabdeh quraşdırılmış plitələri sökür, alt qatını çıxarır, ərazini zibil və tullantılardan təmizləyərək ilkin vəziyyətə qaytarır. Qeyd olunan işlər 04 avqust 2021-ci il tarixinə qədər tamamlanmalıdır. İşlərin dayandırılması anına istifadə edilmiş plitə və sərfiyyat materiallarının həcmini qəbul və təsdiq edir. Materialların yenidən alınması və təmir edilməsi xərclərinin ödənilməsini öz üzərinə götürür. İddiaçı tərəfindən imzalanmış, Cavabdeh tərəfindən imzalanmamış (imzalanmaqdan imtina olunmuş) 02 sentyabr 2021ci il tarixli aktın məzmununa əsasən, istifadə edilmiş və yararsız vəziyyətə gətirilmiş döşəmə örtüyü materiallarının ümumi məbləği 13420 avro, nəqliyyat xərcləri 4650 avro, gömrük rəsmiləşdirilməsi xərcləri isə 6500 avro olaraq hesablanmışdır. Tərəflərin imzaları ilə təsdiq edilmiş 02 dekabr 2021-ci il tarixli təhvil-təslim aktının məzmununa əsasən 590 m2 (98x98x15 mm) sökülmüş keramik üzlük, 180 ədəd sökülmüş keramik plintus, 182 ədəd sarı və qara rənglərdə sökülmüş keramik üzlük Cavabdeh tərəfindən qəbul olunmuşdur. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında imzalanmış müqavilə və əlavə razılaşma üzrə öhdəliklər cavabdeh tərəfindən lazımınca icra edilməmiş, nəticədə iddiaçıya maddi zərər dəymişdir. Belə olan halda qanunvericiliyin tələbi ondan ibarətdir ki, cavabdeh dəymiş maddi ziyanı iddiaçıya ödəməlidir. Göründüyü kimi (podratçı) bir tərəfdən müqavilə və əlavə razılaşma üzrə götürdüyü öhdəlikləri qüsurla icra etməklə yanaşı, həmçinin iddiaçının (sifarişçinin) materiallarından yanlış istifadə etməklə ona maddi ziyan vurmuşdur. İddiaçı nümayəndəsi Vəkil1 18 mart 2024-cü il tarixində “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək cavabdeh “Kaizen" Məhdud Məsuliyyətli Cəmiyyətindən 16000 (on altı min) manat avansın, materialların ümumi qiymətini təşkil edən 13420 (on üç min dörd yüz iyirmi) avro pul vəsaitinin, nəqliyyat xərclərinə görə ödənilmiş 4550 (dörd min beş yüz əlli) avro pul vəsaitinin, gömrük rəsmiləşdirilməsi üçün ödənilmiş 11255 (on bir min iki yüz əlli beş) manat pul vəsaitinin, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərcinin və hüquqi yardım göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil1 28 iyul 2025-ci il tarixində “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək cavabdeh “Kaizen" Məhdud Məsuliyyətli Cəmiyyətindən avans kimi ödənilmiş 16000 (on altı min) manatın, dəymiş zərərə görə müəyyən edilmiş 38737,4 (otuz səkkiz min yeddi yüz otuz yeddi manat qırx qəpik) manatın, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərcinin və hüquqi yardım göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib iddia ərizəsinin və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh “Kaizen" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan sifarişçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırkı adı İddiaçı) ilə podratçı “Kaizen" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 04 mart 2021-ci il tarixli 01 nömrəli podrat müqaviləsinin 1.1-ci bəndinə əsasən podratçı, sifarişçinin Bakı şəhəri, Nizami rayonu, X5 küçəsində yerləşən, öz xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində inşa etdiyi layihəsi üzrə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşma ilə müəyyən edilmiş işləri görüb sifarişçiyə təhvil verməyi, sifarişçi isə bu işləri qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini podratçıya ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 3.1.1-ci bəndinə əsasən podratçıdan bu müqavilənin şərtlərinə uyğun olaraq icra edilmiş işləri təhvil-təslim aktı əsasında qəbul etmək sifarişçinin hüquq və vəzifələrindəndir. Həmin müqavilənin 3.2.1-ci bəndinə görə işləri hazırkı müqavilənin şərt və müddəalarına müvafiq olaraq qüsursuz yerinə yetirmək və hər iki tərəfin təsdiq etdiyi təhvil-təslim aktı ilə sifarişçiyə vermək podratçının hüquq və vəzifələrindəndir. İş materiallarında olan Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanmış 04 mart 2021 tarixli 01 saylı müqaviləyə 1 saylı əlavə razılaşmanın 3.1-ci bəndinə əsasən aparılacaq işlər aşağıdakı şərtlərə uyğun olmalıdır: təqdim edilmiş "Method Stetement"-ə (texnologiyanın təsviri) və kəsim detalları planlarına müvafiq olaraq aparılmalıdır. Döşəmənin səthi ideal düz olmalıdır, metlaxların səth üzrə hündürlük fərqi 1,5 mm-dən artıq olmamalıdır. Metlaxların arasındakı boşluqlar 2-3 mm-dən artıq olmamalıdır. Döşəmə səthində heç bir maillik, əyim olmamalıdır. Genişlənmə profilləri döşəmə səthi ilə eyni səviyyədə olmalıdır. “Migua" profilləri döşəmə səthi ilə eyni səviyyədə olmalıdır. "Stelcon” metal plitələr döşəmə səthi ilə eyni səviyyədə montaj edilməlidir. “Blucher" trapları döşəmə səthi ilə eyni səviyyədə montaj edilməlidir. Hidroizolyasiya olunmuş sahələrdə sızma testi aparılmalıdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şahin Kərimov və Cavabdeh direktoru Elxan Məmmədov tərəfindən imzalanmış 16 iyul 2021-ci il tarixli akta əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (sifarişçi) ilə Cavabdeh (icraçı) arasında bağlanmış 02 mart 2021-ci il tarixli 01 saylı podrat müqaviləsində, eləcə də həmin müqaviləyə 02 mart 2021-cil il tarixli 1 saylı əlavə razılaşmanın 3.1-ci yarımbəndində müəyyən olunmuş tələblərin icra olunub-olunmamasının yoxlanılması məqsədi ilə hər iki tərəfin iştirakı ilə videoçəkiliş aparmaqla baxış keçirilmiş və həmin baxış zamanı müəyyən olunmuşdur ki, sahənin 500 m2 ərazisində Almaniyanın Arqelit şirkətinin istehsalı olan yer örtüyü (metlax) quraşdırılıb. Kaizen şirkəti tərəfindən quraşdırılmış sahədə ciddi keyfiyyət problemləri yarandığından hər iki tərəf işləri dayandırıb vəziyyəti aşağıdakı kimi qiymətləndirirlər: - Metlax quraşdırılmış sahənin bütün klastrlar üzrə 40-50 %-də ciddi keyfiyyət problemləri, yəni işin icrasının və tətbiqinin texnoloji pozulması, eyni zamanda səhv qoyulmuş metlaxların yenidən bərpa olunma cəhdləri zamanı yenilərinin kəsilməsi, doğranması nəticəsində ehtiyat metlax fondunun da sərf edilməsi aşkarlanmışdır; - Metlax quraşdırılması zamanı yol verilən səliqəsizlik nəticəsində layihənin estetik görüntüsü pozulmuşdur. Eyni klastrlarda yer örtüyünün vahid səth səviyyəsində pozuntular və qüsurlar aşkarlanmışdır ki, bu da gələcəkdə həmin yerlərdə su kütləsinin yığılmasına səbəb olacaq; - Metlaxların üst səviyyələrinin hamarlığında ciddi pozuntular aşkar edilmişdir; - Səhv quraşdırma nəticəsində təmir məqsədilə metlaxlar çıxarılaraq (çox hallarda zədələnərək) yeniləri ilə əvəz olunmasına baxmayaraq, yeni qoyulanlar da səliqəsiz və qeyri-peşəkar qoyulmuşdur; - Sahənin perimetr ölçülərində səhvə yol verilmə nəticəsində metlaxlar sökülərək yeniləri ilə əvəz edilmişdir; - Kənar hissələrdə, birləşmələrdə, klastr sərhədlərində metlaxların eyni səviyyədə quraşdırılması prinsipi pozulmuşdur; - Eyni ölçülü olması gərəkən hissələrdə metlax parçalarının ölçülərində səbəbsiz yayınmalar aşkarlanmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şahin Kərimov və Cavabdeh direktoru Elxan Məmmədov tərəfindən imzalanmış 30 iyul 2021-ci il tarixli aktda qeyd olunmuşdur ki, 29 iyul 2021-ci il tarixində hər iki şirkətin nümayəndələri tərəfindən baxış keçirilmiş və yeni klasterlər üzərində quraşdırılmış plitələrdə öncəkilər kimi eyni xarakterli və görüntülü qüsurlar aşkar edilmişdir. Bununla əlaqədar müqavilə öhdəliklərini yerinə yetirmək üçün Kaizen şirkəti quraşdırılmış plitələri sökür, alt qatını çıxarır, ərazini zibil və tullantılardan təmizləyərək ilkin vəziyyətə qaytarır. Qeyd olunan işlər 04 avqust 2021-ci il tarixinə qədər tamamlanmalıdır. İşlərin dayandırılması anına istifadə edilmiş plitə və sərfiyyat materiallarının həcmini qəbul və təsdiq edir. Materialların yenidən alınması və təmir edilməsi xərclərinin ödənilməsini öz üzərinə götürür. İş materiallarında olan iddia İddiaçı direktoru Şahin Kərimov tərəfindən imzalanmış 02 sentyabr 2021-ci il tarixli aktda qeyd olunmuşdur ki, istifadə edilmiş və yararsız vəziyyətə gətirilmiş döşəmə örtüyü materiallarının ümumi məbləği 13420 avro, nəqliyyat xərcləri 4650 avro, gömrük rəsmiləşdirilməsi xərcləri isə 6500 avro olaraq hesablanmışdır. İş materiallarında olan 02 dekabr 2021-ci il tarixli materialların təhvil-təslim aktına əsasən 590 m2 (98x98x15 mm) sökülmüş keramik üzlük, 180 ədəd sökülmüş keramik plintus, 182 ədəd sarı və qara rənglərdə sökülmüş keramik üzlük Cavabdehnə təhvil verilmişdir. İş materiallarında olan 17 fevral 2021-ci il tarixli AZ10102-17-21 nömrəli kassa mədaxil orderinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnə 16000 manat məbləğində avans ödənilmişdir. İş materiallarında olan satıcı ARGELİTH Bodenkeramik H. Bitter GmbH ilə alıcı İddiaçı arasında bağlanılmış 13 avqust 2021-ci il tarixli müqaviləyə əsasən satıcı bu müqaviləyə əlavə edilmiş RP - 60015852 nömrəli invoysa uyğun olaraq malları çatdırmağı, alıcı isə malları qəbul etməyi və ödəməyi öhdəsinə götürür. Müqavilənin ümumi dəyəri 13420,40 avro təşkil edir. İş materiallarında olan bank köçürmə sənədinə əsasən İddiaçı MMC tərəfindən ARGELİTH Bodenkeramik H. Bitter GmBH-ın hesabına 13420,4 avro ödənilmişdir. İş materiallarında olan “X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 10 iyun 2025ci il tarixli YDQMN № 119-103/2025 nömrəli mütəxəssis rəyində göstərilir ki, aparılmış baxış və texniki qiymətləndirmə nəticəsində müəyyən olunmuşdur ki, 02 dekabr 2021-ci il tarixli təhvil-təslim aktında qeyd olunan materiallar - sökülmüş keramik üzlüklər (590 m2 və 182 ədəd), eləcə də 180 ədəd keramik plintus - ilkin mərhələdə tikinti norma və qaydalarına uyğun olmayan şəkildə, qüsurlu formada quraşdırılmışdır. Bu səbəbdən sökülmə zamanı onların əksəriyyəti mexaniki zədələr almış, səthlərində çatlar və deformasiya yaranmışdır. Həmçinin ilkin quraşdırma zamanı keramik üzlüklərin üzərinə yapışdıncı maye ilə montaj olunduğu üçün sökülərkən həmin yapışdırıcı mayenin keramikanın üzərində qalması və onların üzərindən hər birinin tək-tək götürülməsi artıq xərclər və zədələnmənin əhəmiyytəli dərəcədə artması deməkdir. Nəticə etibarilə, bu materiallar istismara texniki baxımdan qismən yararsızdır və təkrar istifadəsi məqsədəuyğun hesab edilmir. 16 iyul və 30 iyul 2021-ci il tarixli aktlarda göstərilən qüsurlar materialların özündən deyil, onların montaj prosesində düzgün icra olunmamasından qaynaqlanmışdır. Yəni qüsurlar materialların keyfiyyətindən deyil, quraşdırma işlərinin keyfiyyətinin aşağı olmasından və mövcud standartlara cavab vermədiyindən irəli gəlmişdir. Beləliklə, iddia olunan qüsurlar materialların keyfiyyət və ölçü xüsusiyyətləri ilə əlaqəli olmayıb, montaj işlərinin düzgün aparılmaması səbəbindən yaranmışdır. 02 dekabr 2021-ci il tarixli təhvil-təslim aktında göstərilən keramika üzlük və plintus materialları (98x198x15 mm, 590 m2, 180 ədəd plintus, 182 ədəd sarı və qara rəngli üzlük) 04 mart 2021-ci il tarixli 01 saylı müqavilə və əlavə razılaşmanın 3.1-ci bəndində nəzərdə tutulan keyfiyyət tələblərinə uyğun olmamışdır. Belə ki, Keramik materialların düzgün quraşdırılmaması onların funksionallığını və estetik görünüşünü ciddi şəkildə azaldır. Bu cür materiallar, xüsusilə də plitələr və digər üzlük elementləri, düzgün montaj olunmadıqda, həm bərkitmə səviyyəsində boşluqlar yarana bilər, həm də yapışdırıcı materialların qeyri-bərabər paylanması nəticəsində çatlama və ya qopmalar baş verə bilər. Nəticədə, bu materialların ilkin istismar dövründə belə onların səthində fiziki zədələnmələr, səthdən ayrılmalar və deformasiyalar müşahidə oluna bilər. Belə bir vəziyyətdə bu materialların yenidən istifadə məqsədilə demontaj olunması da əlavə problemlər yaradır. Keramik materiallar sərt, lakin kövrək struktura malikdir. Bu səbəbdən, onları sökmək zamanı mexaniki stressə məruz qalaraq asanlıqla çatlayır, qırılır və ya kənarlarında qüsurlar əmələ gəlir. Deməli, artıq bir dəfə düzgün quraşdırılmamış keramik materialların demontajı prosesi zamanı həm mövcud qüsurların dərinləşməsi, həm də yeni struktur zədələrinin yaranması ehtimalı yüksək olur. Nəticə etibarilə, bu cür materialların yenidən istifadəsi texniki cəhətdən məqsədəuyğun sayılmır. Çünki onların funksional və estetik keyfiyyətləri artıq aşağı düşmüş, struktur bütövlüyü isə şübhə altına alınmış olur. Bu isə həm təhlükəsizlik baxımından risklər yaradır, həm də uzunmüddətli dayanıqlılıq və istismar baxımından qənaətbəxş deyil. Rəyə əsasən, materiallar (98x198x15 mm - 590 m2, 180 ədəd plintus, 182 ədəd sarı və qara rəngli üzlük) cəmi 38772,5 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 18 iyun 2025-ci il tarixli 01/25-409 nömrəli mütəxəssis rəyində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsaslanaraq iddiaçı “Radius Azərbaijan” Məhdud Məsuluyyətli Cəmiyyəti ilə cavabdeh “Kayzen” Məhdud Məsuluyyəti Cəmiyyəti tərəfindən imzalanmış 02 dekabr 2021-ci il tarixli materialların təhvil-təslim aktında qeyd edilən materiallarda (sökülmüş keramik üzlük (98x198x15mm)-590kv.m, sökülmüş keramik plintus - 180 ədəd, sökülmüş keramik (sarı və qara rənglərdə) - 182 ədəd) plitələri istismara yararlıdır. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsaslanaraq 16 iyul 2021-ci il tarixli və 30 iyul 2021-ci il tarixli aktlarda qüsurlar göstərilmişdir, lakin “Kayzen” Məhdud Məsuluyyəti Cəmiyyəti tərəfindən görülmüş işlər söküldüyündən həmin ərazidə görülmüş işlərə baxış keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən də 16 iyul 2021-ci il tarixli və 30 iyul 2021-ci il tarixli aktlarda, 04 mart 2021-ci il tarixli 01 saylı əlavə razılaşmasının 3.1-ci bəndində qeyd edilən qaydada və keyfiyyətdə olub-olmamasını müəyyən etmək mümkün deyildir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 18 iyun 2025-ci il tarixli CVN/İ 23-228/25 nömrəli mütəxəssis rəyində göstərilir ki, İddiaçı ilə Cavabdeh tərəfindən imzalanmış 02 dekabr 2021-ci il tarixli materialların təhvil-təslim aktında qeyd edilən materialların (sökülmüş keramik üzlük (98xl98xl5mm)-590 m2 sökülmüş keramik plintus- 180 ədəd, sökülmüş keramik üzlük (sarı və qara rənglərdə)-182 ədəd) istismara yararlı olub olmadığını müəyyən etmək məqsədilə tərəflərin iştrakı ilə tədqiqat predmetlərinə baxış keçirilmiş, materialların texniki vəziyyətini, təkrar istifadə potensialını və işlənməsi üçün lazım olan şərtlər qiymətləndirilmişdir. Bu məqsədlə hər bir predmet üzrə nümunələr götürülmüş, monitorinq və sorğular aparılmışdır. Tədqiqat predmetlərinin yer səthinin üzlənməsi məqsədilə bir və ya bir neçə dəfə tətbiq edildiyi, sonradan sökülərək baxış keçirilən ünvana gətirildiyi qeydə alındı. Vizual baxış zamanı tədqiqat predmetlərinin üz səthlərində deformasiyaların olduğu, ilkin təbii parlaqlığın itirilməsi və funksionallıq baxımından aşınmaya məruz qaldığı müəyyən olundu. Mövcud vəziyyətdə materialların müəyyən bir qisim hissəsinin ucluq, kənar hissələrində qırıqlar, mikroçatlar müşahidə edilir. Alt səthlərdə yapışdırıcı məhlulun izləri mövcuddur. Bu izlər bəzilərində qabarıq, bəzilərində isə qismən təmizlənmiş vəziyyətdədir. Qiymətləndirici-mütəxəssislər tərəfindən inşaat sahəsində fəaliyyət göstərən peşəkar şirkətlər və fərdi ustalar arasında götürülmüş hər bir nümunə ayrı-ayrılıqda göstərilərək onun yararlı olub-olmamasının müəyyən eilməsi məqsədilə monitorinqlər təşkil edildi. Müəyyən olundu ki, tədqiqata təqdim edilən materiallar müqavilə məqsədləri üçün istifadəyə yararsızdır. Bununla belə həmin materialları çeşidlədikdən sonra, onların seçilmiş hissəsini yüksək keyfiyyət tələb etməyən inşaat işlərində, ikinci dərəcəli obyektlərin (köməkçi binalar, anbar, texniki otaqlar) yer səthlərində istifadəsi istisna edilmir. Bu zaman əlavə əmək (təmizləmə, çeşidləmə) və material itkisi (20-30%) nəzərə alınmalıdır. İddiaçı ilə Cavabdeh tərəfindən imzalanmış 02 dekabr 2021-ci il tarixli materialların təhvil-təslim aktında qeyd edilən materiallarda (sökülmüş keramik üzlük (98xl98xl5mm)-590 m2, sökülmüş keramik plintus - 180 ədəd, sökülmüş keramik üzlük (sarı və qara rənglərdə)-182 ədəd) iş materiallarında olan 16 iyul 2021-ci il tarixli və 30 iyul 2021-ci il tarixli aktlar təhlil edilmişdir. Aktlara əsasən istehsalçı şirkətin tələb etdiyi texnoloji üsullar tətbiq edilmədiyindən, icraçı tərəfindən görülən işlər qüsurlu yerinə yetirilmişdir. Qüsurlar əsasən montaj edilən plitələrin yer örtüyünün vahid səth sahəsi ilə uyğun gəlməməsi ilə əsaslandırılmışdır ki, nəticədə estetik görüntünün pozulduğu və nahamar səthlərdə su yğılmaları ehtimalı qənaətinə gəlinmişdir. Eyni zamanda perimetr ölçülərinin səhv hesablanması, düzgün planlaşdırmanın qeyrimövcudluğu əlavə kəsinti, doğrama hallarının baş verməsi ilə nəticələnmişdir ki, bu hal iddiaçı tərəfindən izafi xərclər və qüsurların olması kimi izah edilmişdir. Qeyd edilənləri nəzərə alaraq qiymətləndirici-mütəxəssis hesab edir ki, Almaniya texnologiyası ilə hazırlanmış keramik materialların tətbiqi zamanı istehsalçının tələb etdiyi tikinti norma və qaydalarına riayət edilməsi labüddür. Bu məqsədlə bu sahədə təcrübəsi olan mütəxəssislərin cəlb edilməsi, işin icrasına məsuliyyət daşıyan işçi heyətinə treninqlərin təşkil edilməsi işin daha məsuliyyətlə və peşəkar şəkildə təqdim edilməsi ilə nəticələnə bilərdi. Tədqiq edilən aktlarda göstərilən qüsurların yaranmasına işin icrasının qeyripeşəkar aparıldığı təsdiqlənir. İddiaçı ilə Cavabdeh tərəfindən imzalanmış 02 dekabr 2021ci il tarixli materialların təhvil-təslim aktında qeyd edilən materialların (sökülmüş keramik üzlük (98xl98xl5mm)-590 m2, sökülmüş keramik plintus-180 ədəd, sökülmüş keramik üzlük (sarı və qara rənglərdə)-182 ədəd) işlərin 04 mart 2021-ci il tarixli 01 saylı müqavilənin 04 mart 2021-ci il tarixli 01 saylı əlavə razılaşmasının 3.1-ci bəndində qeyd edilən qaydada icrası mümkün ola bilər. Belə ki, inşaat materialları Almaniya istehsalıdır və alman texnologiyası ilə istehsal edilmişdir. Götürülən nümunələr üzrə bu sahədə ixtisaslaşmış yerli istehsalçılar arasında da monitorinq aparılmış və məhsulların keyfiyyətli olduğu təsdiqini tapmışdır. Beləliklə, təqdim edilmiş materialların işlərin 04 mart 2021-ci il tarixli 01 saylı müqavilənin 04 mart 2021-ci il tarixli 01 saylı əlavə razılaşmasının 3.1-ci bəndində qeyd edilən qaydada icrası üçün uyğun keyfiyyətdə olmuşdur. 02 dekabr 2021-ci il tarixli materialların təhvil-təslim aktında qeyd edilən materiallar (keramik üzlük (98xl98xl5mm)-590 m2, keramik plintus-180 ədəd, keramik üzlük (sarı və qara rənglərdə)- 182 ədəd) və 26 iyul 2021-ci il tarixdə sifariş olunan, 24 avqust və 01 sentyabr 2021-ci il tarixli hesab fakturalarda göstərilən materiallar (Argelith cilalanmamış yer döşəmələri, tam şüşələndirilmiş, açıq boz rəngli 198/98/15, kerasig sarı/qara 15 mm Rll, eni təxminən 14 sm, örtülü əsaslı çərçivə açıq boz 198/110/10) eyni tipli, xüsusiyyətli materiallar olduğundan qiymətləndirmə zamanı eyni metodologiya və yanaşma tətbiq edilmişdir. Rəyə əsasən materiallar (98x198x15 mm - 590 m2, 3,9 m2 plintus, 3,5 m2 sarı və qara rəngli üzlük) cəmi 38737,40 manat dəyərində qiymətləndirilmişdir. Cavabdeh “Kaizen" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş “Kaizen" Məhdud Məsuliyyətli Cəmiyyətinin əvvəlki qanuni təmsilçisi X1 ifadəsində bildirmişdir ki, işlərin görülməsi ilə bağlı təklif Cavabdeh ondan əvvəlki qanuni təmsilçisi tərəfindən qəbul edilmişdir. İşlər isə onun “X2 Cəmiyyətinin qanuni təmsilçisi olduğu dövrdə icra edilmişdir. İşin ümumi detalları əvvəlcədən razılaşdırılmışdır. Lakin işlərin faktiki icrası zamanı sifarişçi tərəfindən işlərin görülməsi ilə bağlı müəyyən dəyişikliklər edilmişdir. İlkin olaraq işlər başqa variantda görülməli idi. Lakin sonradan sifarişçinin tələbi əsasında işlərin görülməsi daha az maddiyyat tələb edən varianta keçirilmişdir. Tərəflər arasında bununla bağlı razılaşmalar şifahi qaydada həyata keçirilmişdir. İlkin olaraq razılaşma müəyyən hissədə metlaxlar vurulub işlər qəbul edildikdən sonra digər hissədə metlaxların vurulmasından ibarət idi. Belə ki, gün ərzində 30 kvadrat metr sahədə metlaxlar vurulmuş və işlərin görülməsi İddiaçı tərəfindən yoxlanılmışdır. Ümumilikdə Cavabdeh MMC tərəfindən 500 kvadrat metr sahədə keramika işləri icra edilmişdir. İşlər görülüb qurtardıqdan sonra İddiaçı tərəfindən həmin işlərin qəbulu razılaşmada olmayan formada (vurulmuş metlaxlara yandan işıq tutmaqla) həyata keçirilmişdir. Bu işin icrası zamanı bəzi yerlərdə yaranan qüsurlarla bağlı idi. İşlərin görülməsi üçün İddiaçı tərəfindən Cavabdehnə ilkin olaraq göstərilən metlaxlardan tam fərqli keyfiyyətdə metlaxlar verilmişdir. Sonda isə tərəflər arasında metlaxların sökülüb yuyularaq paletlənməsi ilə bağlı razılıq əldə olunmuşdur. İddiaçındən sökülüb yuyularaq paletlənən həmin metlaxların əvvəlki layihəni icra edən alman şirkəti tərəfindən vurulacağı bildirilmişdir. Razılaşmaya əsasən iş görülən ərazidə Cavabdeh tərəfindən metlaxlar sökülüb yuyularaq paletlənmişdir. Lakin sonradan tərəflər arasında əldə olunmuş razılaşmadan fərqli olaraq İddiaçı MMC tərəfindən paletlənmiş malların saxlanılması xahiş edilmişdir. Həmin mallar akt əsasında Cavabdeh tərəfindən saxlanılması üçün qəbul edilmişdir. Qəbul edilən mallar Cavabdeh tərəfindən hələ də saxlanılır. Həmin mallar istifadə edilməmişdir. Metlaxlar söküləndən sonra tərəflərindən daş nümunələri götürülmüşdür. Metlaxlarda buruqluq, əyrilik, həmçinin qalınlıq fərqi var idi. Buna görə də İddiaçı tərəfindən yeni malların sifarişinə qərar verilmişdir. İnşaat sahəsində işlərin görülməsi ilə bağlı fotoşəkillər çəkilmiş, videogörüntülər aparılmışdır. Metlaxların özündə qüsurlar olmuşdur. Əgər qarşı tərəf işin icrasından razı deyildisə, bunu gün əzrində görülən işlərə əsasən müəyyən edib işin icrasını dayandıra bilərdi. Həmçinin razılaşmaya əsasən işin icrası zamanı istifadə olunan sement, qum, kvas qumu və s. hesablaşmada razılaşma qiymətinə uyğun material kimi İddiaçı tərəfindən qəbul edilməli idi. Lakin sonradan İddiaçındən həmin materialların ərazidən çıxarılması bildirilmişdir. Yaş zonada qalaraq nəm çəkmiş sement yapışdırıcı artıq istifadəyə yararsız idi. Həmin mallar zibil kimi Cavabdehnə daşıtdırılmışdır. Bundan başqa o, 16 iyul 2021-ci il tarixli və 30 iyul 2021-ci il tarixli aktlara özünün imza etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında 04 mart 2021-ci il tarixli 01 nömrəli podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, onun icra etdiyi işlər müqavilədə nəzərdə tutulmuş keyfiyyət tələblərinə cavab verməmiş, icra olunan işlərdə ciddi texniki və konstruktiv qüsurlar aşkar olunmuşdur. Mülki Məcəllənin 762.1-ci və 762.2-ci maddələrinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, nəticə qüsurlardan azad olsun, yalnız müqavilə ilə razılaşdırılmış keyfiyyət göstəricilərinə cavab verdiyi halda işin nəticəsi qüsurlardan azad hesab edilə bilər. İş materialları, o cümlədən tərəflərin imzaladığı aktlar və iş üzrə təqdim olunmuş mütəxəssis rəyləri isə sübut edir ki, cavabdeh bu öhdəliklərini pozmuş, işin nəticəsini qüsurlu icra etmiş və qüsurlar aradan qaldırılmamışdır. Eyni zamanda Mülki Məcəllənin 765-ci maddəsinin tələblərinə görə əgər podrat işlərində aşkar olunmuş qüsurlar müəyyən edilmiş əlavə müddət ərzində aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina etmək və podratçıdan çəkilmiş xərclərin əvəzini tələb etmək hüququna malikdir. Tərəflər arasında tərtib edilən aktlar və təqdim edilən mütəxəssis rəyləri göstərir ki, cavabdeh tərəfindən müəyyən edilmiş müddətdə qüsurlar aradan qaldırılmamış, işin davam etdirilməsi mümkün olmamışdır. Bu səbəbdən sifarişçinin müqavilədən imtina etməsi və müqavilə üzrə çəkilmiş xərclərin əvəzi olaraq ödənilmiş avans məbləğini, həmçinin yararsız vəziyyətə düşmüş materialların dəyərini tələb etməsi qanuna uyğundur. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, cavabdehin qüsurlu icra etdiyi işlər nəticəsində işlərin icrası üçün istifadə olunmuş materiallar yararsız vəziyyətə düşmüşdür. İş materiallarında mövcud olan mütəxəssis rəyləri ilə istifadə olunmuş materialların dəyəri müvafiq olaraq 38772,5 manat və 38737,4 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə bu rəyləri müqayisəli şəkildə təhlil edərək, iddia tələbinin həcmini və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 18 iyun 2025-ci il tarixli CVN/İ 23-228/25 nömrəli mütəxəssis rəyini nəzərə alır. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş 16 yanvar 2024-cü il tarixli MŞB/13/2023-01820 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş olsa da, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən mediatora ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq İddiaçınə ödənilməlidir. Bundan əlavə iddiaçı iddia tələbində hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının da cavabdehdən tutulmasını xahiş etmiş, bununla bağlı iddia ərizəsinə hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində pul ödənilməsini təsdiq edən 20 fevral 2024-cü il tarixli, EBDZ seriyalı 063430 nömrəli elektron qaiməfakturanı əlavə etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin “hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının tutulması” hissəsi təmin edilməli və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən müqavilə üzrə ödənilmiş 16000 (on altı min) manat məbləğində avans ödənişi, yarasız vəziyyətə düşmüş materialların dəyəri kimi 38737,4 (otuz səkkiz min yeddi yüz otuz yeddi manat qırx qəpik) manat məbləğində pul, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və hüquqi yardıma görə vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 55437,4 (əlli beş min dörd yüz otuz yeddi manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. Eləcə də, iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 500 (beş yüz) manat məbləğində pul vəsaiti İddiaçı və Cavabdeh arasında bölünərək 250 (iki yüz əlli) manat hissəsi İddiaçındən, 250 (iki yüz əlli) manat hissəsi Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Eləcə də, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun hesablanan 254,21 (iki yüz əlli dörd manat iyirmi bir qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən müqavilə üzrə ödənilmiş 16000 (on altı min) manat məbləğində avans ödənişi, yarasız vəziyyətə düşmüş materialların dəyəri kimi 38737,4 (otuz səkkiz min yeddi yüz otuz yeddi manat qırx qəpik) manat məbləğində pul, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və hüquqi yardıma görə vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 55437,4 (əlli beş min dörd yüz otuz yeddi manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 500 (beş yüz) manat məbləğində pul vəsaitinin 250 (iki yüz əlli) manat hissəsi İddiaçındən, 250 (iki yüz əlli) manat hissəsi Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdehndən dövlət nəfinə 254,21 (iki yüz əlli dörd manat iyirmi bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Aliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar