Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-338/2024 16.02.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, Abşeron Rayon Məhkəməsindən Sumqayıt Kommersiya Məhkəməsinə daxil olmuş iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 və Cavabdeh3 (Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi, X4, X14, İddiaçı2, X16, X11, X17, X10, Ramin Şərifzadə, X22, X9, X5, X18, X2, X7, Ramin İsmayılov, Elmar Orucov, Ülvi Əsədov, Amil Alməmmədov və Rüfət Ağarzayev üçüncü şəxs qismində göstərilmişdir) qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılaraq həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi, satılmış torpaq sahəsində inşa edilmiş hasarın sökülməsi, həmin torpaq sahəsinin sakinlərin istifadəsinə geri qaytarılması və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2(012)-241/2024 nömrəli mülki işin materiallarına baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 və Cavabdeh3 (Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi, X4, X14, İddiaçı2, X16, X11, X17, X10, Ramin Şərifzadə, X22, X9, X5, X18, X2, X7, Ramin İsmayılov, Elmar Orucov, Ülvi Əsədov, Amil Alməmmədov və Rüfət Ağarzayev üçüncü şəxs qismində göstərilmişdir) qarşı "alqı-satqı müqaviləsinin etibarsız sayılaraq həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi, satılmış torpaq sahəsində inşa edilmiş hasarın sökülməsi, həmin torpaq sahəsinin sakinlərin istifadəsinə geri qaytarılması və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri 26 saylı dövlət notariat kontorunda bağlanmış 23 dekabr 2022-ci il tarixli, 4E-810 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək həmin müqavilə əsasında cavabdehlərdən Cavabdeh3 adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsini, həmin cavabdehə sözügedən müqavilə əsasında satılmış 600 kv.metrlik torpaq sahəsində sonuncu tərəfindən inşa edilmiş hasarın onun hesabına sökülməsini, həmin torpaq sahəsinin iddiaçıların da yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, "xxxx", 24-cü küçə, 6cı binanın sakinlərinin istifadəsinə geri qaytarılmasını və qanunsuz hərəkətləri ilə iddiaçılara vurulmuş mənəvi zərərə görə 1000 (min) manat məbləğində kompensasiyanın cavabdehlərdən biri olan Cavabdeh2 tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, "xxxx", 24cü küçədə yerləşən 6-cı binanın sakinləri olan iddiaçılar və üçüncü şəxslərin bir qismi Cavabdeh2 şəxsində onun rəhbəri olduğu "xxxx" MMC ilə alqı-satqı müqavilələri bağlamış və həmin binadan mənzillər satın almışlar. Mənzillər onlara satılarkən "xxxx" yaşayış massivinin Baş planı da onlara göstərilmiş və Baş plandan göründüyü kimi, onların mənzillər satın alaraq hazırda yaşadıqları 6-cı binanın sol tərəfində hər hansı tikintinin inşa edilməyəcəyi, binanın ərazisi olaraq qəbul ediləcəyi və həmin binanın yanğın təhlükəsizlik zonası kimi istifadə olunacağı nəzərdə tutulmuşdur. Buna baxmayaraq cavabdeh "xxxx" MMC onlara heç bir məlumat vermədən iş üzrə digər Cavabdeh3lə 23 dekabr 2022-ci il tarixli 4E-810 nömrəli alqı-satqı müqaviləsi bağlayaraq həmin ərazini ona satmış və iddiaçılar bundan, 2023-cü ilin iyul ayının sonlarında Cavabdeh3 tərəfindən mübahisəli ərazidə qanunsuz tikinti işləri aparılarkən məlumatlı olmuşlar. İddiaçıların qənaətinə görə, göstərilənlər onların mülkiyyət və qonşuluq hüquqlarını pozmaqla yanaşı, şəhərsalma, tikinti, yanğın təhlükəsizliyi üzrə müvafiq qanunvericilik normalarına ziddir və buna görə də onlar hazırkı iddia ərizəsi ilə məhkəmə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçıların nümayəndəsi, daha sonra Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən iddia ərizəsinin ilkin variantında göstərdikləri "xxxx" MMC, "xxxx" MMC və Cavabdeh2 cavabdehlər sırasından çıxarılmasını və iddia tələbinin “cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 23 dekabr 2022-ci il tarixli, 4E-810 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək həmin müqavilə əsasında Cavabdeh3 adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi, sözügedən müqavilə əsasında satılmış 600 kv.metrlik torpaq sahəsində ara məsafəsinə dair qanunvericilik normaları pozulmaqla Cavabdeh3 tərəfindən inşa edilmiş hasarın onun hesabına sökülərək torpaq sahəsinin iddiaçıların da yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, "xxxx", 24-cü küçə, 6-cı binanın sakinlərinin istifadəsinə geri qaytarılması, 100 manat məbləğində dövlət rüsumunun və hüquqi xidmətlə əlaqədar ödənilmiş 100 manat məbləğində xidmət haqqının əvəzi, cəmi 200 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması” kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddiaçıların nümayəndəsi, daha sonra vəsatətlə məhkəməyə müraciət edərək həmin mülki işin Sumqayıt Kommersiya Məhkəməsində baxılan e-2-2(119)-1533/2023 nömrəli kommersiya işi ilə birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 30-cu, 43.1-ci, 43.2-ci 44.2.6-cı maddələrinə istinad edərək xahişini hər iki məhkəmədə baxılan iddia tələblərinin eyni olması ilə əsaslandırmışdır. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi isə Abşeron Rayon Məhkəməsinə vəsatətlə müraciət edərək Sumqayıt Kommersiya Məhkəməsində baxılan iddia tələblərinin əsasının həmin Cəmiyyətin təsisçiləri arasında yaranan mübahisə olduğunu qeyd etmiş və kommersiya işinə baxılıb qurtaranadək mülki işin icraatının dayandırılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının protokolunun məzmunundan görünür ki, həmin vəsatət təmin edilməmişdir. Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli qərardadı ilə həmin məhkəmənin icraatında olan sözügedən mülki iş Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı X1 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3, X8 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, ara məsafəsi saxlamadan Cavabdeh3 tərəfindən aparılan qanunsuz tikintinin sökülməsi tələbinə dair e-2-2(119)-1533/2023 saylı işlə birləşdirilməsi qərara alınmış və həmin qərardaddan şikayət verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Abşeron Rayon Məhkəməsi həmin qərardadını hər iki iş üzrə tərəflərin və iddia tələblərinin eyni olması, bununla da mübahisə predmetləri arasında bağlılıq olması, həmçinin hazırkı iş daha sonra icraata götürüldüyü üçün ilkin icraata götürülmüş işlə birləşdirilməli olması ilə əsaslandırmışdır. Məhkəmə qeyd etmişdir ki, hər iki mübahisənin predmet və əsası eynilik təşkil edir və bir-biri ilə əlaqəlidir. Qeyd olunan nəticəyə gələrkən məhkəmə Mülki Prosessual Məcəllənin 30-cu, 43.1-ci, 43.2-ci və 44.2.6-cı maddələrinə istinad etmişdir. Məhkəmə e-2(012)-241/2024 nömrəli mülki və e-2-2(119)-88/2024 nömrəli kommersiya işlərinin materiallarını nəzərdən keçirərək hesab edir ki, həmin mülki işin hazırda məhkəmənin icraatında olan sözügedən kommersiya işinə birləşdirilərək birlikdə baxılması aşağıda göstərilən əsaslara görə mübahisəli olduğundan, həmin mülki iş məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Ümumi məhkəmənin icraatında olan mülki işin kommersiya məhkəməsinin icraatında olan kommersiya işinə birləşdirilməsi barədə qərardadın məhkəmə aidiyyəti üzrə mübahisələndirilməsi mülki-prosessual qanunvericilikdə birbaşa nəzərdə tutulmasa da, həmin qərardadın mahiyyətcə işin məhkəmə aidiyyətini həll etməsini, həmçinin aşağıda qeyd edilənləri nəzərə alan məhkəmə bu cür mübahisələndirməni zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Həmin Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində göstərilir ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, istehlakçı şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Mülki Prosessual Məcəllənin “Məhkəmə aidiyyəti” adlandırılmış 3-cü fəslinə daxil olan 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məcəllənin həmin fəslindəki 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Məcəllənin həmin fəslə aid olan 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məcəllənin həmin fəslindəki 30-cu maddəsinə əsasən, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin “Ərazi aidiyyəti” adlandırılmış 4-cü fəslinə daxil olan 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Məcəllənin həmin fəslindəki 44.2.6-cı maddəsinə əsasən, məhkəmə işi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda başqa məhkəmədə baxılmağa verir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 16-cı bəndinə əsasən, işin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. Həmin Qərarın 17-ci bəndinə əsasən, MPM-in 30-cu maddəsinin tətbiqi ilə bağlı əlavə olaraq nəzərə alınmalıdır ki, maddənin məzmunu baxımından məhkəmənin baxış predmetini ilk növbədə məhz bir-biri ilə əlaqədar olan və birlikdə baxılması mümkün olan (MPM-in 149.3, 152.1.7-ci maddələrinin tələblərinə uyğun olaraq) tələblər təşkil etməlidir, digər tərəfdən isə həmin tələblərdən ən azı biri və yaxud əsas tələb üzrə mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır (bu Qərarın 13-cü bəndi). Tələblər bu şərtlərə cavab verdiyi halda subyekt tərkibinin istənilən kompozisiyası mümkündür. Həmin Qərarın icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəlin “Predmet” hissəsində göstərilmişdir ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq istehlak münasibətlərindən irəli gələn tələblərə ümumi məhkəmələr baxır. Həmin Cədvəlin “Predmet” hissəsində həmçinin göstərilmişdir ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) kommersiya məhkəmələri baxır. Yuxarıda istinad olunanları nəzərə alaraq məhkəmə aşağıdakı nəticələrə gəlir: - Təsvir olunanlardan göründüyü kimi, Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş mülki iş üzrə iddiaçılar Abşeron rayonu, Xırdalan şəhəri, "xxxx", 24-cü küçədə yerləşən 6-cı binanın sakinləridir və həmin şəxslər qeyd olunan mülki iş üzrə cavabdehlərdən biri olan "xxxx" MMC ilə alqı-satqı müqaviləsi bağlayaraq həmin binada yaşayış mənzillərinə sahib olmuşlar. Sözügedən mülki iş üzrə onların iddia tələbi "xxxx" MMC-yə, o cümlədən digər Cavabdeh3 yönəlmişdir və tələbin məzmunu onların arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılaraq həmin müqavilə əsasında onların yaşadığı binanın yanındakı torpaq sahəsini MMC-dən satın alan Cavabdeh3 həmin torpaq sahəsinə dair əldə etdiyi çıxarışın ləğv edilməsi, həmin sahədə çəkdiyi hasarın sökülməsindən ibarətdir. Tələb onunla əsaslandırılır ki, həmin sahənin satılması əvvəlcədən nəzərdə tutulmamışdı, üstəlik orada inşa edilən hasar və sonradan tikilməsi nəzərdə tutulan tikili onların, o cümlədən binanın digər sakinlərinin təhlükəsizliyi baxımından yolverilməzdir. Başqa sözlə, həmin mülki iş üzrə iddiaçılar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində nəzərdə tutulmuş hüquqlarından istifadə edərək öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmiş istehlakçılardır. - Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan kommersiya işi üzrə isə iddiaçı "xxxx" MMC-nin iki təsisçisindən biridir, onun iddia tələbi həmin Cəmiyyətin digər təsisçisinə - Cavabdeh2, o cümlədən həmin Cəmiyyətin özünə, həmçinin Cəmiyyətin alqısatqı müqaviləsi bağladığı Cavabdeh3 və həmin müqaviləni təsdiq edən notarius X8 yönəlmişdir. İddia tələbi – “AAAF-İNŞAAT" MMC-nin nizamnaməsinin 4.2.3-cü bəndinin və nizamnaməyə bu bəndlə əlaqədar edilmiş dəyişikliklə bağlı ümumi yığıncağın qərarının həmin hissədə etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, ara məsafəsi saxlamadan Cavabdeh3 tərəfindən aparılan qanunsuz tikintinin sökülməsidir. Göründüyü kimi, bu kommersiya işi hüquqi təbiəti etibarı ilə istehlak xarakterindən tamamilə uzaq olmaqla, bir təsisçinin digərinin razılığı olmadan Cəmiyyətə məxsus əmlakın satılmasından yaranan korperativ xarakterli mübahisədir. Sumqayıt Kommersiya Məhkəməsinin icraatındakı kommersiya işi ilə bağlı iddia tələbinin Abşeron Rayon Məhkəməsindən daxil olan mülki işdə olan iddia tələbi ilə üst-üstə düşən hissəsi - alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, qanunsuz tikintinin (mülki işdə “hasarın”) sökülməsidir. Lakin qeyd edildiyi kimi, mülki işdəki iddia tələbi istehlak xarakterli münasibətlərdən yaranan mübahisə, kommersiya işindəki tələb isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı yaranan mübahisədir və Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsində göstərilən meyarlar nəzərə alındıqda, bu iki tələb işdə iştirak edən şəxslərin subyektiv tərkibi və hüquq münasibətlərinin xarakteri baxımından bir-birinə tamamilə ziddir; - Qeyd edilənlər baxımından məhkəmə Abşeron Rayon Məhkəməsinin qərardadında “hər iki iş üzrə tərəflərin və iddia tələblərinin eyni olması, bununla da mübahisə predmetləri arasında bağlılıq olması, eləcə də hər iki mübahisənin predmet və əsasının eynilik təşkil etməsi” barədə göstərilənlərlə razılaşmır. Məhkəmənin qənaətinə görə, hər iki işdə tərəflər həm faktiki tərkib, həm status (mülki işdə istehlakçılar – sahibkarlıq subyektləri, kommersiya işində sahibkarlıq subyekti - sahibkarlıq subyektləri) baxımından eyni deyil, eləcə də mübahisə predmetləri arasında bağlılıq yoxdur, bundan başqa, yuxarıda qeyd edildiyi kimi yaranma əsasları fərqli olduğuna görə, hər iki mübahisənin predmet və əsasını eynilik təşkil etmir. - Bundan əlavə, Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli qərardadından görünür ki, həmin məhkəmənin icraatında olan sözügedən mülki iş Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan kommersiya işinə birləşdirilərkən Mülki Prosessual Məcəllənin 30-cu, 43.1-ci, 43.2-ci və 44.2.6-cı maddələrinə istinad edilmişdir. Mülki Prosessual Məcəllənin 30-cu maddəsinə əsasən, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmənin fikrincə, bu maddədə müxtəlif məhkəmələrin icraatında olan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aid olan bir-biri ilə əlaqədar olan bir neçə tələbdən söhbət getmir, həmin maddədə təsbit edilmiş qayda birbaşa iddiaçıya ünvanlanmışdır və bunu nəzərdə tutur ki, əgər iddiaçının bir neçə tələbi vardırsa, həmin tələblər bir-biri ilə əlaqədardırsa və onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, həmin tələblərə kommersiya məhkəməsinə baxılmalıdır. Nəzərə alınmalıdır ki, qeyd edilən 30-cu maddə Mülki Prosessual Məcəllənin “Məhkəmə aidiyyəti” fəslinə daxil edilmişdir. Bundan fərqli olaraq qərardadda istinad olunan digər maddələr, yəni 43.1-ci, 43.2-ci və 44.2.6-cı maddələr isə həmin Məcəllənin “Ərazi aidiyyəti” fəslinə daxildir və 43-cü maddədə “Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir” deyildikdə, məhz ərazi aidiyyətinə görə işə baxmalı olan məhkəmələrdən söhbət gedir. Abşeron Rayon Məhkəməsinin qərardadı ilə isə iş Sumqayıt Kommersiya Məhkəməsindəki işə, yəni ümumi məhkəmənin icraatında olan iş ixtisaslaşdırılmış məhkəmənin icraatında olan işlə birləşdirilməklə "ərazi aidiyyəti" anlayışından kənara çıxılmışdır. Məhkəmə, göstərilənləri ümumiləşdirərək, yuxarıda istinad olunan qanunvericilik normalarını, o cümlədən “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının müvafiq bəndlərini nəzərə alaraq hesab edir ki, təsvir olunanlara əsasən Abşeron Rayon Məhkəməsindən Sumqayıt Kommersiya Məhkəməsinə daxil olmuş İddiaçı1 və digərlərinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və digərlərinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılaraq həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi, satılmış torpaq sahəsində inşa edilmiş hasarın sökülməsi, həmin torpaq sahəsinin sakinlərin istifadəsinə geri qaytarılması və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2(012)-241/2024 nömrəli mülki iş Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı X1 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3, X8 və Cavabdeh2 qarşı verilmiş “AAAF-İNŞAAT" MMC-nin nizamnaməsinin 4.2.3-cü bəndinin və nizamnaməyə bu bəndlə əlaqədar edilmiş dəyişikliklə bağlı ümumi yığıncağın qərarının həmin hissədə etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, ara məsafəsi saxlamadan Cavabdeh3 tərəfindən aparılan qanunsuz tikintinin sökülməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-88/2024 nömrəli kommersiya işinə birləşdirilməsi mübahisəlidir və məhkəmələr arasında fikir ayrılığı yaradır. Belə olduğu təqdirdə həmin iş kassasiya instansiyası məhkəməsinə göndərilməli və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilməlidir. Mülki Prosessual Məcəllənin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 4-cü bəndində qeyd edilir ki, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə, əlavə olaraq qeyd edir ki, mülki işin kommersiya işinə birləşdirilməsi barədə qərardad aidiyyət məsələsi ilə əlaqədar mübahisələndirildikdə, həmin məsələnin kassasiya instansiya məhkəməsi tərəfindən həll edilməsi qüvvədə olan mülki-prosessual qanunvericilikdə birbaşa nəzərdə tutulmamışdır. Lakin məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad edilən Qərarının 4-cü bəndində nəzərdə tutulmuş qaydanı, yəni məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın kassasiya instansiya məhkəməsi tərəfindən verilməli olduğunu nəzərə alaraq, hazırkı işin kassasiya instansiya məhkəməsinə göndərilməli olduğunu hesab etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32-ci maddəsini rəhbər tutaraq, QƏRARA A L D I: Abşeron Rayon Məhkəməsindən 24 yanvar 2024-cü il tarixli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinə daxil olmuş İddiaçı1 və digərlərinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və digərlərinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılaraq həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi, satılmış torpaq sahəsində inşa edilmiş hasarın sökülməsi, həmin torpaq sahəsinin sakinlərin istifadəsinə geri qaytarılması və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2(012)- 241/2024 nömrəli mülki iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-338/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-338/2024
16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver