Məhkəmə qərarları › İş №e-2-2(119)-34/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-34/2023

15.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-34/2023 15.11.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Əliyeva Təhminə Faiq qızının katibliyi, İddiaçı nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 Tofiq oğlunun iştirakı ilə, İddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 29 sentyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı (VÖEN **********) məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinin (abonent kodu: **********9) elektrik sayğacına görə tərtib olunmuş 14 avqust 2018-ci il tarixli 022711 nömrəli akt əsasında yaranmış 3343,73 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhərinin Heydər Əliyev prosepekti ilə Cəfər Cabbarlı küçəsinin kəsişməsində, yəni 40-cı məhəllə ərazisində yerləşən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 08 noyabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışı ilə İddiaçı Mövlüd qızının mülkiyyətindədir. İddiaçı ticarət xidməti fəaliyyət növü ilə ********** nömrəli X1 Nömrəsi ilə 2 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və həmin müəsissə kafe kimi fəaliyyət göstərir. Kafeyə verilən elektrik enerjisinə görə **********60003 nömrəli abonent kodu kafenin adına qeydiyyata alınmışdır. Belə ki, İddiaçı Mövlüd qızı ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında “enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enrjisinin alqı-satqısının” birtipli 30 iyun 2022-ci il tarixli 138839 nömrəli müqaviləsi bağlanılmışdır. İddia ərizəsinə əlavə olunan sənədlərdən də görünür ki, kafenin rəsmi mülkiyyətçisi İddiaçıdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları müəssisəyə gələrək elektrik sayğacına görə 14 avqust 2018-ci il tarixli 022711 nömrəli akt tərtib etmişlər. Həmin akt əsasında 3343,73 manat məbləğində borc yaranmışdır. Həmin borc əsassız və qanunsuzdur. Nə iddiaçı, nə də iddiaçının işçiləri tərəfindən sayğaca və ya elektrik naqillərinə heç bir müdaxilə olunmamışdır. Belə ki, sayğac 2018-ci ildə cavabdeh təşkilatın əməkdaşları tərəfindən çıxarılarkən heç bir nasazlığı, problemi aşkarlanmamışdır. Sonradan monitorinq keçirilmiş, laboratoriyanın rəyinə əsasən sayğaca sübutu olmayan qanunsuz nöqsan nəticəsində borc yazılmışdır. Sayğac laboratoriyaya aparılanda belə əməkdaşlar sayğaca iddiaçı tərəfindən hər hansı bir müdaxilə edilməsi ilə bağlı sübut aşkar etməmişlər. Laboratoriyanın rəyi isə sadəcə fərziyyədir. Bu borc reallığı əks etdirmir. Bundan başqa, sayğaca nəzarət - cavabdeh təşkilatın əməkdaşlarının nəzarətində olan işdir. Bu müddət ərzində nəzarətçinin sayğaca nəzarət etməməsi və işinə səhlənkar yanaşması iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Mübahisələndirilən borc reallığı əks etdirmir. Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan, məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən mediasiya təşkilatına və pretenziya qaydasında cavabdehə müraciət olunmasına baxmayaraq, borc silinməmiş və mübahisənin məhkəmədən kənar və yaxud mediasiya qaydasında həll edilməsi mümkün olmamışdır. İddiaçı ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və mediasiya üçün nəzərdə tutulan 60 manat məbləğində mediasiya xərci də iddiaçı tərəfindən ödənilmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 17 noyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinə qarşı” yazılı Etiraz təqdim edilərək, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, 14 avqust 2018-ci ildə Enerjitəthizatı Müəsisəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin uçot dəstinə baxış keçirilən zaman tərtib edilən aktda “sayğacın xətdən axan yükü artıq qeyd etdiyi” göstərilərək, sayğacın labaratoriya şəraitində yoxlanılmalı olması qeyd edilmişdir. Lakin, sonradan Sayğac tam yanıb kül olduğundan, həmin aktda qeyd olunanlarla bağlı sayğacı yoxlayıb rəy vermək mümkün olmamışdır. 30 avqust 2018-ci il tarixdə 022711 saylı akta əsasən sayğac yenisi ilə əvəz olunub. Qeyd olunan faktlarla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 qaydaları"nın (bundan sonra EEİQ) pozulması haqqında 14 avqust 2018-ci il tarixli R 022711 saylı akt tərtib edilmişdir. Lakin, qeyd olunan Akta əsasən abonentə hər hansı hesablaşma aparılmamışdır. Abonent həmin qeyri-yaşayış sahəsində 17 iyun 2015-ci il tarixdən 10 noyabr 2022-ci il tarixədək 68457,01 manat dəyərində elektrik hesabat sayğacı əsasında X2 etdiyi halda, həmin dövürlər üçün cəmi 64447,4 manat məbləğində ödəniş etmişdir. Abonentin elektrik hesabat sayğacı əsasında 4009,61 manat borcu vardır. 12 fevral 2022ci il tarixli 045674 saylı Akt əsasında isə cəmi 177,99 manat hesablaşma aparılmışdır. Halhazırda isə iddaçının enerjitəchiztçı təşkilata 4187,06 manat borcu vardır. Abunə haqqında çıxarışdanda göründüyü kimi iddiaçı istifadə etdiyi enerjinin dəyərini vaxtlı-vaxtında ödəmir. İddiaçı isə ona məxsus qeyri-yaşayış sahəsinə 3343,73 manat hesablaşma aparıldığını iddia edərək, həmin məbləğin silinməsini məhkəmədən xahiş edir. Göründüyü kimi, iddiaçının silinməsini tələb etdiyi məbləğin Akta əsasən hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 149-cu maddəsinə əsasən "iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif, iddia bir neçə cavabdehə yönəldildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir". Həmçinin iddiaçı qeyd olunan obyekt üzrə X2 etməklə “Azərişıq" ASC ilə elektrik enerjisinin alqı-satqı münasibətində olmuşdur. Buna görə də, iddiaçı elektrik enerjisindən EEİQ-nın tələblərinə uyğun istifadə etməli idi. EEİQ-nın 9.10cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, “hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir". EEİQ-nın 9.1-ci bəndinə əsasən, İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Yuxarıda qeyd edilənlərə əsasən cavabdeh hesab edir ki, iddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi - hüquqdan suiistifadə hesab edilməlidir. Həmçinin həmin maddəyə görə hüquqdan sui-istifadə yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göründüyü kimi, yuxarıda istinad edilmiş hüquq normaları imperativ norma olduğundan, həmin normaların istehlakçının üzərinə qoyduğu tələblərə onun tərəfindən mütləq əməl olunmalıdır. Həmçinin iddia ərizəsindən görünür ki, iddia ərizəsi yuxarıda qeyd olunan hüquq normalarının tələblərinə uyğun deyildir. Belə ki, iddia ərizəsində qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif göstərilməmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək İddiaçı səlahiyyətli nümayəndəsi tərəfindən 08 dekabr 2022-ci ildə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edilərək, İddiaçı (VÖEN **********) məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: **********9) akt əsasında yazılmış borcun və əsassız olaraq hesablanmış cəmi 3343,73 manat borcun silinməsi və mediasiya xərcinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Bundan əlavə, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 11 may 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia müddətinin tətbiq edilməsi” barədə Ərizə təqdim edilərək, iddiaçı “İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” barədə iddia ərizəsində silinməsi tələb olunan borc üzrə iddia müddəti keçmiş olduğuna görə iddia tələbinin rədd edilməsi xahiş olunmuş və həmin “iddia müddətinin keçməsinə dair” Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005ci il tarixli Qərarı ilə təsdiq edilmiş X2 Qaydalarının (bundan sonra EEİQ) 9.1-ci bəndinə əsasən, İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin "Dövlət Enerjinəzarət" İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən, İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Lakin abunə haqqında çıxarışından da görünür ki, hazırkı İddiaçı obyektdə 12 iyul 2018-ci il tarixdən 31 avqust 2018-ci il tarixədək sərf edilmiş elektrik enerjisinin dəyərini vaxtında tam həcmdə ödəməmişdir. Baxmayaraq ki, iddiaçı ən azı 2018-ci ilin avqust ayından sayğac əsasında sərf edilmiş elektrik enerji haqlarına dair istehlakçıya təqdim edilmiş bildirişlərdə obyektin aylıq sərfiyyatı və əvvəlki dövrlər üzrə qalıq borc məbləğləri öz əksini tapmışdır. Göründüyü kimi, iddiaçı 2018-ci ilə qədər obye hesablanmış borc məbləğlərindən ən azı 2018-cıı ilin avqust ayından məlumatlı olmasına baxmayaraq, bu barədə vaxtında müraciət etməmiş və 4 il sonra iddia müddətini keçirdikdən sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Qərarında iddia müddətinin anlayışının tətbiqi ilə bağlı qeyd edilmişdir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci - o hüquq münasibətinin iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci - iddia müddəti inistitutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü - iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətinin müəyyən edilməməsi yaranmış mübahisənin daim mübahisələndirməsinə zəmin yaradardı.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün başlanır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı məxsus Sumqayıt şəhəri ərazisində yerləşən və abonent kodu **********9 olan sahibkarlıq obyektinə, yəni kafe-restoran kimi fəaliyyət göstərən ictimai-iaişə obyektinə akt əsasında yazılmış borc və əsassız olaraq hesablanmış borc olmaqla, cəmi 3343,73 manat borcun silinməsi və mediasiya xərcinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, iddiaçı mütəmadi olaraq obyektdə quraşdırılmış sayğacın hesabatlarına uyğun olaraq istifadə olunmuş elektrik enerjisinin dəyərini ödəmişdir. Lakin, 2022-ci ilin birinci yarısında ona məlum olmuşdur ki, elektrik sayğacına görə tərtib olunmuş 14 avqust 2018-ci il tarixli akt əsasında ondan 3343,73 manat məbləğində borcun ödənilməsi tələb olunur. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Məhkəmə hazırlıq mərhələsində isə müəyyən olunmuşdur ki, silinməsi tələb olunan borcun 2570,04 manat hissəsi "12 iyul 2018-ci il – 13 avqust 2018-ci il" dövrü əhatə edən sayğac hesabatı üzrə hesablanmış borc olmuş, 176,99 manat hissəsi isə 18 mart 2022-ci il tarixli Akta əsasən əlavə sərfiyyat qismində hesablanmış borcdur. Bu səbəbdən də iş üzrə hazırlıq mərhələsində iddia tələbi dəqiqləşdirilmişdir. Çünki, 14 avqust 2018-ci il tarixli aktla təsdiq olunur ki, həmin dövrdə sayğac daha artıq hesablamalar aparmaqla düzgün işləməmişdir və buna görə də "12 iyul 2018-ci il – 13 avqust 2018-ci il" dövrü əhatə edən sayğac hesabatı üzrə yazılmış 2570,04 manat borc tamamilə silinməlidir. Eləcə də, 18 mart 2022-ci il tarixli RQ045674 nömrəli akt tərtib olunarkən isə sahibkarlıq obyektinə həmin aktın yazılması və borcun hesablanması ilə nəticələnmiş yoxlama X3 Reyestrində qeydiyyata alınmamış və həmin Akt əsassız yazılmışdır. Ona görə də, həmin yoxlamanın nəticəsi də nəzərə alınmamalı və həmin Akt əsasında hesablanmış 176,99 manat məbləğində borc da silinməlidir. Eləcə də, iddiaçı hüquqlarının pozulduğunu 2022-ci ildə bildiyindən, iddia müddətini də ötürməmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”da və “iddia müddətinin tətbiq edilməsi” barədə Ərizədə göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün və eyni zamanda, verilmiş iddia tələbi üzrə iddia müddəti ötürüldüyündən iddia müddətini tətbiq etməklə İddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizəni, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”ı, “iddia müddətinin tətbiq edilməsi” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən olunur ki, enerjitəchizatı müəssisəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı (VÖEN **********) məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyekti, yəni kafe-restoran kimi fəaliyyət göstərən ictimai-iaişə obyekti (abonent kodu: **********9) elektrik enerjisi ilə təchiz edilir və obyektdə istifadə olunan elektrik enerjisinin hesabatı müvafiq qaydada quraşdırılmış elektrik sayğacı vasitəsi ilə aparılır (həmin qeyri-yaşayış sahəsində elektrik sayğacı sonuncu dəfə 17 fevral 2022-ci ildə dəyişdirilmişdir). İş materiallarında olan 14 noyabr 2023-cü ildə çap edilmiş istehlakçı İddiaçı məxsus sahibkarlıq obyektinə aid Abunə haqqında Hesabatla (abonent kodu **********9) müəyyən olunur ki, istehlakçı İddiaçı məxsus sahibkarlıq obyektinin 14 noyabr 2023-cü il tarixə istehlak etdiyi elektrik enerjisi üzrə ümumilikdə cəmi 1880,41 (min səkkiz yüz səksən manat 41 qəpik) manat məbləğində ödənilməmiş borcu vardır. İş üzrə məhkəmə araşdırması zamanı tədqiq edilən istehlakçı İddiaçı məxsus qeyriyaşayış sahəsinə (abonent kodu: **********9) aid Abunə haqqında Məlumatlarda (Abonent Saldolarında) qeydə alınmış göstəricilərdən görünür ki, həmin obyektdə abonentin elektrik enerji sərfiyyatı 12 iyul 2018-ci ildə sayğacın oxunması zamanı sayğac tərəfindən 29 gün üçün “16570 kvt” olmaqla - 1491,3 (min dörd yüz doxsan bir manat 30 qəpik) manat dəyərində (29 gün üçün) hesabat aparıldığı halda, 13 avqust 2018-ci ildə oxunma zamanı isə sayğac tərəfindən 32 gün üçün “28556 kvt” olmaqla - 2570,04 (iki min beş yüz yetmiş manat 04 qəpik) manat dəyərində (32 gün üçün) hesabat aparıldığı müəyyən olunmuşdur. İş materiallarında olan 14 avqust 2018-ci il tarixli R № 022711 nömrəli Aktda isə göstərilmişdir ki, istehlakçı İddiaçı məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: **********9) elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacına 14 avqust 2018-ci ildə saat 1050-də "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, “Obyektə məxsus elektrik sayğacı axan yükü artıq qeyd edir. Belə ki, “A” fazasından 29 A axmağına baxmayaraq - elektrik sayğacı 158 A qeyd edir. “B” fazasında 29 A axdığı halda - elektrik sayğacı 34 A qeyd edir”. Göründüyü kimi, ictimai-iaişə (kafe-restoran) kimi fəaliyyət göstərən istehlakçı İddiaçı məxsus qeyri-yaşayış sahəsində elektrik sərfiyyatının hesabatının aparılması üçün quraşdırılmış sayğacın göstəriciləri "xxxx" ASC-nin əməkdaşları tərəfindən 12 iyul 2018-ci ildə oxunarkən əvvəlki 29 gün üçün “16570 kvt” olmaqla - 1491,3 manat dəyərində elektrik sərfiyyatının hesabatı aparıldığı halda, 13 avqust 2018-ci ildə oxunma zamanı sayğac tərəfindən əvvəlki 32 gün üçün “28556 kvt” olmaqla - 2570,04 manat dəyərində hesabat aparıldığı müəyyən olunmuşdur. Lakin, həmin oxunmadan sonrakı gün, yəni 14 avqust 2018-ci ildə saat 1050-də "xxxx" ASC-nin əməkdaşları tərəfindən həmin hesabat sayğacına baxış keçirilmiş və baxış zamanı tərtib edilən 14 avqust 2018-ci il tarixli R № 022711 nömrəli Aktda “obyektə məxsus elektrik sayğacının axan yükü artıq qeyd etdiyi, yəni “A” fazasından 29 A axdığı halda - elektrik sayğacının “158 A” qeyd etdiyi, “B” fazasından isə 29 A axdığı halda - elektrik sayğacının “34 A” qeyd etdiyi” göstərilmişdir. Bu hal isə həmin baxışdan bir gün əvvəl sayğacın oxunması zamanı müəyyən edilən “32 gün üçün “28556 kvt” olmaqla - 2570,04 manat dəyərində” elektrik sərfiyyatının olmasını şübhə altına salmışdır. Ona görə də, bu ziddiyyətli halın araşdırılması məqsədi ilə iş üzrə keçirilmiş məhkəmə texniki-mühasibatlıq ekspertizasının 24 oktyabr 2023-cü il tarixli 9/6357 №-li Rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarın ekspert qarşısında qoyulmuş suallar üzrə elektrik sayğacının “A” fazasından 29 A axmağına baxmayaraq - elektrik sayğacı “158 A” qeyd etdiyi, “B” fazasında 29 A axdığı halda - elektrik sayğacı “34 A” qeyd etdiyi zaman elektrik sayğacının 12 iyul 2018-ci il və 13 avqust 2018-ci il tarixləri arasında olan 32 gün ərzində artıq qeyd etdiyi sərfiyyat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 8.16-cı bəndinə əsasən abonentin uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Belə ki, abonentin cari ay (13 iyun 2018 – 12 iyul 2018) üzrə səriiyyatı 29 gün ərzində 16570 kVts olmuş və növbəti 32 gün ərzində sərfiyyat Wei=16570 kVts : 29 gün x 32 gün kimi hesablanaraq sayğacın artıq qeyd etdiyi dövrdən 28556 kVts-dan çıxılaraq, artıq qeyd olunan sərfiyyat çıxılmalıdır. Bununla da, 12 iyul 2018-ci il və 13 avqust 2018-ci il tarixləri arasında olan 32 gün ərzində elektrik sayğacının artıq qeyd olunan sərfiyyatının (6570 kVts : 29 gün x 32 gün = 18284 kVts;. 28556 kVts - 18284 kVts = 10272 kVts;. 10272 kVtş x 0,09 qəpik = 924,48 manat) 924,48 manat təşkil etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.13-cü bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 8.16-cı bəndinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Beləliklə də, yuxarıda qeyd olunanlara əsasən müəyyən edilir ki, istehlakçı İddiaçı məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********9) aid Abunə haqqında Məlumatlarda olan göstəricilərə, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 14 avqust 2018-ci il tarixli R № 022711 nömrəli Aktda göstərilənlərə və 24 oktyabr 2023-cü il tarixli 9/6357 nömrəli ekspertiza Rəyinə əsasən istehlakçı İddiaçı məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinə elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacı tərəfindən "12 iyul 2018-ci il – 13 avqust 2018-ci il" dövrü əhatə edən sayğac hesabatı üzrə hesablanmış 2570,04 manat borcun 924,48 manat hissəsi sayğac qüsurlarına görə artıq hesablanmış sərfiyyatdır. Bundan əlavə, iş materiallarında olan istehlakçı İddiaçı məxsus sahibkarlıq obyektinə (abonent kodu **********9) aid Abunə haqqında Hesabatlarla müəyyən olunur ki, 18 mart 2022-ci il tarixli RQ045674 nömrəli Akta əsasən istehlakçı İddiaçı məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinin hesabına 18 mart 2022-ci ildə birdəfəlik 176,99 (yüz yetmiş altı manat 99 qəpik) manat məbləğində borc hesablanmışdır. Həmin xüsusat üzrə məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********9) quraşdırılmış elektrik hesabat sayğacına 18 mart 2022-ci ildə baxış keçirilən zaman “elektrik sayğacı sıxaclarda baş vermiş qızmadan ərimişdir” qüsuru aşkar edilmiş və bu qüsurla əlaqədar tərtib edilmiş 18 mart 2022-ci il tarixli RQ045674 nömrəli Akta əsasən İstehlakçıya 176,99 (yüz yetmiş altı manat 99 qəpik) manat məbləğində əlavə sərfiyyat qismində borc hesablanmışdır. Lakin, 18 mart 2022-ci il tarixli RQ045674 nömrəli Aktın tərtib edilməsi və həmin Akt əsasında məlum 176,99 manat məbləğində əlavə sərfiyyatın hesablanması ilə nəticələnmiş 18 mart 2022-ci ildə istehlakçı İddiaçı məxsus sahibkarlıq obyektində quraşdırılmış elektrik sayğacına keçirilən baxış, yəni yoxlama tədbiri - X3 Reyestrində qeydə alınmadan aparılaraq, aktlaşdırılmışdır. Eyni zamanda, iş materiallarına əsasən müəyyən olunur ki, istehlakçı İddiaçı məxsus sahibkarlıq obyektinin elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacının göstəriciləri mütəmadi olaraq hər ay "xxxx" ASC-nin müvafiq səlahiyyətli əməkdaşı tərəfindən oxunaraq aylıq sərfiyyat borcları müəyyən edilməklə, İstehlakçıya müvafiq qaydada tərtib edilmiş X4 təqdim olunmuş və sonuncu tərəfindən də həmin X4 əsasında müvafiq qaydada ödənişlər aparılmışdır. Yəni, sahibkarlıq obyektin elektrik sərfiyyatı aylar üzrə müvafiq qaydada elektrik hesabat sayğacı tərəfindən hesablanmış və həmin hesabatlar əsasında da mütəmadi olaraq aylar üzrə elektrik sərfiyyatına görə ödənişlər aparılmışdır. 18 mart 2022-ci il tarixli RQ045674 nömrəli Akt tərtib edilməmişdən əvvəl sonuncu dəfə isə 10 mart 2022-ci il tarixində məlum elektrik sayğacının göstəriciləri oxunmuşdur. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanının tələblərinə görə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama “X3 reyestrində” qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X3 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən, yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, istilik, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarların sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı (VÖEN **********) məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********9) quraşdırılmış elektrik hesabat sayğacına 18 mart 2022-ci ildə baxış keçirilən zaman tərtib edilmiş 18 mart 2022-ci il tarixli RQ045674 nömrəli Aktda qeyd olunan qüsura görə 176,99 (yüz yetmiş altı manat 99 qəpik) manat məbləğində əlavə sərfiyyatın hesablanmasının əsaslılığı və qanuniliyi məhkəmə araşdırması zamanı mötəbər subutlar əsasında təsdiq olunmamışdır. Eləcə də, istehlakçı İddiaçı məxsus həmin sahibkarlıq obyektinə elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacı tərəfindən "12 iyul 2018-ci il – 13 avqust 2018-ci il" dövrü əhatə edən sayğac hesabatı üzrə hesablanmış 2570,04 manat borcun 924,48 manat hissəsi sayğac qüsurlarına görə artıq hesablanmış sərfiyyatdır (istehlakçı İddiaçı məxsus sahibkarlıq obyektinin 14 noyabr 2023cü il tarixə istehlak etdiyi elektrik enerjisi üzrə ümumilikdə cəmi 1880,41 (min səkkiz yüz səksən manat 41 qəpik) manat məbləğində ödənilməmiş borcu vardır). İş materiallarından görünür ki, hazırkı mübahisə ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora ümumilikdə 60 (altmış) manat məbləğində xidmət haqqı ödənilmişdir (02 avqust 2022-ci il tarixli MŞB/6-4432 nömrəli mediasiya arayışı). Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (ilkin mediasiya sessiyasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iştirak etməmişdir). Eyni zamanda, cavabdeh tərəfin məhkəməyə təqdim etmiş olduğu “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə ilə əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, işin konkret hallarına və yuxarıda təsvir olunanlara əsasən həmin ərizənin əsaslılığı və hazırkı iddia tələbi üzrə iddia müddətinin ötürülmüş olması - məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Buna görə də, cavabdeh tərəfin “iddia müddətinin tətbiq edilməsi” barədə ərizəsi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (VÖEN **********) məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: **********9) "12 iyul 2018-ci il – 13 avqust 2018-ci il" dövrü əhatə edən sayğac hesabatı üzrə hesablanmış 2570,04 manat borcun 924,48 (doqquz yüz iyirmi dörd manat 48 qəpik) manat hissəsi və 18 mart 2022-ci il tarixli RQ045674 nömrəli Akt əsasında əlavə sərfiyyat olaraq hesablanmış 176,99 manat borc olmaqla, ümumilikdə cəmi 1101,47 manat məbləğində borc silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqı da “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmçinin, cavabdeh "xxxx" ASC-dən iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq hesablanan 31,01 (otuz bir manat 01 qəpik) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Eyni zamanda, iş üzrə keçirilmiş əlavə məhkəmə texniki-mühasibatlıq ekspertizası tədqiqatının (24 oktyabr 2023-cü il tarixli 9/6357 nömrəli Ekspert Rəyi) dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Lakin, 20 iyun 2023-cü il tarixli 9/4366 nömrəli Ekspert Rəyinin verilməsi ilə nəticələnmiş ilkin texniki-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri tərəflərə aid edilməməli və bu ekspertiza üzrə ekspertiza xərci tərəflərdən tutulmamalıdır. Çünki, həmin Rəylə müəyyən olunur ki, ilkin ekspertiza zamanı ekspert hər hansı bir xüsusi bilik tələb edən mütəxəssis tədqiqatı aparmadan, “ekspertiza təyini haqqında qərarın ekspert qarşısında qoyulmuş suallar üzrə “hesablamalar aparmaq üçün ekspertiza tədqqiqatına aidiyyatı üzrə mütəxəssisin cəlb edilməsi zəruriliyi səbəbindən mümkün olmadığı müəyyən edilir” məzmununda rəy vermişdir. Halbuki, kommersiya işi üzrə təyin edilmiş ekspertizanın aparılması üçün Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən verilmiş “əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi” barədə 14 mart 2023-cü il tarixli 9/1778 nömrəli Vəsatətdə - “İddiaçı ilə "xxxx" ASC arasında qeyri yaşayış obyekti üzrə bağlanmış müqavilənin və Abonent kodu **********9 olan sayğac üzrə 12 iyul 2018-ci il tarixdən 13 avqust 2018-ci il tarixədək (32 gün) adı çəkilən sayğacın göstəriciləri barədə məlumatın (tam açıqlanması ilə)” təqdim edilməsi (həmin Vəsatət üzrə qeyd olunan sənədlər Məhkəmə Ekspertiza Mərkəzinə təqdim olunmuşdur) tələb olunsa da, ekspert tərəfindən verilmiş məlum vəsatətdə “aidiyyatı üzrə mütəxəssisin cəlb edilməsi” ilə bağlı hər hansı bir məlumat və s. qeyd edilməmiş və hər hansı bir “mütəxəssisin cəlb edilməsi” barədə vəsatət verilməmişdir. Yəni, 14 fevral 2023-cü il tarixli e-2-2(119)-34/2023 nömrəli qərardadda qoyulmuş suallar üzrə ekspertiza tədqiqatı aparılaraq müvafiq ekspert rəyinin verilməsi üçün “mütəxəssisin cəlb olunması” zərurəti olduğu halda, müvafiq mütəxəssisin cəlb olunması barədə ekspert tərəfindən məhkəməyə ekspert vəsatəti təqdim olunmalı idi. Göründüyü kimi, məhz ilkin ekspertizanın aparılmasının həvalə olunduğu ekspert tərəfindən “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasi Qanununun tələbləri müvafiq qaydada yerinə yetirilmədiyindən, iş üzrə əlavə ekspertizanın keçirilməsi zərurəti yaranmış və buna görə də 28 iyul 2023-cü il tarixli qərardada əsasən iş üzrə əlavə məhkəmə texniki-mühasibatlıq ekspertizası keçirilmişdir (həmin qərardadda 20 iyun 2023-cü il tarixli 9/4366 nömrəli Ekspert Rəyi üzrə bütün hallar hərtərəfli qeyd olunmuşdur). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (VÖEN **********) məxsus Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: **********9) "12 iyul 2018-ci il – 13 avqust 2018-ci il" dövrü əhatə edən sayğac hesabatı üzrə hesablanmış 2570,04 manat borcun 924,48 (doqquz yüz iyirmi dörd manat 48 qəpik) manat hissəsi və 18 mart 2022-ci il tarixli RQ045674 nömrəli Akt əsasında əlavə sərfiyyat olaraq hesablanmış 176,99 (yüz yetmiş altı manat 99 qəpik) manat borc olmaqla, ümumilikdə cəmi 1101,47 (min yüz bir manat 47 qəpik) manat məbləğində borc silinsin. Mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə 31,01 (otuz bir manat 01 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar